Avropalı dizayner bakılı modapərəstlər haqqında nələr dedi? - Fotolar
Bizi izləyin

Layihə

Avropalı dizayner bakılı modapərəstlər haqqında nələr dedi? - Fotolar

Avtandil Tskvitinidze - gürcü modelyer iş adamları, şou-biznes ulduzları və bir sıra gürcü telekanallarının aparıcıları üçün paltarlar yaradır.

Avtandil Tskvitinidze - gürcü modelyer iş adamları, şou-biznes ulduzları və bir sıra gürcü telekanallarının aparıcıları üçün paltarlar yaradır. Gürcüstanda gənclər üçün cins kolleksiyasının ilk müəllifidir. O, həmçinin qadın, kişi və uşaq, eləcə də fərdi sifarişlər qəbul edir. Paris, Moskva, London, Milan və Kiyevdəki moda həftələri istedadlı modelyersiz keçmir. Bir sözlə onun geyimlərinə heç bir qadın laqeyd baxa bilmir, ilk baxışdan qadın qəlbini ovsunlayır...

Tabloid.az-ın "Kokteyl" layihəsinin qonağı da elə Avropada tanınmış gürcü modelyer Avtandil Tskvitinidze oldu. Gürcü modelyerlə Bakıda ilk dəfə keçirilən moda həftəsində söhbət edə bildik.

- Bakıya ilk dəfə nə vaxt gəlmisiniz?

- Bakıya ilk dəfə gəlişim yadımda deyil, üstündən uzun illər keçib. Deyəsən, 12 il bundan əvvəl gəlmişəm. İlk gəlişim gözəllik müsabiqəsi ilə bağlı idi, stilist kimi dəvət almışdım, eyni zamanda öz kolleksiyamı da nümayiş etdirmişdim.

Mən təbiətən çox ünsiyyətciləm. Ona görə də o vaxtkı gəlişimdə tanış olduğum insanlarla indiyədək əlaqə saxlayıram. Bundan sonra Bakı klubunun açılışına dəvət aldım. Sizin ulduzların çoxu həmin gün mənim geyimlərimdə idilər. Onların arasında Aygün Kazımova və Zülfiyyə Xanbabayeva da var idi. Daha sonra işlərimin çoxluğundan dolayı və karyeramı müxtəlif ölkələrdə inkişaf etdirməklə məşğul olduğum üçün Bakıya yenidən gəlmək mümkün olmadı. İş qrafikim çox gərgin idi.

Bir neçə ay əvvəl məni şəhərinizə yenidən dəvət etdilər. Əlbəttə ki, mən bu dəvətə çox sevindim. Çünki Bakıda çoxdandır ki, olmamışdım. Xalqlarımız arasında ümumi oxşarlıqlar var. Azərbaycanlılar və gürcülər - çox isti və qonaqpərvər insanlardır. Bakıda keçirilən moda həftəsinə dəvət alanda imtina edə bilməzdim. (Gülür)

- Bizim məşhurlardan kiminlə işləyirsiniz?

- Təəssüflər olsun ki, indi azərbaycanlı məşhurlardan heç kiminlə işləmirəm. Buna baxmayaraq, azərbaycanlı müştərilərim var. Onlar tez-tez Gürcüstanda mənim moda evimi ziyarət edirlər.

- Azərbaycan xanımlarının stili haqqında nə deyə bilərsiniz?

- Azərbaycanlı xanımlarının stili ilk gəlişimdən bu tərəfə kəskin şəkildə dəyişib. Geyimdə öz dəsti-xətlərini yaratmağa, həmçinin dəb qayda-qanunlarına əməl etməyə çalışırlar.

- Dizayner olmağa necə qərar verdiniz?

- İxtisasca rəssamam. Daha sonra isə rəngkarlığı modaya gətirmək qərarına gəldim. Uşaqlıda həmişə qadın siluetləri çəkirdim, 13 yaşımda isə öz ideyalarımı reallığa çevirmək qərarına gəldim. İlk müştərim isə anam olub. O, hər zaman mənim geyimlərimi geyinirdi. Daha sonra Gürcüstanın İncəsənət Akademiyası daxil oldum. Akademiyanı bitirdikdən sonra "Gucci" moda evində təcrübə keçdim. Geyim kolleksiyaları üzərində misilsiz iş təcrübəsini də məhz oradan qazanmışam. Bundan sonra bütün moda nümayişlərində iştirak etməyə başladım. 2000-ci ildə isə Gürcüstanda artıq öz "AVTANDIL" moda evini açdım.

- Sizcə şərq və qərb modası bir-birindən fərqlənir?

- Mən nə edirəmsə, edim həmişə deyirlər ki, gördüyüm işlərdən gürcülərə xas olduğu hiss olunur. Bunu geyim formasından başa düşmək olar. Amma mən həmişə dünyada yayılmış moda tendensiyalarını nəzərə almağa çalışıram. Biz dizaynerlər, il ərzində növbəti moda tendensiyalarını yaradırıq. Moda və incəsənət havadadır, onu başa düşüb tutmaq və düzgün tərəfə istiqamətləndirmək lazımdır. Mən artıq əvvəlcədən gələn il nələrin dəbdə olacağını bilirəm. Moda hər zaman hərəkət edir, çünki eyni şey hər bir qadını yorur və yeni nəsə fikirləşmək lazım gəlir. Sonra əlbəttə, köhnə dəbə yenidən qayıdırıq.

- Bakıda butik açmağı düşünürsünüz?

- Yox, mənim işlərimin çoxu brend geyimlərin konseptual mağazalarında satılır. Əgər tələbat artarsa, onda butik barədə düşünmək olar. Bazarda yer tutmaq üçün bu şəkildə başlamaq daha düzgündür. Çünki insanlar səninlə tədricən tanış olur, hər şeyi birdən-birə etmək olmaz.

- Sizi yaradıcılığa nə ruhlandırır?

- Hər şey və ya bir kəs ola bilər! Bəzən olur ki, müsbət enerjli bir insanla qarşılaşırsan və bundan sonra işləmək həvəsi gəlir, yeni nələrsə düşünməyə başlayırsan. Xüsusilə səyahətlər daha çox təsir göstərir, axı mən çox gəzirəm. İsraildə olanda ən müqəddəs yerləri görmək mənə çox böyük təsir göstərmişdi.

- Siz necə düşünürsünüz geyimləriniz qadınları daha füsünkar və cazibədar göstərə bilir?

- Mən xanımları çox sevirəm. İlham pərim isə həyat yoldaşımdır. Mən onun şəxsi stilistiyəm. Nə geyinmək barəsində hər şeyi mən ona məsləhət görürəm.

- Xanımızın da yaradıcı insandır?

- Yox, o, diplomatdır, xarici işlər nazirinin müavinidir.

- Gözəl geyinmiş xanım görəndə onun haqqında nə düşünürsünüz?

- Çox zövqlü xanım olduğunu düşünürəm.

- Müasir xanımlara nə geyinməyi məsləhət görərdiniz?

- Gündəliyə rahat və əlverişli paltarlar geyinməyi məsləhət görərdim. İndi trikotaj materiallar çox dəbdədir. Onları hətta yüksək təbəqədən olan qadınlar da geyinir. Qadını bu geyimdə görəndə artıq heç kəs deyə bilməz ki, "Əlinə nə keçdi geyinib".

Hər gün kokteyl və gecə geyimləri geyinmək olmaz. Bu qızların ən böyük problemidir və kənardan gülməli görünür. Hər bir geyimin öz təyinatı və məkanı var.

- Siz özünüz brend geyinməyi sevirsiniz?

- Mən qarışdırmağı xoşlayıram. Amma daha çox öz markamın paltarlarını geyinməyi sevirəm. Ayaqqabılarda isə hər zaman yapon dizaynerlərinə üstünlük verirəm.

- Uşaq geyimlərinin istehsalı ilə məşğul olursunuz?

- Bəli. Bu yaxınlarda Milanda "Anastasiya" adlı uşaq kolleksiyamın nümayişi oldu. Anastasiya mənim qızımın adıdır.

- Qızınız da sizin ilham pərinizdir. Onun yaradıcılığa həvəsi var?

- Əlbəttə, "instagram" səhifəmə baxsanız, onun çoxlu şəkillərini görə bilərsiniz. Modelyerlik həvəsinə gəldikdə isə qızım çox gözəl rəsmlər çəkir. Onun da modelyer olmasını çox istərdim. Lakin heç bir halda məcbur etməyəcəyəm.

- Paltar qadının daxili vəziyyətinə necə təsir edir?

- Qadın həmişə əhval-ruhiyyədən asılıdr və çox emosional olur. Depressiyada olanda ya da alış-verişə gedir, ya saçlarını kəsdirir, ya da ki, rəngini dəyişir. Düşünürəm ki, gözəl paltar istənilən qadını pis əhvaldan çıxara bilər. Qadınların gözəl görünməsi və bütün diqqətin onlar üzərində olması xoşlarına gəlir.

- Deyirlər ki, "Gözəllik uzun müddət idarə oluna bilməyən hakimiyyətdir". Sizin bu fikrə münasibətiniz necədir?

- Qadınların hər zaman gözəl görünməyə haqqı var, heç olmasa bir nəfər: həyat yoldaşı, sevdiyi insan, ya da oğlunun şahzadəsi olmağa layiqdirlər. Hər bir insan onun həyatında şahzadəsi ola biləcəyi biri ilə qarşılaşır.

- Gözəl və zövqlü geyinmək üçün çoxlu pullar tələb olunur?

-Qətiyyən! Zövq pul deyil! Ana və nənəmizin də köhnə geyimlərindən gözəl paltarlar tikib-düzəltmək olar.

- Əgər bir insan xarici görkəmini dəyişmək istəyirsə, nədən başlamalıdır?

- İlk növbədə güzgü qarşısına keçib uzun müddət özünə baxmalı, özündə nəyi bəyənmədiyi və nəyi dəyişdirmək istədiyi sualını verməlidir. Daha sonra peşəkara müraciət etməlidir.

- Qadınların modaya olan ehtirasında sizi bir kişi kimi ən çox nə təəccübləndirir?

- Bilirsiniz, qadın üçün geyim həmişə azdır. Hər səhər yuxudan durub işə getməyə hazırlaşanda qadınlar şkafı açır və öz böyük qarderobuna baxıb deyir ki, "Geyinməyə heç nəyim yoxdur". Bax bu, məni daha çox təəccübləndirir. Məncə, bütün qadınlar belədir.

- Moda dünyasında inqilab etmək üçün dizayner nə etməlidir?

- Moda dünyasında bütün inqilablar artıq baş verib. Mən heç bir inqilab etməyə cəhd etmirəm.

- Niyə? Bunu etmək çətindir?

-Moda dünyasında belə bir baxış bucağım yoxdur. Çünki ötən əsrin dizaynerləri demək olar ki, bütün inqilabları ediblər.

- Nəhayət Bakının modapərəst xanımlara nə arzu edərdiniz?

- Özünü itirməmək. Moda hamı üçün mövcuddur, sadəcə, oradan özünəməxsus olan bir məqamı tapmaq lazımdır. Bütün dəb tendensiyalarına əməl etmək də şərt deyil. Həmişə sənə yaraşanı seçməyi və bir dizaynerdə ilişib qalmamağı tövsiyə edirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm