Polina Qaqarina: “Konçita qalib olmağa layiq idi” - FOTOLAR
Bizi izləyin

Layihə

Polina Qaqarina: “Konçita qalib olmağa layiq idi” - FOTOLAR

12 il əvvəl “Ulduz fabriki” (Фабрику звезд) yarışmasının toppuş qalibi, indi isə Rusiya şou-biznesinin miniatür sarışın gözəli Polina Qaqarina Rusiyanı bu ilki "Eurovision” müsabiqəsində təmsil edəcək.

Publika.az-ın “Kokteyl” layihəsində Polina Qaqarinanın Rusiya mətbuatına verdiyi müsahibəni təqdim edirik:

- Polina, "Eurovision” yarışmasına qatılacağınız məlum olanda ilk emosiyalarınız nə oldu?

- İnanılmaz... Eyforiyadaydım. İlk solo konsertim və promo-turlar artıq başa çatdı, hər şey gözəl keçdi. Əslində, "Eurovision" xəbəri məni çox gözləməyə məcbur eləmədi. Turlar, ard-arda konsertlər mənə inanılmaz emosiyalar bəxş elədi. Dincəlməyə vaxtım olmasa da, bir-birini əvəz edən gözəl hisslər yaşayıram.

- Həyat yoldaşınız və oğlunuz müsabiqəyə qatıldığınızı öyrənəndə necə reaksiya verdilər?

- Oğlum məktəbdə oxuyur. Nə baş verdiyini hələ dərindən anlamır. O, bilir ki, anası oxuyur, deyəsən, məndə pis alınmır.(Gülür) Oğlum bir dəfə mənim solo konsertimdə olub. Buna görə də çox sevinirdi. Amma ola bilsin ki, biz onu təyyarə ilə Vyanaya aparanda nə baş verdiyini başa düşəcək. Müsabiqəyə ailəvi gedirik. Ailəm Vyananın görməli yerlərini gəzib şəhərdən zövq alacaq, mən isə o vaxt müsabiqədəki çıxışıma hazırlaşacağam. Həyat yoldaşıma gəldikdə, o, çox xoşbəxtdir. Mənə də inanılmaz dərəcədə dəstək olur, o, mənim ən böyük dayağımdır.

- Bu müsabiqədə iştirak etmək, deyəsən, çoxdankı arzunuz olub. Amma nədənsə, əvvəlki namizədlər arasında adınız çəkilmirdi.

- Mən fatalistəm (taleyə, qismətə inanan), ulduzumun parlayacağına həmişə inanmışam. Doğru zamanı gözləyirdim! Mən möcüzələrə və arzularımın reallaşacağına inanıram. Hesab edirəm ki, hər şey yavaş-yavaş, öz-özünə gerçəkləşir. Həyatımın axarı xoşuma gəlir.

- Soydaşlarımızın dəstəyini hiss edirsiniz? Və ya mənfi rəylər də var idi?

- Mənfi rəylər söyləndi, amma onların olmasını arzu etməzdim. Mən bukmeyker kontoru deyiləm, kimin qalib gələcəyini əvvəlcədən deyə bilmərəm. Bu barədə proqnozlarım heç düz çıxmır. Dəqiq bilirəm ki, xoşagəlməz mülahizələr olmadan, soydaşlarımın dəstəyini hiss etmək istəyirəm. Rəylər hər şey demək deyil. Ən başlıcası, çıxışım və mahnıdır. Səhnəyə də yalnız tamaşaçıların qəlbinə yol tapmaq, onları mahnının təsiri altına almaq, mahnı ilə ovsunlamaq üçün çıxıram. Konsertlərdən sonra tamaşaçılar yanıma gəlib oxuduğum mahnıların onları təsirləndirdiyini, hansısa məqamda ruhlandırdığını deyirlər. Belə sözləri eşidəndən sonra gördüyün işin əbəs olmadığını anlayırsan. Deməli, mən düz yoldayam.

- Keçən il "Eurovision" müsabiqəsində “saqqallı qadın” Konçita Vurst qalib gələndən sonra çoxlarının bu müsabiqəyə münasibəti dəyişdi. Sizin bu məsələyə münasibətiniz necədir?

- Gözəl! Konçitanın ifası və mahnısı çox xoşuma gəlmişdi. Hər halda "Eurovision" mahnı müsabiqəsidir, mahnı isə zənnimcə, qalib olmağa layiq idi. Çox çətin mahnı idi. Konçita bu yarışmada həm səsini göstərə bildi, həm də müəyyən mesaj ötürə bildi. Xarici görünüşü isə onun şəxsi seçimidir. Həmin seçim kiminsə xoşuna gələ bilər, başqasının isə yox. Mən hesab edirəm ki, biz - ağıllı insanlarıq. Ətrafımızda baş verənlərə düzgün reaksiya verməliyik, dözümlü olmalıyıq. Əgər musiqidən söhbət gedirsə, burada musiqi əsas götürülməlidir, qalan hər şey ikinci plana keçir.

- Bununla belə, müsabiqədə qeyri-standart iştirakçılar peyda olur. Məsələn, bu il Finlandiyanı daun xəstəliyindən əziyyət çəkən pank qrupu təmsil edəcək.

- Bilirəm.

- Polşa təmsilçisi isə yarışmaya əlil arabasında qatılacaq. Onun da qalib olması ehtimal olunur. Sizcə, insanlar ona vokal imkanlarına görə üstünlük verəcəklər, yoxsa vəziyyətinə görə səs verəcəklər?

- Başqalarının nə fikirləşdiyini bilmirəm. 6 yaşımdan oxumağa başlamışam, ən əsası, sevdiyim işi görürəm. Ona görə də mənim üçün tamaşaçılarla ünsiyyətdə olmaqdan, səhnəyə çıxıb onlar üçün oxumaqdan böyük sevinc yoxdur. Başqaları haqqında heç nə düşünmürəm və planlaşdırmıram.

- Bəs, qalib gəlməyi necə, planlaşdırırsınız?

- Ümumiyyətlə, həyatımda heç vaxt heç nəyi planlaşdırmıram. Yəqin ki, bu, insanın edə biləcəyi ən ağlagəlməz səfehlikdir. Çünki bunu əvvəlcədən müəyyən etmək olmur. Sən saydığını say, gör, fələk nə sayır...

Əsas məqsədim səhnəni ələ almaqdır. Hər şeyin əla keçməsi üçün dua edəcəyəm. Enerjili və qüvvətli olanda, çıxışlarım da arzuladığım kimi alınır.

- Avropa ilə siyasi münasibətlərin “Eurovision” finalının nəticələrinə təsir edəcəyindən qorxmursunuz ki?

- Bilirsiniz, mən təyyarə ilə uçmaqdan qorxuram. Bir də hər bir insan kimi doğma və yaxınlarımı itirməkdən qorxuram. Bunlar ən dəhşətli qorxularımdır.

- Dünyada baş verən siyasi hadisələr istər-istəməz müsabiqəyə təsir edir. Xoşagəlməz hadisələrə hazırsınızmı?

- Bu suala çox sadə cavab verəcəyəm. Şou-dünyasında da əslində hər zaman müharibə gedir. Uzun illərdir ki, bu vəziyyətə tab gətirirəm. Qəfil zərbələrə baxmayaraq, ayaqda qalmağı çoxdan öyrənmişəm. Bu mənada çox mətanətliyəm. Üstəlik, ətrafım güclü və sevdiyim insanlarla doludur.

Həyata çəhrayı eynəkdən baxıram. Lakin bu, o demək deyil ki, göylərdə uçuram. Hətta ən pis anlarımda da pozitivliyimi itirməməyə çalışıram, həyata nikbin gözlə baxıram. İçimdəki səmimi və sadəlöhv uşağı qorumağa çalışıram. Nikbinlik nə qədər paradoksal olsa da, çətin maneələri aşmaqda mənə çox kömək edir. Məni sevən çoxlu sayda vəfalı pərəstişkarlarım var. Onları öz çıxışımla sevindirəcəyimə inanıram.

- Rəqiblərinizi necə qiymətləndirirsiniz?

- Müsabiqədə iştirak edən ifaçıların hamısını yaxşı tanımıram. Bundan başqa, rəqiblər sözünü də heç sevmirəm. Mən müsabiqəyə gedirəm. Bəlkə də bu, qəribə səslənəcək, son dərəcə gözəl Vyanaya yeni insanlarla tanış olmaq, inanılmaz emosiyalar əldə etmək, yeni şeylər görmək üçün gedirəm. Əlbəttə ki, birinci növbədə öz işimi görməyə və ürəkdən oxumaq üçün gedirəm.

- “Million Voices” mahnı seçimindən razısınızmı?

- Mahiyyət etibarilə mənim yaradıcılığım dramatik, lirik mahnılardan ibarətdir. Bu mənada yarışmada oxuyacağım mahnı yaradıcılığımla üst-üstə düşür. Musiqi ilə yanaşı, mahnının sözləri da gözəldir. Mahnının məzmununda milyonlarla insan xeyirxah və işıqlı gələcəyə çağırır, mənim səsim isə oxuyur. Əslində, bu mahnı ancaq mənim üçün yazılmayıb. Mahnının sözləri çox güclü, vacib mesaj ötürür. Musiqisi də çox həyəcanlı və dramatikdir. Düşünürəm ki, bu mahnı ilə hər bir dinləyicinin qəlbinə yol tapa biləcəyəm.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm