“Modanın romantik şahzadəsi”nin uğura gedən yolu - Fotolar
Bizi izləyin

Layihə

“Modanın romantik şahzadəsi”nin uğura gedən yolu - Fotolar

Bir mükafatla həyatı dəyişdi

Türkiyənin keçmiş prezidenti Turqut Özal XXI əsrin türk əsri olacağını deyirdi. Zaman o zamandır ki, türk dövlətləri dünya siyasətinə öz həqiqətlərini diqtə edir. Türkün sözünün qüdrəti artıq moda dünyasına qədər gəlib çatıb. Bu bir reallıqdır ki, moda dünyası son illər türk modelyerin diqtə etdiyi qanunlara tabe olur. Söhbət ən populyar modelyerlərdən olan Erdem Moralıoğlundan gedir.

“Erdem” brendinin tarxiçəsi sizi heyrətləndirəcək

Kimi onu “Modanın romantik şahzadəsi” adlandırır, kimi də “Çiçəklərin əfəndisi” deyir. Erdem Moralıoğlu Hollivud ulduzlarının, birinci xanımların və kral ailələrinin sevimli modelyeridir.

Tabloid.az-ın “Brendlərin tarixi” layihəsində bu dəfə gənc modelyer Erdem Moralıoğlunun uğura gedən yolundan bəhs edəcəyəm. Modelyerin nəinki özü, elə adını daşıyan “Erdem” brendinin tarxiçəsi də sizi heyrətləndirəcək.

İngilis südü, türk qanı....

Erdem Moralıoğlu 1977-ci ildə Kanadanın Monreal şəhərində dünyaya gəlib. Anası ingilis, atası türkdür.

Tez-tez Antakyaya və İstanbula gələn modelyer doğulduğu və böyüdüyü ölkələrin hər birinin onun həyatında önəmli rolu olduğunu deyir: “Türkiyə mənim kökümdür, Kanada uşaqlığım, London isə modelyer olduğum yerdir, evimdir”.

Onun gözü əvvəldən yüksəklərdə idi...

Erdem Moralıoğlu Kanadanın Ryerson universitetində moda təhsili alıb. Daha sonra “Vivienne Westwood”da təcrübəçi olub. 22 yaşında Londona köçüb və “Royal College of Art”da moda üzrə təhsilini davam etdirib. Ömür boyu Londonda yaşamaq istədiyinə də elə bu illərdə qərar verib. Gələcəyin ən uğurlu modelyeri 3 il sonra Nyu Yorka köçüb. Burada məşhur modelyer Diana fon Fyurstenberq ilə işləmək şansını əldə edib. Ancaq Erdemin gözü daha yüksəklərdə idi, o öz markasını yaratmağı xəyal edirdi. Elə bu arzu ilə 2005-ci ildə yenidən Londona qayıdıb.

Bir mükafatla həyatı dəyişdi

Nəhayət, o, gözünü dikdiyi zirvəyə doğru addım-addım irəliləyir... Uğurlar silsilsinə bir jurnalda start verirlir...

Modelyer olaraq, ilk işi ona böyük uğur gətirir. Belə ki, “Vogue” jurnalı Erdemi ‘‘British Fashion Fund’’ mükafatına layiq görür. Jurnalın ilk dəfə verdiyi bu mükafatı almaqla Erdem Moralıoğlu “Nicholas Kirkwood”, “Christopher Kane” kimi imzaları geridə qoyur. 200 min sterlinqlik mükafatı əldə edən modelyer ilk debütünü edir. “Erdem” markasının zirvəyə gəlməsinə məhz bu mükafat təkan verir.

Erdem” zirvədə

İndi o, özü bir zirvədir. Beynəlxalq arenada cəmi 10 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq, bir çox uğurlar qazanan Erdem Moralıoğlunun imzası dünyada tanınır. Hazırda onun geyimləri dünyanın 27 ölkəsində satışa çıxarılır. Türkiyədə “Vakko”, dünyada isə “Barneys New York”, “Saks Fifth Avenue”, “Colette”, “Dover Street Market” və “Harvey Nichols” daxil olmaqla 90 mağazada “Erdem” moda evinin məhsullarını tapmaq mümkündür. Beləliklə, 10 ilə 27 ölkəni fəth edib 90 nöqtəyə “bayrağını sancdı”

İlə 1 mükafat

Erdem Moralıoğlu moda dünyasında əlinə qələm alandan bəri bir çox mükafatlara layiq görülüb.

2005-ci ildə “Fashion Fringe Award”, 2007-ci ildə “The Swarovski British Fashion Council Fashion Enterprise Award” mükafatlarını alan Erdem Moralıoğlu ilə azı bir mükafat qazanır.

2008-ci ildə “The BFC’s Fashion Forward Award” layiq görülür. 2009-cu ildə yenidən “Fashion Future Award” mükafatını alır.

2010-cu ildə isə “BFC/Vogue Designer Fashion Fund”un qalibi olur. 2013-cü ildə yenidən “Vogue” tərəfindən mükafatlandırılır.

2013-cü ildə “Qlobal moda mükafatları” gecəsində “Ən yaxşı qadın geyimləri modelyeri” adına layiq görülür.

Ötən il “İngilis moda mükafatları gecəsi”ndə isə “Ən yaxşı qadın geyimləri dizayneri” seçilir.

Xatırladım ki, Londonda baş tutan mükafat gecəsində Rihanna, Kara Delevin, Viktoriya Bekhem, Emma Uatson, Kayli Minoq, Naomi Kempbell kimi dünya ulduzları iştirak etmişdi.

Uğur ona doğru yürüyür

Sanki Erdem uğura deyil, uğur Erdemə doğru yüyürür. Bəlkə də, bu, onun dünyaya modelyer olaraq gəlməsindən qaynaqlanır. Erdem Moralıoğlu özü də etiraf edir ki, o özünü tanıdığı andan etibarən başqa bir peşə haqqında düşünməyib.

Erdem hələ 6 yaşında olarkən modelyer olacağına qərar verib. O, ilk paltarlarını əkiz bacısı Saranın gəlincikləri üçün tikib:

"Modayla bu qədər maraqlanmağımın ən böyük səbəbkarı əkiz bacım olub. Uşaqlığım Saranın gəlinciklərinə paltar tikməklə keçib. 6 yaşımda modelyer olmağa qərar verdim. Hələ 8 yaşım olanda televiziyada Karl Laqerfeldin dəfiləsini göstərirdilər. Onda anladım ki, bu işdən başqa heç nə ilə məşğul olmaq istəmirəm. Ailəm varlı deyildi. Bu arzumu necə reallaşdıracağımı bilmirdim. Ancaq valideynlərim bir xokkeyçi olmayacağımı bilirdilər. Məndə yaradıcılıq olduğunu hiss edirdilər”.

O, ingilis və türk mədəniyyətini birləşdirdi

Erdem Moralıoğlu öz kolleksiyalarında həm ingilis, həm də türk mədəniyyəti ilə tanış olduğunu sübut edir. Məsələn, imzasını qoyduğu işlərdə fərqli mədəniyyətləri əks etdirən detallara yer verir. Onu bu xüsusiyyətin ölümsüz etdiyinə inanır:

“Dünya görüşümün formalaşmasına təsir edən fərqli mədəniyyətlər sayəsində hər ölkənin qadınına xitab edirəm. Mənim fikrimcə, bu moda dünyasında qalıcı bir iz qoymaq üçün kifayətdir”.

Trendləri təqib etmir, ancaq saralmış fotolardan, Saat qülləsindən və Topkapı sarayından ilhamlanır...

Uğrunun sirrini açıqlamaqdan çəkinməyən modaçı başqa təsir altına düşməmək üçün trendləri təqib etmədiyini bildirir. Erdem Moralıoğlu diqqətini dağıdan bütün ünsürləri həyatından çıxarıb. O, moda bloqlarına göz gəzdirmir, hətta işlədiyi məkanda internet olmamasına diqqət edir. Bazarlardan, saralmış fotolardan, “Merchant-Ivory” şirkətinin filmlərindən, Londonun Saat qülləsindən və Topkapı sarayından ilham alır:

“Qadının hər zaman gözəl görünməsini istəyirəm. Amma rahatlıq da önəmlidir. Bacım geyindikdə narahat olacaqsa, elə paltarı təqdim etmərəm”

Modelyerin kolleksiyalarında romantik əhval-ruhiyyə hiss edilir. Lakin həmin əhval-ruhiyyənin əks olunduğu kolleksiyaları modelyerin harda hazırladığını söyləsək, inanarsınız? Kolleksiyalarının çertyojlarını “Royal College Of Art” kitabxanasında hazırlayan modelyer kitabların ona ruh yüksəkliyi verdiyini bildirir.

Erdem Moralıoğlunun özünə xas üslubunda təzadlar, əks qütblərin möhtəşəm harmoniyası öz əksini tapır.

Onun imzası çiçəklərdir...

Əgər bir libasın üzərində çiçəkli naxışlar “Erdem” imzasına işarədir. Yaponiyanın Kioto muzeyində gördüyü qadın şəkilərinin onun ilham mənbələrindən biri olduğunu deyən dahi modelyer çiçəkləri niyə bu qədər çox sevdiyini belə izah edir:

“1930-cu illərdə Yaponiyada çəkilən bu fotoşəkillər “Modan Garus” adlandırılan müasir qadınları əks etdirir. Bu qadınlar adət-ənənələrə qarşı gələrək ənənəvi kimonoları geyinməkdən imtina ediblər. Bu fotolardan ilham alaraq cəsarətli rənglərdə, çiçək açan kimonoları qərb modası ilə uyğunlaşdırdım və öz tərzimi yaratdım”.

Modelyerin hər kolleksiyasında oxşar detallara rast gəlmək olur. Printlər, çiçək naxışları (xüsusilə də, qırmızı rəngli çiçəklər), çitmələr, tül, gipür onun əsərlərini təkrarolunmaz və füsunkar edir.

O, çılpaqlığın qadının nəcibliyinə xələl gətirdiyinə inanır...

Erdem Moralıoğlu “Mən hər kolleksiyamda yeni bir kitab yazmıram. Hamısı eyni kitabın növbəti seriyasıdır”, - deyir. Dediklərində həqiqət var. Onun bütün kolleksiyalarına nəzər saldıqda oxşar rəng, kəsim və biçimlərdən istifadə etdiyini görmək olur, buna baxmayaraq, hər dəfə təəccübləndirə bilir.

Kolleksiyalarında həddən artıq qısa və açıq-saçıq libaslara yer vermir. Çünki modelyer çılpaqlığın qadının nəcibliyinə xələl gətirdiyinə inanır. “Erdem” brendindən geyinmək istəyirsinizsə, maksi və midi ətəklərə, donlara öyrəşməlisiniz.

Erdem Moralıoğlunun yaradıcılığını ancaq “ebruli” sənəti ilə müqayisə edə bilərəm. Modelyer “ebruli” sənətkarının incəliyi və dəqiqliyilə parçalara rəng və həyat verir. O, ən ağlagəlməz rənglərdən birlikdə istifadə edir. İlk baxışda qarmaqarışıq görünən əsərləri qadının üzərində çox şıq və zərif görünür.

Güclü qadınları geyindirməyi sevir...

Keçmişlə yenini, müasirliklə retronu bir libasın üzərində görüşdürür.

Modelyerin hədəfi dizaynlarını hazırlayarkən zərif və macərapərəst qadınların ruhunu oxşamaqdır. Erdem Moralıoğlu özündən əmin, güclü qadınları geyindirməyi sevir.

Ancaq moda tənqidçiləri onun geyimləri ilə bağlı çox maraqlı bir faktı diqqətə çatdırırlar: “Erdemin qadınları çiçəkli və ya kəpənəkli bir libasda belə hüzünlü və kədərli görünürlər”.

Bu da onun romantik üslubundan irəli gəlir.

Qarışıqlığın zərafəti – bu dəfə onun zərif libaslarını sıx cəngəlliklər və gül kolları bəzəyib

Hazırda “Londonun Kristian Lakruası” adlandırılan Erdem yaxın gələcəkdə “dünyanın Kristian Lakruası” olmaq arzusundadır.

Buna baxmayaraq şöhrət və pul onun üçün heç nə ifadə etmir. O, sadəcə sevdiyi işlə məşğuldur.

London moda həftəsinin ən çox maraq doğuran modelyeri olmağı bacaran Erdem Moralıoğlu, demək olar ki, hər il pərəstişkarlarının sayını artırır.

Modelyerin 2006-cı ildə təqdim etdiyi yaz-yay kolleksiyası sadə, cəsur və romantik görünüş yaradan geyimlərlə yadda qalıb.

Eyni ilin payız-qış kolleksiyasında isə modelyer 1950-ci illərdən ilham alıb. Kiçik və yandan taxılan şapkalar ön planda olub.

Erdem Moralıoğlu ən uğurlu kolleksiyalarından birini isə 2011-ci ildə təqdim edib. Yenə çiçək naxışlarının üstünlük təşkil etdiyi ipək və parçalardan istifadə edərək incə iluet yaradıb.

None

“Hər kolleksiyam qadının həyat kitabında yer alan yeni bir səhifə kimidir”, deyən Erdem Moralıoğlu bu günlərdə yeni kolleksiyasını təqdim edib. London moda həftəsi çərçivəsində nümayiş etdirilən payız-qış kolleksiyasında paltarlar üzərində ən gözəl qönçələr təsvir olunub. Həmçinin, sıx cəngəlliklər və gül kolları da zərif libasları bəzəyib.

tabloid.az

Erdem Moralıoğlunun qısa zaman ərzində qazandığı uğurlar Hollivud ulduzlarının və İngiltərənin nüfuzlu xanımlarının diqqətindən yayınmayıb. Belə ki, dünyanın ən cazibədar ulduzları önəmli tədbirlərə “Erdem” libasları ilə təşrif buyurublar.

Kira Naytli, Eşli Olsen, Sarah Brown, Klaudiya Şiffer, Enn Heteuey, Cessika Alba, Marion Kotiyar, Culiana Mur, Emma Ston, Sarah Cessika Parker kimi ulduzların qarderobunda “Erdem” markasının geyimləri geniş yer alır. Onlar dəfələrlə Erdem Moralıoğlunun kolleksiyalarına heyran olduqlarını etiraf ediblər.

Ən böyük pərəstişkarı Keyt Middletondur

Modelyerin pərəstişkarları arasında İngiltərə taxt-tacının təmsilçiləri olan nüfuzlu qadınlar da var. Kembric hersoqoniyası Keyt Middleton Erdem Moralıoğlunu yaxından təqib edir. Zərif, sadə və şıq seçimlər edərək stil ikonası olduğunu sübut edən Keyt Middleton dəfələrlə “Erdem” imzalı geyimlərlə görüntülənib.

Keyt Middleton 2011-ci ildə Kanada səfəri zamanı seçimini Erdem Moralıoğlundan etmişdi. 2012-ci ildə kraliçanın ad günü mərasiminə yenə “Erdem” imzalı mavi rəngli libası ilə qatılmışdı.

Ötən il də Yeni Zellandiyaya etdiyi səfər zamanı Erdem Moralıoğlunun zövqünə güvəndi və şıq görünməyi bacardı.

Bir sözlə, dəbli görünmək istəyən xanımlar Keytə, Keyt isə Erdemə heyrandır.

Elitadan sadə insana – o, hər kəsin modelyeridir

None

“10 ildir kolkeksiya hazırlayıram. Geyimlərimi Parisdə yaşayan 18 yaşındakı bir qız da geyinə bilər, 24 yaşındakı sinqapurlu iş qadını da. Hətta İstanbulda yaşayan 57 yaşlı zərif bir nənə də hazırladığım libası geyinə bilər. Mənim sirrim də elə bundadır”, deyən Erdem Moralıoğlu İngiltərənin keçmiş baş naziri Qordon Braunun həyat yoldaşı Sarah Brounun və yeni baş nazir Devid Kemeronun həyat yoldaşı Samantanın da ən sevimli modelyeridir.

İstənilən vaxtda getdiyiniz məkanın ən şıq qadını ola bilərsiniz

“Ən böyük sirrim qadınlara özlərini rahat hiss etmələri üçün şərait yaratmaqdır. Mənim imzamı daşıyan bir libası səhər babetlərlə, gecə isə dikdaban ayaqqabı ilə geyinə bilərsiniz. Istənilən vaxtda getdiyiniz məkanın ən şıq qadını ola bilərsiniz. Üstəlik, bunun üçün çox əmək sərf etmədən…”, deyən modelyer, deyəsən, məhz bu səbəbdən ABŞ prezidenti Barak Obamanın xanımı Mişel Obamanın da qəlbini fəth edib.

Hər qadının bir “Erdem”i olmalıdır

Deyilənlərə görə, yüksək zümrədən olan xanımlar öz aralarında söhbət edərkən “Hər qadının bir “Erdem”i olmalıdır” deyirlər.

Belə görünür ki, “Yeni nəsil”in ən güclü modelyeri kimi qiymətləndirilən Erdem Moralıoğlu bundan sonra da bir çox uğurlu işlərə imza atacaq.

Sonda onun pərəstişkarı olan dünya ulduzlarının və elit təbəqənin xanımlarının “Erdem” brendindən etdikləri seçimləri təqdim edirəm:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm