Qadın bədənini onun qədər yaxşı tanıyan kişi yoxdur - FOTOLAR
Bizi izləyin

Dəb

Qadın bədənini onun qədər yaxşı tanıyan kişi yoxdur - FOTOLAR

Hansı qadın bədən quruluşunu vurğulayan gözəl və mükəmməl paltar geyinmək istəməz ki? Məsələn, başda Beyons olmaqla, Şeron Stoun, Salma Hayek, İrina Şeyk kimi Hollivud ulduzları hesab edirlər ki, qadın qarderobunda azı 10 belə paltar olmalıdır. Bunun üçün “Herve Leger by Max Azria” mağazasına daxil olub bandaj donlar almaq kifayətdir. Əlbəttə ki, dəb sənayesində öz işinin ustası olan yüzlərlə peşəkar dizayner var. Lakin onların heç biri qadın bədənini Erve Lajer qədər yaxşı tanımırlar. Maraqlıdır ki, həmin geyimlərin müəllifinin kişi olması heç kimi təəccübləndirmir.

Publika.az-ın “Brendlərin tarixi” layihəsi çərçivəsində bu həftə “Herve Leger by Max Azria” moda evinin yaranması və inkişaf yolundan bəhs etmişik. “Herve Leger by Max Azria” çimərlik və qadın geyimləri, ayaqqabılar, aksessuarlar və ətriyyat istehsalında ixtisaslaşan amerikan brendidir. 1985-ci ildə təsis edilən brendin vizit kartı isə bədənə kip yapışan bandaj donlardır.

Brendin qurucusu haqqında

Brendin qurucusu Erve Leje 1957-ci ildə Fransanın Bapoma qəsəbəsində anadan olub. Məktəbi bitirdikdən sonra Erve bir müddət bərbərlik edib. Lakin aşıb-daşan yaradıcılıq eşqini bununla öldürə bilməyib. O, incəsənətlə daha ciddi məşğul olmaq üçün 1973-ci ildə Parisə köçüb. Moda sənayesinə daxil olmaq üçün əvvəlcə baş geyimləri istehsalı ilə məşğul olub.1976-ci ildə isə “Venus et Neptune” butikinin sifarişi ilə Elza Skyaparellinin işlərinin motivləri əsasında şlyapa kolleksiyasını yaradıb.

1977-ci ildə trikotaj paltar istehsalı ilə məşğul olan “Tan Guidecelli” italyan moda evində assistent vəzifəsində işləyib. 1981-ci ildə yaxın dostu və ustadı Karl Lagerfeldlə tanışlığı onun həyatında böyük rol oynayıb. 1984-cü ildə o, Erveyə “Fendi” moda evində assistent vəzifəsində işləməyi təklif edib. Həmin vaxt Erve “Cadette”, “Lanvin” və “Diane von Furstenberg” kimi brendlərlə ştatdan kənar əməkdaşlıq edib.

Moda evinin yaranması

Erve Leje qeyri-adi qabiliyyəti ilə qısa müddət ərzində moda dünyasında şöhrət qazanıb. Nailiyyətlərindən həvəslənərək öz şirkətini qurmağa qərar verib və 1985-ci ildə məqsədinə nail olub. O, həm öz adı ilə qadın kolleksiyaları yaradıb, həm də “Herve Leger” brendini rəsmi qeydiyyata aldırıb. Elə həmin ildə dizayner Parisin məşhur ticarət küçəsində ilk butikini açıb.

Dizaynerə böyük şöhrət gətirən orijinal ixtirası

Erve qeyri-adi kolleksiya yaratmaq üzərində uzun müddət baş sındırsa da, 1989-cu ilə qədər buna nail ola bilməyib. Həmin il dizayner bütün dünyada məşhur olan adlı-sanlı bandaj donlar ixtira edib. Ona dünya şöhrətli dizayner statusunu qazandıran həmin donlar təsadüf nəticəsində yaranıb. Eyni ilə Nyutonun alma rəvayəti kimi. O, qeyri-ixtiyari olaraq rezin lentləri manekenin ətrafına dolayıb. Elə bu vaxt onun ağlına müxtəlif üsullarla lentlərdən sarğı tərzində paltar yaratmaq kimi parlaq fikir gəlib. Materiallar qismində Erve elatsan parçadan istifadə edib. Bandaj geyim kolleksiyasının nümayişindən sonra onlara böyük tələbat olub. Dizaynerin orijinal ixtirası nəinki Fransada, dünyanın ən qabaqcıl ölkələrində də modapərəstlərin rəğbətini qazanıb.

Dəb tənqidçiləri Erve Leje ilə bağlı: “Bandaj donlar istənilən qadını mükəmməl göstərə bilər!”.

Dəb tənqidçilərinin onunla bağlı fikirləri birmənalı olmayıb. Tanınmış dəb tənqidçisi Syuzi Menkes dizaynerin bu kəşfini moda dünyasının böyük uğuru kimi qələmə verib. “Vogue” jurnalının tanınmış dəb tənqidçisi Tim Blanks isə bu paltarı geyinmək üçün ideal bədən quruluşuna ehtiyac olmadığını, dizaynerin qadın bədənindən başı çıxdığını söyləyib:

Ancaq dizayneri bu ideyanı Azedina Alayidən oğurlamaqda ittiham edənlər də tapılıb. Bəzi mənbələrdə bandaj donların Misir kraliçası Kleopatranın üslubundan qaynaqlandığı göstərilib.

Lakin bu iddiaların heç biri Erve Lejenin bandaj geyim kolleksiyasını gözdən sala bilməyib. Xüsusi ilə hippi üslubunun tərəfdarları bandaj donları böyük məmnuniyyətlə geyinib və öz seksuallığından böyük zövq alıblar. Müxtəlif üsullarla bir-birinə bərkidilən sarğılar qadın siluetini ideal şəkildə vurğulayıb. Bu xüsusiyyətlərinə görə, bandaj donları sözün hər iki mənasında “bomba effekti” adlandırıblar. Yeri gəlmişkən qeyd edək ki, bandaj donların qiyməti 1000, 2000 və 3000 ABŞ dolları arasında dəyişir.

Dizayner beynəlxalq dərəcəli dəbə çevrilən bandaj donların tarixinə dair muzey açmağı düşünməsə də, yaradıcılığını kitab şəklinə salıb: "İncəsənətə münasibətim kifayət qədər qeyri-adidir. Muzeyləri xoşlamıram, onlar məni stresə salır. Və beləliklə yaradıcılığımı kitab şəklinə salmaqla kifayətləndim”.

Qeyd edək ki, dizayner “Qu gölü” və bir çox teatr tamaşalarının səhnə geyimlərini yaradıb. Bundan başqa, Devid Bou ilə ailə quran super model İmanın gəlinlik paltarını da Erve Lajer hazırlayıb.

Moda evinin üstündə qara buludlar

90-cı illərdə moda evi müflisləşmək təhlükəsi ilə qarşı-qarşıya qalıb. Hətta 1992-ci ildə səhmlərinin 50 faizini “Seagram Group” korporasiyasına satmaq məcburiyyətində qalıb.

“Hervé Léger by Max Azria”

1998-ci ildən brend “BCBG Max Azria Group” korporasiyasının tərkibinə daxil olub.Beləliklə, Fransız brendini bir Amerika şirkəti alıb. Bu, moda tarixində ilk hadisə olub. Birləşmədən 6 ay sonra Erve Lajer istefaya göndərilib, yerinə isə Cerom Dreyfuss təyin olunub.

2005-ci ildə brendin ətriyyat xətti işə salınıb. Daha sonra “Herve Leger” brendi adı altında kəmər, ayaqqabı, çanta, alt paltarı başqa ətir və ənənəvi bandaj tərzində çimərlik geyimləri istehsalına başlanılıb.

Bandaj donlar möcüzələr yarada bilər

2006-cı ildə markanın kreativ direktoru vəzifəsinə Maks Azriya təyin olunub:

“Markanın tarixinə çox hörmət edirəm. Bu donları öz tərzimə uyğunlaşdırmaq üçün texnikanı bir qədər dəyişdirmişəm. Nəticədə qadın siluetini ideal şəkildə vurğulayan geyimin üslubuna heç bir xələl gəlməyib. Ən əsası, bandaj donları qlamurluq rəmzinə çevirə bilmişəm. Məhz buna görə də “Herve Lager” paltarlarına bütün qadınlar heyrandır. Bandaj donlar möcüzələr yarada bilər. Bu donlar qadın bədəninin cəlbedici formalarını vurğulayır, qüsurları məharətlə gizlədir. Bütün uğurun əsas sirri də bundadır!”

Maks Azriya materiala ipək və ya yun qarışığı əlavə etməklə, donların keyfiyyətini daha da artırıb. Yarandığı gündən brendin əsas qürur mənbəyi olan bandaj geyimlər sonuncu kolleksiyalarda tamamilə fərqli formada təqdim olunub. Dizaynerlər zolaq yamaqlarının yerlərini qurama tikiş texnikasının köməyi ilə yeni həndəsi naxışlar, saçaqlar, daşlar, mürəkkəb tikmələr və heyvan naxışlarını xatırladan təsvirlər və digər dekorativ elementlərlə bəzəyib, nadir konstruksiyalardan istifadə ediblər. Hər obrazı dana və ya piton dərisindən tikilən kəmər, həmçinin botilonla tamamlayıblar.

2008-ci ildən moda evi Nyu-Yorkda təşkil edilən moda həftələrində iştirak etmək hüququ qazanıb. Elə ilk iştirakı moda evi haqqında dəb jurnallarında müsbət rəylərin çıxmasıyla nəticələnib.

Əgər siz lezbiyan olduğunuzdan əminsinizsə, onda bu cür don almayın!

Ötən il “Herve Leger” moda evinin Londondakı nümayəndəsi Patrik Kuderkin açıqlaması böyük qalmaqala səbəb olub. Dizayner “Mail on Sunday” qəzetinə verdiyi müsahibə ilə xanımları qəzəbləndirib. Kuderk bandaj donun dolu bədənli, kiçik sinəli və böyük ombalı xanımlar üçün uyğun olmadığını deyib. Paltarı geyinməyi lezbiyanlara da qadağan edib: “Əgər siz lezbiyan olduğunuzdan əminsinizsə, onda bu cür don almayın. Çünki lezbiyanlar kişisayağı paltarı daha çox xoşlayırlar. Sinənizin bir qədər sallandığını görməyə bilərsiniz. Amma yaşınız 50-55-i haqlayıbsa, onları nümayiş etdirməyə dəyməz. Özünüzü 23 yaşlı gənc qızlar kimi aparmayın!”

Xanımların narazılığına səbəb olan bu bəyanata görə brendin rəhbərliyi üzr istəməklə kifayətlənməyərək Kuderki işdən çıxarıb:

“Şirkət Kuderkin açıqlamalarından şoka düşüb və hiddətlənib. Biz Londondakı həmkarlarımızla vəziyyəti aydınlaşdırmağa və növbəti addımlar atmağa hazırlaşırıq. Mister Kuderkin sözləri brendin ideyası ilə uzlaşmır. Biz heç bir ayrı-seçkilik qoymadan qadınların öz zərifliyini, həssaslığını, qlamurluğunu vurğulamağın tərəfdarıyıq”.

Heç nəyə baxmayaraq, modapərəstlər hər kişini valeh edən bandaj donlardan imtina etmək fikrində deyil. Hillari Daff, Haydi Klum, Mişel Uilyams, Keti Perri, Cennifer Lopez, Kristina Aqilera, İrina Şeyk, Bleyk Layvli, Alessandra Ambrosio, Rouz Makqouen, Bar Rafael, Şarliz Teron, Beyons, Cessika Alba, Paris Hilton, Miranda Kerr, Viktoriya Bekhem, Yeva Lonqoriya, Nikol Şerzinger, Mila Kunis və başqa məşhurlar qırmızı xalı mərasimləri üçün bandaj donları sevə-sevə geyinirlər. Bir sözlə, moda evi beynəlxalq dərəcəli brend olması, eləcə də, böyük müştəriləri cəlb etməsi, nəhayət, xüsusi tikiş texnikası və bənzərsiz üslubu ilə, sözün əsl mənasında, öyünə bilər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm