Məşhur modelyer: “Onunla tanışlıq taleyin mənə oyunudur” – FOTOLAR
Bizi izləyin

Dəb

Məşhur modelyer: “Onunla tanışlıq taleyin mənə oyunudur” – FOTOLAR

Avstraliyalı dizaynerlər - Tamara Ralf və Maykl Russonun təsis etdiyi “Ralph Russo” brendi 2007-ci ildə yaranmasına baxmayaraq, hazırda dünyanın ən öndə gedən böyük moda evləri ilə rəqabət gücünə malikdir. Daha çox lüks ziyafət və kokteyl geyimlərinin istehsalı ilə məşğul olan bu Britaniya brendi təkrarolunmaz üslubu ilə tanınır və hər bir kolleksiyası heyrətlə qarşlanır.

Publika.az “Brendlərin tarixi” layihəsi çərçivəsində qısa müddətdə modapərəstlərin məhəbbətini qazanan “Ralph Russo”nun uğura gedən yoluna nəzər salacaq.

Uğurun təməlində isə brendin kreativ direktoru Tamara Ralfın əməyi və istedadı əvəzsizdir. Nənəsi, hətta ulu nənəsi dizayner olan Tamara 12-15 yaşlarından rəfiqələrinə paltar tikirdi. 17 yaşına çatanda isə o, avstraliyalı ulduzların sifarişlərini qəbul edir, bəzi butiklərdə öz geyimlərini satırdı.

İdeal birlik

Orta məktəbi bitirən kimi peşəkar dizayner olmağı qarşısına məqsəd qoyan qızcığaz Sidneyin Dizayn Universitetinə daxil olur. Dəbin incəliklərini dərindən mənimsədikdən sonra isə Londona köçür. London onun həyatında mühüm rol oynayır. Belə ki, o, gələcək həyat yoldaşı Maykl Russo ilə burada tanış olur. Karyerası ilə bağlı arzularını da elə Londonda reallaşdırır. Bu məsələdə təbii ki, həyat yoldaşının rolu böyükdür. Tamara Mayklla təsadüfi tanışlığını göylərin ona hazırladığı ən romantik və ən gözəl oyun hesab edir. Çünki bu tanışlıq iki gəncin, sadəcə, ailə sazişinin deyil, həm də beynəlxalq dərəcəli brendin doğulmasının əsasını qoyur. Beləliklə, cütlük 2007-ci ildə kutyur bacarıqları və işgüzar fərasətlərini birləşdirərək “Ralph Russo” adı altında öz şirkətlərini təsis etmək qərarına gəlirlər. Tamara və Maykl öz əməyi və zəngin fantaziyaları sayəsində qısa müddətdə böyük zirvələrə çatmağın mümkünlüyünü sübut edirlər. Fəaliyyətlərinə kompüter və bir masası olan kiçik ofisdə başladıqları halda, indi bu cütlüyün yaratdığı brend beynəlxalq dərəcəli biznes qurumuna çevrilib. Şirkətin hər işində, hər probleminin həllində fəal iştirak edib mühüm qərarları birgə qəbul ediblər. Onu da sübut ediblər ki, onların birliyi ideal yaradıcılıq birliyidir!

Təkrarçılığa yol vermək olmaz!

Tamara Ralf və Maykl Russonun hər kolleksiyası mürəkkəbliyi ilə seçilir. “Ralph Russo” markasına aid olan hər bir don orijinal eskizi ilə digərindən kəskin şəkildə fərqlənir. Moda evinin əsas devizi də elə təkrarçılığa yol verməməkdir. Bu deviz altında fəaliyyət göstərən moda evi qazandığı uğurları məhz bu strategiyaya borcludurlar. Şirkətin məhsulları Londonda yerləşən atelyedə ən yüksək tələblərə cavab verən tikiş üsulları ilə yerinə yetirilir. Naxışlar, biser və muncuqlarla işləmələr, nəfis strazlar yalnız əllə görülür. Hər paltarın yaradılmasına xeyli vaxt və 30-dan çox insanın əl əməyi sərf olunur. Dəqiq həndəsi xətlər, gözəl bəzəklər, iri çiçəklər və qeyri-adi bantlar ipək, şifon kimi parçalarda çox ahəngdar şəkildə tətbiq olunur.

Dizyanerlər brendin fəlsəfəsini belə ifadə edirlər: “Bizim kolleksiyalarda gözəllik və keyfiyyət üstünlük təşkil edir. Biz ucuz qlamurluğun tərəfdarı deyilik, ona görə də, onlar, adətən, təmtəraqlı və romantik alınırlar. Təmrəraq həyata olan münasibəti və baxışı duymaq qabiliyyətidir. Bu, sizin şəxsi üslubunuzu və öz dünyanızı yaratmağın ən sadə və ən yaxşı üsuludur. Bir sözlə, təmtəraq keyfiyyətli, eleqant və sonsuzdur...”

2008-ci ildən moda evi gəlinlik kolleksiyası üzərində işləməyə başlayıb. Britaniya moda evinin xüsusi olaraq Simone Lambe (tanınmış futbolçu Mixael Ballakın həyat yoldaşı) üçün hazırladığı gəlinlik şirkətə böyük uğur və müştəri kütləsi gətirmişdi. 2010-cu ildə dünya şöhrətli ulduz Mariya Menounosun isə “Emmy” mükafatlandırma mərasimində “Ralph Russo” moda evinə aid olan və 35 min dollara başa gələn nadir paltarda təşrif buyurması brendin şöhrətini daha artırmışdı. Paltarın unikallığı onda idi ki, üzərində 15 mindən artıq svarovski kristalından istifadə olunmuşdu. Təbii olaraq, baha qiymətə başa gələn libas jurnalistlərin də diqqətindən yayınmamış və bir çox dəb jurnallarının səhifələrini bəzəmişdi. Bu hadisədən sonra 2010-ci ilin sentyabrında “Harrods” kimi nüfuzlu univermaq moda evinin eksklüziv paltar xəttinin satışı ilə məşğul olduğu haqqında elan vermişdi. Beləliklə,”Harrods” brendin eksklüziv kolleksiyalarının satışını həyata keçirən birinci univermaq oldu.

İllərin gərgin əməyi, eksklüziv geyimlərə sərf edilmiş zəhmət öz bəhrəsini verib. Belə ki, cütlük istedad və yaradıcılıq uğurlarına görə bir neçə dəfə dəb tituluna layiq görülüb və moda sənayesində layiqincə qiymətləndiriliblər. Onların adı 2013-cü ildə “Fortune” jurnalının 40 yaşadək olan 40 ən uğurlu iş adamının hazırladığı siyahıda yer almışdı. Və bu, onların layiq görüldüyü tək mükafat deyildi.

2014-cü ildən moda evi dünyanın hər yerində artıq beynəlxalq dərəcəli brend kimi tanınmağa başladı. Buna səbəb isə Böyük Britaniya brendinin həmin ildən etibarən Paris Moda Həftəsində iştirak etmək hüququ qazanması olmuşdu. "Ralph Russo”-nun Fransa Moda Həftəsində nümayiş olunan kolleksiyası fransız tamaşaçılarını, sözün əsl mənasında, təəccübləndirmişdi.

Qeyd edək ki, “Ralph Russo” britaniya brendləri arasında yeganə moda evidir ki, Yüksək Moda Sindikatına daxil olaraq Paris Moda Həftəsində rəsmi iştirak hüququna layiq görülüb.

Bənzərsiz dikdabanlar moda dünyası üçün əsl yenilikdir

Məşhur Britaniya brendinin 2015-2016 payız-qış mövsümü üçün təqdim etdiyi kolleksiyadakı stilettolar bu mövsümün dəb cərəyanlarından biri olmağa iddialıdır. Çünki ayaqqabıların dizaynı dəb aləmi üçün əsl yenilikdir. Bu yenilik ondan ibarətdir ki, ayaqqabıların dabanları və üstü bahalı materiallar, zəngin bəzəklərlə işlənib. Nəfis tərtibatda hazırlanan həmin gözəl ayaqqabılar hətta dəbə biganə olan xanımların da ürəyinə yol tapıb.

“Ralph Russo”-nun bütün kolleksiyaları eleqantlığa, dəbdəbəyə və romantizmə qiymət verən istənilən qadının zövqünü oxşayır. Retro-üslubunda obrazların fransız ruhu ilə vəhdəti komplektlərdə, həqiqətən də, öz təcəssümünü tapır. Zərif bolero, klassik şalvar, bal paltarları, karandaş-ətəklər, yanları enli şlyapalar əsl xanım obrazını tamamlayır. Təsadüfi deyil ki, özünü xüsusi və valehedici hiss etmək istəyən elit təbəqənin bir çox nümayəndələri bu markaya üstünlük verirlər. Yeri gəlmişkən, qeyd edək ki, brend ancaq adi xanımların rəğbətini qazanmayıb, Ancelina Coli, Beyons, Eva Lonqoria, Eva Hergizova, Ayşvariya Ray, Kelli Bruk, Penelopa Kruz, Elizabet Herli və s. bu kimi dünya şöhrətli ulduzlar, eləcə də Qətərin birinci xanımı Şeyx Moza bu moda evindən geyinir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Ancelina Coli bu markanın sadiq pərəstişkarıdır. O, tədbirlərdə, adətən, “Ralph Russo”-dan geyinərək qarderobunu zənginləşdirir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm