Azərbaycanın ən gözəl kürən aktrisası və onun geyim tərzi - FOTOLAR
Bizi izləyin

Layihə

Azərbaycanın ən gözəl kürən aktrisası və onun geyim tərzi - FOTOLAR

Onun gözəl simasında əks olunan incə təbəssümü, mənalı üz cizgiləri, yaşamaq həvəsi ilə alışıb yanan gözləri və ən əsası, ünsiyyətə meyilliliyi ilk baxışdan diqqət çəkir. Akademik Milli Dram Teatrının istedadlı aktrisasını qeyri-adi gözəlliyinə, qıvrım saçlarına, yanağındakı xalına və batığına görə Azərbaycanın ən gözəl kürən xanımı adlandırırlar.

Publika.az-ın “Qarderob” layihəsinin buhəftəki sayında Vəfa Zeynalovanın özünəməxsus geyim tərzini təhlil edəcəyik.

Dosye: Azərbaycanın əməkdar artisti Vəfa Zeynalova 1975-ci ildə Bakı şəhərində anadan olub. O, 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib.1996-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının teatr və tamaşalarında rol alıb. Vəfa Zeynalova Azərbaycan Dövlət televiziyasında hazırlanan bir çox teletamaşalarda müxtəlif obrazları ilə yaddaşlarda həkk olunub. Həmçinin bir çox film və seriallarda çəkilib.

Ailəlidir, əkiz qızları var.

Vəfa Zeynalova bir vaxtlar gözəlliyi ilə dillər əzbəri idi. Xüsusilə də bu sənətə ilk addım atdığı zamanlarda “Xınalı yapıncıq” ləqəbi ilə tanınır və sevilirdi. “Dodaqdan qəlbə” serialında yaratdığı şirin qızcığaz məşhurlaşaraq elə iz qoydu ki, indiyədək də unudulmayıb.

Bu yaxınlarda isə 40 yaşını qeyd edən aktrisa artıq qızcığaz deyil. Ancaq yenə fərqlənir. 40 yaşında olan gözəl xanımı indi də “Azərbaycanın ən gözəl kürənsaçlı xanımı” adlandırırlar. Aktrisanın sözlərinə görə, yaşı ilə bağlı heç bir problemi yoxdur. O, yaşa dolmasını belə ifadə edib: “Bunu necə gizlədim? Axı hamı bilir ki, mənim əkiz qızlarım var. Onlara baxıb neçə yaşda olduğumu təxmin etmək olar. Hər yaşın öz gözəlliyi var. Qadınlar yaşa dolduqca həmişə bununla bağlı komplekslər keçirirlər. Lakin 40-dan sonra yavaş-yavaş öz yaşlarını qəbul etməyə başlayırlar. Əgər xanımlar həmişəcavan qalmaq istəyirlərsə, gərək heç nəyi ürəklərinə salmasınlar, hər xırda problemi özlərinə dərd etməsinlər. Mən “qırmızı” adamam. Kinimi, incikliyimi içimdə saxlaya bilmərəm. Kiməsə əsəbləşmişəmsə, özünə deyirəm, problemi danışaraq həll edirəm. Niyə kinimi içimdə boğub, pis olum axı? Nə var açıq söyləyirəm, özüm də rahat oluram”.

Qıvrımsaçlı aktrisa özünəməxsus tərzi ilə həmişə seçilib. Vəfa Zeynalova gənclik illərində daha çox sadə kəsimləri, dar libasları çox sevirdi. Təəssüflə qeyd etməliyik ki, aktrisanın artıq çəkisi indi bu cür geyimlərə icazə vermir. Ona görə də bir qədər bolkəsimli geyimlərə meyil edir. Bədənini yaxşı tanıyır və nəyin yaraşıb-yaraşmayacağını doğru müəyyənləşdirir. Məsələn, dar ətək və ya şalvar geyinibsə, onu mütləq boş köynəklə birləşdirir. Ayaqlarının quruluşu gözəl olsa da, onları gizlətməyə üstünlük verir. Onu midi və maksi uzunluqdakı geyimlərdə daha çox görə bilərik.

Dəb hiylələrindən xəbərdar olan aktrisanın ən sevimli rəngi qara, boz və ağın müxtəlif çalarları olduğundan qarderobunu, əsasən, həmin rənglər təşkil edir. Ancaq rəngləri necə dəstləşdirməyi yaxşı bacarır və bu qabiliyyətindən məharətlə istifadə edir. Qara rəng aktrisanın seksuallığını vurğulayır, ağ isə onun üzünə məsumluq verir. Nadir hallarda qırmızı və güllü geyimlər seçir. Xüsusi qeyd etmək lazımdır ki, nadir hallarda müraciət etdiyi qırmızı rəng onun saç və dərisi ilə inanılmaz harmoniya yaradır.

Vəfa Zeynalova belini vurğulayan kokteyl libaslarda da çox xoş görünür. Xallı naxışları belə asanlıqla uyğunlaşdırır.

Çanta və ayaqqabılara gəldikdə isə klassik modellərdən daha çox istifadə edir. Yalnız aktrisanın üslubunda hündürdabanlar dəyişməz olaraq qalır. O, boyunu vizual olaraq hündür göstərmək üçün adətən, dikdaban ayaqqabılar seçir.

Kürən aktrisa digər xanımlardan fərqli olaraq, üstünlüyü ayaqqabı və çantalara yox, saat və eynəklərə verir. Bu iki element onun ən çox bəyəndiyi və yanından heç vaxt ayırmadığı aksessuarlarıdır. Onun hətta ən sadə gündəlik obrazını da saat tamamlayır.

Makiyajdan minimum istifadə edir. Adətən, yüngül makiyaj və qırmızı dodaq boyaları çəkməklə kifayətlənir. Onu da bildirək ki, V.Zeynalova makiyajını, demək olar ki, özü edir və bu, onda çox uğurlu alınır.

Çoxlarının sevimli aktrisası illərdir ki saç rənginə sadiqdir. Nəinki saç rəngini, saç modelini də dəyişmir. Qıvrım saçlarını təsadüfi hallarda düzləşdirir. Çünki qıvrım saçını özünün vizit kartı hesab edir. Bu baxımdan o, sədaqətli xanımdır. Ümumiyyətlə, saçına ağır formalarla işgəncə vermir, açıq qoymaqla kifayətlənir. Bu saç stili onu qeyri-adi dərəcədə təbii və gözəl göstərir.

Ancaq kəsə də bilər. Saçına xüsusi qayğı göstərən Vəfa Zeynalova açıqlamalarının birində etiraf edib ki, əgər mükəmməl ssenari olsa və yüksək qonorar versələr, sevərək əzizlədiyi saçını heç düşünmədən kəsdirər.

Vəfa Zeynalovanın yeganə qüsuru, gözəlliyinə xələl gətirən amil artıq çəkisidir. Aktrisanın sürətlə kökəlməyə doğru getdiyi danılmazdır. Onun sevilən aktrisa olduğunu nəzərə alsaq, bu, narahatlıq doğurmaya bilməz. Axı biz də yerli aktrisalarımızı Hollivud ulduzları kimi daim gənc və gözəl görmək istəyirik...

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm