Ruhi: “Sevilən və maraqlı qadın olmaq üçün hər zaman dəyişməlisən” - Fotolar
Bizi izləyin

Layihə

Ruhi: “Sevilən və maraqlı qadın olmaq üçün hər zaman dəyişməlisən” - Fotolar

“Azərbaycan qadınında məni çox şey qane etmir” - Fotolar

Tabloid.az-ın "Kokteyl" layihəsi çərçivəsində bu həftəki qonağımız "Dəb Siz" verilişinin müəllifi və aparıcısı, eyni zamanda Azərbaycan qadınlarının gözəlliyi üçün çalışan, onları da özü qədər zövqlü və gözəl görmək istəyən xanım Ruhi Əliyeva oldu. Qeyri-adi gözəlliyini ilk növbədə yaradana, sonra isə valideynlərinə borclu olduğunu söyləmədən keçə bilmərəm. Söhbətimiz də elə bu mövzuda oldu. R.Əliyeva ilə dəb və gözəllik haqqında fikirlərini bizimlə bölüşdü, həmçinin xanımlara öz dəyərli məsləhətlərini əsirgəmədi.

- Artıq uzun müddətdir ki, dəb haqqında veriliş aparırsınız. Yerli telekanallarımızda dəb haqqında bu tipli verilişlər demək olar ki, yox idi. Azərbaycan xanımında sizi nə qane etmədi ki, bu addımı atdınız?

- Əslində, Azərbaycan xanımlarında məni qane etməyən çox məqamlar var. Əlbəttə ki, söhbət geyim tərzindən gedir. Azərbaycan xanımları baxımlı, gözəl olmağı sevirlər. Bizim xanımların əsas üstünlüyü də gözəl üz cizgilərinin olmasıdır. Buna baxmayaraq, müasir dəbin qaydalarından və tendensiyalarından xəbərsiz olan baxımsız xanımlar da az deyil. Bu cür xanımlarla tez-tez qarşılaşıram. Onları daha gözəl görmək naminə dəb haqqında faydalı və maarifləndirici veriliş yaratmaq qərarına gələrək "Dəb Siz"-ə qol qoyduq. Biz bura gələn xanımların da maksimum maariflənməsini təmin etməyə çalışırıq.

- Sizcə, Azərbaycan xanımları çoxmu zövqsüz geyinir?

- Dünyanın hər ölkəsində zövqsüz geyinən qadınlara rast gələ bilərik. Təəssüf ki, bizim xanımlar arasında da zövqsüz geyinənlər çoxdur. Hər bir xanım öz bədən quruluşunu tanıyıb, ona uyğun geyim seçməlidir. Bəzən xanımlarımız öz ölçülərinə uyğun olmayan libaslarla qarşımıza çıxırlar. Məncə, bu da dəb haqqında maarifləndirici layihələrin az olmasından qaynaqlanır. Evdar, dünyagörüşü aşağı olan xanımlar üçün moda ilə bağlı hazırladığımız verilişlər artıq onları bu mövzuda kifayət qədər maarifləndirir.

- "Dəb Siz" verilişinə gələn xanımlarda sizi ən çox narahat edir?

- "Dəb Siz"ə gələn xanımlar arasında məni narahat edə biləcək məqamlar yox, daha çox onların özlərini narahat edən məsələlərə əsas yer veririk. Xarici görünüşündən, stilindən narahat olan xanımları möcüzə otağına göndərəndə çox rahat oluram. Çünki o otaqdan tamamilə dəyişmiş formada, başqa tərzdə qarşımıza çıxırlar. Xanımın daha gözəl görünməsi isə onun özünə inamını artırır. Bundan da böyük zövq alıram.

- Sizi hər zaman özünəməxsus tərzdə görürük. Həm dəb tendensiyaları ilə ayaqlaşmaq, həm də stilinizə sadiq qalmaq çətin deyil ki?

- Moda hər saniyə dəyişir, moda sənayesi durmadan inkişaf edir və yeni təkliflərlə çıxış edir. Belə bir şəraitdə dəb tendensiyalarına ayaqlaşmaq, həm də stilimə sadiq qalmaq, əlbəttə ki, çətindir. Mənə belə gəlir ki, özünü sevən və qiymət verən xanım belə də olmalıdır.

- Sizin stiliniz xarakterinizi özündə nə dərəcədə əks etdirir?

- İnsanın geyimi onun hansı dünyagörüşünə, hansı xarakterə malik olduğundan xəbər verir. Dəb mütəxəssisləri və psixoloqlar da artıq geyimə görə insanın hansı xarakterə malik olduğunu müəyyən etməyin mümkün olduğunu etiraf edirlər. Məsələn, elə geyimlər var ki, onları heç zaman geyinə bilmərəm. Mən o geyimləri geyinsəm, çox gülməli görünərəm. Dolayısı ilə özümü komfortlu hiss etməyəcəyəm. Xarakterimə uyğun olmadığı üçün özümə rəva bilmərəm.

Öz xarakterini dəb tendensiyaları, yeni biçimlər və rənglərlə uyğunlaşdıra bilən insanlara həqiqətən də hörmət edirəm. Dəblə ayaqlaşaraq öz xarakterinə uyğun tərz yaratmaq həmin insanın yüksək zövqə malik olmasından xəbər verir.

- Zövqlü geyinmək üçün dəbi duymaq lazımdır. Sizi dəbi nə zamandan duymağa başladınız?

- Dəbi duymaq lazım deyil, o, hər bir insanın daxilində, qanında olmalıdır. Mən gəldikdə isə dəbi hər zaman hiss eləmişəm...

- Zövqü pulla əldə etmək və ya formalaşdırmaq mümkündür?

- Elə məsələlər var ki, orda pul heç bir rol oynamır. Zövq insanın daxilində olmalıdır. Zövqü formalaşdırmaq isə mümkündür. Moda tarixini araşdırmaqla, dahi dizaynerlərin yaradıcılığını izləməklə zövqünü daha da inkişaf etdirə bilərsən. Başqa bir variant isə stilist köməyinə axralanmaqdır. Pulun varsa, stilist tutaraq geyinə bilərsən. Lakin bu, zövqlü olmaq demək deyil.

- Tərziniz ekrandan sizi izləyən xanımlara təsir edir? Yəni, qadınlarımız sizin kimi geyinməyə başalyıblar?

- Ola bilər. Mənimlə işləyən insanlara müraciət edən xanımlar "Ruhinin makiyajı", "Ruhinin saç düzümündən" etməyini istəyirlər. Mən geyindiyim butiklərdən də gedib özlərinə sifariş verirlər.

- Bu, sizi qıcıqlandırmır ki?

- Əksinə, çox xoşdur. Bu, o deməkdir ki, Ruhini sevirlər. (Gülür)

- Bir neçə dəfə geyinilən paltara böyük pullar xərcləməyə dəyər?

- Əlbəttə ki, bir neçə dəfə geyinilən paltara çoxlu pul xərcləməyə dəyər. Hətta 1 və 2 dəfə geyinilən paltara da yaxşı pul xərcləmək olar. Sadəcə o paltarı hansı məclisə geyindiyin də böyük rol oynayır.

- Ümumiyyətlə, bir dəfə geyindiyiniz paltara xərclədiyiniz pula görə təəssüflənmisiniz?

- Qətiyyən! Ürəyim nə istəyibsə, pul xərcləyib geyinmişəm. Əksinə, gözəl geyimlər qadının əhvalını yüksəldir, hətta deyərdim ruhunu qidalandırır...

- Uşaqlara necə bahalı paltarlar geyindirmək düzgündürmü?

- Əgər imkan varsa, uşaqlara da bahalı paltarlar geyindirməyi düzgün addım hesab edirəm. Uşaqlara bahalı paltarlar geyindirmək şərt deyil. Uşaqların dərisi çox həssas olduğu üçün ilk növbədə onlara keyfiyyətli paltarlar geyindirmək daha məqsədə uyğundur. Həm də uşaqlıqdan uşağı yaxşı geyindirməklə onun zövqünü genişləndirməyə və formalaşdırmağa çalışmalısan. Ümumiyyətlə, uşaqlara daha çox dəyər vermək lazımdır, çünki onlar bizim ürəyimiz, həyatımız və gələcəymizdir. Allah bütün balaları xoşbəxt edib bəd nəzərdən qorusun!

- İmicini dəyişmək istəyən qadın nədən başlamalıdır?

- Bir xanım icimini dəyişmək istəyirsə, ilk saçdan başlamalıdır. Qadının qaşları isə onun üz cizgilərini tamamilə dəyişmək gücünə malikdir. Qaşla, saç düzgün olarsa, həmin xanıma tərzli, baxımlı deyə bilərik. Xanımların geyim tərzində böyük önəm verdiyim digər detal isə aksessuarlardır. Onların arasında sözsüz ki, ayaqqabılar birinci yerdə dayanır. Çünki ayaqqabılar qadının ən vəfalı dostlarıdır...

- Əfsanəvi dizayner Koko Şanel deyir ki, əvəzolunmaz olmaq üçün daim dəyişməlisən. Sizcə, sevilən qadın üçün dəyişiklik vacibdirmi?

- Bəli, çox vacibdir. Sevimli və maraqlı qadın olmaq üçün hər zaman dəyişməlisən. 8-10 il eyni saç düzümündə gəzmək, bir insanın qarşısına daim eyni saç düzümündə, eyni tərzdə çıxsan, həmin insanı da yora bilərsən. Bu, bəylərə də aiddir.

- Qadının ən dəyərli cavahiratı nədir?

- Qadının ən gözəl cavahiratı gözləri və dərisidir.

- Xanımın çantası, yoxsa ətri onun haqqında daha çox söz deyə bilər? Yəni, onu tanımağa kömək edə bilər?

- Əlbəttə ki, ətir qadın haqqında daha çox şey ifadə edir. Ətirləri çox sevirəm. İnsanın seçdiyi ətir onun xarakterini, kimliyini göstərir. Dəri tipləri fərqli olduğu üçün ətirlər hər insanda eyni təəssüratı buraxmır. Mənim istifadə etdiyim ətirlərdən bəzi rəfiqələrim, çox yaxınlarım bəyənib alıblar. Amma eyni ətirdən istifadə etsək də, başqalarında məndəki kimi təsir bağışlamayıb. İnsanın istifadə etdiyi ətrin necə təsir bağışlaması xarakterinin də o ətri necə qəbul etməsindən çox asılıdır. Bir sözlə, ətir qadının həyatında böyük rola malikdir və hər bir xanımın özünəməxsus ətri olmalıdır. Ruhinin də özünəməxsus ətirləri var...

- Qadının gözəlliyi onun uğur qazanmasına zəmanət verə bilər?

- Gözəllik bir çox məsələni həll edir, eyni zamanda da qadının uğur qazanmasına 100 faiz zəmanət verir. Xanımda gözəllikdən əlavə, cəsarət də olmalıdır. Gözəlliyi, cəsarəti və ağlı bir-birini tamamladır.

- Ruhi Əliyeva cəsarətli olmasaydı, bu günkü uğurları qazan bilərdi?

- Qətiyyən, cəsarətsiz insanlar elə olduğu yerdə qalırlar. (gülür)

- Xəzlər və dəri geyimlərlə aranız necədir?

- Geyimlərdə xəz və dəri detallarının işlənməsi çox xoşuma gəlir. Xüsusən də dəridən hazırlanan geyimləri də çox bəyənirəm.

- Gözəllik naminə heyvanların öldürülməsi sizdə təəssüf hiss oyatmır ki?

- Gözəllik qurban tələb edir. Başqa çıxış yolumuz yoxdur.

- Qadınların modaya olan sərhədsiz ehtirasında sizi ən çox nə təəccübləndirir?

- Maraqlı məqama toxunduğunuz. Qadınlar əlindəki qızılını, brilyantını, zinət əşyalarını, hətta elə bir insan tanıyıram ki, evini satıb pal-paltara pul xərcləyir. Xanımların bu hərəkəti məni dəhşətə gətirir. Bu, çox yanlışdır. Moda bahalı paltarlar üzərində qurulmayıb. Gözəl görünmək üçün insan öz tərzini tapmalı, bədənini tanımalı , nəhayət ona yaraşanı geyinməlidir.

- Dəb haqqında maraqlı söhbətə görə təşəkkür edirəm.

- Siz sağ olun, bu barədə danışmaqdan heç zaman yorulmuram. (Gülürük)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm