“Həyatda bildiyim hər şeyi qadınlardan öyrənmişəm” - Fotolar
Bizi izləyin

Layihə

“Həyatda bildiyim hər şeyi qadınlardan öyrənmişəm” - Fotolar

Ayaqqabı qadının bədən dilini və davranışını dəyişir

Ayaqqabı və qadın... Qadınlar ayaqqabıları çox zaman ehtiyacı olduğu üçün deyil, sırf bəyəndiyi üçün alırlar. Güman ki, qadınların əksəriyyətinin qarderobunda hələ də istifadə etmədiyi bir neçə cüt ayaqqabısı həsrətlə sahibinin onu nə vaxt geyinəcəyini gözləyir. Gəlin etiraf edək ki, dizaynerlərin sərhəd tanımayan fantaziyaları nəticəsində ərsəyə gələn ayaqqabı modelləri qadınların həyatının ayrılmaz hissəsinə çevrilib. Məşhur ayaqqabı moda evlərinin dizaynerlərinin hər bir işini nəfis tərtibatda hazırlanan incəsənət əsəri kimi təqdim etmək olar.

Əlbəttə ki, ayaqqabının hansı brendə aid olması da böyük rol oynayır. Hər bir qadının sevimli ayaqqabı növü olduğu kimi, işlərinə pərəstiş etdiyi ayaqqabı dizayneri də var. Tabloid.az-ın "Moda inqilabları" layihəsi çərçivəsində bu həftə dünyanın ən yaxşı ayaqqabı ustası kimi tanınan Kristian Louboutinin Türkiyə mətbuatına verdiyi müsahibəni təqdim edirik. Əvvəlcə dünyanın ən nüfuzlu ayaqqabı brendinin qısa tarixi haqqında məlumat vermək istərdim:

"Christian Louboutin"in ayaqqabıları xüsusi diqqət cəlb edir. Onlar qadına özünü bənzərsiz hiss etməyə kömək edir. Dizayner 1964-ci ildə Fransada doğulub. Kristian Louboutin özünün ilk ayaqqabısını 16 yaşında ikən hazırlayıb. Ayaqqabıya böyük marağının olmasına baxmayaraq, dizayner heç vaxt teatrı unutmayıb. "Heç kim ayaqqabını səhnədəki rəqqas kimi daşıya bilmir", - Kristian çoxsaylı müsahibələrində bu sözləri tez-tez təkrarlayır. Məhz göbək rəqsini ifa edən qadının üzündəki duvaqdan cuşa gələn kuturye tor və topuqlarının ətrafında qotazları olan məşhur məxmər qayıq-ayaqqabısını hazırlayır. Louboutin "qayıqcıq"ları təhrikedici formada – yumurta şəklində layihələndirmişdi. Məqsəd diqqəti qadın ayağının ən həssas, amma indiyədək əhəmiyyət verilməyən hissəsinə - pəncənin daxili büküyünə yönəltmək idi. O, deyir ki, "Qayıqcıq"lardakı dərin kəsik xoşuma gəlir, ayaq barmaqlarının bir hissəsini göstərmək olduqca cazibədardır. Mən qadını geyindirmirəm, onu soyundurmağa çalışıram".

O, 1991-ci ildə öz adı altında ayaqqabı və aksessuarlar xəttini işə salır. Kristian Louboutin 1991-ci ildə Parisdə "Passage Vero-Dodat" mağazasını açır. Mağaza qısa müddətdə yaxınlıqdakı əntiq əşya dükanlarını gəzən aristokrat parislilərin rəğbətini qazanır. 1992-ci ildə yaratdığı qırmızı laklı ayaqqabıları dizaynerin vizit kartı olub. Məhz onun sayəsində 1990-cı və 2000-ci illərdə dikdabanlar dəbə qayıdır. Kristian Louboutin ayaqqabıların altlıqlarını həmişə al-qırmızı rəngə boyayır və bu üsulu "follow me" (məni izlə) adlandırır. "Parlaq qırmızı altlıqların xüsusi bir funksiyası yoxdur, onlar sadəcə olaraq ayaqqabının mənə mənsub olduğunu göstərir".

Məşhur aktrisa Elizabet Teylor onun tuflilərini satışda olan ayaqqabıların ən gözəli adlandırırdı. Hətta oturduğu zaman insanların al qırmızı altlıqları görə bilməsi üçün ayaqlarını məxsusi olaraq çarpazlaşdırdığını söyləmişdi. Kristian Louboutinin müştəriləri sırasında Elizabet Teylordan başqa, Monako şahzadəsi Kerolayn, Katrin Denev, Şer və dizayner Diana von Fürstenberq də olub. Meray Keri, Ancelina Coli, Britni Spirs, Kayli Minok kimi dünya ulduzları bu brendin pərəstişkarlarıdır.

O, öz ayaqqabılarını yaradaraq qaydalar çərçivəsindən çıxmağa çalışır, qadınları öz güc və özünəməxsusluğunu hiss etməyə məcbur edir. O, fakturaya görə, müxtəlif materialları uzlaşdırmağı sevir. Bunun sayəsində çox gözəl və qeyri-adi modellər yaradır. Kolleksiyası çox şaxəli və genişdir. İndi Louboutin gənc tərtibatçılara yardım edir. Ümumiyyətlə, dizayner çox səmərəli işləyir. O, 1995-ci ildə "Azzaro", "Diane Von Furstenberg", "Chlo", J"ean-Paul Gaultier", "Victor & Rolf", "Givenchy" və "Lanvin" kolleksiyaları üçün ayaqqabı modelləri yaradıb.

Kristian Louboutin ingilis qəzetlərindən birinə verdiyi müsahibədə orqazm və topuqlu ayaqqabıların oxşar cəhətləri olduğunu bildirib. O hesab edir ki, topuqlu ayaqqabılların seksual olmasının səbəbi bu ayaqqabıların qadın ayağını orqazm olanda aldığı formanı xatırlatmasıdır.

Qırmızı altlıqlı ayaqqabılarla dünyanı fəth edən Kristian Louboutin "Rahat ayaqqabılara nifrət edirəm! Bundan daha qorxunc heç nə yoxdur. Söhbət ayaqqabılardan düşəndə rahatlığı inkar edirəm!"

Brendin qurucusundan müsahibə alan Ayşə Arman ayaqqabı kralı ilə tanışlığı haqqında bunları yazıb:

Bir neçə ay əvvəl bacım mənə "Çox zövqsüz ayaqqabılar geyinirsən. Gedib özünə bir cüt Louboutin al da" dedi.

"Ala bilmərəm" dedim. Çünki ayaqqabı almaq yerinə, evimə bahalı bir incəsənət əsəri almağa üstünlük verən qadınlardanam, ayaqqabılara o qədər pul verməyə əlim gəlməz. Bacım gördü ki, fikrimdən dönən deyiləm, mənə ayaqqabı hədiyyə elədi. Bej tonlarında, gündəlik ayaqqabılar idi. Ayağıma geyinəndə nə qədər bəyəndiyimi ifadə edə bilmirəm. Məni sanki bir anda olduğumdan daha zərif, daha incə göstərdi, özümü qu quşu, ya da büllurdan düzəldilən dikdaban geyinmiş Zoluşka kimi hiss edirdim. Əlbəttə ki, ayağına Louboutin geyinəndə daha ağıllı qadına çevrilmirsən, amma çox gözəl görünürsən. Və bu, bir həqiqətdir. Qadınların min illərdir bildiyi şeyi mənim bu qədər gec kəşf etməyim də başqa bir komediyadır...

Bu hadisədən bir müddət sonra Louboutin İstanbula mağazaları ziyarətə gəlir. Dünyanın hər yerinə səs salan bu kreativ dizaynerdən müsahibə almaq istədiyimi soruşdular. "Dəblə maraqlanmıram, həm də nədən danışacaq ki?" dedim. Əvvəllər tanınmış adamlardan müsahibə, açıqlama almaq, yaxud yanında dayanıb şəkil çəkdirmək mühüm hesab olunurdu. İndi isə belə deyil. Adamın çox çılğın olduğunu söylədilər. "O zaman yatağa girək" dedim. İkimizi bir anlıq ayağımda dünyanın sevilən brendindən olan qırmızı altlıqlı ayaqqabılarla yataqda təsəvvür elədim. Təşkilatçılar bu fikrin mümkün olduğunu söylədilər. Müsahibədən bir gün əvvəl isə Kristianın belə bir ideyanı reallaşdıra bilməyəcəyi mesajı gəldi. "O zaman fikrimdən daşınıram, fotolar ilginç olmayacaqsa, onun niyə söhbət aparmalıyam ki?" dedim. Digər tərəfdən də fikrimin fransızı qorxutduğu üçün sevinirdim. Sonda isə məşhur ayaqqabı ustasının mənimlə tanış olmaq istəməsi xəbəri gəldi. Onun görüşünə getməyimə çox sevindim, çünki çox səmimi və şahanə insanla qarşılaşdım. Hekayəsini dinlədikdən sonra niyə bu qədər istedadlı olduğunu başa düşürsən. Çox danışan, zarafatcıl bir insan idi. Müsahibədə ayaqqabılarını çıxarıb ayaqlarını altına aldı. Məni də çox sevdi. Hətta Anita Pallenbergin gəncliyinə bənzədiyini söylədi. "Birdən elə gəldi ki, onunla söhbət edirəm" dedi. Onun kimdən bəhs etdiyini bilmədiyim üçün google-da uzun axtarışdan sonra sözügedən qadının şəkillərini mənə göstərdi. "Rolling Stones-un Keyt Riçardsın sevgilisi olan məşhur Anitanı nəzərdə tuturam. Narkotikdən çöküb, amma gəncliyi ağız və göz quruluşu sənə bənzəyir" dedi.

"Gözəl, çox təşəkkür edirəm. Amma tələsirəm, gəl yatağa girək" dedim.

Gülüb nə qədər cəsarətli olduğunu söylədi. Fotolar uzun saatlar hesabına deyil, 15 dəqiqəyə başa gəldi. Baş verənlərə orada olan hər kəs gülürdü. Beləcə yataq seriyama daha bir kişi də əlavə olundu.

"Ayaqqabıdan daha çox duyğularımı satıram"

- Dünyanın ən seksual ayaqqabılarını hazırlayan dizaynersiniz. Sizin haqqınızda ayaqqabı dahisi olduğunuzu söyləyənlər var. Uşaqlıqda belə bir uğurun xəyallarını qurmuşdunuz?

- Qətiyyən! Ayaqqabılar mənim ehtirasım idi. Özümü dərk edən andan etibarən ayaqqabı dizaynı ilə məşğul olmaq istəmişəm. Amma qadınların arzu nəsnəsinə çevrilən ayaqqabılar hazırlayacağım, ümumiyyətlə, dünyaca tanınmış marka ola biləcəyim ağlıma belə gəlməzdi...

- Kiçik yaşlarda da yaradıcı uşaq olmusunuz?

- Yaradıcı olduğumu deyə bilmərəm, amma qəribə uşaq olmuşam. Bunu dəqiq bilərəm. Eskizlər çəkirdim, amma ancaq ayaqqabı şəkilləri. Ayaqqabılar mənim dünyam idi.

- Niyə ki? Ayaqqabılarda sizi bu qədər maraqlandıran, başdan çıxaran və cəlb edən nə var ki?

- Uşaqlığım meyxanalarda, myuzikl salonlarında tok-şoular izləyərək keçib. Paris 70-ci illərdə bu baxımdan gözəl idi. Bir-birindən gözəl meyxanalar vardı. O şouları izləməyi, səhnədə o qızlara baxıb xəyallar qurmağı çox sevirdim. Hər şey röya kimi idi, rənglər, geyimlər, uçuşan tüllər, tüklər, ayaqlar və təbii ayaqqabılar! 12, 13 yaşımda ən yaxın dostumla demək olar ki, hər şounu izləmişdik.

Məktəbdə çox tənbəl uşaq idim

- O yaşda meyxanalara necə gedirdiniz?

- 18 yaşından aşağı uşaqlara qadağan edilməmişdi. Amma mənim pulum yox idi. Günlərin bir günü ancaq içəri girənlərdən bilet tələb etdiklərini gördüm. Fasilədə isə qonaqlar küçəyə siqaret çəkməyə çıxırdı. İkinci hissənin başlanmasına az qala zəng çalınırdı. Küçədə olan hər kəs salona dönəndə isə onlardan bilet tələb edilmirdi. Biz dostumla Parisdəki bütün şouların ikinci hissəsini izləyən iki kiçik siçanlar idik. Bütün şouları artıq əzbər bilirdim. Buna baxmayaraq, şoular məni hər dəfə yenidən ovsunlayırdı.

- Madam ki, şoular sizi bu qədər ovsunlayırdı, niyə teatr və ya Brodveyə üz tutmadınız?

- Çünki diqqətimi çəkən şey musiqi deyildi, o sadəcə estetik dəyərlər idi, gözəllik idi. Rəngarəng kostyumlar geyinən qızlar mənim gözümdə ekzotik quşlar kimi idi. Onları cənnətin quşlarına bənzədirdim. Quşların normalda ayaqqabıları olmaz, amma bunların varı idi! Sanki o ayaqqabılar sayəsində tamamlanırdılar, forma dəyişdirirdilər, ayaqları gözəlləşirdi, bədənlərini daha dik tuturdular. Bütün bunlar o gözəl ayaqqabılara görə idi... Bu qədər kiçik detalla böyük dəyişikliyə necə nail olmaq mümkün idi? Evə gedəndən sonra o qızlara fərqli-fərqli eskizlər çəkirdim.

- Ayaqqabı sevgisini işə çevirməyə nə zaman qərar verdiniz?

- Məktəbdə çox tənbəl şagird olmuşam. Dərslər vecimə deyildi. Üstəlik, hamı eyni sual verirdi: "Böyüyəndə nə olacaqsan?". Bu suala onları təəccübləndirən və təsir edən cavab verməli idim. Bir dəfə sinif yoldaşım bu suala cavab verə bilmədiyi üçün məndən istədi. Ona "Stüarddesa olub dünyanı gəzəcəyəm, de!" dedim. Qız isə mənə dünyanı gəzmək istəmədiyini söylədi. "O halda baytar ol!" dedim. Mənə bu dəfə heyvanları mənim qədər sevmədiyini dedi.

Mənim isə nəyə aşiq olduğum bəlli idi. Ayaqqabılar... Bu suala verəcəyim cavab hazır idi. Ayaqqabı dizayneri olacaqdım!

- Ailəniz necə idi?

- Çoxuşaqlı ailə idik. 3 bacım vardı, hər başdan bir səs çıxırdı. Evdə elə bil 300 cadugər yaşayırdı.

- Qadın enerjisi çox idi, yəni?

- Həm də necə! Dayanmadan danışırdılar, hər şeyi bilən şən qadınlar klubu... Həyatımdakı ən önəmli fiqurlardan biri də anamdır. Özümü qadınlar tərəfindən əhatə edilmiş kiçik bir uşaq kimi xatırlayıram. Hərəmxanada kimi idim. Amma xoşbəxt idim. İndi rahatlıqla deyə bilərəm ki, həyatımda hər şeyi qadınlardan öyrənmişəm.

- Valideynlərin nə işlə məşğul idi?

- Anam evdar qadın idi, atam isə xarrat idi. Öz dünyasında yaşayan səssiz bir adam idi. Taxtanı da şeir kimi yonurdu. Mənim diqqətimi çəkən də bu gözəllik və estetika idi. Taxtanın, qadınının, geyimlərin, şouların, ayaqqabının, qısası hər şeyin ən gözəlini axtarırdım. İnsanlar baxır, amma görmürdü, mən isə axtarışında olduğum gözəlliyi görür və hiss edirdim...

- Ailəniz əslən haralıdır?

- Fransanın səfil yerlərindən biri, Bretonyanın qərbindən. Amma uşaqlığım Parisdə keçib. Uşaqlıqda inanılmaz dərəcədə xəyalpərəst idim. Məktəbə hər gün eyni yolla gedirdim, həmin yolda bir səyahət şirkəti var idi. O şirkətdən broşuraları götürüb sanki səyahətə çıxacağam kimi təyyarənin qalxma saatlarına baxırdım. Öz-özümə oynadığım bir oyun idi. Hansı ölkələrə səfər etdiyim xəyallarını qurur, otellərdə məni nələr gözlədiyi ilə bağlı əhvalatlar uydurardım.

- Lap əladır ki!

- (Gülür) Səyahətlərim çox macəralı keçərdi. Bəzən itirdim, bəzən pulum itirdi, bəzən də yeni insanlar və mədəniyyətlər tanımağa heyran olurdum. Bütün bu fantaziyalar xəyal gücünə təsir göstərirdi. Bu yaxınlarda uşaqlıq illərim haqqında dostum Diane Von Fürstenbergə danışırdım, "Xəyallarının hamısı reallaşıb, daima səyahətlərdəsən", dedi. İşimdən dolayı dünyanı da dolaşıram.

Rahat ayaqqabıdan nifrət edirəm

- Qadın dikdaban ayaqqabı geyinmədən seksual ola bilərmi?

- Əlbəttə, Bricit Bardo buna misal ola bilər. Təsəvvürümdə onu canlandıranda dikdaban ayaqqabılar ağlıma gəlmir, onu yastıdaban baletkalarda xatırlayıram. Amma duruşu, bədən dili o qədər çəkicidir ki, onu ifadə etməkdə sözlər əlacsızdır. Mən yenə də dikdaban ayaqqabılara üstünlük verirəm. Qadını fərqli göstərir, onun bədən dilini və davranışını dəyişir.

- Bəs rahat ayaqqabıları sevmədiyiniz doğrudurmu?

- Bəli, rahat nifrət edirəm. Bundan daha qorxunc bir şey yoxdur. Söhbət ayaqqabılardan düşəndə rahatlığı inkar edirəm. Öz ayaqqabılarımın rahat kimi qələmə verilməsini əsla istəmirəm. Sizdən rahat ayaqqabı çəkməyi xahiş etsəm, necə bir ayaqqabı modeli çəkərsiniz?

- Ağlıma crockslar (rezindən tikilən ev ayaqqabıları) gəlir...

- Bax, mənə fəlakət kimi görünürlər. Mən öz ayaqqabılarımın gözəllik, sevgi, ehtiras və arzu anlayışları ilə xatırlanmasını istəyirəm. Burada rahatlıq anlayışına yer yoxdur.

Azad ruh

- Özünüzü "sənətkar" kimi necə xarakterizə edirsiniz?

- Xeyr, usta deyilməsini üstün tuturam.

- Dizaynerlik təhsili almamısınız, "Alsam nə olardı?" deyə düşünmüsünüzmü?

- Xeyr, heç bir zaman vecimə olmayıb. Bir məktəbə yazıldım, amma sıxıldığım üçün sadəcə 3 ay davam edə bildim. Məktəbi buraxıb Hindistana getdim.

- Neçə yaşınız var idi?

- 16 yaşında azad ruhlu uşaq idim.

- Özünüzlə bağlı ən çox nə ilə qürur duyursunuz?

- Hələ də azad və müstəqil insan olmağımla...

- Azadlıqdan qəsdiniz nədir?

- Moda dünyasında insanlar başqaları üçün çalışır. Mən isə tək başıma, heç nədən var oldum, şirkətimi qurdum, üstəlik, qalıcı ola bildim. Arxamda heç kim yox idi. Bu, böyük bir lüksdür. İnanılmaz dərəcədə rahatam.

- Siz öz gücü hesabına yüksələn insanlardansınız. Bəs nələri düzgün etdiniz ki, var oldunuz?

- Camaatın "Bu qaydadır! Qətiyyən bunu etmə!" dediyi şeylərə fikir vermədən.

- Məsələn?

- Ən yaxın dostunla heç zaman əməkdaşlıq etmək, birlikdə iş görmək olmaz deyirlər. Amma mən 23 ildir ki, ən yaxın 2 dostumla ortağam və bundan çox məmnunam. Bu vaxta qədər heç bir problem çıxmayıb. Bir də işlədiyin yerdə heç vaxt yatıb qalmaq olmaz deyirlər. Düz 7 il ofisdə yaşamışam, çünki Parisdə istədiyim evi almağa pulum yox idi. İnsan öz işi ilə bağlı qaydalarını öz yazmalıdır.

- Aranızdakı iş bölgüsü necədir?

- Bruno və Henri şirkətin idarəediciləridir, mən isə dizayner qrupuna rəhbərlik edirəm. Lakin şirkətin hər mərhələsində üzərimə düşən vəzifələrim var idi. İşə Parisdə kiçik bir mağaza ilə başladıq, orada dəzgahda işlədiyim müddətdə hər şeylə maraqlanırdım. Əgər nəyisə bəyənmirsənsə, o işi dərinliklərə qədər bilməlisən.

- Niyə ayaqqabı deyilən zaman axan sular dayanır? Niyə qadınlar ayaqqabılara qarşı bu qədər həssas və dəlisov olurlar?

- Ayaqqabı bütün bədənə yayılan elektrik kimidir. Qadın ayağına geyindiyi anda fantastik filmlərdəki kimi qarşılıqlı təsir yaranır. Ayaqqabı həqiqətən də qadını vəhşiləşdirir, duruşunu dəyişdirir.

- Yəni, siz sadəcə ayaqqabı satmaqla məşğul deyilsiniz...

- Əlbəttə, biz ayaqqabıdan daha çox duyğuları satırıq.

- Qadınlar sizin ayaqqabılarda özünü daha seksual, zərif və daha gözəl hiss edirlər?

- Qadınlara görə dəyişir. Özündə əskik olduğunu düşünən duyğunun bizdən aldığı ayaqqabı sayəsində tamamladığına inanırlar. O duyğu qadınları ələ keçirir. İllər əvvəl 70-ci illərə yaxın mağazaya yaşlı bir qadın gəldi. Bəlkə də gəncliyində çox qoçaq, çılğın və zərif qadın olub. Bizim mağazadakı ən hündür dikdabanı ayaqqabı geyinəndən sonra "Aman Tanrım, çox seksual oldum", dedi və ayaqqabıları aldı. Eyni gün mağazaya başqa bir qadın gəlib eyni ayaqqabını geyinib, güzgüdə özünə baxdı və "Aman Tanrım, nə qəşəng oldum", dedi. Şıq və zərif olan qadın həyatına bir balaca seksuallıq əlavə etmək istəyirdi, seksual olanı isə zəriflik və incəlik atmaq istəyirdi. Ayaqqabı əslində, güzgüdür....

- Bəs qadınların çanta və ayaqqabılara olan ehtirası sizə təəccüblü gəlmir?

- Təəccübləndirir, amma qətiyyən qınamıram. Amerikaya tez-tez ayaqqabı imzalamağa gedirəm. Bir dəfə yaraşıqlı bir adam mənə yaxınlaşdı, "Sevgilim məni, sizin üçün tərk edə biləcəyini söyləyir! Necə bir adam olduğunuzla maraqlanmaq istədim, sizi tanımağa gəlmişəm" dedi. Gülümsədim. Orada sözügedən təbii ki, mən deyiləm, o qadının ehtirasıdır...

- Necə yəni?

- O qadın, sevgilisinə öz istəkləri və müstəqillik duyğusu naminə onu tərk edə biləcəyinə işarə edir. O qadın sevgilisini mənə görə tərk etməyəcək, mənim hazırladığım ayaqqabılara duyduğu ehtiras üzündən tərk edəcək. O arzu, onun həyatındakı ehtirasının əvəzidir. Yəni, söhbət ayaqqabıdan getmir.

- Sosioloq kimi danışdınız.

- Qadınlar və ayaqqabılar bu illər ərzində məni sosioloq da etdilər!

Qırmızı altlıqların həqiqi hekayəsi

- Yəqin ki, milyon dəfə danışmışınız. Amma yenə soruşacağam. Hazırladığınız ayaqqabının qırmızı altlıqlarının həqiqi hekayəsi nədir?

- Şirkətdə idim. Qara altlıqlı ayaqqabının həm eskizinə, həm də hazır variantına baxırdım. Nədənsə, ayaqqabının eskizi daha çox xoşuma gəldi. Sonra fərqinə vardım ki, eskizini çəkdiyim ayaqqabıya bir rəng müşayiət edir. Əlimdəki ayaqqabının altlığı da, dabanı da qapqara idi. Yenidən eskizə baxdım, heç bir kölgə yox idi, dabanı parlayırdı. Fərqli bir enerji saçırdı. Əlimdəkinin isə məşum enerjisi var idi. Elə bu zaman köməkçim əllərinə lak çəkirdi. "O lakı mənə ver" dedim. Ayaqqabının altını qırmızı rəngə boyamaq üçün əlimdə qələm yox idi. Ona görə də, lakı istədim. O dırnaqlarına lak çəkdiyi üçün vermək istəmirdi. Əlindən zorla alıb ayaqqabının altını boyamağa başladım. Bundan sonra ayaqqabılar gözümə daha şahanə göründü. Ayaqqabıya fərqli bir hava, işıq və seksuallıq gəldi.

- Bu nə vaxta təsadüf edir?

- 1992-ci ildə olub. O an həyatımın dönüş nöqtələrindən biri idi.

- Bəs niyə aradan 22 il keçməsinə baxmayaraq, qırmızıdan sonra başqa bir rənglə davam etmədiniz? Məsələn, yeni nəsil üçün limon sarısı ayaqqabılar hazırlaya bilərdiniz. Niyə yalnız qırmızı?

- Louboutin sağlam bir markadır. Qırmızı rəngə, qırmızının xatırlatdığı o ruha sıx bağlı bir markadır. Qırmızı altlıqlar markanın əsas özəlliyidir, ona toxunmaq istəmirəm. Bu özəlliyi pozmaq istəmirəm. Yaxşı işləyən saatı niyə qurdalayım ki? Başqa bir adla etmək olar, amma içimdən gəlmədi...

- Assistentiniz əlindəki lak başqa bir rəng olsaydı?

- Ola bilməzdi! Qırmızı, ehtirasın rəngidir və bu ayaqqabıların altlıqlarının qırmızı olması əslində, qadınların qərarıdır. 1992-ci illərdə Parisdəki qadınlar parlaq rəngləri sevmədiyini deyirdi. Amma "Parlaq rəngləri sevmirəm" deyən qadınların dodaqlarının, ya da dırnaqlarının qırmızıya boyandığını görürdüm. Digər rənglərdən fərqli olaraq qırmızının daha çox üstünlüyü vardı. Rənglərin, ölkələrə, mədəniyyətlərə görə fərqli mənaları var. Məsələn, ağ Avropada evliliyi, saflığı xatırladan bir rəng kimi tanındığı halda, Hindistanda ölümün rəngi kimi xarakterizə olunur. Qırmızı bir çox ölkələrdə ehtirasın rəngi kimi tanındığı halda, Çində pulun rəngi kimi qiymətləndirilir. Ölkədən ölkəyə fərqli mənalar daşısa da, heç bir mədəniyyətdə qırmızının pis bir mənası yoxdur. Həmçinin haqqında uydurulmuş şəhər əfsanələri də yoxdur. Halbuki narıncı haqqında bəzi əfsanələr mövcuddur. Məsələn, səhnəyə çıxanda narıncı geyinmək olmaz. Deyilənlərə görə, pis şans gətirər.

Oxu nəfəssiz qal!

- İş prosesiniz çox gərgindir?

- Eşitməyə hazırsan? Sabah Yunanistana, bazar günü isə Berlinə gedəcəyəm. Çərşənbə axşamı Fransa, çərşənbə günü bir həftəliyinə İtaliyaya, oradakı şirkətlə məşğul olmaq lazımdır. Şənbə Portuqaliya, bazar ertəsi Parisə uçacağam. Oradan da cümə günü iki günlüyünə Qahirəyə foto çəkilişinə gedəcəyəm. İki günlüyünə Luksor, sonra üç günlüyə Dubaya, oradan da dörd günlüyünə Hindistana yollanacağam. Hindistandan sonra Butan gəlir. Məhz orada bir həftə yürüş edəcəyəm, bir az dinlənəcəyəm. Sonra dağdan enib, yenə iş üçün Çinə gedəcəyəm. Bu yaxınlarda orada bir mağaza açmışam. Bir görüm işlər necə gedir. Çindən sonra Sinqapur. Oradan da San Antonio, sonra növbədə San-Fransisko gəlir. Və nəhayət, Nyu-York. Orada da dörd gün qalıb, Parisə evə qayıdacağam. Necədir?

Fövqəladə gözəl ölkəniz var

- Bəs İstanbul?

- Çox heyranedici şəhərdir. Buraya ilk dəfə gələndə 15 yaşım vardı. 45 il əvvəl bu qədər tıxaclı yollar yox idi. Ah, o günlər nə gözəl idi! 15 yaşımda iki dostumla bir gecə Pera Palasda qaldıq. Ancaq pulumuz çatmadı, ertəsi gün Sultan Əhməddə başqa bir otelə yerləşdik. Sonra İzmir, Qaş, Fethiye, Antalya, Alanyadan sonra Konya və Pamukkaleyə səfərlərimiz oldu. Türkiyəni olduqca yaxşı tanıyıram. Fərqli zamanlarda dənizlə səyahət etmişəm. Fövqəladə gözəl ölkəniz var.

Dırnaq və dodaq boyaları

- Yeni çıxan lak və dodaq boyası marağa səbəb oldu və çox uğurlu alındı. Bu fikir necə yarandı?

- Mənim üçün detallar əhəmiyyətlidir. Lak və dodaq boyası o detallardır. Gözəllik, qadını güclü edən məhfumdur. Gözəllik isə mənə görə, baxımlı olmaq deməkdir. Özünü, bədənini tanımaqdır. Lak, dodaq boyası qadını özünü yenidən tanıya biləcəyi şeylərdir. Onları kiçik sənət əsəri kimi hazırladıq, dünyanın hər yerində böyük maraq doğurdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm