O, dünyanın ən gözəl sarışını, Almaniyanın isə ən varlı qadınıdır - FOTOLAR
Bizi izləyin

Layihə

O, dünyanın ən gözəl sarışını, Almaniyanın isə ən varlı qadınıdır - FOTOLAR

90-cı illərin ən məşhur modellərindən biri də Klaudia Şifferdir. Sarı saçları, uzun ayaqları və mavi gözlərinə görə Klaudianı "Barbi gəlinciyi" adlandırırlar. 45 yaşı tamam olmasına baxmayaraq, Şiffer hələ də ən çox tələb olunan modellər cərgəsindədir. Bundan əlavə, gözəlliyi ilə illərə meydan oxuyur. 3 uşaq anası gözəlliyini xoşbəxt ailəsi və uşaqları ilə əlaqələndirir. “Qadınlar özlərinə güvənmədikcə, hörmət etmədikcə, nə etsələr də, çirkin görünəcəklər. Həmişə xoşbəxt olmağa çalışın ki, gözəlliyiniz itməsin!” -fəlsəfəsi ilə yaşayır.

Zahiri görünüşü sayəsində əldə etdiyi sərvətilə isə Almaniyanın ən varlı qadınlarından biri sayılır.

Kiçik təsadüfdən böyük uğura doğru

Klaudia Şiffer avqustun 25-i 1970-ci ildə Almaniyada doğulub. Atası tanınmış hüquqşünas, anası evdar qadın olub. Məktəb illərində çox şən uşaq olduğunu deyib. Dərslərini əla oxuyub, musiqi və baletlə də məşğul olub. Ancaq fizika və kimya sahəsində əldə etdiyi uğurlarla daha çox seçilib. İngilis və fransız dillərini isə mükəmməl bilib. 15 yaşında riyaziyyatdan Olimpiyada çempionu olub. Bu qələbədən sonra o, avtomatik olaraq Münhen Universitetinə daxil olub. Lakin Klaudia universitet təhsilinə biganə yanaşıb və onu yarımçıq qoyub.

Gənc Klaudia model olmağı ağlının ucundan da keçirməyərək atası kimi birinci dərəcəli vəkil olmağı düşünüb. Lakin maraqlı təsadüf nəticəsində Klaudia fikrini dəyişib. Belə ki klubda sevgilisi ilə əylənən gənc qız model agentliyinin direktoru Mişel Lovetonun diqqətini çəkib. O, qıza modellik təklif edib.

Ümidsizliyə qapıldığı bir vaxtda uğur qapısını döyür

Tərəddüddən sonra Şiffer Paris dəb həftəsində iştirak etməyə razı olub. Deyə bilmərik ki, Şiffer Parisə gedən kimi uğurun bütün qapıları üzünə açılıb. Çünki bir neçə il ərzində dəb ekspertlərinin tənqidlərini eşitmək məcburiyyətində qalıb. Bundan sonra Klaudia ümidsizliyə qapılıb. Vətənə qayıtmaq haqqında düşündüyü bir vaxtda - 1988-ci ildə “Elle” jurnalında çıxan fotosessiyasından sonra karyerasında dönüş olub. Modelə bir-birinin ardınca iş təklifləri alıb. Üstündən heç bir il keçmədən Klaudia fransız dəb evi “Chanel”lə müqavilə bağlayıb. O vaxt o, peşəkar model deyildi, üstəlik podiumda yaxşı gəzə bilmirdi. Buna baxmayaraq, Karl Leqerfeldin dəfilələrində iştirak edib.

Aksessuar həvəskarı deyil

Maraqlıdır ki, model qulaqlarını ilk dəfə aksessuar brendinin reklamı üçün deşdirib və buna görə böyük məbləğdə qonarar alıb: “Əvvəllər qulaqlarımı deşdirməyə qorxurdum, sonra isə alışdım və buna cəhd etmədiyimə görə təəccübləndim. İndi sırğa taxmaqdan zövq alıram. Aksessuarları o qədər də xoşlamıram. Adətən nişan üzüyümü, hərdən həyat yoldaşımın hədiyyə etdiyi almaz qaşlı sırğaları da taxıram. Əhvalım yaxşı olanda isə iri aksessuarlara üstünlük verirəm”.

1992-ci ildə “Revlon” kosmetika firmasının siması olub.

Və bununla da dünyanın ən çox tələb olunan modelinə çevrilib.

Hazırda Şiffer aktiv olmasa da, modellik karyerasını davam etdirir. Klaudia gözəlliyinin əbədi olmadığını yaxşı bilir. Ona görə də dünya şöhrətli model “Fashion Café” açmağa qərar verib. Klaudia zərgərlik əşyalarının istehsalı ilə də məşğul olub.

Bir neçə uğursuz cəhddən sonra xoşbəxt ailə qurub

Model sakit və təvazökar həyat yolu seçməsinə baxmayaraq, şəxsi həyatı mətbuatda tez-tez müzakirə obyektinə çevrilib. Xüsusən Devid Kopperfildlə sevgili olması hələ də danışılır. Model dünya şöhrətli sehrbazla onun öz şousunda tanış olub. Devid izdihamın içərisində füsunkar sarışına ilk baxışdan vurulub və növbəti oyunu üçün onu səhnəyə dəvət edib. Bir neçə cəhddən sonra sehrbaz modelin qəlbinə yol tapa bilib. Hamı səbirsizliklə onların toyunu gözləsə də, 6 il davam edən eşq macərası ayrılıqla başa çatıb.

Devidlə ayrıldıqdan sonra model Tomas Cefersonla görüşüb. Lakin bu münasibətlər də uğursuzluqla bitib.

Klaudia əsl qadın xoşbəxtliyini kinorejissor Metü Vonomda tapıb. Bir-birinə dəlicəsinə vurulan aşiqlər 2002-ci ildə evləniblər. Yeri gəlmişkən, qeyd edək ki, Metü həyat yoldaşına evlilik təklif edəndə üzük əvəzinə xoşbəxtlik rəmzi hesab olunan tısbağa hədiyyə edib.

Cütlüyün bu nikahdan 3 övladı var. Son illərdə modellik biznesindən yavaş-yavaş uzaqlaşan Şiffer vaxtının çoxunu uşaqlarına və ailəsinə sərf edir. Boş vaxtlarında ata minir, şəkil çəkir, tennis oynayır.

Gözəl görünmək istəyən qadınlara məsləhət görür:

Siqaret çəkməyin!

Model spirtli içkilərin, siqaretin qadını çirkinləşdiriyini iddia edir və qırışlarını gizləmək istəyən xanımlara bunlardan uzaq durmağı tövsiyə edir.Özü siqaret və içkini hamiləlikdən sonra tərgidib. Hətta ana olandan sonra sürətlə arıqlamasını da siqareti atması ilə izah edib. Beləcə həm sağlamlığını, həm də gözəlliyini qoruya bilib.

İdman edin

Seksual ulduz qadınlara formada qalmaq üçün idmanla məşğul olmağı tövsiyə edib: “Axşam gəzintilərinə çıxın, yaxınlıqdakı mağazaları piyada gəzin, lift yerinə pilləkəndən istifadə edin, ən əsası, uşaqlarınızın arxasınca qaçın!”

Dəri təmizliyinə fikir verin

Qüsursuz və hamar dəri üçün bahalı kosmetikalardan daha çox dəri təmizliyinə üstünlük verib. Makiyajı silməmiş yatağa girməyib. Hazır üz maskalarından xoşlanmayıb. Dəri təmizliyi üçün təbii məhsulların istifadəsinə üstünlük verib. Jojoba ekstraktı olan nəmləndircilərə və kosmetik vasitələrə üstünlük verib.

Model illər keçsə də, yaşlanmamağının səbəbini su ilə əlaqələndirib: “Dərimin gözəlliyini suya, idmana və yağsız qidalara borcluyam! Yuxudan duran kimi bir stəkan su içirəm. Hər fürsətdə su için, xüsusən də isti havalarda. Sonra sakit musiqiləri dinləyərək məşqlərimi edirəm. Günortaya yaxın yürüşə çıxıram. Adətən açıq havada və yaşıllıqda yeriməyə üstünlük verirəm. Çünki açıq havada idman etmək daha faydalıdır. Evə döndükdən sonra vanna qəbul edirəm. Təxminən bir saat hərəkət etmədən suda yatıram. Su sağlamlıq və saflıqdır. Vannadan çıxdıqdan sonra nəmləndirici kremlər çəkirəm.

Günortalar 2 saat yatıram. Yuxunun da gözəlliyimə böyük təsiri olduğuna inanıram. Ətin dəriyə verdiyi mənfi zərərlər təsdiq olunuqdan sonra ət yeməklərini menüdən çıxarmışam. Şirniyyatları ancaq xüsusi günlərdə yeməyə çalışıram. Şokoladı isə özümə qadağan edə bilmirəm, şokolad xoşbəxtlik hormonlarını aktivləşdirir.

Bütün bunlardan əlavə, təbii ki, hər zaman pozitiv düşünürəm. Pozitiv fikirlər insanı xoşbəxtliyə aparır, xoşbəxtlik isə elə gözəllik deməkdir”.

Düyü suyu ilə dərinizə qulluq edin

Həssas dəri tipinə sahib olduğu üçün dərisini badam suyu ilə təmizləyib. Seksual ulduz dərisini ağartmaq üçün qeyri-adi üsuldan istifadə edir. Qaynadılmış düyünün suyunu soyuduqdan sonra üzünə çəkir və qurumasını gözləyir. Sonra üzünü yuyur. Düyü suyu həm üzünü ağardır, həm də məsamələri sıxlaşdırır.

Şifferin gözəl görünmək üçün maraqlı üsulları bununla bitmir. Belə ki üzünü yağış, ya da arı suyu ilə yuyur. Yaşla əlaqədar qırışların yaranmaması üçün balıq yeyir.

Möcüzəli içki

Klaudia şəkəri balla əvəz edib. Çayı da mütləq balla içib. O, ideal bədən quruluşuna görə bu möcüzəli içkiyə borclu olduğunu deyib. Həmin içki təkcə formada qalmağa kömək etmir, eyni zamanda dəri sağlamlığı üçün də faydalıdır.

Klaudia dünyanın ən cazibədar qadınlarından və hər bir qadının qısqandığı gözəlliyə sahib məşhurlardandır. O, milyon dollarlıq bədənini saxladığı pəhrizlərə borcludur. Buxarda bişmiş tərəvəzlərdən ötrü ürəyi gedir. Onun kimi mükəmməl ölçülərə yiyələnmək istəyirsinizsə, bütün tərəvəzləri buxarda bişirin. Çünki yağa gərək qalmır. Qaynadılanda bəzi qidalar dəyərini qoruyur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm