Məşhur ayaqqabı ustasından etiraf: “Şahzadələr məni ilhamlandırmır” - FOTOLAR
Bizi izləyin

Layihə

Məşhur ayaqqabı ustasından etiraf: “Şahzadələr məni ilhamlandırmır” - FOTOLAR

Müasir dünyada ayaqqabılar kişilər üçün də, qadınlar üçün də yalnız geyim deyil, həm də qarderobun vacib elementidir. Hansı ki, onlar sahibi haqqında bir çox məlumat ötürür. Ayaqqabı modellərinin əksəriyyəti indi əsl sənət əsərləri adlandırılır, çünki dəbdə olan ayaqqabı modellərini öz işinin ustası olan peşəkarlar hazırlayır. Məsələn, “Christian Louboutin” fransız moda evinin ayaqqabı kolleksiyaları bir qayda olaraq xanımların zövqünü oxşayır. Həm rahatlığı, həm keyfiyyəti, həm də orijinal dizaynı ilə fərqlənən bu ayaqqabılar qadına özünü bənzərsiz hiss etməyə kömək edir. Məhz buna görə də “Christian Louboutin” modelləri belə tez populyarlıq qazanıb.

Qırmızı altlıqlı rahat ayaqqabılar moda evinin banisi Kristian Labutenin moda dünyasına verdiyi ən gözəl töhfəsidir. Qırmızı altlıqlı dikdabanlar bu gün dəb dünyasında gözəl zövq əlaməti sayılır. Publika.az-ın “Brendlərin tarixi” layihəsi çərçivəsində “Christian Louboutin” moda evinin yaranma və inkişaf tarixinə nəzər salmışıq.

“Gözəl ayaqqabının əsas meyarı onların hətta çılpaq qadında çox gözəl görünməsidir. Siz gözəlliyin səbəbinin məhz tuflilər olduğunu dərhal anlamayacaqsınız. Çünki o, demək olar ki, hiss edilmir...".

Rəqs və ayaqqabı ehtirası onu ayaqqabı kralına çevirdi

Kristian Labuten 1964-cü ildə Parisdə anadan olub və uşaq yaşlarından ayaqqabı ilə maraqlanmağa başlayıb. Dizayner ayaqqabılara olan marağını belə xatırlayır:

“8 yaşımda Afrika və Okeaniya incəsənət muzeyində oldum. Gözəl mozaik döşəmə və girişdə qoyulan yüksək dabanlı tufli nişanı məni heyran etmişdi, ömrümdə belə ayaqqabı görməmişdim. Məhz onda hündürdaban ayaqqabılara qarşı məndə maraq oyandı".

Bu hadisədən sonra gənc Labuten bütün dəftərlərini ayaqqabı eskizləri ilə “korlayırdı”. Onun ilham mənbələrindən biri də teatr olub. Gələcəyin istedadlı dizayneri rahat ayaqqabı hazırlaya bilmək üçün səhnə arxasında dayanıb hərisliklə rəqqasələrin çıxışlarını izləyib. Uzunmüddətli müşahidələrdən sonra ayaqqabının funksionallığı üzərində düşünməyə başlayıb. Özünün ilk ayaqqabısını 16 yaşı olanda hazırlayıb. Onun sözlərinə görə, şahzadələr onu qətiyyən ruhlandırmır. Dizayner belə hesab edir ki, heç kim ayaqqabıda səhnədəki rəqqas kimi gözəl yerimir: “Heyran olduğum qadınları “güləşçi” adlandırıram. Şahzadələr isə məni ilhamlandırmırlar”.

80-ci illərdə Kristian məktəbi yarımçıq ataraq Şarl Jurdananın incəsənət evində ayaqqabı sənətinin əsaslarını öyrənməyə başlayıb. Ayaqqabı sənətinin bütün incəliklərini öyrəndikdən sonra gənc dizayner “Vivier Roger” moda evində şagird kimi işləyib, bir müddətdən sonra “Yves Saint Laurent” və “Chanel” brendləri ilə ştatdankənar əməkdaşlıq edib. Tanınmış markalarla işləyib böyük təcrübə qazanan dizayner 1992-ci ildə “Christian Louboutin” adı altında xüsusi ayaqqabı brendini yaratmağa qərar verib. O, 1992-ci ildə öz adı altında ayaqqabı və aksessuarlar xəttini işə salıb. Kristian Labuten 1991-ci ildə Parisdə “Passage Vero-Dodat” mağazasını açıb. Mağaza qısa müddətdə yaxınlıqdakı əntiq əşya dükanlarını gəzən aristokrat parislilərin də rəğbətini qazanıb. Ayaqqabı kralı qazandığı nailiyyətləri belə xarakterizə edib:

“Heç vaxt şirkət açmaq barədə düşünməmişəm, sadəcə dizayn ilə məşğul olmaq istəyirdim. Ona görə qazandığım uğurlar mənim üçün əsl sürpriz oldu”.

Kişi fantaziyasının əvəzolunmaz məhsulu

Labuten əfsanəvi ayaqqabılarını da elə həmin ərəfədə yaradıb. Qırmızı altlıqlı ayaqqabılar yarandığı andan etibarən dizaynerin vizit kartı olub. Kristian Labutenin həmin ayaqqabıları “follow me” (məni izlə) adlanır. Dizaynerin sözlərinə görə, parlaq qırmızı altlıqların xüsusi funksiyası yoxdur, onlar sadəcə olaraq ayaqqabının Kristian Labutenə xas olduğunu göstərir. Yeri gəlmişkən qeyd edək ki, qırmızı altlıqlı ayaqqabılar tamamilə təsadüf nəticəsində yaranıb. Yeni kolleksiyası üzərində baş sındırdığı bir vaxtda, dizaynerin gözü dırnaqlarına qırmızı boya çəkən köməkçisinə sataşıb. Dizayner dırnaq boyasını köməkçisinin əlindən alaraq əlindəki ayaqqabının altını boyayıb. Beləliklə də, bu gün seksuallıq rəmzi sayılan qırmızı altlıqlı tuflilər doğulub... Yeri gəlmişkən qeyd edək ki, Kristian Labuten ingilis qəzetlərindən birinə verdiyi müsahibədə orqazm və dikdaban ayaqqabıların oxşar cəhətləri olduğunu bildirib. O hesab edib ki, topuqlu ayaqqabıların seksual olmasının səbəbi sadəcə qadınların ayağına verdiyi formadadır. Belə ki, bu ayaqqabıları geyinən qadının ayağı orqazm olarkən aldığı formanı xatırladır.

Qadını geyindirmirəm, onu soyundurmağa çalışıram!

İstedadlı Labuten öz ayaqqabılarını yaradan zaman çərçivədən çıxmağa çalışır, qadınları öz güc və özünəməxsusluğunu hiss etməyə məcbur edir. O, müxtəlif materialları uzlaşdırmağı sevir, bununla bərabər maksimum rahatlığı təmin edir. Bunun sayəsində çox gözəl və qeyri-adi modellər yaradır. Labutenin stilettoları təhrikedici formada hazırlanır. Onun ayaqqabılarının əsas səciyyəvi xüsusiyyəti bütün diqqəti qadın ayağının ən həssas, amma indiyədək əhəmiyyət verilməyən hissəsinə - ayaq barmaqlarına yönəltməkdir. Labuten müsahibələrinin birində bildirib ki, onun əsas vəzifəsi qadını geyindirməkdən ibarət deyil: “Stilettolardakı dərin kəsik xoşuma gəlir, ayaq barmaqlarının bir hissəsini göstərmək olduqca cazibədardır. Mən qadını geyindirmirəm, onu soyundurmağa çalışıram”.

Uzun müddət qadın ayaqqabıları üzərində çalışan dizayner 2006-cı ildən çanta xəttini işə salıb. Bununla belə, Labuten təcrübələrə də ara verməyib. Belə ki, o, 2009-cu ildə kişi ayaqqabı kolleksiyasının istehsalına başlayıb. Ötən il isə Kristian Labuten kosmetika xəttini pərəstişkarlarının ixtiyarına buraxıb.

Qırmızı altlıqlı ayaqqabılarla dünyanı fəth edən Kristian Labuten “Rahat ayaqqabılara nifrət edirəm! Bundan daha qorxunc heç nə yoxdur. Söhbət ayaqqabılardan düşəndə rahatlığı inkar edirəm!” desə də, bu yaxınlarda buraxdığı ked kolleksiyası böyük ajiotaj doğurub. Kedlərin qiyməti 2500 dollardan başlasa da, bütün kolleksiya kifayət qədər sürətlə satılıb qurtarıb.

Məşhur aktrisa Elizabet Teylor fransız dəb qanunvericisinin tuflilərini satışda olan ayaqqabıların ən gözəli adlandırıb. Hətta oturduğu zaman insanların al qırmızı altlıqları görə bilməsi üçün ayaqlarını məxsusi olaraq çarpazlaşdırdığını söyləmişdi. Kristian Labutenin müştəriləri sırasında Elizabet Teylordan başqa, Monako şahzadəsi Kerolayn, Katrin Denev, Şer və dizayner Diana von Fürstenberq də olub. Meray Keri, Ancelina Coli, Britni Spirs, Kayli Minok kimi dünya ulduzları bu brendin pərəstişkarlarıdır.

Şəxsi həyatı

Yaratdığı ayaqqabıları ilə zərif cinsin nümayəndələrinin qəlbinə yol tapan dizayner şəxsi həyatını ciddi cəhdlə gizlədir. Amma fransız ayaqqabı ustasının homoseksual olduğu hamıya məlumdur. O, 1997-ci ildən bəri memar Luiz Beneçlə sevgilidir. Cütlük birlikdə yaşayır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm