Türkiyənin xarizmatik aktyoru: “Mənim üçün hisslər seksdən öndədir” - FOTOLAR
Bizi izləyin

Layihə

Türkiyənin xarizmatik aktyoru: “Mənim üçün hisslər seksdən öndədir” - FOTOLAR

Gənc, yaraşıqlı və istedadlı aktyor Aras Bulud İynemli bizə "Elə bir keçər zaman ki..." adlı serialdan tanışdır. Hazırda "Maral" serialında cazibədar aktrisa Hazal Kayanın tərəf müqabilidir.

Qızlardan ibarət böyük fanat kütləsi olan aktyor "Hürriyət"ə müsahibə verib.

Publika.az-ın "Şirin söhbət" layihəsi çərçivəsində həmin müsahibəni təqdim edirik:

O, son vaxtların ən məşhur aktyorlarından biridir. Aras Bulud İynemli ilə yeni serialı "Maral: ən gözəl hekayəm"dən danışmaq üçün görüşdük. Əsəbi gənc obrazlarının axtarılan simasına çevrilən aktyorla qızların ona olan sevgisindən, əzələli bədənindən və "Beşiktaş" sevgisindən də söhbət açdıq.

- Gənc yaşda əldə etdiyin populyarlıq həyatına necə təsir etdi?

- Bu bir işdir və hər işin məsuliyyəti var.

Populyar olmaq işimin bir parçasıdır. Bunun keçici olduğunun da fərqindəyəm. İki-üç dəfə keyfiyyətsiz layihədə yer alsam, unudularam. Mən gedərəm, yerimə sarışın, yaşıl gözlü biri gələr... Ona görə də şöhrəti ciddi qəbul etmirəm. Mən peşəmi sevdiyim müddətcə bu işi görəcəyəm, başqa heç nə haqqında düşünmürəm.

- Necə oldu ki, aktyor olmağa qərar verdin?

- Qardaşım Orçun aktyorluq agentliyində qeydiyyatdan keçmişdi. Anam mənim də adımı yazdırmasını istədi. Gündəlik xərclərimi qarşılamaq üçün reklamlarda rol almağa başladım. Daha sonra seriallardan təkliflər gəldi.

- Beş il öncə ekranda səni əsəbi oğlan obrazlarında görürdük, indi isə baş rolları oynayan xarizmatik aktyorsan. Bu dəyişikliyə nə səbəb oldu?

- Aktyorluğa 19 yaşımda başlamışam. İndi 24 yaşım var. Bu müddətdə böyüdüm, həm xarakterim, həm də xarici görünüşüm dəyişdi. Üz cizgilərim yerinə oturdu. İnsanların gözünə xarizmatik görünməyimdə canlandırdığım obrazın da rolu var. Serialdakı Sarp xarizmatik və özünə inamı olan insandır. İstər-istəməz mən də elə təsir bağışlayıram.

- Türkiyənin ən şorgöz kişilərindən biri hesab edilirsən.

- Əslində şorgöz deyiləm. Utancağam, qarşımda dayanan qıza belə baxanda utanıram.

- Onda deməli, səninlə bağlı çıxan xəbərlər yalandı?

- Elə deməzdim. Sağlam, subay və gənc bir adamam, əlbəttə ki, münasibətlərim olur. Amma hər yazılan da düz deyil. İki ildir ki, həyatımda heç kim yoxdur.

Düzdür, gecələr gəzməyə çıxıram, yanımda gördüyünüz hər qız sevgilim deyil, dostum da ola bilər.

Həyatıma təsir edən ən böyük eşqi 21 yaşımda yaşamışam. Ondan sonra heç kim olmadı. Romantik bir insanam. Sevgilimə özəl hədiyyələr hazırlamağı xoşlayıram.

- Engin Öztürk, Sarp Akkaya, Kerem Fırtına kimi dostlarınla gecə gəzintiyə çıxanda həmişə qəzetlərə manşet olursan. Elə gecələrdə nəylə məşğul olursunuz?

- Çölə şorgözlük eləmək üçün çıxmırıq. Onsuz da 10 gündən bir görüşürük. Harasa gedib musiqi dinləyirik. Məqsədimiz əylənmək olur.

- Bəs şöhrət qadınlarla münasibətlərinə necə təsir göstərir?

- Məni iki qadın böyüdüb: anam və bacım. Manikürdən pedikürə qədər hər şey haqqında məlumatlıyam. Ona görə də qadınları başa düşə bilirəm. Onsuz da qadınlar onları anlamağımızdan başqa heç nə istəmirlər.

- Səni necə qadınlar həyəcanlandırır?

- Səmimi və özünə inamı olan qadınlar xoşuma gəlir. Ruh əkizimi axtarıram.

- Ruh əkizini tapmaq üçün hansısa yaş həddi var? Nə vaxta kimi axtaracaqsan?

- Tapana kimi axtarmağa davam edəcəyəm. Neçə yaşımda tapmağımın elə bir əhəmiyyəti yoxdur (gülür).

- Seks haqqında danışmağa utananlardansan?

- Seks danışılmaz, seks yaşanar (gülür). Seks təbii bir ehtiyacdır. Mənim üçün də önəmlidir. Ancaq hisslər, duyğular seksdən bir addım öndə olur.

-"Beşiktaş" fanatı olduğunu bilməyən qalmayıb.

- Uşaqlıqda daha çox təqib edirdim, "Beşiktaş" məğlub olanda ağlayırdım.

- Başqa nələrə marağın var?

- İstanbul Texnik Universitetində təyyarə mühəndisliyi fakültəsində oxuyuram. Fizikanı, riyaziyyatı çox sevirəm.

- Bir gün qırmızı xalı, ertəsi gün universitet koridorları... Buna öyrəşmək çətin deyil?

- Yox. Çox xoşuma gəlir. Özümü eyni anda iki fərqli həyatın içərisində hiss edirəm.

- Belə görünür ki, həyat hər sahədə üzünə gülüb.

- Ailəmin iqtisadi problemlər yaşadığı vaxtlar da olub. Ancaq evin ən balacası olduğum üçün heç vaxt sevgi əskikliyi hiss etməmişəm. 19 yaşımdan bəri üzərimdə böyük bir məsuliyyət var.

Bəlkə də gəncliyimi tam yaşaya bilməmişəm. Ancaq mən bunu dramatikləşdirmək niyyətində deyiləm. Çünki bu çətinliklərlə üzləşmək, ailəmə dəstək ola bilmək qürurumu oxşayır.

- Axırıncı filmin üçün 9 kilo arıqlamışdın, indi isə idman zalından çıxmırsan.

- Ssenarini oxuyanda canlandırdığım obrazın görkəminin necə ola biləcəyini müəyyənləşdirirəm. Məsələn, "Tamammıyız" filmində qolu və ayaqları olmayan bir gənci canlandırırdım.

Onun əzələli olmasına imkan yox idi. Ona görə də özümü 9 kilo arıqlatdım. İndiki obrazım Sarp isə idmanla məşğul olur. Ona görə də əzələli olmalıyam ki, obraz inandırıcı görünsün.

- Bu əzələləri necə əldə etdin?

- Həftənin 5 gününü idman salonunda keçirdim. Bol zülallı qidalar yedim. Şəkərli və unlu məmulatları qida menyumdan çıxartdım.

- Nəticə? Altı ədəd qarın paxlavan varmı?

- Yox, məndə 4 ədəddir (gülür).

- Əzələ kişini daha seksual göstərir?

- Mən bunu sadəcə işimin bir parçası olduğu üçün etdim. Yoxsa, kiminsə "Arasın əzələlərinə bax", deməsi xoşuma gəlməz.

- Eşitdim bu serial üçün həm də aşpazlıq kurslarına getməyə başlamısan.

- Əvvəllər heç yumurta da sındıra bilmirdim. İndi tiramisu və keks bişirə bilirəm. Artıq anamla yaşamıram. Bu yaxınlarda yeni evimə köçmüşəm. İndi mətbəxdən çıxmıram, yeməkləri özüm bişirirəm.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm