Dəbin mərkəzinə yeni dəb gətirən əfsanəvi modelyer - FOTOLAR
Bizi izləyin

Layihə

Dəbin mərkəzinə yeni dəb gətirən əfsanəvi modelyer - FOTOLAR

“Nina Ricci” bu gün dünyanın hər yerində sevilən tanınmış moda evidir. Moda evi bazara çıxdığı ilk gündən dəbdəbənin, zərif qadın incəliyinin və romantikanın sinoniminə çevrilməyi bacarıb.

“Nina Ricci” həm də dekorativ kosmetika, parfümeriya, qadın geyimi, ayaqqabı və aksessuar istehsalında ixtisaslaşan fransız brendidir. Publika.az-ın “Brendlərin tarixi” layihəsi çərçivəsində bu həftə “Nina Ricci” moda evinin yaranması və moda dünyasında qazandığı uğurlardan danışacağıq.

Brend öz yaradıcısının adı ilə bağlıdır. “Nina Riççi” fransız brendi olsa da, onun banisi əslən italiyalıdır. Nina Riççi ləqəbi ilə məşhurlaşan Mariya Nielli 1883-cü ildə şəhərin ən yaxşı çəkməçi ailəsində (Turində) anadan olub. Məsələ ondadır ki, doğmaları Mariyanı uşaqlıqdan Nina çağırırdılar. Ö, özü də bu adı sənəddə qeyd olunmuş addan daha çox sevirdi. Riççi isə həyat yoldaşının soyadı ilə bağlıdır.

Nina Ricci – история бренда и его легендарных ароматов

Ailəsi yaxşı dolanışıq axtarışı ilə əvvəlcə Turindən Florensiyaya, oradan isə Monte Karloya səfər edib. Mariya anadan olduqdan bir neçə il sonra ailəsi sonda dəbin paytaxtı Parisdə məskunlaşmaq qərarına gəlib. Atasının fikrincə, məhz burada sərfəli sifarişçilər tapmaq mümkün idi. Hər şey onun dediyi kimi oldu. Belə ki, atası burada daha yaxşı gəlir əldə etməyə başlamışdı. Mariyanın atası River Fransada özünə çox varlı müştərilər tapırdı. Lakin atasının qəfil ölümündən sonra ailənin maddi durumu pisləşir. Mariyanın məşhur çəkməçi atası ailəsinə bir qara qəpik də miras qoymadan dünyasını dəyişmişdi. 12 yaşlı Mariya bu problemi həll etmək üçün bütün yükü öz zərif çiyinlərinə alır. O, kiçik yaşlarından atelyedə işləməyə başlayıb. Gələcəyin böyük modelyeri layiq olduğu məşhurluğu əldə edənə qədər bir çox çətinliklərdən keçməli olub. Mariya üçün moda dünyası əlçatmaz, sehrli bir aləm olsa da, 12 yaşında qızın güc, qüvvə tələb edən tikiş maşınında işləməsi elə də asan məsələ deyildi. Mariya isə bütün bunlara mətanətlə dözür, taleyin ağır sınaqlarından üzüağ çıxmağa çalışırdı. O, tikiş bacarıqlarını inkişaf etdirmək üçün gecəsini-gündüzünə qatıb dayanmadan çalışırdı. Mariya sexdə işə başlayanda azyaşlı olduğu üçün ona ən darıxdırıcı işlər tapşırılırdı. O, sexdə düymələri tikməyə, sifarişçilərin paltarlarını ütüləməyə, müştərilərə xidmət göstərməyə məcbur olurdu. Bütün bunlara baxmayaraq, dəbdən ilhamlanan qız öz öhdəliyində olan işləri böyük həvəslə yerinə yetirirdi. Ninanın dəbdəbəyə olan ehtirası, həmçinin səbirli və çox işləmək bacarığı, sözsüz ki, ona atasından keçmişdi. Mariyanın bu istedadı diqqətdən kənarda qalmadı. İstedadlı və zəhmətkeş qızcığaz 18 yaşında artıq sexə başçılıq edirdi, 22 yaşında isə atelyenin aparıcı modelyeri olmuşdu. Bu zaman bütün geyimlər onun eskizləri və rəhbərliyi ilə tikilirdi. Xüsusən də onun tikdiyi qadın baş geyimləri çox yaxşı satılırdı. O zamanlarda Nina yaşıdları arasında ən yaxşı modelyer hesab olunurdu, bir neçə il sonra isə artıq Parisin kübar xanımlarının da hörməti qazanmış, onlar üçün eskizlər çəkirdi.

1904-cü ildə Mariya avtobus dayanacağında təsadüfən çiçəkçi Lui Riçi ilə tanış olur. Onların tanışlığı evliliklə nəticələnir. Bu evlilikdən Robert adlı bir oğlu dünyaya gəlir. Nina Lui ilə ailə qurandan sonra Riççi soyadını qəbul edir. Lakin təəssüf ki, onların nikahı uğurlu alınmır. Ninanın şəxsi həyatında bəxti gətirməsə də, ona uğur gətirən Riççi soyadından imtina edə bilməmişdi. Boşandıqdan sonra əli uşaqlı qalan Nina zirvələrə çatmaq üçün yorulmadan çalışırdı. Öz dediyinə görə, oğlu Roberti hər şeylə təmin etmək üçün öküz kimi işləyirdi.

Нина и Робер Риччи

1905-ci ildə yaradıcı xanım Riççi ilə aparıcı fransız moda evləri də maraqlanırdı. Onlardan alınan sifarişlər Ninanın nüfuzuna işləyirdi. Onun yaradıcılığının böyük hissəsi “Raffin” moda evi ilə bağlıdır. Belə ki, dizayner 20 ildən artıq “Raffin” moda evində çalışıb. Uzun müddət “Raffin” moda evində dizayner vəzifəsində çalışan Nina 1918-ci ildə o şirkətin şəriki olur. Turindən olan kiçik qızın bütün xəyalları yavaş-yavaş gerçəkləşməyə başlayır...

Tezliklə Parisin bütün möhtərəm xanımları onun müştəriləri siyahısına daxil olur!

“Raffin” evinin bağlanmasından sonra 49 yaşında kifayət qədər pula sahib olan Nina dincəlmək qərarına gəlir. Fasiləsiz olaraq dayanmadan çalışan Nina bu vaxta qədər qazandığı zənginlikdən zövq almağa qərar vermişdi. Amma oğlu Robert anasının böyük potensialına bələd olduğu üçün onu öz şirkətlərini açmağa razı salır. Nina geyim istehsalı ilə məşğul olurdu, oğlu Robert isə maliyyə və idarəetmə işlərini öz öhdəsinə götürmüşdü.

Робер Риччи

Beləliklə, Nina Riççi və onun oğlu Robert 1932-ci ildə “Nina Ricci” markasını yaradırlar. “Nina Ricci” öz dəbdəbəli kolleksiyaları və bənzərsiz ətirləri sayəsində qısa zaman kəsiyində xanımların sevimlisinə çevrilir.

O zamanlar Nina məşhurluq və şöhrət haqda yalnız xəyal edirdi və şəxsi atelyesini açmaq onun üçün əlçatmaz arzu idi. Məgər onun ağlına gələrdi ki, 37 il sonra onun “Moda Evi” Parisin mərkəzində - Kapusinlər bulvarında yerləşəcək? Ən məşhur və varlı xanımlar onun geyimlərini geyinməyi özlərinə şərəf biləcəklər...

Nina Riççi “keyfiyyət ekstravaqantlıqdan yüksəkdir” şüarı ilə çalışırdı.

Nina Riççinin sadə əşyalardan əsl şedevr yaratmaq bacarığı var idi. Dekorativ detallar əlavə etməklə sadə köynəyi əsl sənət əsərinə çevirirdi. Atlas lent, bant və düymələr madam Riççiyə xas üslub idi. O, qadınları necə geyindirmək lazım olduğu haqqında dərin təsəvvürə malik idi. Hər kolleksiyanın uğuru isə qeyri-adi qadın gözəlliyi və dəbdəbəsi üzərində qurulurdu. Ən yaxşı materiallardan - ipək, məxmər, orqanza və krujevadan istifadə etməklə kolleksiyanın özünəməxsusluğunu tamamlayırdı.

Портия Де Росси в платье от Nina Ricci

Nina Riççi müştərilərin istəklərini nəzərə alaraq, yaradıcılığında qadın belinin zərifliyini vurğulayan siluetlərdən, geyimləri bəzəyən broşlardan, bantlardan və aplikasiyalardan istifadə edirdi.

“Nina Ricci” qüsursuzluğu, zərifliyi, yüksək keyfiyyətli materialları ilə daha populyardır, o cümlədən digər moda evlərindən mülayim qiymətləri ilə müqayisədə fərqlənir. Modelyer mükəmməl geyimə nail olmaq üçün birbaşa modelin öz üzərində işləməyə üstünlük verirdi. Yeri gəlmişkən, o, birbaşa maniken üzərində parçaya forma verərək bərkitmə üsulu ilə paltarlar yaradan ilk modelyerdir. Beləcə modelyer paltarın tam bədən formasına uyğunlaşmasına asanlıqla nail olurdu.

Brendin inkişafı

Brendin ilk kolleksiyalarına balaca qara paltar, klassik kostyum və təmtəraqlı ziyafət paltarları daxil idi.

1937-ci ildə moda evi dərin sinə dekolteli və beli açıq paltar kolleksiyasını təqdim edib. Elə həmin ildə Amerikanın “Vogue” jurnalında “Nina Ricci” kolleksiyaları barədə böyük məqalə dərc olunmuşdu.

Сара Джессика Паркер на премьере фильма

40 əməkdaşla işə başlayan moda evi 1939-cu ildə işçilərinin sayı 450-yə çatır.

II Dünya müharibəsi illərində moda evinin geyimlərinə alıcı tələbatı xeyli azalmışdı. Müharibə qurtarandan sonra 1945-ci ildə Robert Riççi qadınların dəbə olan marağını yenidən oyatmaq üçün Yüksək Moda Sindikatının prezidenti Lyusen Lelonqdan dəfilə keçirilməsi xahişi ilə müraciət etmişdi. Nəticədə Luvrda 172 modelin iştirakı ilə 40 fransız moda evinin möhtəşəm geyimləri nümayiş olunmuşdu. “Nina Ricci”, “Balenciaga”, “Madame Gres, Schiaparelli”, “Fath”, “Grès”, “Patou”, “Worth”, “Lanvin”, “Rochas” kimi moda evlərinin bu nümayişi o dövr üçün sarsıdıcı uğur idi. Fransız moda evinin bu kolleksiyaları sonradan ABŞ və Avropa şəhərlərində nümayiş etdirilmişdi. Fransız moda evlərinin kolleksiyalarının nümayişi o dövr üçün həm mədəni, həm də iqtisadi baxımdan görünməmiş uğur gətirmişdi.

1954-ci ildə Robert Riççi belçikalı dizayner Jül-Fransuanı kreativ direktoru vəzifəsinə dəvət edib. Onun ilk işi moda tənqidçiləri tərəfindən yüksək qiymətləndirilmişdi. “New York Times” qəzetinin jurnalisti Kerri Donovan nümayişi son dərəcə zərif adlandırmışdı.

1960-ci ildən “Nina Ricci” Yaponiya bazarına çıxıb.

1963-ci ildə Jül-Fransua kreativ direktor vəzifəsindən ayrılır. Həmin il onun yerinə Jerar Pipar təyin olunur. Jerar Pipar 30 il ərzində “Nina Ricci” üçün gözəl siluetlər, geyimlər hazırlayıb. Onun fərqləndirici xüsusiyyəti və möhürü zəngin bədii yaradıcılıq tələb edən, əl işi ilə hazırlanmış saatlar idi.

Nina Riççi 1970-ci ilin noyabrın 30-da 87 yaşında vəfat edib. Nina Riççinin vəfatından sonra şirkətin idarəçiliyi Jilya Fuksun əlinə keçir.

1986-ci ildə brend “Ricci Club” kişilərin geyim xəttini işə salıb.

Moda evinin davamçısı Robert Riççi 1988-ci ildə 83 yaşında vəfat edib. Onun vəfatından sonra moda evi əvvəlki məşhurluğunu itirmişdi. Bir-birinin ardınca dəyişən dizaynerlər moda evinə gözlənilən uğuru gətirə bilmirdi. Bu isə moda evinin nüfuzuna xələl gətirirdi.

1998-ci ildə şirkətin səhmlərinin yarıdan çoxu İspaniyanın “Puig Fashion Group” şirkətlər qrupuna satılır. Elə həmin il moda evi saat istehsalı üçün “Time Avenue SA” İsveçrə şirkəti ilə lisenziyalı müqavilə bağlayıb.

Brendin kosmetika xətti 1992-ci ildən işə salınıb.

1999-ci ilin yanvarında “Tom Ford” və “Gucci” kimi böyük moda evləri ilə işləyən Natali Jerve “Nina Ricci” moda evinin kreativ direktoru vəzifəsinə təyin olunub. 2001-ci ildə Natali Jerve brendi tərk edir, onun yerini Massimo Qissen gəlir.

2006-cı ildən 2009-cu ilə kimi moda evinin kreativ direktoru vəzifəsində belçikalı dizayneri Olivye Teyskens çalışıb. O, moda evində işlədiyi dövrdə ayaqqabı və aksessuar çeşidini xeyli genişləndirib. O kolleksiyaların yaradılması zamanı mürəkkəb ekstravaqant siluetlər, boz-mavi çalarlar seçirdi. Onun ən məşhur işi dabanları olmayan platforma ayaqqabılar idi. Bütün bunlara baxmayaraq, Olivye Teyskens işlədiyi müddətdə brendin müştəriləri xeyli azalmışdı.

2009-cu ildə tanınmış və istedadlı dizayner Piter Kopinqin gəlişindən sonra moda evi əvvəlki məşhurluğunu bərpa edir.

Риз Уизерспун в платье Nina Ricci на церемонии Оскар

Piter Koppinq ““Nina Ricci” brendi gözəl zəngin tarixə malikdir. Onun fransızsayağı üslubu mənə daha yaxındır. Mən brendi qızcığaz fasonlardan xilas edib, onun əvvəlki zərifliyini, təmtəraqlı tərzini geri qaytarmağı planlaşdıdıram. Kolleksiyaların qadınların sevdiyi kimi şıq və dəbdəbəli olmasını istəyirəm” - demişdi.

2009-cu ildə Piter Koppinq Paris Moda Həftəsində 2010 yaz-yay kolleksiyasını nümayiş etdirir. Romantik obrazlar üzərində qurulan kolleksiya dəb tənqidçilərinin də müsbət rəyini qazanmışdı.

2013-ci ildə Piter Koppinq Paris Yüksək Moda Həftəsində balerinalardan ilhamlanaraq hazırladığı kolleksiya qırmızı, qara, ağ, fil sümüyü və müxtəlif pastel çalarlardan ibarət idi.

Bu il moda evinin təmsilçiləri Piter Koppinqin rəsmi şəkildə kreativ direktor vəzifəsindən getdiyini elan ediblər.

Koppinq moda evindən ayrılması haqqında bunları deyib: "Mənim üçün “Nina Ricci”-nin kreativ direktoru olaraq çalışmaq və belə vacib moda evinin tarixinin bir hissəsi olmaq çox xoş idi".

Piter Koppinqdən sonra onun yerinə Qiyom Anri gəlir. “Carven” moda evini tərk edən Qiyom Anri ilə “Nina Ricci”-nin işbirliyini uğurlu adlandırmaq olar.

Qiyom Anri “Nina Ricci” üçün debüt kolleksiyasında markanın zəngin tarixinə müraciət etmişdi. Amma o, ənənəvi gənc qız obrazından imtina edərək, bu qızın yaşını artırmaq və onun üçün daha təmtəraqlı qarderob hazırlamışdı. Moda mütəxəssisləri onun bu addımını tənqid atəşinə tutmasa da, Anriyə moda evinin stilinə bələd olmaq üçün hələ çox vaxt lazım olduğu görünür.

Sadə italyan qızı həm geyim kolleksiyası, həm də ətirləri ilə dünyanın diqqətini özünə çəkə bilsə də, onun var-dövlət içində üzən nəvələri bu işin öhdəsindən layiqincə gələ bilmirlər. Məsələ burasındadır ki, Paris məhkəməsi "Nina Ricci" moda evinin varisi Arlet Riççini 1 illik həbs cəzasına məhkum edib və böyük məbləğdə cərimələyib. Buna səbəb kimi 73 yaşlı varisin vergidən yayınması və qanunsuz gəlirlərin leqallaşdırılmasında təqsirli olması göstərilir. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, xanım A.Riççi İsveçrə bankının hesablarında 22 milyon avro vəsait gizlədib.

O, 1 milyon avro cərimə ödəməlidir, bundan başqa, varisin dəyəri 4 milyon avro olan iki daşınmaz əmlakı müsadirə olunacaq. Həmçinin, A.Riççi Fransa xəzinəsinə ödənilməmiş bir neçə milyon avroluq vergi vəsaitini daxil etməli, ölkə hökumətinə isə mənəvi zərərə görə 100 min avro ödəməlidir. A.Riççinin qızı 51 yaşlı Marqo Vinya isə 8 ay şərti həbs cəzası alıb.

İlk ətrin yaradılması

“Nina Ricci” Parisdə ən dəbdəbəli brend adını qazandıqdan sonra eyni ad altında ilk ətirlərini istehsal etməyə başladı. Bu da onun oğlu kuturye Robert Riççinin sayəsində baş tutmuşdu.

1946-ci ildə moda evi “Joir Coeur” ətrinin ilk təqdimatını keçirib. Onun yaradılması üçün Robert Riççi məşhur qadın ətriyyatçısı Jermen Selyeni dəvət etmişdi. Çiçəklərdən ibarət ətrin tərkibinə yasəmən və qızılgüllər, bənövşələr, berqamotu, süsən notları daxil idi. Ürək formasında hazırlanmış ətrin şüşəsi üzərində Robertin dostu Mark Lakik işləmişdi. Dizaynı isə Kristian Berara aid idi.

1948-ci ildə “Zamanın ruhu” kimi tərcümə olunan ətir istehsal olunub. “L'Air Du Temps” (“Zamanın ruhu”) – II Dünya müharibəsindən 3 il sonra yaranmışdı. Bu ətirlər sevgi və sevinci simvolizə edirdi. Flakonun dizaynını Riççi ailəsinin yaxın dostu və məşhur zərgər Rene Lalikin oğlu, atasının ölümündən sonra şüşə emalatxanasına rəhbərlik edən Mark Lalik hazırlamışdı. Əfsanəyə görə, yeni kompozisiyanı Rober Riççi sevgilisi üçün yaratmışdı. Bu ətir də moda evinə böyük uğur gətirmişdi. Ətir kub şəkilli tutqun şüşə qabda idi. Qapağını isə iki öpüşən göyərçin bəzəyirdi. Qoxunun özü novatorsayağı alınmışdı. Tərkibindəki qızılgül, jasmin və bənövşə çiçəkləri bir-biri ilə qəribə ahəng yaradırdı. Yaradıcılar 61 il bu ətrin parfümer formulunu gizli saxlamağı bacarmışdılar. Bu günə qədər də onun dəqiq tərkibi məlum deyil.

1952-ci ildə “Nina Ricci” daha bir “Fille d'Eve” qadın ətrini buraxıb. Bu ətrin unikallığı flakonun alma şəklində olması idi. Flakon qırmızı şüşədəndir, qızılı qapağı isə yenilənməyə meylli olduğunu nümayiş etdirir.

В 2012 году лицом кампании Nina Ricci Nina L’eau Fragrance весна-лето 2013 была выбрана Фрида Густавссон

Digər məşhur ətir isə “Premier Jour” (İlk gün) oldu. Ətir 2001-ci ildə Sofi Labe və Karlos Beniamin tərəfindən yaradılıb. “İlk gün” Nina Ricci moda evinin tarixində yeni səhifə açmışdı. “Nina Ricci” ətirləri bu günə qədər bu dərəcədə seksual və cəzbedici olmamışdı. Bu parfüm hissiyyatlı və özünə əmin qadınlar üçün yaradılıb. Ətir “Nina Ricci” moda evinin əsaslandığı yenilənmə tendensiyasının simvoluna çevrilə bilmişdi.

Nina Ricci – история бренда и его легендарных ароматов

20 il sonra Olivye Polq və Jak Kavalye “Nina” ətrinə yeni həyat verməyi qərara aldılar. Bu ətir, hələ 1987-ci ildə istehsal olunan parfümun yeni versiyası idi. “Nina” ətri moda evinin yaradıcısı Nina Riççiyə həsr olunmuşdu. Əvvəlki Nina daha çox utancaq, dəbdəbəli fransız xanımını nümayiş etdirirdi. Yenilənmiş ətir isə gənc, xəyalpərvər xanımlar üçün nəzərdə tutulmuşdu. Meyvə-çiçək kompozisiyası, limon, qırmızı alma, ağ sidr, müşk ətrə xüsusi qoxu bəxş edir.

Nina Ricci – история бренда и его легендарных ароматов

Nikol Kidman, Helli Berri, Penelopa Kruz, Sara Cessika Parker, Natali Portman, Cennifer Lopez, Kim Kardaşyan, Diana Kryuger, Skarlet Yohansson, Adriana Lima, Şarliz Teron, Riz Uizerspun, Lindsi Loxan, Kerri Rassel, Bleyk Layvli kimi məşhurlar bu brendə üstünlük verirlər. Qırmızı xalça üçün bu brendən dəstlər sifariş verirlər.

Brend populyarlığını və alıcı tələbatını diktə etdiyi dəb tendensiyaları ilə yanaşı, mülayim qiymətləri və keyfiyyətli geyim istehsalı sayəsində qazanıb. "Nina Ricci" uzun və mürəkkəb inkişaf yolu keçərək dünyanın 130 ölkəsində işləyən qüdrətli və böyük moda imperiyasına, o cümlədən də bir çox qolları olan ailə biznesinə çevrilməyi bacarıb. Ümid edək ki, moda evinin 73 yaşlı varisi Arlet Riççinin və onun 51 yaşlı qızı Ricci Marqo Vinyanın son zamanlarda başına gələn hadisələr öz həllini tapacaq, apellyasiya iddiaları onların xeyrinə olacaq.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm