“Sevişmə səhnələrinə görə filmimə çəkilmək istəmədilər” – FOTOLAR
Bizi izləyin

Layihə

“Sevişmə səhnələrinə görə filmimə çəkilmək istəmədilər” – FOTOLAR

Zəki Demirkubuz – türk kinosunun getdiyi yolu dəyişən nadir rejissorlardan biri... Özünəməxsus tərzi, həmçinin Dostoyevski və Kamyudan təsirlənərək yaratdığı pessimist dünyası onu digər rejissorlardan fərqləndirir. O, Marksın bu sözünü əsas şüarı hesab edib: "Aldadıcı pozitivlik, əsl pessimistlikdir". O əslində, qaranlığı içindəki qəzəbin, coşğunun verdiyi ümidlə yıxmaq istəyir. Filmləri insanda gözəlliyə, doğruya həsrət oyadır. O, "Beşiktaş"ı da ən az Dostoyevski və Kamyu qədər çox sevir.

Son günlər yeni filmi "Bulantı" ("Ürəkbulanma") ilə gündəmdədir. Filmin adını eşidənlər onun ekzistensializmin banilərindən biri olan Jan Pol Sartrın eyniadlı əsəri əsasında çəkiləcəyini ehtimal etdilər. Ancaq rejissor bütün əsərlərində olduğu kimi, bunda da ekzistensializmin qırmızı xətt kimi keçdiyini etiraf etsə də, filmin Jan Pol Sartrın "Ürəkbulanma"sı ilə əlaqəli olmadığını açıqladı.

Türkiyənin ən böyük rejissorlarından hesab edilən Zəki Demirkubuzun maraqlı fikirləri ilə tanış olmaq, onu daha yaxından tanımaq istəyənlər, gözünüz "Şirin söhbət"də olsun. Layihəmiz çərçivəsində rejissorun "Hürriyət" qəzetinə verdiyi maraqlı müsahibəni təqdim edirik:

Jurnalistin ön sözü:

Yalnızlığı sevən bu adam film çəkdiyi üçün kim bilir, neçə nəfər özünü həmişəkindən daha az tənha hiss edir. Son filmi "Bulantı"nı izləmək üçün ofisindəyəm. Divarda Dostoyevskinin portreti, masasında Nitşenin kitabı, söhbətə başlayırıq...

- Bu filmdə niyə özünüz rol aldınız?

- Əhməd obrazı üçün 50 yaşında bir adam lazım idi. Seçim şansım az idi. Çəkilişlərin başlamasına bir həftə qalmışdı. Görüşdüyüm sonuncu aktyorla da söhbətimiz alınmadı. Mənimlə işləməkdən ötrü öldüklərini deyən aktyorlar isə sevişmə səhnələri üzündən rolu istəmədilər. Zarafatla deyirdim ki, heç kimi tapmasam, özüm oynayacağam. Sonda elə də oldu.

- Bəs çəkilişlər necə keçdi?

- Çox çətin idi. Dialoqlar həddən artıq çox idi. Asan olmadı, bəzən yuxuda kabus gördüm. Biabır olmaq ehtimalı da vardı. Çəkdiyim ən şəxsi film budur. Yaxşı alınmasaydı, zibilliyə atacaqdım.

- Aktyorlar sevişmə səhnələrindən niyə çəkinirlər ki?

- Xalqın onları elə görməyini istəmirlər. Çünki çoxu bir müddət populyar seriallarda rol alıb, orada yaratdıqları obrazla bütünləşib, özlərinə imic yaradıblar. Həmin imiclə tanınırlar, bəyənilirlər. Pulu belə qazanırlar. Bir yandan, onlar da haqlıdırlar. Çəkiliş zamanı başqa çətinliklərlə də qarşılaşdım. Məsələn, salonunda Mustafa Kamalın şəkli olan bir qapıçının mənzilini çəkməli idik. Yüksək miqdarda pul verməyimizə baxmayaraq, heç bir qapıçı razı olmadı. Sanki pornofilm çəkirdik.

- Aman Allah, niyə razı olmurdular?

- İnancları üzündən. Son illərdə bunu demək olar ki, hər yerdə müşahidə edirəm. Axırda ələvi bir qapıçı təklifimizə razı oldu. Ona görə də növbəti filmim "Kor"u da ələvilərin və solçuların yaşadığı Gözəltəpədə çəkdim. Heç bir problemlə üzləşmədim.

- Filmdə gənc aktyor və aktrisaların performansı çox yaxşı idi. Siz də razı qaldınızmı?

- Öykü Karayel, Cəmrə Ebuzziya, inanılmaz performans göstərdilər.

- Eşitdiyimə görə, aktyor və aktrisaları çox çətinə salırsınız. Hətta çəkiliş meydanını tərk edənlər də olur. Düzdür?

- Lazım gələndə olur. Səhnələrin yaxşı alınması üçün öz kimliyimizi unutmalıyıq. Mən rejissor olduğumu, onlar isə populyar aktrisa və ya aktyor olduğunu kənara qoymalıdır. 20 ildir bu işlə məşğulam, hələ rejissor kreslom olmayıb.

- Bəs bezib çəkiliş meydanını tərk etmək həddinə necə gəlirlər?

- Bəzən eyni səhnəni yüz dəfə təkrar edirik. Aktyorun və aktrisanın eqosuna mənfi təsir edir. İnciyir. "Mən bacarmıram?" - deyir. Ümidini itirir. Belə olanda yolumuz ayrılır.

- Hansı filmlərinizdə belə hadisə baş verib?

- Demək olar ki, bütün filmlərimi çəkərkən bu problemlə üzləşmişəm. Münasibətlərimin pozulmasından çəkinmirəm. Əsas odur ki, bir araya gəlmə səbəbimizi, ədalət duyğumuzu və keyfiyyətimizi itirməyək.

- Filmlərinizdə qarşımıza tez-tez xəyanət mövzusu çıxır. Bu dəfə də kişinin xəyanətini göstərmisiniz...

- Feministlər illərdir mənə qarşı haqsızlıq edirlər. Dedim ki, bu dəfə aldadan tərəf kişi olsun, qadınların ürəyi yerinə düşsün. Həyatın kökündə xəyanət və pislik var. Canlıların missiyası bunları həyata keçirməkdir. Yaxşılıq, gözəllik, sədaqət – bütün bunlar zəiflərin həll yolu, çıxış yolu olaraq ortaya çıxıb. Biz hər şeyin sistemli olmağını istəyirik, ancaq insanın təbiətinə baxanda görürük ki, çatmaq istədiyimiz şey yaradılışdan bəri var olan şikəstlikdir. Filmlərimi bunun üzərində qururam.

- Söhbət hansı şikəstlikdən gedir?

- İnsan zidd fikirlərə sahibdir. Xasiyyəti, arzuları, istəkləri gündən-günə dəyişir. Bizi "ideal"a, "doğru"ya aparan, gözəllik üçün darıxmağımıza səbəb olan da budur. Mənim insan təbiətindəki mənfiləri, xəyanəti əks etdirməyim çox normaldır. Humanist mesaj verənlərin həyatına baxsanız, görərsiniz ki, onların necə qaranlıq tərəfləri var. Amma danışanda çox humanist, yaxşı insan olurlar. Mən inanmaq istədiyimə deyil, inanmaq məcburiyyətində olduqlarıma inanıram.

- Bu günə qədər filminizdə rol alan aktyor və aktrisalardan sizin nəzərinizdə ən yaxşı performans göstərəni kim olub?

- Nərgiz Öztürkün yeri başqadır. Amma haqsızlıq etmək istəmirəm. Son filmimdəki Caner Cindoruk, Taner Birsəl və Aslıhan Gürbüzün canlandırdıqları obrazlar çox çətin idi. Möhtəşəm oynadılar. Güvən Kıraç, Haluk Bilginər, Dərya Alabora da möhtəşəm idilər. Bir az özündənrazılıq edərək deyə bilərəm ki, mən aktyora və ya aktrisaya öz bacarığını göstərə bilmək imkanı yaradan ssenarini təqdim edən ölkdədki tək insanam.

- Fərqiniz nədir?

- Sənətçinin bütün bacarığını əks etdirə bilməsi üçün enerjimi xərcləyirəm, ona əmək verirəm. Üç ildən bir fim çəkirəm. Kamera arxasına baxın, hər dəfə nə qədər yaşlandığımı özünüz görəcəksiniz.

- Türk kinosunda adınız Nuri Bilgə Ceylan, Reha Ərdəm, Yeşim Ustaoğlu ilə birgə çəkilir. Bu rejissorlarla birgə kino tariximizdə inqilab etdiyiniz deyilir. Bu fikirlə razısınız?

- Bundan xəbərim yoxdur. Belə bir şeyə inansaydım, "Kitabsızlar, bu inqilabın lideri mənəm", deyib hamısına zərbə endirərdim. Eynilə Tayyib Ərdoğanın AKP-yə etdiyi kimi. Amma mən inqilab etməmişəm. Filmi çəkərkən ürəyimə, illərcə hansı duyğularla mübarizə apardığıma nəzər yetirsəydilər, təəccüblənərdilər. Mən tək qalmaq istəyirəm.

- Axı bir vaxtlar adını çəkdiyim rejissorlarla əlaqələriniz vardı...

- Elə bir şey olmayıb. Ad çəkməyim, amma onu deyim ki, bir-ikisi istisna olmaqla, heç birini sevmirəm.

- Nuri Bilgə Ceylanla küsülü olduğunuz doğrudur?

- Bəli. 2006-cı ildən bəri danışmırıq.

- Yollarınız niyə ayrıldı?

- Həyat belədir. İnsanın dostları olur, sevgililəri olur, zaman gəlib keçir və hər kəs öz yolu ilə gedir.

- Kinoya Zəki Öktənin assistenti olaraq gəlmisiniz. Siz də kimisə yetişdirirsiniz?

- Mən Zəki Öktən də daxil olmaqla, işlədiyim heç bir rejissorun təsiri altında qalmamışam. Mənə deyilənin tərsini etmişəm. Tək mən deyildim, onun bir çox assistenti var idi. Onlar rejissor olmadı, mən oldum. Çünki mən nəyi etməməli olduğumu öyrənirdim. Sənət sözlərlə deyə bilmədiklərimizi ifadə etməyə çalışmaqdır. Bu da yalnızlığımızdan qaynaqlanır. Yəni usta-şagird münasibəti bu iş üçün uyğun deyil. Onsuz da mənə "müəllim" deyiləndə qıcıqlanıram.

- 12 sentyabrda həbs edilmişdiniz...

- Umberto Ekonun dediyi kimi, "Cisimlərin mövqeyindən başqa heç nə dəyişmədi". Dəyişmiş kimi görünsələr də, hələ də eyni adamdırlar. Bu hökumət öz hərəkətlərini hüquq, demokratiya və məzlumların naminə etdiyi kimi qələmə verir. Mən doxsanıncı illərin faşistlərindən, Necdət Menzirdən, Mehmet Ağardan heç nə gözləmirdim. Kənan Evrəndən insaf gözləmədim, Əcəvitdən də həmçinin...

- Sizcə, cəmiyyətin təzyiqə qarşı müqaviməti artıb?

- Türklər belə xarakterə sahib deyillər. İtkilərə hazır olan bir ovuc insan var. Gəzi hadisələrində iştirak edənlərin təxminən 20 faizi buna hazır idi. Çıxış yolu tapmamaq elə bir şeydir ki, inanmaq istədiyinə inana-inana özünü yox edirsən. Fərqində belə olmursan. Mühakimə etmək qabiliyyətini, gücünü, vicdanını, ağlını itirirsən.

- İqtidara kor-koranə dəstək verən böyük bir kütlə var. Onları necə dəyərləndirirsiniz?

- İqtidarın əvvəlki versiyalarından fərqi bu kütləni qidalandırmasıdır. Həm dövlətin imkanları ilə, həm də ümidlə qidalandırırlar. Tarix çox güclü görünən iqtidarların zibilliyidir. Bu kütlə gücün başqa birinin əlinə keçdiyini görən kimi onun dalınca düşəcək, tərəf dəyişdirəcək. Kütlələrin təbiəti belədir. Qələbəlik, kütlə insanlardan meydana gəlir. Ancaq kütləyə daxil olan insan manqurtlaşır. İnsan tək olanda insandır. Başqa sözlə, gücünü yalnızlığından və özündən aldıqda insandır. Gücünü kütlədən alanlar insanlıqdan çıxırlar.

- İqtidarın gedişatını necə görürsünüz?

- Deyəsən, ölməzliyin sirrini tapıblar. Məsələn, Əhməd Davudoğlunu artıq tanıya bilmirəm. Onun bu hala necə gəldiyini açıqlaya bilərsiniz? Dünya sabah öləcəyini bilən insanlar tərəfindən qurulub. Öləcəyini biləndə hər şey mənasını itirir. Buna baxmayaraq, insanlar Əli İsmayılı öldürürsə, uşaqlar, əsgərlər ölürsə, deməli, ölümü unudanlar var. İnsan övladı ölümsüz olsaydı, yəqin ki bunlar "Mad Max" kimi olacaqdılar. 50-60 yaşlı birinin bir ayağı gordadır. Baş nazir kiminsə döyülməsi, öldürülməsi ilə bağlı planlara necə "Dost məclisində deyilmiş sözlərdir" deyə bilər? Kiçik bir uşağın ölümü ilə kifayətlənməyib onun anasına da zülm etməyə çalışanları necə başa düşməliyik?

- Sizcə?

- Ues Kreyven filmlərinin əsas süjeti "basdırılan hisslərin geri qayıdışı" mövzusu üzərində qurulub. Bu o deməkdir ki, davranışlarımızla düşüncələrimiz bir-biri ilə uyğun deyilsə, eqo bir müddət sonra düşüncələrinizi davranışınıza uyğunlaşdıracaq. Bu sizi xəstə psixologiyaya sala bilər. Məsələn, əyninizdə bahalı bir pencək varkən, "Mən kəfənimlə gəzirəm" deməyə başlayacaqsınız. Buna nə ehtiyac var axı? Şəhid cənazələrinə və ya öz yaşıdlarının cənazələrinə gedirlər ki, orada ölünün torpağa tapşırılmasına baxsınlar. İnsan fanidir. Bu gün var, sabah yoxdur. Çankayanın, Sarayın nüfuzundan daha üstün bir mövqe yaratmaq lazımdır. Onda bir-birimizdən daha az qorxacağıq. Yoxsa, "görəsən, bu adam indi məni bıçaqlayacaq?", "Görəsən, polis məni vuracaq?", - deyə düşünərək qorxu içində yaşamaq olar?

- Kimə səs verəcəksiniz?

- HDP-yə verəcəyəm. HDP-li deyiləm, amma səsimi bu partiyaya verməyə məcburam. Nə vaxtsa AKP-yə və ya MHP-yə də haqsızlıq edilsə, səsimi onlara verərəm.

- Həyatının mərkəzinə Dostoyevskini, Nitşeni qoyan adamın futbolu bu qədər çox sevməsi normaldır?

- Sənətçilər özlərinə bir layihə kimi baxırlar. Azarkeşlik etdikləri klubun adını demirlər. Təbii olan mənimkidir. Hobbilərim var. Yalnız olduğumu hiss etdiyim vaxtlarda Beşiktaş yanımda olub.

- Futbola "kütlələrin tiryəki" deyirlər. Onda, deməli, bu fikirlə razı deyilsiniz.

- Bu, cəmiyyətə bəsit baxış bucağından baxan solçuların fikridir. Futbol Latın Amerikasında heç vaxt tiryək olmayıb. Müqavimətin, inqilabın simvolu olub. "San Lorenzo"nun, "Boka Huniors"un tribunaları Çe Gevera afişaları ilə doludur. Futbol olmasa, cəmiyyət çökər.

- Beşiktaşda ən sevdiyiniz oyunçu kimdir?

- İlhan Mansız. Hətta filmdə uşağın adını da onun şərəfinə İlhan qoymuşam.

- Ən sevdiyiniz filminiz, şah əsəriniz hansıdır?

- Rejissor təklifləri rədd edib özünü sınamağı bacarmalıdır. Bunu bəyənilməyən ssenari, sevilməyəcəyi bəlli olan obrazlarla etməlidir. Bu baxımdan "Yazgı" ("Tale"), "Bekleme odası" ("Gözləmə otağı") ən bəyəndiyim filmlərimdir. Ancaq "Kader" ("Qəzavü-qədər") filminin yeri başqadır. O filmi çəkərkən özümü iki yerə bölmüşdüm. Bir tərəfim özündənrazı filosof idisə, digər tərəfim səhərə qədər Azər Bülbülü dinləyərək bir qızın evinin önündə qarda ayaqlarımın donduğu, altı ay xəstəxanalarda yatdığım anları xatırlayırdı. O filmi çəkərkən içim titrəyirdi. Bəzi səhnələri çəkəndə öz-özümə "görəsən, bunları necə yazmışam?" - deyirdim. "Ürəkbulanma" üçün heç nə deməyəcəyəm. Amma ondan sonrakı filmim, yəni "Kor", deyəsən, ən yaxşı işim olacaq.

- Türk kino tarixində ən çox bəyəndiyiniz rejissor kimdir?

- Əlbəttə, Yılmaz Güneydir. Lütfi Akadı da çox sevirəm. Rejissorun, yazarın, sənətçinin içindən od püskürməlidir. Əks təqdirdə o, sənətçi yox, kolleksiyaçı ola bilər.

- Fabrikdə işləmisiniz, satıcılıq etmisiniz, həbsə düşmüşünüz. İçinizdəki odu alovlandıran bunlardır?

- Bu ölkədə gənclərin böyük qisminin uşaqlığı küçələrdə sürünməklə keçib. Çoxu həbsxanada, məktəbdə döyülüb. Mən 12 sentyabrda işgəncə verilən 600 min nəfərdən biriyəm. Niyə onlar "Qəzavü-qədər"i çəkə bilmədilər? Çox yaşayıb görən sənətçi olmur. Elə adam fil dişindən tikilmiş qülləsində viskisini qurtumlayıb xoşbəxt yaşaya da bilər. Amma elə adam da var ki, heç küçəyə çıxmasa belə, vicdanı ona olanları görməyə imkan verir və daha yaxşı yazıb yaradır. Mənim kəramətim çox şey yaşamağımda deyil, vicdanlı olmağımdadır.

- Son zamanlarda ən çox bəyəndiyiniz film hansı olub?

- "Sivas" filmini çox bəyəndim. Mənə uzun müddətdir ki, türk filmlərini izləyərkən hiss etmədiyim həyəcanı yaşatdı.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm