Sevda: “Axtarışda deyiləm, sevgimi çoxdan tapmışam” - Fotolar
Bizi izləyin

Layihə

Sevda: “Axtarışda deyiləm, sevgimi çoxdan tapmışam” - Fotolar

Tabloid.az-ın “Kokteyl” layihəsinin bu həftəki qonağı Sevda Yahyayeva oldu

Məşhur ulduzlarla görüşə gedəndə məni müsahibə üçün tərtib etdiyim suallardan əlavə daha bir sual düşündürür. Görəsən, onlar efirdən göründüyü kimi səmimi və mehriban insanlardır, yoxsa bütün bunlar efir xətrinədir? Nə yalan deyim bəyəndiyim ifaçıların bəziləri ilə görüşəndən sonra yanıldığım hallar da olub. Onları gözümdə şişirtdiyim üçün təəssüf hissi keçirmişəm. Sevda Yahyayeva ilə müsahibəyə gedəndə də şəkillərdən ötürdüyü bu məsum, saf və qeyri-adi müsbət enerjinin nə dərəcədə səmimi olduğu haqqında düşünürdüm. İlk təəssürat insanı heç vaxt yanılda bilməz. Buna görə də tanışlıqda ilkin təəssürat çox önəmlidir. Müsahibəyə vaxtından tez gəlməsi məndə onun haqqında müsbət rəy formalaşdırdı. Özümü bir balaca nasaz hiss etsəm də, ifaçının isti və xoş münasibəti bütün əhvalımı qaldırdı. Beləliklə Tabloid.az-ın "Kokteyl" layihəsinin bu həftəki qonağı Sevda Yahyayeva oldu.

- Bu soyuq payız günündə əhvalınız necədir?

- Yaşıl yarpaqlar saralmağına, ağacların öz yarpaqları ilə vidalaşmasına, nəhayət, solğun və tutqun payız günlərini yaşamağımıza baxmayaraq, əhvalım çox yaxşıdır.

- Kaş ki, bütün romantiklər payızı sizin kimi pozitiv görə bilərdi...

- Payız kədərlənmək üçün bəhanə olmamalıdır. Məncə, hər fəslin öz gözəlliyi var. Ümumiyyətlə, təbiətdə darıxmaq mümkün deyil. Bir də insan mümkün qədər bu gözəllikdən zövq almağı bacarmalıdır. Hər günün, hər saatın, hətta hər saniyənin qədrini bilmək və onu dəyərləndirmək lazımdır.

- Sizi saflığın, məsumluğun simvolu kimi xarakterizə edirəm. Bu sizin imicinizin bir hissəsidir, ya elə əsl Sevdadır?

- Özüm haqqında danışanda bir balaca sıxılıram. Çünki bizdə insanlar özünü təqdim etməyi bəzən özündənrazılıq kimi başa düşürlər. Əslində necə görünürəmsə, simam necədirsə, daxilim də eynidir. Sizin dediyiniz saflıq daxilimdən qaynaqlanır. İnsanın zahiri onun daxili dünyasının təzahürüdür.

- Üzünüz həmişə gülür, təbəssümünüz heç vaxt əskik olmur. Heç olubmu ki, əhval ruhiyyəniz pis olduğu halda kameralara gülümsəməyə məcbur olmusunuz?

- Əhvalımın pis olmasını ətrafdakı insanlara hiss etdirməməyə çalışıram. Lakin gizlətmək istəsəm də, bu, məndə alınmır. Əgər pis bir hadisə baş veribsə, həmin dəqiqə üzümdə hiss olunur. Hirsli və əsəbi olduğum anlarda istəsəm də, gizlədə bilmirəm.

- Həyatda rola girmək çətindir, yoxsa kamera qarşısında?

- Ümumiyyətlə, rola girmək hər ikisində: istər kamera qarşısında, istərsə də, real həyatda çox çətindir.

- Siz danışdıqca hiss edirəm ki, çox səbirli xanımsınız. Bu qədər səbirli olmağı necə bacarırsınız?

- Hər bir uğurun başlanğıcı səbirdən başlayır. Ona görə də, bu fikri özümə tez-tez təlqin edirəm. Bəzən də elə hadisələr olur ki, orda aqressiv olmamaq, çılğınlıq nümayiş etdirməmək mümkün olmur. Amma mən yenə də öz təmkinliyimə, səbrimə sadiq qalıram. Belə hallarda insanın köməyinə səbirdən başqa heç nə çata bilməz. Çünki aqressiya ilə heç nəyi həll etmək olmur. Əksinə qəzəb və əsəb həmişə insanın öz əleyhinə işləyən xüsusiyyətlərdir. Buna isə heç zaman yol verə bilmərəm. Bir zamanlar mən də çox çılğın və dəlisov idim, hadisələrə də başqa cür reaksiya verirdim. Amma zamanla özümü əhliləşdirmişəm. Bəlkə də yaşla əlaqəlidir. Böyüdükcə insan daha çox səbirli olmağa başlayır.

- Bəzən də insan nələrisə itirdikcə, yıxılıb-durduqca, nələrəsə uduzduqca xarakteri dəyişməyə başlayır və səbirli öyrənir.

- İnsan uduzmağı da bacarmalıdır. Amma mən heç nədə uduzmağı sevmirəm. Qarşıma qoyduğum məqsədə çatmayınca ondan əl çəkmirəm. Həyat şahmat oyunu kimidir. Bu oyundan qalib çıxmaq üçün mütləq iradəli və güclü olmalısan.

- Siz bu oyunda hansı fiqursunuz?

- Atdığım hər bir addımda, istədiyim hər bir işdə də qalib olmağa çalışıram. Bu oyunda da fiqur yox, sadəcə güclü insanam. Çünki yalnız güclülər qalib olmağa qadirdir.

- Sizi hər zaman sakit və təmkinli görürük, beləsiniz, yoxsa zahirən belə görünür, bilmirəm, amma hər insanın içində üsyan var. Daxilinizdə ən çox nəyə üsyan edirsiniz?

- Şükürlü insanam. Bu vaxta qədər nəyəsə üsyan elədiyimi xatırlamıram. Bu yaşımda həyatda istədiklərimi qazana bilmişəmsə, uğurlar əldə edə bilmişəmsə və arzuladığım işlə məşğul oluramsa, nədənsə şikayət etməyə haqqım yoxdur. Allah özü məni kifayət qədər mükafatlandırıb. Bu mükafatların müqabilində naşükürlük edə bilmərəm. Həm işimdə, həm də şəxsi həyatımda çox şükür ki, hər şey əladır və heç bir üsyanım yoxdur. Ümumiyyətlə, insan ən çətin vəziyyətində də naşükürlük etməməlidir. Pessimist fikirlərlə, naşükürlük etməklə insan heç vaxt zirvəyə qalxa bilməz.

- Sizi nə xoşbəxt edir?

- Həyatda məni ən çox xoşbəxt edən öz peşəmdə bu vaxta qədər əldə etdiyim uğurlar və əziyyətlə qazandığım nailiyyətlərdir.

- Gözəlliyiniz və uğurlarınız başqalarında qısqanclıq yaradır?

- Mümkün deyil ki, yaratmasın. Gənc yaşda uğur qazananda bunu hər kəs həzm edə bilmir. Əslində onların olmağının müsbət tərəfləri də var. Çünki onlar məni daha çox uğura imza atmağa həvəsləndirir və daha da ruhlandırır.

- Əldə etdiyiniz uğurların hamısını öz zəhmətinizin bəhrəsidir? Yəni, sizə bu yolda mənəvi dəstək olan insanlar olub, yoxsa hər zaman özünüz yıxılıb-durmusunuz?

- Onu dəqiq bilirəm ki, həyatımı boş yerə xərcləməmişəm, bu yerlərə dırnaqlarımla qazıyaraq gəlmişəm. Ancaq çətinliklər məni yolumdan döndərə bilmədi. Əksinə daha da gücləndim və həyatıma davam edirəm.

Ulduz həyatı kənardan çox asan və rahat görünə bilər. Amma bu məşhurluq heç kimə rahatçılıqla başa gəlmir. Bizim işimiz insanların könlünü oxşamağa, əhvalını-kefini qaldırmağa xidmət etdiyi üçün öz həyatımızın da daim şən keçdiyi təəssüratı yaranır. Halbuki, nələrdən keçdiyimizi, nələri itirdiyimizdən xəbərləri yoxdur. Mən də bu həyatda çox yıxılıb-durmuşam, həyat mənə dərslərini çox tez verib və çox dərin keçib. Ona görə də bu gün sahib olduğum ən kiçik əşyanın belə qədrini bilirəm. Onların hər biri mənə əziyyətlə başa gəlib.

- Keçmişdə yaşadıqlarınız sizin həyatınıza təsir edir?

- Əlbəttə, yaşadıqlarımın hamısı ancaq müsbətə doğru təsir edir. Çətinliklərə qalib gəlməsəydim, bu gün bəlkə də həyatımın qədrini bilməzdim, həyatdakı gözəlliklərdən zövq almağı bacarmazdım. Həyatı qucaqlayıram və sahib olduqlarımla xoşbəxt olmağın yollarını tapıram. Hər şeyə eşqlə baxıram, eşqlə gülürəm.

- Həyatınızı dəyişdirən ən böyük hadisə nə olub?

- "Yeni ulduz" müsabiqəsində iştirakım həyatımı tamamilə dəyişdirən ən böyük hadisədir. Məhz bu müsabiqədən sonra uşaqlıqdan arzusunda olduğum səhnəyə çıxa bildim. Bir şeyi ürəkdən və lap çox istədikdə çətin də olsa, o arzuya nail ola bilirsən. Əgər çata bilmirsənsə, deməli, yetəri qədər istəmirsən.

- Bu şöhrət həyatınızdan nələri aldı, nələrin bahasına başa gəldi?

- Heç nə almadı desəm, düz olmaz. Həyat nələrisə aldı məndən... Amma verdikləri də çox oldu. Əgər həyat məndən nə isə alırsa, bunun özündə də bir hikmət var. Deməli, bizi qarşıda daha gözəl günlər gözləyir.

- Qısqanc insansınız?

- Oğlaq bürcündən olan insanlar çox qısqanc olurlar. Bu bürcdən olduğum üçün qısqanclıq məndə özünü göstərir. Amma bunu böyütməyi və problem etməyi sevmirəm. Xırda məsələlərdə qısqanclığımı büruzə vermirəm.

- Qəlbinizi fəth etmək üçün çox yaraşıqlı olmaq lazımdır?

- Qəlbimi fəth etmək üçün yaraşıqlı olmaq şərt deyil. Gözəllik xanımlara xas xüsusiyyətdir.

- Bəlkə yaraşıqlı kişilər daha təhlükəli olduğy üçün əsas şərt deyil və sizi cəzb etmir.

- Razıyam, yaraşıqlı kişilər bəzi məqamlarda təhlükəli olurlar. Bundan başqa, hər bir qadının xəyalında onun qəlbinə yatan kişi obrazı var. Mənim üçün əsas daxili aləmidir, o gözəl olsa, yetər. Əgər yaraşıqlı olub da məni başa düşməyəcəksə, diqqət göstərməyəcəksə, dəstək olmayacaqsa, bu məqamda yaraşıq artıq heç bir əhəmiyyət kəsb etmir. Mənim üçün yaraşıq vacib deyil.

- Sizi bəyənən kişilərin sayı-hesabı yoxdur. Bu baxımdan bilmək istərdim ki, kişini cəlb etmək üçün hansı cəhətlərinizdən istifadə edirsiniz? Ümumiyyətlə, qadının kişiyə eşq elan etməsinə necə baxırsınız? Siz bu addımı ata bilərsiniz?

- Qadının kişiyə eşq elan etməsinə münasibətim çox pisdir və axtarışda da deyiləm.

- Onu tapmısınız?

- O, məni tapıb. (Gülürük) Zarafat edirəm, bu həyatda əlbəttə ki, hər kəs öz yarını axtarır. Mən isə öz axtardığımı, sevgimi çoxdan tapmışam.

- Yəni, eşq həyatınızda hər şey əladır?

- Çox şükür, hər şey gözəldir.

- Sizin üçün eşq nəyi ifadə edir?

- Bu barədə danışmağı sevmirəm. İşimə görə onsuz da göz önündə oluram. Özəl həyatımı paylaşsam, mənim üçün heç nə qalmaz. Özəl həyatım mənim müstəqilliyimdir, danışsam, onu itirə bilərəm. Özəl həyatımızla başqaları arasında nə qədər sərhəd qoysaq, o qədər müstəqil olarıq. Bu baxımdan şəxsi həyatım haqqında danışmamağa üstünlük verirəm. Gördüyüm işlərlə bağlı tənqid dinləməyə isə həmişə hazıram.

- Oxuculara və mənə də sizin eşqə necə tərif verəcəyiniz maraqlıdır. Məncə, şəxsi həyatınıza müdaxilə edən sual deyil. Odur ki, bir az ürəkli olun.

- Məncə, ilk növbədə yaxşı dost olmağı bacarmalısan. Münasibətlərdə, ümumiyyətlə, ailədə də, valideynlə övlad arasında da bu, çox vacib məqamdır.

- Sevdiyiniz adam üçün fədakarlıq edərsiniz?

- Bu da təxribat xarakterli sualdır. (Gülürük) Mənim həyatımda hər şey əladır, hamıya da xoşbəxt olmağı, əsl sevgini dadmağı, gözəl məhəbbət yaşamağı və bunun uzunömürlü olmasını arzu edirəm. Çox xoşbəxtəm, başqa da heç nə danışmaq istəmirəm.

- Sizdən söz qopartmaq mümkün olmayacaq. Ancaq bu sualıma səmimi cavab verəcəyinizdən heç şübhə etmirəm. Siz qayınana ilə eyni evdə yaşayarsınız?

- Niyə də yaşamayım? Çox xoş olardı. (Gülür)

- Qəlbini qırdıqlarınız çox olub, yoxsa sizin qəlbinizi qıranlar çoxdur?

- Kimliyindən, statusundan və yaşından asılı olmayaraq qəlb sındırmağı sevmirəm. Bilərəkdən heç kimin qəlbimi qırmaram. Mənim qəlbimi qıranlar çox olub. (düşünür)

- Onlara necə reaksiya vermisiniz? Qisas hissi baş qaldırıb?

- Qəti! Məncə, ən yaxşı qisası zaman özü alır. Zaman hər şeyin dərmanıdır. İntiqam, qisas sözləri mənim leksikonuma yaddır. Bu cür ifadələri xoşlamıram. Hər şeyi zamanın öhdəsinə buraxmağın tərəfdarıyam. Kimdənsə pislik görəndə ona pisliklə cavab vermirəm. Yuxarıda dediyim kimi səbir, səbir və yenə də səbir mənə çox kömək edir. İlahi ədalətə çox inanıram.

- Amma belə bir məsəl də var ki, zalımla zülmə dözən eyni günahı daşıyır.

- Bu fikirlə razı deyiləm. Səbir o qədər müqəddəs addır ki, onun gücünə çox etibar edirəm. Səbir gözəl xüsusiyyətdir, təmkinli olmağı da hər adam bacarmır.

- Sizcə insanın taleyi, qisməti ssenari kimi yazılır, yoxsa yaşadıqlarımız öz seçimlərimizdir?

- Yaşadıqlarımız öz seçimlərimizdir. Dünyaya göz açandan, özümüzü dərk edəndən sonra həyatımızı qurmağa çalışırıq. Heyvanlardan fərqli olaraq hər bir insanın şüuru var. Bu şüur da insana öz həyatını qurub onu yaşamaq üçün verilib. Buna görə də yaşadıqlarımızı taleyin və qismətin üstünə yıxmaq lazım deyil. Adətən zəif və qorxaq insanlar hər şeyi taleyin üstünə atıb özlərini deyil, onu günahkar hesab edirlər. Ssenarinin müəllifləri də biz özümüzük...

- Estetik əməliyyatlara necə baxırsınız?

- Bilmirəm niyə, amma çoxları mənim estetik əməliyyat keçirdiyimi düşünür. Vallah etdirsəm etiraf edirəm. Bu vaxta qədər heç bir əməliyyat keçirməmişəm. Üz quruluşum, bədənim doğulandan necədirsə, elə də qalıb. Zahirim məni qane edir, düzü hələ ki ehtiyac görmürəm.

- Neçə yaşından sonra əməliyyat etdirmək olar?

- 30-dan, 35 yaşdan sonra əgər ehtiyac varsa, əməliyyat etdirmək daha məqsədəuyğundur. Gələcəkdə ehtiyac yaransa, mənim də etdirməyim istisna deyil. Səhnədə olduğum üçün hər zaman yaxşı görünməyə çalışmalıyam. Yaş üstünə yaş gəldikcə, istər-istəməz üzdə dəyişiklik baş verir, qırışlar yaranır. Səhnə isə gözəllik tələb edir.

- Sizə elə gəlmir ki, estetik cərrahlar təbii gözəl olan qadınların haqqını tapdalayır?

- Təbii gözəlliyi heç nə ilə əvəz etmək mümkün deyil. Heç bir cərrah əlləri Allahın yaratdığı gözəlliyi yarada bilməz. Bacardığımız qədər onu qoruyub saxlamağa çalışmalıyıq. Amma cərrahlar da hansısa qadına gözəllik bəxş etməklə, onun özünəinamını artırırlar. Cərrahların işi Allahın verdiyi gözəlliyi qorumaqla məşğul olmaqdırsa, burada heç bir qəbahətdən söz gedə bilməz. Estetik gözəllik artıq bu dövrün tələbinə çevrilib. Məncə, estetik cərrahlar qadının gözəlliyini qorumağa, onu uzunömürlü etməyə xidmət edir və heç kimin haqqını tapdamır. Əksinə qadınlara xoşbəxtlik bəxş edir.

- İdmanla aranız necədir?

- İndi yaxşıdır. Həm fitnes, həm plates, həm də aerobika ilə məşğul oluram. Çəkimlə bağlı ciddi problemim və kompleksim yoxdur, amma efirdə olduğumdan daha kök göründüyüm üçün hardasa 5 kq arıqlamaq istəyirəm.

- Yaradıcılığınızda nə yeniliklər var?

- Yeniliklər və maraqlı işlər çoxdur, yavaş-yavaş həyata keçirəcəyik. "Yalan" adlı mahnısına çəkilən yeni klipim artıq çıxdı. Klip payız fəslinə uyğun məkanlarda çəkilib. Mahnının sözləri Aygün İsmayılovaya, musiqisi isə Pərviz Mahmudova aiddir. Klipin rejissoru Samirə Xasməmmədovadır. Hazırda Emin Kərimi və Hakan Erolun mahnıları üzərində işləyirəm. Bu mahnılara da klip çəkdirməyi planlaşdırıram.

- Mahnı seçimində ən çox nəyə fikir verirsiniz?

- Ən çox sözlərə fikir verirəm. Birinci növbədə sözlər gözəl olmalıdır, daha sonra musiqi də sözlərlə harmoniya təşkil etməlidir. İfa etdiyi mahnıların hamısını özüm seçirəm. Bu işdə heç kim kömək etmir. Dostlarımın fikirlərini də öyrənirəm, amma son qərarı özüm verirəm.

- Gözəl və səmimi söhbətə görə təşəkkür edirəm. Sizinlə ünsiyyət sanki ruhumu sakitləşdirdi.

- Mənim üçün də xoş oldu. İnşallah oxucular da müsahibədən bizim kimi zövq alar...

Gündəlik Teleqraf" MMC-yə daxil olmayan saytların istinadla olsa belə web-səhifəmizdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm