Cazibədar Fidan Əlizadədən eksklüziv açıqlamalar - Fotolar
Bizi izləyin

Layihə

Cazibədar Fidan Əlizadədən eksklüziv açıqlamalar - Fotolar

Cazibədar Fidan Əlizadədən eksklüziv açıqlamalar

Onun bacısı gəlişi ilə Azərbaycan səhnəsində çevriliş etdi. 2010-cu ildə keçirilən "Avroviziya-2010" yarışmasının final mərhələsində uğurla çıxış edərək beşinci yerə çıxdı. Lakin hər gənc qızın arzuladığı bu uğurdan və qələbədə sonra karyerasından imtina edir və ailə qurur. Söhbətin kimdən getdiyi artıq məlumdur. Safura Əliyeva səhnədən getsə də, çətin ki, uzun müddət unudulsun.

Amma fikrimcə, onun yerini bacısı Fidan Əlizadə tutacaq. Çünki Fidan bacısından nə gözəllikdə, nə də istedadda geri qalır.

Gənc modelyer bu gün mətbuatda ən çox müzakirə olunan və marağa səbəb olunan xanımdır. Geyim stili, saç düzümü və cazibədar makiyajı ilə diqqət çəkir.

Tabloid.az-ın "Kokteyl" layihəsi çərçivəsində bu həftəki qonağımız Fidan Əlizadə oldu. Peşəkar modelyer olmağı qarşısına məqsəd qoyan Fidan Əlizadə moda və gözəllik haqqında maraqlı açıqlamalar verib.

- Tanınmaq, şöhrət qazanmaq sizin üçün vacibdir? Yoxsa əsas odur ki, sevdiyin işlə məşğul olasan.

- İnsan sevdiyi işlə məşğul olanda daha böyük uğurlara nail olur. İnsanın işindən və həyatdan zövq ala bilməsi üçün sevdiyi işlə məşğul olması önəmli amildir.

- Hədəfin nədir, kim kimi olmaq istəyirsən?

- Həyatda öz istiqamətimi müəyyən etmişəm və heç kimə bənzəmək fikrim yoxdur. Hər zaman orijinal, fərqli görünməyə çalışıram. Bu zaman əlbəttə ki, özünəməxsusluğumu qoruyub saxlayıram.

- Həyatda nəyin ardınca qaçırsan?

- Gələcəkdə məşhur modelyer, dizayner olmağı qarşıma məqsəd qoymuşam. Məqsədimə çatmaq üçün bütün gücümü buna sərf edir və dayanmadan potensialımı inkişaf etdirirəm.

- Bir-birindən maraqlı geyimlər seçirsən. Bu sahədə sənə kim kömək edir?

- Özüm bu işin peşəkarı olmağa çalışıram. Ona görə də bu sahədə mənə heç kim kömək etmir. Alış-verişdən, geyim seçməkdən, paltara uyğun ayaqqabı, çanta və aksessuarlar seçməkdən inanılmaz zövq alıram. Bunların hamısını uyğunlaşdırmaq sevdiyim işlərdən biridir.

- Bu yaxınlarda məşhur modelyer "Zuahir Murad"ın kolleksiyasından bir libas geyinmişdin. Saçın, makiyajın, aksessuarların hamısı bir-birini inanılmaz dərəcədə tamamlayırdı. Maraqlısı budur ki, bu libas ən çox da sənə yaraşırdı. Bu obraz öz fikrin idi?

- Mən bu paltarı görən kimi vuruldum, onu öz üzərimdə görmək istədim. Onu geyinmək məqsədim oldu. Bu obrazı mən tamamladım.

- Asan görünsə də, yaxşı və düzgün geyinmək çətin işdir. Stil sahibi olmaq üçün çoxlu pul lazımdırmı?

- Bu fikirlə razı deyiləm. Mükəmməl görünmək üçün bahalı geyinmək şərt deyil. Geyim seçmək zövq məsələsidir. Rənglərinin harmoniyasına əməl etmək və üslubların bir-biri ilə uzlaşması daha mühümdür. İnsan ən ucuz paltarı ona uyğun aksessuar, ayaqqabı və çanta ilə tamamlaya bilsə, baha başa gəlmiş obrazdan da gözəl görünə bilər. Unutmaq lazım deyil ki, geyimə uyğun seçilməyən çanta ən bahalı paltarı belə korlaya bilər.

- Səncə, zövqü pulla əldə etmək olar?

- İlk növbədə zövq insanın daxilindən gəlməlidir. Amma indiki zamanda zövqü olmayan, ya da zövqünə güvənməyən insanlar dizaynerlərə müraciət edirlər. Bu baxımdan başqasının zövqündən faydalanıb, onu əldə edə bilirlər deyə bilərik.

- Onsuz yaşaya bilmədiyin kosmetik məhsulları nələrdir?

- Mənim üçün tuş ən əhəmiyyətli kosmetik vasitədir.

- Alış-verişə nə qədər vaxt ayırırsan? Ən çox haradan şopinq etməyi xoşlayırsan?

- Əslində alış-verişi Azərbaycandan deyil, başqa ölkələrdən etməyi xoşlayıram. İldə bir neçə dəfə xarici ölkələrə uçub oradan fərqli və eksklüziv libaslar alıram. Gündəlik geyimlərin çoxunu isə Bakıdakı mağazalardan alıram.

- Hansı tərzdə geyinməyi sevirsən?

- Gündəlik idman üslubunda, amma özəl günlərdə, dəvətə və ya hansısa mərasimə gedəndə klassik geyinməyi xoşlayıram.

- Əsla geyinmərəm dediyin paltar, stil və ya üslub var?

- Yox, hər stildə gözəl görünmək olar.

- Ən çox hansı aksessuarlardan istifadə edirsən?

- Şərfləri və eynəkləri çox sevirəm. Bəlkə də qarderobun ən çox hissəsini onlar tutur.

- Modada səni əsas nə cəlb edir?

- Kreativlik.

- Hansı dizaynerin işləri səni sözün əsl mənasında valeh edir?

- "Donatella Versace", "Zuhair Murad", "Donna Karan", "Anna Sui", "Marc Jacobs", "Michael Kors", "Ralph Lauren"-nin geyimlərini hədsiz bəyənirəm. Onlara geyim demək günahdır, hər biri sənət əsəridir... (Gülür)

- Maşallah günü-gündən gözəlləşirsən, hətta gözəllikdə bacını da geridə qoyursan. Maraqlıdır, heç gözəlliyin başına bəla olub?

- Yox, belə bir şey olmayıb. (gülür) Əksinə, gözəl olmaq qadının başına gələ biləcək ən yaxşı hadisədir, xoşbəxtlikdir... Doğma və yaxın insanların arasında özümü rahat hiss edirəm. Bəlkə də məni sevməyənlər var, amma buna da alışmışam. İnsanlar həmişə özündə olmayanlara həsəd aparırlar. Başqalarının qısqanclıq və həsəd hissi məni daha da güclü edir.

- Gün ərzində nə yeyirsən və hansı gözəllik rituallarını həyata keçirirsən ki, belə cazibədar görünürsən?

- (Gülürük) Təbiətin verdiyi gözəlliyi qorumağa çalışıram. Gün ərzində hər bir insanın içməli olduğu qədər (1.5 litr) su içirəm, meyvə və tərəvəzlə qidalanıram.

- İki seçim imkanın olsaydi, çox ağıllı amma çirkin olmaq, və ya orta dərəcədə zəkaya sahib gözəl olmaq. Hansını seçərdin?

- Mənim üçün çirkin insan anlayışı mövcud deyil, əsas insanın qəlbi gözəl və təmiz olsun. Bu, xarici görünüşdən daha vacibdir. Hətta belə bir məsəl var ki, "Gözəldən 40 günə, gözəl xasiyyətdən isə 40 ildə doymaq olmaz".

- Səncə, qadının ağlı gözəlliyini kölgədə qoymalıdır, ya əksinə gözəlliyi ağlını kölgədə qoymalıdır?

- Əlbəttə ki, hər ikisi bir-birini tamamlamalıdır. Gözəllik sadəcə insanın uğur qazanmasında kömək edir. Dünyanın hər yerində gözəl və yaraşıqlı insanlar həmişə daha çox diqqət çəkirlər.

- "Eurovision 2014" qalibi Konçita Vurstun "Rise like a phoenix" mahnısını ifa etmişdin. Bu ifan marağa səbəb olmuşdu. Müğənni kimi fəaliyyət göstərməyi fikirləşirsən? Yoxsa bu sadəcə bir hobbi idi?

- Hələ ki, hobbidir. Gələcək göstərər...

- İnsanlar səni Safuranın bacısı kimi tanıyır. Bəs sən özünü necə tanıda bilərsən?

- Bütün fikrimi təhsilimə cəmləşdirmişəm, peşəkar modelyer olacağıma bütün qəlbimlə inanıram. Çünki çox əmək sərf edirəm. Bu məqsədimə çatacağam. Hələ ki, tanınmaq barədə danışmaq çox tezdir.

- Bacın karyerasının zirvəsində məşhurluğundan imtina edib, gözəl ailə həyatı qurdu. Bəs sənin üçün karyeran əsasdır, ya ailə?

- Əlbəttə ailə qadın üçün əsas olmalıdır.

- Vaxt ayırıb bizə müsahibə verdiyin üçün təşəkkürlər.

- Siz sağ olun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm