Niyə səhərlər sevişmək lazımdır?
Bizi izləyin

Layihə

Niyə səhərlər sevişmək lazımdır?

Daha öncə “Ailə dostu” layihəsində seksin sağlamlığa olan faydalı cəhətləri barədə oxumuşdunuz. Bu dəfə isə səhər seksindən bəhs edəcəyik.

Publika.az-ın məlumatına görə, araşdırmalar göstərir ki, seks sağlamlıq üçün yararlı olsa da, səhər seksinin faydaları daha çoxdur. Adından da bəlli olduğu kimi söhbət səhər saatlarında baş tutan cinsi əlaqədən gedir.

Seksopatoloqlar bildirirlər ki, əslində dünyanın hər yerində insanlar gecələr sekslə məşğul olmağa daha çox üstünlük verirlər. Bu, gün ərzində bütün işləri həll etdikdən sonra yataqda bir az rahatlaşmaq istəyənlərin seçimidir. Ancaq həm qadınların, həm də kişilərin orqanizmlərində gedən proseslər, istehsal edilən hormonlar sübut edir ki, seks üçün səhər saatlarını seçmək daha doğrudur.

Bəs mütəxəssislər niyə səhər seksini tövsiyə edirlər, onun hansı üstünlükləri var?

Səhər seksi həm ruhi, həm də fiziki sağlamlıq üçün yararlıdır.

Yuxarıda da qeyd etdiyimiz kimi hər iki cinsin orqanizmi səhər sekslə məşğul olmaq üzrə proqramlaşdırılıb. Səhərlər qadınlar daha tez təhrik olurlar. Kişilər isə heç bir səbəb olmadan, sadəcə testosteron hormonu sayəsində erreksiya olurlar.

İndi fikirləşin, bir insanın səhərlər seksə ehtiyac duyduğu halda gün ərzində bu istəyi basdırması daha doğru olar, yoxsa səhər öz ehtiyacını ödəyib günə rahat başlaması?

Əlbəttə, burada ikinci variant daha məntiqə uyğun səslənir.

Əgər səhərlər sekslə məşğul olsanız, bəlkə də işə gedərkən tıxaca düşmək və ya işdə qarşılaşdığınız hər hansı problem sizi o qədər də əsəbiləşdirməz.

Həkimlər bildirirlər ki, əslində sağlam olmaq istəyən insan hər səhər 30-40 dəqiqə idmanla və ya yoqayla məşğul olmalıdır. Ancaq təbii ki, saatın narahat edici səsini duyanda belə oyanmaq istəməyən, oyandıqda da işə gecikməmək haqqında düşünən və hər işi tələsik görən insanlar idmana vaxt ayıra bilmirlər. Bəlkə də seks onları sağlam bir həyata qovuşdura bilər. Çünki səhərlər idman əvəzinə sekslə məşğul olmaq sağlamlıq üçün eyni effekti verir.

İdmanın ən zövqlü növü hesab edilən seks sayəsində günə 300 kalori xərcləyərək başlamaq gün ərzində özünüzü daha yaxşı hiss etməyinizə səbəb olacaq.

Səhər seksi xoşbəxtlik hormonu oksitosinin səviyyəsini yüksəldir.

Səhərlər sekslə məşğul olan insanlar gün ərzində aynaya baxdıqda özlərini daha gözəl görürlər. Ona görə də özlərinə olan inam artır.

Səhərlər sekslə məşğul olursunuzsa, sizin yoluxucu xəstəliklərə yaxalanmağınız mümkünsüzdür. Çünki seks “IgA” adlı hormonu artıraraq immunitet sistemini gücləndirir. Ona görə də siz gün ərzində asqıran, öskürən insanlarla birlikdə olsanız belə, immunitet qalxan kimi sizi qoruyacaq.

Səhərlər sekslə məşğul olan insanların iş performansı da daha yaxşı olur.

Çünki onlar bütün diqqətlərini işə ayırırlar. Səhərlər sekslə məşğul olanlar gün ərzində bu barədə daha az düşünürlər. Əks təqdirdə bir kişi gün ərzində 37 dəfə, qadınlar isə 17 dəfə seks haqqında düşünür. Bu da insanı işdən yayındırır.

Səhər seksi gün boyu özünüzü dinc və rahat hiss etməyinizə səbəb olur.

Elm adamları günə sekslə başlayanların özlərini daha xoşbəxt və sağlam hiss etdiklərini vurğulayırlar.

Səhərlər sekslə məşğul olan cütlüklər daha uzun müddətli münasibət qururlar. Onların evlilikləri uzun çəkir.

Səhər sevişmək uzun müddət birlikdə olan cütlüklərin monoton seks həyatına rəng qatır.

Siz də səhər seksinin fərqini görmək istəyirsinizsə, aşağıdakı qaydalara əməl etməlisiniz:

Axşamdan səhər işə geyinəcəyiniz paltarları seçib, ütüləyib hazır qoyun.

Makiyaj üçün hansı vasitələrdən istifadə edəcəksinizsə, onları da seçib aynanın qarşısına düzün.

Aksessuarlarınız da hazır olsun.

Əgər dırnaq boyanızı dəyişəcəksinizsə, bunu da axşam edin ki, səhər qısa müddətdə hazırlanıb evdən çıxa biləsiniz.

Saatınızı həmişə işə getmək üçün oyandığınız vaxtdan 1-2 saat əvvələ qurun.

Səhər seksinin faydasını elə səhərin ilk anlarından etibarən hiss edəcəksiniz. Çünki saatın səsi sizə işə getməyin deyil, sekslə məşğul olmağın zamanı olduğunu xəbər verəcək. Bu da yuxudan daha rahat oyanmağınıza kömək edəcək.

Oyanan kimi dişlərinzi fırçalayan və 1 stəkan su için.

Daha sonra yatağa qayıdıb partnyorunuzun qulağına onu ehtirasa gətirəcək sözlər fısıldayın.

Onu qucaqlayıb qoxusunu içinizə çəkin. Dərinin təbii qoxusu sizi seksə hazırlayacaq.

Birlikdə duş ala bilərsiniz. İlıq suyun altında durmaq qan dövranına yaxşı təsir edir və müəyyən bölgələri həssaslaşdırır.

Nanə qoxulu duş gelindən istifadə edə bilərsiniz. Araşdırmalar nanə qoxusunun insana enerji verdiyini sübut edib.

Səhər seksi çox vaxt almamalıdır. Bir tərəfdən işə getməyi düşünərkən, digər tərəfdən sekslə məşğul olmaq, bir sözlə qaydaları pozmaq adrenalin hissini artırır. Bu da daha tez orqazm olmağa kömək edir.

Sevişdikdən sonra duş alıb, geyinib hazırlanmaq sizə bir az çətin gələ bilər. Ancaq bir neçə dəfədən sonra bu vəziyyətə öyrəşəcəksiniz.

Üstəlik partnyorunuzun gün keçdikcə sizə daha çox bağlanıb, daha çox aşiq olduğunu hiss edəcəksiniz. Çünki səhər seksi cütlərin gün boyu bir-birlərini daha çox düşünmələrinə və darıxmasına səbəb olur.

Səhər seksi zamanı istehsal edilən estrojen hormonu sayəsində saçlar daha tez uzanır və parlaq olur. Dəri hüceyrələri isə daha tez yenilənir.

Günay Əzizbəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm