• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Şərqin əsrarəngiz qadınlarının gözəllik sirləri

  • Layihə
  • 2 Aprel 2015 17:45
  • 1 974 Baxış
Şərqin əsrarəngiz qadınlarının gözəllik sirləri

Qırmızı dodaqlar, ağappaq dəri, sakit xasiyyət, şəhvət və günah... Mülayim baxışları kişiləri dəli edən yapon geyşaları, onların adətləri və vərdişləri illərdir ki, böyük marağa səbəb olur. Publika.az-ın “9 don” layihəsi çərçivəsində bu həftə Asiyanın əsas tapmacası olan geyşaların qeyri-adi xarici görünüşü və sənətkarlıq sirlərindən danışacağıq.

Yapon dilində “sənətçi”, “incəsənət xadimi” mənasını verən “geyşa” XVII əsrdə formalaşıb və günümüzə qədər gəlib çıxıb. “Geyşa” kişi müştərilərə mahnı oxuyan, rəqs, söhbət edən, onları müxtəlif oyunlarla əyləndirən qadınlara verilən addır. Lakin nə qədər qəribə görünsə də, ilk geyşalar kişilər olub.

geishagirl1

Geyşalar – milli güllü kimono geyinir, üzü xüsusi qaydada makiyaj olunur. Onların sifəti dümağ rənglənir, dodaqlarına qıpqırmızı pomada çəkilir.

1. Geyşanın hazırlığı

Geyşa ilk baxışdan insanı tilsimləyir, özünə cəlb edir. Bu, xüsusi kosmetik vasitələrdən ustalıqla istifadə edərək təbii gözəlliyi vurğulamaq bacarığından irəli gəlir. Yaponiyada tanınmış brendlər xüsusi olaraq geyşalar üçün məhdud sayda kosmetika dəstlər istehsal edirlər. Bunlara bir qayda olaraq, onların dərisini ağardan pudra və krem, qalıcı dodaq boyası və bütün gün ərzində yuyulmayan göz qələmləri daxildir. Müasir geyşa mürəkkəb hündür saç düzümləri əvəzinə, parikdən istifadə etməyə üstünlük verir. Özünü qaydasına salmaq və bəzənmək üçün geyşa hər gün təxminən 4-5 saat sərf edir.

2. Möcüzəli göbələk

Geyşaların hamısında həmişə ağac göbələyi tozu (Meytake) hazır vəziyyətdə olur. Belə hesab edilir ki, bu təbii qida hər bir yeməyin kalori miqdarını xeyli azaldır, üstəlik bədəni formaya salır və yapon qızlara ideal bədənə qovuşmaqda kömək edir. Meytake qidasının ikinci xüsusiyyəti menstruasiya dövründə xoşagəlməz sindromların təzahürlərini yatırmasıdır.

geishagirl2

3. Əsas vəzifələri

Müasir geyşa bir neçə dil bilməli, istənilən mövzuda müzakirə etməyi, kişiləri şirin söhbətə cəlb etməyi bacarmalıdır.

O, musiqi alətində çalır, oxuyur, rəqs edir və əlbəttə ki, qanunlarına görə çay mərasimi keçirir. Bu mərasimlərə o-dzasiki deyilir. Şam yeməyinin ortasında onlar miniatür səhnədə diz üstündə oturaraq milli üçsimli alətdə ifa edirlər. Çay evlərində, otellərdə, restoranlarda təşkil edilən belə banketlərdə geyşalar qonaqları (həm kişi, həm qadın) müxtəlif formalarda əyləndirir, onlara xüsusi ədalarla, naz-qəmzələrlə qulluq göstərirdilər. Bir sözlə, məclisi geyşalar idarə edir. Əsl geyşa məclisdəki bütün qonaqları ələ almalı, qonaqların diqqətini tam özünə cəlb etməlidir.

4. Geyşaların ağır həyat tərzi

Geyşa obrazı ikinci dünya müharibəsi illərində süquta uğramışdı. Amerikalı əsgərlər o dövrdə onlara təslim olan bütün yapon qızları “geyşa girl” adlandırırdı. Bundan sonra geyşalar barədə yüngül davranış tərzi yaşayan qadın təəssüratı formalaşır ki, əslində, bu, belə deyil. Geyşalar Yaponiyada fahişəliklə məşğul olan qadınlardan zahiri görkəminə görə kəskin fərqlənir. Belə ki, kurtizankaların kimono qurşağı sadə bağlanır (belə geyimi soyunmaq daha asandır), geyşaların kimonosunun qovşaqları isə arxadan çox çətin bağlanır. Nyudzalar (Yaponiyada seks sənayesində məşğul olanlara deyilir) səndəlləri ağ corabsız geyinir, saçlarına qırmızı lent dolayır və hər cür sancaq və broşlarla bəzəyirlər.

geisha girl3

5. Geyşanın şagirdi

Qədimdə geyşalar 10 yaşından təhsil almağa başlayardılar. Bu gün isə yaş həddi 16-dır. Bir qayda olaraq ilk 24 il qızlar "mayko", yəni şagird statusu daşıyırlar. Yaponiyada belə hesab edirlər ki, yeniyetmə qızların parlaq xarici görünüşü müştəriləri cəlb edir. Əsl geyşa isə buna istedadı və bacarığı sayəsində nail olmalıdır.

Odur ki, geyşaların öyrənmə dövrü 24 il çəkir. Bu müddətdə isə maykolar (rəqs edən uşaq) “böyük bacısından" fərqləndirilir. Hətta onları elə geyiminə görə ayırmaq olur. Belə ki, maykaların kimonosunun qolu xeyli qısa, alt yaxalığı isə al-qırmızı rəngdə olur. Mərasimdə qonaqlar qarşısında geyşanın yaxalığı ağ və naxışlı qızıl saplı variantlarla dəyişdirilir.

6. Təhsil

Geyşa təhsili almaq üçün on minlərlə dollar vəsait tələb olunur. Bir kimono 10-15 min dollara başa gələ bilər. Xərclərin bir hissəsini çay evlərinin sahibkarları öz üzərinə götürür. Əvəzində isə şagird təhsilini bitirdikdən sonra onlarla müqavilə imzalayır və yalnız onlar üçün çalışır. Əgər həmin qız peşəsini dəyişmək istəsə, onda böyük məbləğli borcunu ödəmək məcburiyyətində qalır. İş adamları qeyşa hazırlığı məqsədi ilə təhsil müəssisələrinə çəkdiyi xərci artıqlaması ilə çıxarırlar. Belə ki, geyşanın iki saatlıq xidməti orta statistik yapon qulluqçusunun illik əmək haqqının təxminən dörddə bir hissəsi qədərindədir. Ona görə də, yalnız yüksək vəzifəli siyasətçilər və zəngin iş adamları gecəni çay evlərində keçirməyi özünə rəva bilir. Geyşalarla görüşmək, hətta yapon kişilərinin də əlçatmaz arzusudur.

7. Kimono

Bu qızlar dörd əsr ərzində ənənəvi kimono tərzinə sadiq qalıblar. Kimono nə xalat, nə də ki, paltardır. O, əslində bədənin ətrafına xüsusi üsulla bir neçə kəmərlə bərkidilən bütöv parçadır. Kimononun bir neçə növü mövcuddur: rəsmi, qeyri-rəsmi və idman stilində kimonolar (məşq zamanı onun istifadə edirlər). Geyşalar qışda və payızda qalın parçalı kimonolar, yayda isə (may ayından sentyabr ayınadək) zərif ipək kimono geyinirlər.

geishagirl4

8. Yeriş

Geyşanın bir qədər yöndəmsiz yerişinin səbəbkarı onun ayaqqabılarıdır. Geyşalar kiçik addımlarla, taxta səndəldə gəzirlər. Belə ayaqqabılarda gəzmək çox çətindir, çünki ağırlıq dabana deyil, mərkəzə, corabın üzərinə düşür. Füsunkar yerimək üçün üstü açıq ayaqqabılara kiçik zınqırov bağlayırlar, kiçik addımlarla yeriyəndə onlar ahənglə cingildəyir.

9. Etibar

Deyilənlərə görə, geyşalar ilk baxışdan qonaqların etimadını qazanır. Kişilərlə salamlaşarkən onlar xoş təbəssümün gücündən istifadə edirlər. Belə ki, qonağı gülərüzlə qarşılayır və təbəssümlə düz gözlərinin içinə baxırlar. Və yalnız bundan sonra "Salam" deyirlər. Bu zaman kişi özünü daha arxayın hiss edir.

geishagirl5

10. “Yox, sağ olun”

Geyşanı heç kim heç vaxt istəmədiyi işə məcbur edə bilməz. Əgər geyşaya özəl yaxta ilə həftə sonunu birlikdə keçirmək təklif olunubsa və bu dəvət ona çox şübhəli görünürsə, o, müştəriyə nəzakətli şəkildə rədd cavabı vermək hüququna malikdir. Bunun üçün yalnız bir söz deməsi və ya yazması kifayətdir: "ookini". Bu sözü sözbəsöz belə tərcümə etmək olar: "diqqətinizə görə çox sağ olun, amma yox".

11. Qədirbilən qulaqlar

Hər bir geyşanın ən böyük bacarığı dinləmək qabiliyyətinə malik olmasıdır. Qonaqlar “çay evlərinə” yaxşı söhbətdən zövq almaq və onu kiminsə dinləməsi üçün gəlirlər. Bu zaman söhbətin istiqamətini geyşa özü müəyyənləşdirir. Həmsöhbətinə tez-tez və nəzakətlə qısa suallar verərək öz qonağına ürəyini boşaltmağa imkan verir. Geyşalar ölkədə baş verən bütün siyasi, sosial, idman və mədəniyyət xəbərlərindən xəbərdar olmalıdır. Çünki heç vaxt bilmirsən ki, qonaq hansı mövzudan danışacaq. Məhz buna görə də geyşalar günə xəbər proqramı ilə və qəzet oxumaqla başlayır. Geyşa istənilən mövzunu davam etdirmək iqtidarında olmalıdır, lazım olan anda başını yelləyərək həmsöhbətini dinlədiyini bildirməlidir. Bundan başqa, müştərini ürəkdən güldürməli, əyləndirməli və hətta təhqir edilməsinə biganə olmalıdır.

geishagirl6

12. Geyşanın əlində nə var?

Geyşanın paltarının qolunda oriqami üsulu ilə hazırlanmış bir neçə yumşaq kağız salfet olur. qeyd edək ki, “origami” “oru” qatlamaq və “gami” kağız mənasını verən iki sözün birləşməsindən yaranıb və “kağız qatlama sənəti deməkdir. Yüngül soyuqdəymə, allergiya nəticəsində meydana çıxa biləcək xoşagəlməzlik zamanı, o cümlədən, fincanlardakı pomada izini silmək üçün oriqama geyşanın yeganə xilas yoludur. Bəzən bu salfetlərdən qeydlər üçün də istifadə edirlər.

13. Aksesuarlar "mövsümə görə"

Hər ay geyşa sancağını dəyişir, bəzi hallarda isə tematik kimonolar geyinir. Məsələn, aprel ayında sakura çiçəyi əks olunmuş kimono geyilir. Bu çiçək aprel ayında çiçəklədiyi üçün geyimdə də məhz həmin ərəfədə istifadə edilir.

İyun - çox yağışlı aydır, o, ağlayan söyüd ağacı ilə müqayisə olunur. Üstəlik, söyüd - geyşaların talismanıdır.

Yeni ilə hazırlıq ərəfəsində geyşalar ağ güllərdən və bambuk yarpaqlarından ibarət xüsusi sancaqlar taxırlar. Yeni ilə hazırlıq zamanı saçı məhz bu aksessuarlar bəzəyir. Maraqlıdır ki, geyşalar üçün qrim otağına giriş həmişə azaddır.

14. Dırnaqlar

Əsrlər boyu geyşalara dırnaqları rəngləmək qəti yasaq olunub. Lakin son onillikdə ənənə tamamilə dəyişib: qızlar dırnaq-bəzəkləri ilə maraqlanmağa başlayıblar, həm də dırnaqlarındakı dizaynlar kimonolar kimi mövsümə uyğun olur. Motivlər bir qayda olaraq bu və ya digər ayın mövzusu ilə üst-üstə düşür.

15. Əllərə qulluq edin

Hissiyyat və zəriflik təkcə geyimdə və makiyajda deyil, həm də jestlərdə özünü göstərir. Geyşanın əsas sirri də səs və sözün, jest və gözəlliyin harmoniyasındadır. Jestlərində isə əllər xüsusi əhəmiyyət kəsb edir.

Geyşa peşəsini müxtəlif vaxtlarda, müxtəlif çərçivələrə salsalar da, müasir dövrədək bu peşə öz populyarlığını itirməyib. Ta qədimdən müasir dövrlərədək geyşaların fəaliyyətinə hər hansı qadağa mümkün olmayıb. Hətta 957-ci ildə Yaponiyada əxlaq pozğunluğuna qadağa tətbiq olunanda belə, geyşalar istisna təşkil etdi.

Çünki bu peşənin kökü Yaponiyada çox dərin iz salıb və bir ənənə halını alıb. Lakin əsrlərin təsirindən xəsarətsiz çıxan bu peşə sahiblərinin sayı müasir dövrdə azalmağa başlayıb. Buna baxmayaraq, şairlərin, rəssamların, ümumiyyətlə, yaradıcı insanların özlərinin "ilham pərisi" elan etdiyi yapon pəriləri həmişə yüksək səviyyədə qonaqpərvərlik nümayiş etdirirlər.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR