“Əvvəl Türkan Şoraya oxşadırdılar, indi də Sofi Lorenə” – FOTOLAR
Bizi izləyin

Layihə

“Əvvəl Türkan Şoraya oxşadırdılar, indi də Sofi Lorenə” – FOTOLAR

Yeni albomu “Sen orda yoksun”la (“Sən orada yoxsan”) böyük uğur əldə edən müğənni Göksəl həm karyerası, həm də şəxsi həyatıyla bağlı “Hürriyət”ə səmimi açıqlamalar edib.

Gözəl ulduzun müsahibəsini Publika.az-ın “Şirin söhbət” layihəsində oxuyacaqsınız!

Göksəllə ilk tanışlığım idi. Bu müsahibə üçün bir araya gəldik. Sözün düzü, necə biriylə qarşılaşacağımı bilmirdim. Otelin qapısından son dərəcə zərif, üzündə səmimi təbəssüm olan qadın içəri daxil oldu. Çox təbii, insanlarla yazdığı mahnılar vasitəsilə danışan, duyğusal, romantik bir qadınla tanış oldum.

- Yeni albomunuzu uzun müddətdir gözləyirdik.

- Bu albom 3 illik fasilədən sonra ərsəyə gəldi. O vaxt ərzində evdə yavaş-yavaş gitaramla mahnılarımı yazdım. Sonra aranjemançı Ozan Çolakoğlu ilə görüşüb studiyadakı işləri tamamladıq. Əvvəlki albomum çox böyük uğur qazanmışdı. Bu albom mənim üçün çox əhəmiyyətli idi. Çünki uğurlu bir işdən sonra gözləntilər artır.

- Albomda 11 mahnı var və 10-nun söz-musiqisi sizə aiddir.

- Əslində 11-ci mahnıda da imzam var, Mabel Matizlə birlikdə yazmışıq. Birlikdə yazdığımız çox mahnı var, onları da zamanı gələndə paylaşacağam. Yayda bir neçə dəfə Mabellə tətilə getdik. O, öz albomu üçün işlədi, mən də öz albomum üçün. Mabel gitarasıyla otağında çoxlu mahnılar bəstələdi, mən də öz otağımda işləyirdim. Səhərlər axşam yazdıqlarımızı, bəstələdiklərimizi bir-birimizə göstərirdik. Bir-birimizin yaradıcılığını qidalandırırıq, Mabellə çox yaxın dostuq.

- Mahnılardakı qadın sizsinizmi?

-(Qəhqəhə çəkir) Kaş yalan danışa bilsəydim, amma... Bəli, mahnılarda özümdən danışıram.

- Sizin mahnılarınızın yaxşılaşdırıcı, sağaldıcı təsiri olduğu deyilir.

- Tək bir qadınam və bu dövrdə tək qadınların yaşadıqları çətinlikləri dilə gətirirəm. Mənə bənzəyən bir çox qadın var və bu mahnıları dinləyəndə tək olmadığımı hiss edirlər. Mən yaşadığım bir eşq ağrısından bəhs edirəm, amma çox uzaq bir yerdə övladı üçün darıxan bir ana da mahnımı dinləyib kədərlənə bilər.

- Sənin üçün eşq acısı nədir?

- Dözülməz bir ağrıdır. Həm fiziki ağrı olur, həm də ruh düşkünlüyü. Lakin insana çox şey öyrədir, böyüdür və zamanla keçir. Həyatda sağalmayan, unudulmayan eşq yarası yoxdur.

- Hazırda ürəyiniz boşdurmu?

- (Gülür) Mənim ürəyim heç vaxt boş olmayıb.

- Həyatınıza daxil olan kişilər mahnılarınızı dinləyəndə “Məndən yazmısan?” deyə soruşublarmı?

- Özünə götürənlər olub.

- Bəs ayrıldıqdan sonra mahnılarınızı dinləyib geri qayıtmaq istəyənlər necə?

- Yadımda deyil (Qəhqəhə çəkir).

- İlk yazdığınız mahnını xatırlayırsınızmı?

- Anam evdə həmişə şeir yazar, atam isə mahnı oxuyardı. Deyəsən, bu mənim formalaşmağıma təsir edib. İbtidai məktəbdən etibarən şeir yazmağa başlamışam. Orta məktəbdəykən atam ad günümdə gitara hədiyyə etdi, ilk bəstəmi də o gitarayla yazdım.

-Y azdığınız mahnıları başqa sənətçilərə vermirsiniz. Səbəbi nədir?

- Əslində mahnılarımı vermək istəyirəm. Amma onlar mənə o qədər özəl gəlir ki, elə bilirəm əvvəlcə özüm oxumalıyam. Ayşegül Aldinçə söz vermişəm, ona bir mahnı verəcəyəm. Bir də Kibariyə üçün bir mahnı yazmaq istəyirəm, onun səsini çox bəyənirəm.

- Həyatınızda ən önəmli, ən riskli qərarlar hansılar olub?

- Boğaziçi Universitetini atıb mahnı oxumağa başlamağım, boşanmağım və saçımı kəsdirməyim. Saçımı kəsdirib albom çıxardım. Həmin albom o vaxta kimi heç kimin görmədiyi ehtiraslı tərəfimi ortaya çıxardı. Həyat yoldaşımdan ayrıldıqdan sonra çıxardığım ilk albom idi və karyeramda dönüş nöqtəsi oldu.

- Mahnılarınızda, kliplərinizdə, hətta simanızda belə “Yeşilçam” ab-havası var.

-“Səbir” mahnısından bəri elədir, düşünülmüş, hesablanmış bir şey deyil. Saçlarım uzun olanda Türkan Şoraya oxşadırdılar, indi isə Sofi Lorenə bənzədirlər.

- Ana olmaq haqqında nə düşünürsünüz?

- Məncə yaxşı ana olaram. Amma özümü işimə həsr etmişəm. Hər albomdan sonra, “Bu dəfə övlad sahibi olacağam” deyirəm (Gülür).

- Bir kişidən xoşunuz gəlsə, bunu ona deyərsiniz?

- Yox, o mövzuda tamamilə keçmiş vaxtların qadınları kimiyəm. Eşq etirafı etsəm, xəcalət çəkərəm, utanaram. İndiki qızlar çox cəsurdurlar, onların davranışları məni təəccübləndirir. Bəlkə də etiraf etmək daha doğrudur. Lakin mən edə bilmərəm, öz içimdə yaşayaram. “Uzaqdan” mahnısını da elə buna görə yazmışam.

- Təkrar evlənməyi düşünürsünüz?

- Bir şəxslə yaşamaq, onunla yaşlanmaq fikri xoşuma gəlir. Ortaq fikirlərim, zövqüm olan biriylə qarşılaşsam, evlənə bilərəm, uşaq da dünyaya gətirərəm.

- Sizə baxanda kövrək və zərif bir qadın görürəm. Daxildə necəsiniz?

-Çox həssasam, duyğusalam. Ancaq müdafiəsiz deyiləm. “Səbir” albomunu çıxartdığım vaxtdan 18 il ötüb. Güclü olmasam, bu sektorda bu qədər vaxt fəaliyyət göstərə bilməzdim.

Romantik tərəfim yaradıcılığıma güclü təsir edir, daha təsirli və gözəl mahnılar yazmağımı təmin edir. Ancaq bəzən keçmiş vaxtları düşünəndə deyirəm ki, yaxşı ki, saflıqdan ölməmişəm.

- Heç dost və ya sevgilinin xəyanətinə uğramısınız?

- Analarımızın yaxşı bir sözü var. Dua edəndə deyirlər ki, “Allah yaxşılarla qarşılaşdırsın”!

Məndə belə olub, həmişə yaxşı insanlarla qarşılamışam. İlk albomumu Sezen Aksu və Onno Tuncun prodüserliyi ilə çıxarmışam. Bir mahnı yazarının ürəyi saf olmalıdır. Saf olsanız, heç bir pislik sizi məhv edə bilməz.

- Özünüzü güclü qadın adlandırırsınız. Bu gücü nəyə borclusunuz?

- Təkliyə. Təklik insanı çox gücləndirir. Tək olmasaydım, bu qədər çox mahnı yaza bilməzdim. Tənhalığı sevirəm.

- Evli olub boşandınız. Bir sənətçi üçün evliliyi davam etdirmək çətindirmi?

-Təbii ki, gözəl, uzun illər davam edən evliliklər var. Amma, ümumiyyətlə, bir kişiylə eyni evdə yaşamaq çox çətin işdir. Biz əvvəlki nəsillər kimi fədakar deyilik.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm