“Yastıq söhbəti” ilə evliliyinizin ömrünü uzadın!
Bizi izləyin

Layihə

“Yastıq söhbəti” ilə evliliyinizin ömrünü uzadın!

XXI əsrin ən böyük problemlərindən biri boşanma hallarının sürətlə artmasıdır. Anasından və ya atasından ayrı yaşamağa məcbur qalan, ailə istiliyini hiss edə bilməyən uşaqların sayı günbəgün çoxalır.

Araşdırmalar göstərir ki, ailənin ömrünü uzatmaq elə də çətin deyil. Xoşbəxt ailə üçün hörmət və sevgi kifayət etmir. Çünki evlilik dostluq münasibəti deyil, cütlüklər arasında ehtiras da, eşq də olmalıdır. Odur ki, psixoloqlar evliliyin ömrünü uzatmağın çarəsini “yastıq söhbəti”ndə görürlər.

Bəs yastıq söhbəti nədir və cütlüklərə necə təsir edir?

“Ailə dostu”nda bu dəfə evliliyin müddətini uzadan, xoşbəxtliyin qapısını açan yastıq söhbətindən bəhs edəcəyik.

Psixoloqlar bildirirlər ki, yataqda söhbət edə bilən cütlüklər daha xoşbəxt olurlar. Danışmağı xoşlayan, hisslərini ifadə edə bilənlər arasında inam möhkəmlənir. Ailə terapevtləri hesab edir ki, yataq otağı deyəndə ağıla ilk gələn sevişmək olmamalıdır. Onların fikrincə, yataq otağı bir-birini sevən iki insanın hər cür söhbətlərini, romantik anlarını yaşadığı müqəddəs yerdir. Ona görə də, bu otağa addım atan kimi sevişmək və ya sevişdikdən dərhal sonra yuxuya getmək əvəzinə oturub söhbət etmək məsləhət görülür.

Psixoloqlar qadınların təxminən 50 faizinin yataq söhbətini sevişməkdən daha üstün tutduqlarını bildirirlər. Kişilər də söhbəti xoşlayırlar. Onların çoxu bu söhbətlər sayəsində stress atır, özünü tənha hiss etməkdən xilas olur, ailə bağlarının qüvvətli olduğunu düşünərək daha məsuliyyətli həyat yoldaşına çevrilirlər. Yataqda söhbəti tutan cütlüklərin bir-birlərinə xəyanət etmə ehtimalları sıfıra enir.

Ancaq həm psixoloqlar, həm də seksopatoloqlar "yastıq söhbəti"nin darıxdırıcı olmaması üçün cütlüklərin bir neçə qaydaya əməl etməli olduğunu vurğulayırlar. Burada əsas məsələ söhbət edərkən həm özünüzü, həm də partnyorunuzu düşünməkdir. Rahat olmalı, qarşı tərəfin eşitmək istədiklərini dilə gətirməlisiniz. Bu zaman təriflərdən gen-bol istifadə etmək olar. Ona nə qədər gözəl (və ya yaraşıqlı) olduğunu deyin. Saçını oxşayın, danışarkən gözlərinin içinə baxın, gülümsəyin.

Yataqdakı bütün söhbətlərin sonu sevişmə ilə nəticələnməli deyil. Cütlüklər bu söhbətləri vərdiş halına gətirib hər gün bir-birinə, heç olmasa, yarım saat vaxt ayıra bilərlər. Ancaq siz söhbətinizin sevişmə ilə nəticələnməsini istəyirsinizsə, onda mənfi aura yaradacaq məsələlərə toxunmayın.

Tək bir səhviniz onun gözlərindəki ehtirası söndürə, gecənin pis keçməsi ilə nəticələnə bilər.

Nə baş verməyindən asılı olmayaraq, yataq söhbətində neqativ hadisələrdən bəhs etməyin. Hətta əsəbləriniz yerində olmasa belə, özünüzü sakit aparın. Gün ərzində işdə, yolda stressə səbəb olan hadisələri yataq otağında unudun. Sevgi dolu sevişmə dəqiqlərini düşünün. Özünüzə sual verin - gecənin sonunda harada olmaq istəyirsiniz, sevdiyiniz insanın yanında, yoxsa salondakı divanda? Bax, bu sual sizə necə davranmalı olduğunuzu xatırladacaq.

Psixoloqlar xəbərdarlıq edirlər - yataq otağında iş, dost, ailə söhbətləri etməyin! İstəyinizdən asılı olaraq, 15 dəqiqəni və ya yarım saatı, sadəcə, ikinizə ayırın. O vaxtı kiminsə ələ keçirməsinə, yad bir adamın söhbətinizin mövzusu olmasına icazə verməyin. O an dünyada, sadəcə, iki nəfər olmalıdır: siz və sevdiyiniz şəxs.

Psixoloqlar yorğunluq və vaxt azlığı səbəbindən yataq söhbətindən yayınanlara, heç olmasa, xüsusi günlərdə bu bəhanələrə söykənməməyi məsləhət görür. Hər gün yataq söhbəti etməyə, onu sevdiyinizi deməyə bilərsiniz. Heç olmasa, ayda bir dəfə, ya da xüsusi günlərdə ona bu xoşbəxtliyi bağışlayın. Axı heç kim ekstrasens deyil, davranışlarınızla, sözlərinizlə ona sevdiyinizi hiss etdirməyəcəksinizsə, sevginin nə mənası var?

Günay Əzizbəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm