• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Yeni gözəllik trendi: alınmamış qaşlar - FOTOLAR

  • Layihə
  • 4 Mart 2015 09:24
  • 10 294 Baxış
Yeni gözəllik trendi: alınmamış qaşlar - FOTOLAR

Vaxtı ilə qadınlar qalın qaşlardan xilas olmağın yollarını axtarır, nazik qaşlara daha çox həvəs göstərirdilər. İndi isə gözəllik standartı dəyişib. Nazik qaşlar illər keçdikcə öz əhəmiyyətini itirib. Hətta qaşlarını alaraq nazik saxlayan xanımlar cəmiyyətdə birmənalı qarşılanmır. Hazırda qalın, təbii, loru dildə desək, "brejnevsayağı" qaşlar dəbdədir. Bölgələrimizdə qızlara qaşlarını ancaq toy günündə nazikləşdirməyə icazə verildiyini nəzərə alsaq, onda qalın qaşların dəbdə olmasının azərbaycanlı xanımlar üçün nə qədər əlverişli olduğunu anlamaq çətin olmaz.

Dünyanın ən məşhur və varlı modeli Kara Delevininki kimi alınmamış qaşlar indi trenddir. Qalın qaşlı xanımlardan fərqli olaraq, nazik qaşlı xanımlar özünü makiyaj və qaş qələmi ilə dəbə uyğunlaşdırmağa çalışırlar. Lakin bunun da bəzi problemləri çıxır. Məsələn, qaşları hər gün makiyajla qalınlaşdırmaq vaxt aparır. Üstəlik, qələmin yayılması və paltara ləkə salması istisna deyil. Belə olan halda gözəllik mütəxəssisləri başqa alternativ variantlar fikirləşirlər. Mütəxəssislər qaşları qalın göstərmək üçün daimi makiyaj təklif edirlər. Buna "permanent" deyilir.

Publika.az-ın "Kokteyl" layihəsi çərçivəsində bu həftə qaşların permanent üsulu ilə qalınlaşdırılması haqqında qaranlıq qalan sualları aydınlaşdırmağa çalışmışıq.

Qaşların tatuajı - ən populyar və ucuz qaş qalınlaşdırma prosedurlarından biridir. Permanent deyilən qaş tatuajı qaşları qalın göstərməklə yanaşı, həm də uzunmüddətlidir. Bununla yanaşı, permanent makiyajla bağlı çoxlu söz-söhbətlər yayılıb ki, bunlar mümkün dəyişikliyin müsbət nəticəsini heçə endirə bilər.

Publika.az qaş permanenti ilə bağlı deyilənlərə aydınlıq gətirmək üçün tanınmış mütəxəssislərə suallar ünvanlayıb. Onların çoxu permanentli qaşlarla bağlı yayılmış fikirləri təkzib ediblər.

Mif 1: Permanent makiyaj izsiz yox olmur!

Qaşlarını qalınlaşdırmağa qərar verən xanımları ilk növbədə tatuaj izinin qalıcı olması qorxudur. Mütəxəssislər iddia edir ki, bu, doğru deyil. Sadəcə, bəzi səhvlər belə düşünməyə əsas verə bilər.

Təəssüf ki, qaşlarda tatuaj izi heç də həmişə tamamilə yoxa çıxmır. Kosmetoloq Yuliya Çerbotava iddia edir ki, permanent makiyaj qaşlardan iz qoymadan tamamilə itməlidir. Amma permanentin itməsi bir çox amillərdən asılıdır. Bu, ilk növbədə ustanın istifadə etdiyi texnikadan (o, piqmenti nə qədər yaxşı və dərinə vurur) və piqmentlərdən (istehsalçıdan və kimyəvi tərkibdən) asılıdır. İndi özünə hörmət edən şirkətlərin hamısı istifadə etdikləri bütün məhsulların sertifikatlarını alırlar.

Prosedurdan sonra piqmentin itməsi üçün müəyyən vaxt qoyulur. Həmin müddət ərzində piqmentin vurulduğu xətt boyunca iz tamamilə itməlidir. Odur ki, mütəxəssislər piqmentlərin yaranmasında mühüm məqamı nəzərə alırlar. Məsələn, müxtəlif hissəciklərin dəridən nə vaxt itəcəyini, itmə sürəti nəzərə alırlar.

Ekspertlərin fikrincə, permanentlərin qaşlarda qalmasının ən optimal müddəti çox yox, 1,5-2 il olmalıdır. Səbəbi sadədir: bu müddət ərzində qaş formasının dəbi köklü surətdə dəyişə bilər. Qaş permanenti üzrə mütəxəssis Yuliya bildirib ki, qaşlardakı piqmentlərin müxtəlif sürətlə yox olması qadınlarda bir çox problemlərə yol açır. Məsələn, bir müddət sonra qaş rəngi boz və ya hətta qırmızı, göy rəngə çalar. Əgər usta köhnə, bədii tatuajlar üçün nəzərdə tutulmuş və qadağan olunmuş piqmentlərdən istifadə edibsə, qaş tatuajı qalıcı ola bilər.

Qaşların permanenti zamanı qarşılaşa biləcəyiniz daha bir xoşagəlməz hal çapıqlardır. Onlar ustanın avadanlıqla kobud işləməsinin nəticəsi ola bilər. Bundan qaçmaq üçün prosedurdan əvvəl ustanın işləri ilə tanış olmaq tövsiyə olunur.

Mif 2: qaşların permanentindən sonra tüklər çıxmır!

Qaşların permanenti ilə bağlı daha bir söylənti də tatuajın təbii tüklərin çıxmasına mənfi təsiri ilə bağlıdır. Lakin lazımsız tüklərdən xilas olmaq ilk baxışda göründüyü qədər asan deyil. Əks halda, kosmetoloqlar müxtəlif epilyasiya üsulları təklif etməzdilər. Dolayısı ilə qaşlara vurulan piqment tüklərin tökülməsinə səbəb ola bilməz.

Estetik dermatoloq Anna Savina da permanent makiyajın tüklərin çıxmasına təsir göstərmədiyini iddia edir.

Qatı piqmentin vurulduğu yer dərinin (dermanın) üst təbəqəsidir. Qaşlara vurulan piqment dərhal epidermisdə yerləşir. Tükün soğanağının kökü dərinin ən aşağı təbəqəsində - hipdermidə yerləşir. Prosedurun düzgün tətbiq edildiyi müddətdə piqmentlər tükün soğanağına və tükün uzanmasına təsir göstərmir.

Lakin prosedur düzgün yerinə yetirilmədiyi müddətdə piqmentlər nəinki tükün soğanağına zərər verir, həm də çapıqların yaranmasına gətirib çıxarır.

Mif 3: Qaşların permanent üsulu ilə qalışlandırması texnikasında bütün tüklər təmizlənməlidir!

Qaşını permanent makiyajı etdirmək istəyən bir çox qadını qaşların prosedurdan əvvəl tamamilə təmizləmək lazım olub-olmadığı sualı maraqlandırır. Buna ehtiyac yoxdur. Sadəcə bəzi ustalar qaşı permanent etməzdən əvvəl öz rahatlığı üçün tüklərin təmizlənməsinə üstünlük verir.

Yuliya Çerbotava bildirir ki, qaşları heç bir halda qırxmaq lazım deyil: "Mən hətta qaşları almağı da qadağan edirəm. Peşəkar usta əsl həqiqəti - tüklər olan hissəni görməlidir. Lakin xanım tük tökülməsindən əziyyət çəkirsə, ya da qaşındakı tükləri lazerlə yox edibsə, burada edə biləcək heç nə yoxdur.

Bəzi ustalar lazimi konfiqurasiyanı almaq və yaxşı fason vermək üçün qaşları tamamilə qırxırlar. Mən isə hesab edirəm ki, bu düzgün deyil. Təbii qaşdan gözəl heç nə ola bilməz. Bizim vəzifəmiz tamamilə süni qaşları yaratmaq deyil, qaşın formasını yaxşılaşdırmaqdan ibarətdir".

Mif 4: Qaşların permanenti bir prosedur deyil, onu ev şəraitində də etmək olar!

İnternetdə permanent üzrə ustalar qaşların daimi makiyaj prosedurunu evdə edə biləcəyinə dair elanlar verirlər. Bəs, kosmetik kabinetdən kənarda bu müdaxilə nə qədər təhlükəsizdir?

Dermatoloq Anna Savina bildirir ki, qaşların tatuajı çox ciddi prosedurdur. Bunun üçün ciddi bacarıq və yaxşı təchiz edilmiş məkan tələb olunur.

O bildirir ki, müştərinin özünü rahat hiss etməsi üçün rahat masa, avadanlıq qoymaq üçün yer və xüsusi aydınlaşdırıcı lampalar olmalıdır. Nəzəri cəhətdən bu şəraiti hər yerdə, hətta evdə də yaratmaq olar. Lakin yüksək səviyyəli peşəkar çətin ki, özünün və ya müştərisinin mənzilində bu əməliyyatı yerinə yeritməyə razı olsun.

Digər vacib məqam müəyyən edilmiş sanitariya normalarıdır. Yuliya Çerbotareva qeyd edir ki, qaşların bu üsulla qalınlaşdırılması məişət kateqoriyasına aid edilir. Amma bu, ustanın evdə işləməli olduğu anlamına gəlmir. İlk növbədə bu, qanunsuzdur və heç bir sanitar normaya uyğun deyil. Ekspert bildirir ki, permanent makiyajı edilən məkan yaşayış yeri, hətta ümumi giriş ola bilməz.

Anna Savina isə qəti şəkildə bəyan edir ki, bu prosedurun ev şəraitində həyata keçirilməsinə razı olan qadın üzünün korlanmasına hazır olmalıdır. Çünki bu zaman qadın müdafiəsiz qalır. Əgər tatuaj salonda edilirsə, onda müştəri prosedur barəsində tam məlumatlandırılır və müvafiq razılığı imzalayır. Yalnız bu variantda müştəri uğursuz nəticələnən prosedurla bağlı nəzarət orqanlarına şikayət edə bilir və müqavilə üzrə hüquqlarını bərpa edir.

Mif 5: Permanent makiyajdan sonra qaşların korreksiyası lazım deyil!

Mütəxəssislər üçün nə qədər qəribə səsələnsə də, müştərilər ən çox bu məsələ ilə maraqlanır. Xanımların bu məsələdə çaş-baş qalmasının səbəbini izah etmək çətindir. Axı, permanent lazer epilyasiyası deyil, prosedurdan sonra qaşlar əvvəlki qaydada çıxmağa davam edir.

Tatuajdan sonra qaşları mütləq korreksiya etmək lazımdır. Qaşların permanent makiyajında boş yerlər alətlə doldurulsa da, kənarlardan tüklərin çıxması istisna deyil. Məsələn, usta azca piqment vurubsa, kənarlardan qaşlar çıxmağa davam edəcək. Əgər kənardakı tüklər təmizlənməsə, quyruq kimi görünəcəklər.

Qadının tükləri təbiətən ağ və ya açıq rənglidirsə, onları rəngləmək və almaq lazım olacaq. Lakin qaşların davamlı makiyajı bir çox hallarda məsələni asanlaşdırır. Çünki qadın hazır formanı görür və yalnız artıqları təmizləyir.

Mif 6: permanent gündəlik makiyaja alternativ ola bilməz

Xanımlar permanentin gündəlik makiyajı əvəz etdiyini düşünə bilərlər. Amma mütəxəssislərin fikrincə, tatuaj imkanları adi vizajdan daha genişdir.

Prinsip etibarilə, permanent makiyajı adi makiyajdan fərqlənirmi?

Permanent makiyaj qalıcıdır, onu hər gün yeniləməyə və silməyə ehtiyac yoxdur. Məsələn, əgər qadının qaşlarının ucları yoxdursa, yaxud asimmetrikdirsə və ya çox nazikdirsə, onda bu problemi qaşların tatuajı həll edəcək.

Qaşlar rəsm çərçivəsi kimidir: onlar üzün ifadəsini müəyyənləşdirir. Qaşlarının köməyi ilə üz cizgilərini mümkün qədər dəyişmək mümkündür. Qaşın formasını azca qaldırmaqla qadın baxışları tamamilə dəyişir və daha nüfuzedici olur. Üz ifadəsinin ciddi və ya seksual, daha məsum və ya xoş görünməsi qaşlardan asılıdır. Bu işin öhdəsindən isə permanent makiyajı layiqincə gəlir. Xüsusilə dekorativ kosmetikadan hər gün istifadə edən qadınlar üçün permanent makiyaj müəyyən dərəcədə alternativdir.

Qaş tatuajından sonra qaşları hər gün makiyaj etmək lazım gəlmir. Bununla da xanımlar vaxtına qənaət edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR