• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İmperatriçələri bəzəyən uğur və var-dövlət daşı - FOTOLAR

  • Layihə
  • 22 Aprel 2015 17:12
  • 2 688 Baxış
İmperatriçələri bəzəyən uğur və var-dövlət daşı - FOTOLAR

Əvvəlcə zümrüdlə səhv saldılar

Aleksandrit brilyant, yaqut, zümrüd və sapfirdən sonra ən qiymətli daşdır.

Aleksandrit daşı ilk dəfə tapıldıqda yaşıl rəngdə olduğu üçün onu zümrüdlə səhv salıblar. Ancaq daha sonra rəngini dəyişdirdiyini fərq edib onun fərqli bir daş növü olduğunu anlayıblar.

Onun rəngini işıq müəyyən edir

Aleksandrit daşı günəş ışığına tutulduqda yaşıla çalan mavi rəng alır. Mum ışığında isə qırmızıya çalan bənövşəyi rəngə bürünür. Alaqaranlıqda rəngi yenidən dəyişilir və qəhvəyi rəngdə görünür. Ona görə də bu daş səhər, günorta və axşam saatlarında tamamilə fərqli rənglərdə olur.

Onun rənginin dəyişməsinə səbəb tərkibindəki titan və xromdur.

Aleksandrit daşı almazdan sonra ən sərt daş hesab edilir.

Bu daş Rusiya, Madaqaskar, Şri-Lanka və Braziliyada çıxarılır.

Rus İmperatorluğunun rəmzi, dəbdəbə simvolu

Aleksandrit daşının tarixi olduqca maraqlıdır. Belə ki, aleksandrit ilk dəfə 1834-cü ilin 17 aprelində Ural dağında tapılıb.

Onu tapan Perovski soyadlı şəxs əvvəlcə daşı "diafanit" adlandırmaq istəyib. Diafanit yunanca "parıldayan" deməkdir. Ancaq sonra imperatorun xoşuna gəlmək üçün bu fikrindən daşınıb. Çünki təsadüfən onun daşı tapdığı gün rus imperatoru I Nikolayın oğlu, II Aleksandrın 16 yaşı tamam olub. Ad günü münasibətiylə bu qiymətli daşı Aleksandra hədiyyə edən Perovski daşın onun adıyla xatırlanmasını istəyib.

Rus yazar N.S.Leskov "Aleksandrit" adlı əsərində bu hadisələri nəql edir.

Onun yazdıqlarına inansaq, aleksandrit daşı qısa zamanda dəbdəbənin rəmzinə çevrilir.

Rus İmperatorluğunun rəmzi qırmızı və yaşıldır. Aleksandrit isə bu rənglərin hər ikisini də əks etdirir. Bu da onu göstərir ki, aleksandritin ölkənin rəmzinə çevrilməsi təsadüfi deyil. Ancaq bunda imperatriçə Aleksandra Feodorovanın da rolu böyük olub. Feodorova bu daşdan hazırlanan zinət əşyalarından həddən artıq çox istifadə edib. Saray əhli ona ayaq uydurmaq üçün aleksandritə böyük maraq göstərib.

Saraya edilən bomba hücumu nəticəsində II Aleksandr həyatını itirəndə onun dəfn mərasimində iştirak edən hər kəs aleksandrit daşı olan üzük taxıb.

Aleksandrın ölümündən sonra da daş öz şöhrətini qoruyub saxlayıb.

Sonrakı illərdə də impreratorların, kilsələrin, əyanların, ailələrinin, dini ikonaların (xristianlarda allahın yaxud övliyaların şəkli) aleksandrit daşlarıyla bəzəyiblər. Reqaliyanın (hökmdarlıq simvolu olan taxt-tac, əsa və.s) bəzədilməsində də aleksandrit daşlarından həddən artıq çox istifadə edilib.

Məşhur zərgər Faberj və onun zərgərlik məktəbinin şagirdləri öz əsərlərini yaradarkən aleksandritdən geniş istifadə ediblər.

Uğur və var-dövlət daşı

Yuxarıda aleksandrit daşının ilk dəfə 1834-cü ildə tapıldığını qeyd etmişdik. Buna baxmayaraq, arxeoloji qazıntılar göstərib ki, əsrlər öncə də bu daş hər kəsi valeh etməyi bacarıb. Qədim Yunanıstanda aleksandritdən zərgərlik əşyalarının hazırlanmasında geniş şəkildə istifadə ediblər. Hətta ilahə Demetranın barmağında belə aleksandritli üzük həkk edilib.

Hindistanlılar da aleksandritdən faydalanan xalqlar arasında olublar. Aleksandrit Hindistanda uğur və var-dövlət rəmzi hesab edilib.

XII əsrə aid kurqanlarda da aleksandrit daşlarıyla bəzədilmiş çoxlu qızıl üzüklər tapılıb. Təbii ki, bu kurqanlar yüksək rütbəli şəxslərə aid olub.

Təəssüf ki, keçmiş dövrlərdə bu daşın hansı adla tanındığı məlum deyil.

Niyə 90 ildə tükəndi?

Artıq Ural dağında aleksandrit tapmaq müşkül məsələdir. Bu daş mədənləri 90 il istifadə edildikdən sonra bağlanıb. Ona görə də həmin ərazidən tapılan aleksandritlər artıq həddən artıq bahadır.

Hazırda aleksandrit daha çox Braziliya və Afrikada istehsal edilir. Ancaq bu daşlar daha çox zeytun yaşılı rəngində olur.

Aleksandrit zümrüd qədər dəyərli hesab edilə bilərdi. Ancaq təəssüf ki, bu daş kəsilməyə və formaya salınmağa uyğun deyil. Bu proseslər zamanı daşın böyük hissəsi itkiyə gedir. Sərt olmasına rəğmən, kəsilərkən ovulub tökülür.

Ona görə də əl işi olan hazırlanan aleksandrit daşlarını əldə etmək çox çətindir. Bazarda sintetik aleksandritlər daha çox nəzərə çarpır. Ancaq saxta daşları orijinaldan fərqləndirmək elə də çətin deyil. Çünki saxta aleksandrit işığa uyğun olaraq rəng dəyişdirmir.

Aleksandrit daşından lazerin əldə edilməsində, peyklərin hazırlanmasında və raketlərin pəncərələrində istifadə edilir.

Bu daş ultrabənövşəyi şüalardan və digər zərərli işıqlardan qorumaq xüsusiyyəti daşıyır.

Aleksandrit təbii filtrdir, günəş işıqlarını süzgəcdən keçirir.

Əgər dünya ozon təbəqəsini tamamilə itirsəydi, planeti qorumaq üçün onu aleksandritlə hasara almaq ən ağıllı fikir olardı. Lakin o qədər çox aleksandrit ehtiyatı yoxdur.

İddialara görə, dünyanın ən zəngin insanları öz evlərinin və avtomobillərinin pəncərələrini aleksandritdən hazırladırlar. Bu yolla yaşlanmağın və günəş şüalarının səbəb olduğu dəri xərçənginin qarşısını alırlar. Elə dünyanın aleksandrit ehtiyatının qısa zamanda tükənməsinin də səbəbi bu olub.

Şəfa tapmaq üçün boyunbağısını, yoxsa üzüyünü taxmalı?

Aleksandrit Əkizlər bürcünün uğurlu daşı hesab edilir. Amma iyun ayının ikinci yarısında dünyaya gələnlər də uğur gətirməsi üçün bu daşı yanlarında gəzdirə bilərlər.

Aleksandrit təkcə qiymətli daş deyil, o həm də şəfa mənbəyidir.

Onun bir çox faydalı xüsusiyyətləri mövcuddur.

Mərkəzi sinir sistemində meydana gələn problemləri aradan qaldırır, insanın bacarıqlarını inkişaf etdirir. Özünə inamı artırır. Gün ərzindəki gərginlik və stressdən qorunmaq üçün aleksandrit daşından istifadə etmək olar. Boyunbağı formasında taxdıqda bu problemlərə daha tez təsir edir.

Aleksandrit hüceyrələrin yenilənməsinə dəstək olur. Qan xərçəngindən qoruyur. Qanı artırır, qan damarlarını genişləndirir. Daşın bu xüsusiyyətlərindən faydalanmaq istəyənlər ondan hazırlanan üzük taxmalıdırlar.

Zehni qüvvətləndirir, yaddaşı gücləndirir.

Hormonların səviyyəsini tənzimləyir.

İnsana xoşbəxtlik verir. Uzunömürlüyün daşı hesab edilir. Sağlam və dinc qalmaq üçün aleksandritə etibar etmək olar.

Əzələləri və əzələ hüceyrələrini gücləndirir.

Limfa vəzilərindən qaynaqlanan şişləri aradan qaldırır. Dalağın və mədəaltı vəzin xəstəlikləri zamanı köməkçi vasitə kimi istifadə edilir.

Bir çox qiymətli və şəfalı daş kimi aleksandritin də faydalanından yararlanmaq üçün onu vaxtaşırı təmizləmək lazımdır. Axar su altında 5 dəqiqə yuyaraq buna nail olmaq olar. Sirkəli və ya duzlu suyun içərisində 5 dəqiqə saxlamaq da eyni effekti verəcək.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR