Azərbaycan səhnəsinin yeni gözəli – FOTOLAR
Bizi izləyin

Layihə

Azərbaycan səhnəsinin yeni gözəli – FOTOLAR

Tamaşaçılar onu “Dəyərli adlar”, “Ay Brillant”, “Yarımdünya” və digər filmlərdə yaratdığı obrazlardan yaxşı tanıyırlar. Bir çox serialda da oynayan Pərvin Abıyeva “Qarabağnamə”, “Oğurlanmış arzular” seriallarında da yaddaqalan oyun sərgiləyib.

Aktrisa karyerasının ilk pillələrində olmasına baxmayaraq, əsrarəngiz gözəlliyi sayəsində mətbuatın diqqət mərkəzində olmağı bacarıb. Füsunkar gözləri, ideal bədən quruluşundan əlavə Pərvin Abıyeva həm seriallarda, həm də qala gecələrində geyindiyi təmtəraqlı ziyafət libasları ilə diqqət çəkib.

Publika.az-ın “Qarderob” layihəsi çərçivəsində bu həftə cazibədar aktrisa Pərvin Abıyevanın geyim stilini və qarderobunu təhlil edəcəyik.

Məlumat üçün bildirək ki, Pərvin Abıyeva ixtisasca iqtisadçıdır. Lakin onun gözəlliyi rejissorların diqqətindən yayınmayıb. Belə ki, “Qarabağnamə” bədii serialına çəkiləndən sonra gənc qızın ulduzu parlayıb və bir çox filmlərə dəvət alıb. Özü isə gözəlliyin aktrisanın karyerasında rolu olmadığına inanır. Halbuki həyatda gözəlliyinin tez-tez köməyinə gəldiyini də etiraf edir. Müsahibələrinin birində “Əgər potensialın, qabiliyyətin varsa, sənə həvalə olunan rolun öhdəsindən gələcəksən. O qədər qabiliyyətli, amma çirkin aktrisalar var ki…” - deyib.

Aktrisa ayaqlarının və sinəsinin gözəlliyinə əmindir. Ona görə də daim dekolteli geyimlər seçir. Həm ayaq, həm də sinə dekolteləri olduqca cəsurdur. Libaslarının uzunluğu isə müxtəlif olur, gah maksi, gah midi, gah da mini paltarlar seçir.

Gənc aktrisa trendlərlə ayaqlaşmağa çalışsa da, risk etməyi xoşlamır. O, klassik rənglərə, xüsusilə də, qara rəngə tez-tez müraciət edir. Demək olar ki, qırmızı xalıda onu hər dəfə qara ziyafət libaslarında görürük. Ağ və bej ziyafət libasları qarderobunda üstünlük təşkil edir. Hətta yay aylarında da qara rəngdən imtina edə bilmir. Əslində bunu uğurlu seçim hesab etmək olar. Birinci növbədə qara hər kəsə yaraşır, ikinci səbəbi isə qara rəng aktrisanın incə bədən quruluşunu daha da cazibəli göstərir. Lakin qara rəngdə darıxdırıcı və maraqsız görünməmək üçün o, iri aksessuarlardan istifadə edir. Aktrisa aksessuarlarla ziyafət dəstlərini məharətlə uzlaşdırır. Məsələn, “Yarımdünya” filminin qala gecəsində onu qırmızı xalı üzərində dərin dekolteli qara libasda görürük. Bu obrazını aktrisa onu ötən əsrlərin sultanlarına və şahzadələrinə bənzədən saç aksessuarı ilə tamamlamışdı. O, şərq motivlərini qərb tendensiyaları ilə uyğunlaşdırmağa çalışaraq şahzadə obrazı yaratmağa çalışmış və buna uğurla nail olmuşdu.

Sinə dekolteli libasları ilə çox iddialı görünən aktrisanın seçdiyi saç aksessuarları onun üzərində sanki bir missiya daşıyır. Diqqəti dərin sinə və ayaq dekoltesindən yayındırır, gözəlliyini və qara uzun zülfünü inanılmaz dərəcədə vurğulayır. Özünəməxsus tərzi ilə həmişə diqqət mərkəzində olan aktrisa bu aksessuarı ilə şəhərimizin modapərəstləri arasında növbəti dəb tendensiyasının əsasını qoyur.

Aktrisa zövqlü görünməyi xoşlayır və buna görə də geyimlərə həddən artıq pul xərcləyir. Bəzi aylarda geyimlərinə hətta iyirmi min manata qədər pul xərclədiyini etiraf edən aktrisa Publika.az-a müsahibəsində “Qarderobumun yarısı brend geyimlərdir. Amma brend olmaya da bilər, xoşuma gələrsə, beş manatıq kofta da geyinə bilərəm” - söyləyib.

Pərvin Abıyevanın ən sevimli aksessuarı klassik və yığcam çantalardır. Həmçinin, sallanan sırğalar da onun ən çox istifadə etdiyi aksessuarlardandır.

Təəssüf ki, aktrisanın ayaqqabı seçimi digər aksessuar seçimi qədər uğurlu deyil.

Gənc ulduz yerli həmkarlarından geyim tərzi ilə kəskin surətdə fərqlənir. Klassik rənglərdən uzaqlaşmağı sevməyən bu gözəl xanım pastel tonlarını, xüsusilə də, krem rəngini çox xoşlayır. Aktrisa bej rəngin müxtəlif çalarlarını da özünə yaraşdırır. Bəzən qırmızı və yaşıl rənglərə də müraciət edir.

Pərvin Abıyeva 70-ci illərin dəbi sayılan enli balaq cins şalvarları da xoşlayır.

Stilinə rəngarənglik qatmaq istəyəndə aktrisa güllü-çiçəkli donlar, ətəklər və köynəklərə müraciət edir.

Hündürbel şalvarları beli qısa köynəklərlə tamamlayır. Bu stil onun bədən quruluşunu çox gözəl vurğulayır.

Gündəlik həyatda sadə şıqlıq nümayiş etdirməyə çalışır. Üstü yazılı köynəklər, cins şalvarlar, pencəklər, şortlar, köynəklər və maksi donlar geyinir. Rahatlığa önəm versə də, doğru kombinlər etməyə çalışır.

Alış-verişə gedərkən, dostları ilə görüşərkən onu rəngarəng kaprilərdə, dar şalvarlarda, qısa ətək və şortlarda görmək olar. Hətta gündəlik həyatda da bahalı və iri çantalardan istifadə edir. Sadə geyimlərini bu tip çantalara uyğunlaşdıraraq casual stili yaradır.

Gözəlliyinin əsas sirri - sehrli təbəssümüdür.

Gözəlliyini maksimum dərəcədə vurğulamaq üçün makiyajda parlaq rənglərə müraciət edir. Başqa sözlə, xumar gözlü aktrisa üz bəzəyində təvazökarlıq etmir. Gözlərinin gözəlliyini üzə çıxarmaq üçün ağır makiyaja üstünlük verir. Yanaqlarını isə çox xəfif şəkildə ənliklə vurğulayır.

Saç rəngini və stilini tez-tez dəyişdirməyin tərəfdarı deyil. Uzun saçlarını düzləşdirmək və açıq qoymaqla kifayətlənir. Ancaq tünd rəng üzərində dayanır.

Cazibədar aktrisa ideal bədən quruluşunu idmana borcludur. Formada qalmaq üçün mütəmadi olaraq idman edir, fitnes, trenajor, aerobika ilə məşğul olmağı da çox sevir. Gözəlliyini qorumaq üçün P.Abıyeva qidalanmasına da fikir verir. O, yağlı və ağır yeməklərdən imtina edir, faydalı və düzgün qidalanmağa çalışır.

Sonda aktrisanın stili haqqında onu deyə bilərəm ki, o, nə istədiyini bilən xanımdır. Üzünü və bədən quruluşunu yaxşı tanıyır, ona nəyin yaraşıb-yaraşmadığından xəbərdardır, qüsurlarını da bilir. Məhz bu xüsusiyyətləri də ulduzun stilini mükəmməl edir.

O, sadəcə dəbli və ilham verən stili ilə hamını özünə valeh edə bilir...

Publika.az Pərvin Abıyevanın son zamanlar diqqət çəkən qırmızı xalı libaslarını və gündəlik casual stilinə aid bir neçə nümunə seçib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm