Türkiyəli aktrisa: “Özünə inamı olan qadın qısqanmaz” - FOTOLAR
Bizi izləyin

Layihə

Türkiyəli aktrisa: “Özünə inamı olan qadın qısqanmaz” - FOTOLAR

Əgər Türkiyənin istehsal etdiyi serialları təqib edirsinizsə, deməli ulduzu yeni-yeni parlayan gözəl aktrisa Yağmur Tanrısevsini də tanıyırsınız. “Günəşi gözləyərkən” adlı serialla məşhurlaşan aktrisa çox gənc olmasına baxmayaraq, bu günə kimi “Tragediya” və “Eşqlər ağladır” adlı filmlərdə də rol alıb. 23 yaşlı aktrisa hazırda yeni bir serialda oynamağa hazırlaşır. Mətbuatda yayılan xəbərlərə görə, ilk serialına çəkilərkən cəmi 8 min lirə qonorar alan Yağmur, indi 25 min lirə tələb edir.

Yağmur Tanrısevsin “Elele” jurnalına gözəllik sirlərini və gələcək planlarını açıqlayıb.

“Şirin söhbət” layihəsi çərçivəsində həmin layihəni təqdim edirik:

- Boş vaxtlarında nəylə məşğul olursan?

- Dulusçuluq üzrə dərs almışam, bir də rəssamlığa həvəsim var. Bu iki sahədə özümü ifadə etməkdən xoşum gəlir.

- Yeni bir seriala başlayırsan, necə bir obrazı canlandıracaqsan?

- Tamaşaçı fərqli, pozitiv bir Yağmurla tanış olacaq.

- Daha öncə iki dəfə qorxu filmində rol almışdın. Bu, məqsədyönlü seçim idi?

- Yanlış layihənin içərisində olmamağa diqqət edirəm. Buna görə də menecerim Tümay Özokurla məsləhətləşirəm. Ailəm də hansı layihənin karyeram üçün uğurlu olacağını müəyyənləşdirməyimə kömək edir.

- Fərqli janrdakı filmlərə çəkilmək istəmirsən?

- Əlbəttə, istəyirəm. Hələ yolun başındayam. Məni inkişaf etdirəcək hər rola və rejissora ehtiyacım var.

- Sənin üçün hansı daha əyləncəlidir, kino, yoxsa serial?

- İkisi də mənim üçün eyni dərəcədə önəmlidir. Ancaq etiraf etməliyəm ki, kino daha qalıcıdır və karyera baxımından daha dəyərlidir.

- Bundan sonrakı planlarında nələr var?

- Dayanmaq yoxdur, müşahidə etməyə, təcrübə toplamağa davam edəcəyəm. Mən bu sənətdə özümü tapmışam, ona görə də planlarımın hamısı aktrisalıq peşəsi ilə bağlıdır.

- Seriallar səni əməlli-başlı məşhurlaşdırdı. Şöhrət həyatında nələri dəyişdi?

- Əslində həyatımda elə böyük dəyişiklər olmadı. Mən hələ də eyni insanam. Məni sevən insanlar işimlə bağlı xoş sözlər söyləyirlər, bu, məni xoşbəxt edir. Təqibçilərimin böyük bir qismi məndən daha gəncdirlər. Onlara səhv nümunə olmaq istəmirəm.

- Özündə ən çox nəyi bəyənmirsən?

- Detallara çox əhəmiyyət verirəm. Hər kəsin məsləhətini səbirlə dinləyirəm, ancaq heç vaxt əməl etmirəm. Hisslərim qüvvətlidir, ürəyimdən keçənləri etməyə meyilliyəm.

- Eşq barədə nə deyə bilərsən?

- Şəxsi həyatımla gündəmdə olmaq istəməzdim. Çünki sadəcə özümə aid olan mövzulardan danışıb insanları məşğul etmək doğru deyil. Yalnız bunu söyləyə bilərəm ki, eşq həqiqətən çox gözəl və yaşamaq arzusu oyadan bir duyğudur. Gənc yaşlarda bu duyğunu hiss etmək, yaşamaq lazımdır.

- Sən necə bir aşiqsən?

- Romantik və əyləncəliyəm. Sevdiyim insanı qısqanmıram. Qısqanc deyiləm, özünə inamı olan qadın qısqanmaz. Məncə, insan sevgilisi ilə həm də dost olmalıdır. Sevərəm, amma gözlərim kor olmaz.

- Gözəlliyin də dillərə dastandır. Gözəllik sirlərin var?

- Mən təbiiliyə üstünlük verirəm. Çox makiyaj etmirəm, dərimin körpə dərisi kimi yumşaq və saf olmasını xoşlayıram. Erkən yatıram, təbii məhsullardan istifadə edirəm, makiyajımı təmziləmədən yatmıram, dərimə uyğun məhsulları seçirəm. Hər şey insanın özünü, bədənini, dərisini yaxşı tanımasından başlayır.

Nəyi ön plana çıxarıb nəyi kölgələməli olduğunuzu yaxşı bilməlisiniz.

- Modayla aran necədir?

- Modanı təqib etmirəm. Dəblə ayaqlaşmaq mənlik deyil. Əsas odur ki, özümü azad, gözəl və rahat hiss edim. Dəbdə olduğu üçün mənə yaraşmayan bir paltarı geyinmərəm.

- Makiyajda hansı rənglərə üstünlük verirsən?

- Üz cizgilərim diqqətçəkicidir, ona görə də pastel tonlarını seçirəm. Lazım olmadıqca tünd rənglərdən istifadə etmirəm, ağır makiyajdan uzaq dururam. Yaşımı və dodaqlarımın dolğun olmasını nəzərə alaraq çəhrayı, bənövşəyi kimi dodaq boyalarının mənə daha çox yaraşdığını deyə bilərəm.

- Sənə bu günə kimi gözəlliklə bağlı ən yaxşı tövsiyəni kim verib?

- Əlbəttə, ilk dərsi anam verib. O, xiyar suyunun dəriyə faydalı olduğunu deyirdi. Mən də illərdən bəri onun tövsiyəsinə əməl edərək xiyarın qabıqlarını kəsib üzümdə gəzdirirəm. Həqiqətən də olduqca təsirlidir.

- Makiyaj masanda hansı kosmetik məhsullar var?

- Dərini təmizləmək üçün tonik, kremlər, ətirlərim mənim vaz keçilməz kosmetik məhsullarımdır. Nəmləndirici kremlərimi çəkmədən çölə çıxmaram. Hər gün minerallı suyla üzümü silirəm. Gündə dəri baxımı üçün özümə ən az 1 saat vaxt ayırıram.

Gənc qızlar üçün “Chanel”in günəşdən qoruyan tonal kreminin uyğun olduğunu düşünürəm. Adi günlərdə pudra və tuş çəkib evdən çıxıram.

Təravətli, gənc qızlar üçün nəzərdə tutulan ətirləri sevirəm. Çiçək qoxularını daha çox xoşlayıram. Ən sevimli ətrim “Dior”un “Pure Poison” adlı ətridir. Ədviyyatlı və ağır qoxulardan uzaq dururam. Əhval-ruhiyyəmdən asılı olaraq ətrimi dəyişdirə bilərəm. Məncə, eyni ətrə ilişib qalmaq lazım deyil. Makiyaj çantamda isə daim dodaq boyası, dodaq balzamı olur.

- Geyim tərzin gənc qızlara ilham verir. Bir neçə məsləhət versən yaxşı olar.

- İdman tərzini bəyənirəm. Həmişə təbilikdən və sadəlikdən yanayam.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm