Qadınları onun qədər füsunkar göstərən kişi yoxdur - Fotolar
Bizi izləyin

Layihə

Qadınları onun qədər füsunkar göstərən kişi yoxdur - Fotolar

Qadınları onun qədər ehtiraslı, sirli və füsunkar göstərən kişi yoxdur - Fotolar

Məşhur modelyer Zuhair Muradı uğura aparan yol

Yüksək moda dünyası dəniz kimi “coşqun fırtınalara”, yəni, dəyişiklikyə məruz qalsa da, Zuhair Murad öz ənənəsinə və üslubuna sadiq qalan dizaynerlərdəndir. Müəllif öz kolleksiyalarında ənənəvi üslubuna sadiq qalır, eyni zamanda hər dəfiləsində ümumi əlamətlər nəzərə çarpır. Elə bu bacarığına görə, həmkarları livanlı gənc dizayneri “dəbin şahzadəsi” adlandırırlar. Zuhair Murad qısa zaman kəsiyində dəb sənayesində adını qızıl hərflərlə yazdırır. KİV-də də daimi uğurunu təmin edən unikal üslubuna görə Zuhair Murada “yeni eranın ən perspektivli dizayneri”, yaxud da “Yüksək dəbin Şərq şahzadəsi” kimi müraciət edirlər. Zuhair Muradın ideal yaradıcılığı istənilən qadına gözəl duyğular yaşada bilər. Tabloid.az-ın "Brendlərin tarixi" layihəsi çərçivəsində bu həftə Zuhair Muradın uğura aparan yaradıcılıq yolundan bəhs edəcəyəm.

Livanlı dizayner Zuhair Murad 1971-ci ildə anadan olub. Onun uşaqlıq illəri Baalbəkdə keçib. O, bu gün dəb imperiyasının sahibi olsa da, ailəsinin yüksək dəb dünyası ilə heç bir “qohumluğu” yox idi. Ona görə də ailəsi oğlunun dəbə olan qeyri-adi ehtirasına çox təəccüblənmişdi. Buna baxmayaraq, onun bu işlə məşğul olmasına etiraz etməmişdilər.

мурад-2

Zuhair ilk eskizlərini 10 yaşından çəkməyə başlayıb. Bu gün isə o, həyatının bir gününü də əlində qələm olmadan təsəvvür edə bilmir. Dəb dünyasında iz qoymaq və sevilmək üçün həyatının 15 ilini sərf edən Zuhair 14 yaşında ilk dəfə teleyarışmanın qalibi olur. O, yarışmaya özünün hazırladığı 3 paltarla qatılmışdı.

Fantaziyaları yerə-göyə sığmayan Zuahir məktəbi bitirdikdən sonra moda sahəsində təhsil almaq üçün Livanı tərk edib Parisə köçür. 1995-ci ildə Beyrutda özünün ilk atelyesini açaraq unikal üslubunu xanımların ixtiyarına buraxır. Bu hadisə tezliklə Livanın ali cəmiyyətinin diqqətini çəkir və milli mətbuatda böyük maraq doğurur. Gənc dizayner özəl müştərilərə xidmət göstərməyə başlayır, çünki onda olan qeyri-adi istedadı görməmək mümkün deyildi. Kral ailələrinin nümayəndələri də onun atelyesinə biganə qala bilmir.

1999-ci ildə Zuhair Murad artıq “Alta Roma Fashion Week" - də öz kolleksiyasını nümayiş etdirməyə dəvət olunur. Bu, livanlı dizaynerin beynəlxalq moda sənayesində ilk debütü idi. 2001-cu ildə isə Zuhair Murad möhtəşəm kolleksiyasını "Paris Haute Couture Fashion Week" Paris yüksək moda həftəsində təqdim edir. Bu, onun karyerası üçün, əlbəttə ki, böyük təkan idi.

2005-ci ildən etibarən Zuhair Murad "pret-a-porte" kolleksiyası ilə dünyanın hər yerindən ona müraciət edən elitanın tələblərinə cavab verən geyim nümunələri yaradır. Dizayner detallara xüsusi diqqət yetirir və öz sehrli üslubu ilə paltarlara yeni ideya gətirir. Dizayner deyir: "İlkin təəssürat heç vaxt unudulmur, aldadıcı deyil, o, uzun müddət yadda saxlanılır. Mən bu anın yaradıcısı və səbəbkarı olmaq istəyirəm".

мурад-3

2012-ci ildə rəsmi olaraq Paris Yüksək Dəb Həmkarlar Palatasının üzvü seçilən Zuhairin bu statusu kolleksiyalarının yüksək dəbin standartlarına uyğunluğunun sübutudur.

Muradın üslubu qadın bədən quruluşunu vurğulayır və onun cazibəsini daha da artırır. Qəribə naxışları, azad biçimləri, uçan parçalar və digər detalları nağıllardakı şərq şahzadəsi obrazının xarakterik xüsusiyyətləridir. O, ehtiraslı, sirli, özünə əmin, yaxşı təhsilli, müasir və bahalı qadın obrazının yaradıcısıdır. Bir sözlə, qadın gözəlliyini ilahələşdirir və onu əlçatmaz edir.

Son zamanlar qırmızı xalıda daha rahat əhval-ruhiyyə hökmrandır. Məşhurlar individuallığa meyl edirlər. Elə buna görə də Hollivud ulduzları bir-birinin ardınca qırmızı xalıda cazibədar görünmək üçün Zuhair Muradın əsərlərinə müraciət edirlər. Qremmi, Emmi, Qızıl qlobus və Oskar kimi bir çox digər mərasimlər Zuhair Muradın heyranedici dəstləri olmadan keçinə bilməz.

мурад кутюр

O, az müddət ərzində incə və nadir ziyafət libasları sayəsində böyük moda imperiyasının sahibinə çevrildi. Zuhair Murad yüksək moda dünyasına daxil olan kimi dərhal qadın zərifliyi, gözəlliyi və cazibəsinə livanlı baxış mövqeyinin nə demək olduğunu göstərdi.

Onun ziyafət libasları gül-çiçəklərin cismani təmizliyini, nadir və mürəkkəb parçaları isə Misir şahzadələri və yunan ilahələrini xatırladır.

“Mən sülh və əmin-amanlıq dolu, sehrli dünya yaratmaq istədiyim üçün kolleksiyalarımda gül motivləri və yaşıllıqdan ruhlanıram. Yaşıl bağ sonsuz bir ilham mənbəyidir - pastel çalarları və gül dəstələri...

Ümumiyyətlə, bu işdə ilham mənbəyinin olması çox vacibdir. Fantaziyam və dəbə olan ehtirasım məni ilhamlandıran başlıca amillərdir. Ölkəmin təsvirolunmaz təbii gözəlliyinin də mənim yüksək moda aləminə daxil olmağımda böyük rolu var”.

Şaftalı, sarı, ağ, qara, qızıl, nanə yaşılı, zərif çəhrayı, nəcib göy, həssas yasəmən Zuhair Murad kolleksiyasının əsas rəngləridir.

Zuhair Murad 2012

Onun kolleksiyası təkcə ziyafət libaslarından ibarət deyil, aksesuarlar və eynək kolleksiyası da olduqca genişdir. Alt paltarı və çimərlik geyimləri, o cümlədən, ətriyyat, kosmetika xəttinin işə salınması və genişləndirilməsi ilə bağlı da onun planları var.

Bu gün dünyanın 100 ən iri mağazalarında onun ziyafət və kokteyl libaslarını tapmaq mümkündür. Brendin əsas mərkəzi Beyrutda yerləşsə də, Parisin ayrı-ayrı salonlarında kutyur və gəlinlik paltarları təklif olunur.

мурад шоу париж

Onun sonsuz palitrasının, parçaların mürəkkəb teksturasının və incəliyinin dəyişməz pərəstişkarları arasında Rihanna, Cennifer Lopez, Kristina Aqilera, Kristen Stüart, Ketrin Zeta Cons, Teylor Svift, Beyons, Bleyk Layvli və Nina Dobrev kimi ulduzlar var.

O, müsahibələrinin birində bildirir ki, "Fikrimcə, "haute couture" özündə incəsənətin bütün növlərini cəmləşdirir: rəsm, rəngkarlıq, heykəltəraşlıq, musiqi və hətta kolleksiyalarının nümayişi kiçik sənədli filmdir.

Nəyisə dəyişmək imkanım olsa idi, heç nəyi dəyişməzdim. Çünki siz nəyisə dəyişmək istəyirsinizsə, bu artıq yaradıcılıq olmayacaq. Mən şadam ki, yüksək moda belədir. Buna görə mən də onu sevirəm.

Eleqantlıq - hər kəsin özünə yaraşan libası geyinməsi deməkdir. Bu, geyim tərzində öz fərdiliyini vurğulamağa kömək edir. Mənim qəhrəmanım dəbin qurbanına çevrilmədən ona əməl edən və öz zövqünə arxayın olan füsunkar qadın obrazıdır ”.

Zuhair Muradın ziyafət libaslarının yüksək moda aləminə belə sürətlə daxil olmasını, dəbin bu günki qanunvericilərindən birinə çevrilməsini və ulduzların qırmızı xalıda bu brendə üstünlük verməsini sözlərlə ifadə etmək imkansızdır. Bunun səbəbini dərindən anlamaq üçün, gəlin, şəkillərə birlikdə baxaq.

зухаир мурад финал

Oxumağa davam et
Reklam
Reklam

Gündəm