Nigar İbrahimova: “Azərbaycanlı kişilər zövqsüz geyinirlər” - MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Layihə

Nigar İbrahimova: “Azərbaycanlı kişilər zövqsüz geyinirlər” - MÜSAHİBƏ/FOTOLAR

Bahar aylarında qan qaynayır, sevmək, sevilmək həvəsi cuşa gəlir. Sevmək və sevilmək üçünsə ilk növbədə gözəl geyinmək, baxımlı olmaq vacibdir. Bəs bu mövsüm makiyaj dəbi necə olacaq, nələr aktual olacaq? Azərbaycanın tanınmış stilisti, vizajisti Nigar İbrahimova Publika.az-ın "Kokteyl" layihəsi çərçivəsində bu həftəki qonağımız olub və yuxarıdakı suallara ətraflı cavab verib.

Müsahibədə Nigar xanım əsasən qadınları maraqlandıran mövsümün makiyaj dəbi haqqında məlumat versə də, kişiləri də unutmayıb. O, kişilərin də geyim tərzi ilə bağlı tənqidi fikirlərini bizimlə bölüşüb.

- Yaz-yay aylarında xanımlara necə makiyaj etməyi tövsiyə edərdiniz? Ümumiyyətlə, bu mövsümdə makiyajda xanımları hansı yeniliklər gözləyir?

- Yaz-yay aylarında ağır tonal kremdən istifadə etmək tövsiyə olunmur. Çünki ağır tonal kremlər isti havalarda dərinin nəfəs almasına mane olur. Bu mövsümdə xanımlara nəmləndirici maskalardan istifadə etməyi məsləhət görərdim. Mövsüm dəyişikliyi zamanı xanımlar üzdə xırdalanmış şəkildə olan ölü dərini skarbla, pilinq üsulu ilə təmizləməlidir. Dəri ölü hüceyrələrdən təmizləndikdə, həmçinin nəmləndirici kremlərdən istifadə etdikdə makiyaj üzdə daha səliqəli və parıltılı görünür.

Ümumiyyətlə, yaz-yay aylarında toz şəklində olan kosmetik məhsullardan istifadə etmək daha məqsədə uyğundur. Tonal kremdən heç cürə imtina edə bilməyən xanımlar isə üz qüsurlarını örtmək üçün yüngül tərkibli tonal kremlərdən istifadə edə bilərlər.

Makiyaj dəbinə gəldikdə, bu mövsüm yumşaq və təbii makiyaj çox aktualdır. Üz heç makiyaj edilməmiş kimi görünməlidir. O cümlədən şaftalı tonlarında ənliklər, moruq rəngli dodaq boyaları mövsümün əsas makiyaj tendensiyalarına daxildir.

- Gəlin makiyajında nə kimi yeniliklər olacaq?

- Gəlin makiyajı illərdir ki, öz aktuallığını qoruyub saxlayır. Burada adətən təbii tonlara, təbii makiyaja üstünlük verilir. Gəlin makiyajı çox incə və çox sadə olmalıdır, üz cizgilərini vurğulamalıdır.

Bəzi vizajistlər texnologiyanı yaxşı bilmədiklərindən dolayı gəlinləri ərəbsayağı makiyaj edirlər. Həddindən artıq tünd göz kölgələrindən, dumanlı göz makiyajından istifadə edirlər. Mən isə gəlinlərdə bu cür makiyajı qəbul etmirəm. Gəlini bəzəyəndə sadə rənglər üstünlük təşkil etməlidir. Bir sözlə, gəlinin gəncliyi, saflığı və təbii gözəlliyi itməməlidir. Məsələn, dodaqları çox böyütmədən, sadəcə, effekt vermək məqsədilə dodağın təbii rənginə yaxın qələmdən istifadə etmək olar. Gözlərin yorğunluğunu gizlətmək üçün gözləri laynerlə vizual olaraq badamı şəklində uzatmaq olar.

- Bu mövsüm daha çox nə cür saç düzümləri və hansı rənglər aktualdır?

- 2013-cü ildən bu yana 60-cı illərin saç dəbi öz aktuallığını qoruyub saxlayıb. Bununla yanaşı, təbii saç düzümləri, yumşaq dalğalı saçlar da dəbdədir. Saç lakından minimum istifadə edilməlidir.

Merilin Manro və digər retro ulduzlarının klassikləşmiş saç stillərinə də müraciət etmək olar.

Rənglərə gəldikdə isə bu mövsüm konyak, fındıq qabığının rəngi, kərpic tonları təklif olunur. Bu rənglər həm saçlarda, həm də göz kölgələrində əks olunub.

"Bu dəyişiklik, adətən, makiyajla deyil, fotoşop və bəzi şəkil proqramlarının sayəsində əldə edilir"

- Dünyada, o cümlədən Azərbaycanda da bir çox makiyaj ustaları bəzədikləri xanımların əvvəlki və sonrakı fotolarını paylaşırlar və bu bir ənənə halını alıb. Sizcə, xanımın makiyajla tanınmaz dərəcədə dəyişməsi mümkündür? Xanımları makiyajla təbii görünüşündən çox uzaqlaşdırmaq nə dərəcədə düzgündür?

- Sosial şəbəkələrdə bu cür şəkillərlə çox tez-tez qarşılaşmışam. Mən sizi 100 faiz əmin edə bilərəm ki, bu dəyişiklik adətən makiyajla deyil, fotoşop və bəzi şəkil proqramlarının sayəsində əldə edilir. Xanımlar bu fotolara baxandan sonra özlərini aldatmasınlar. Bu şəkillər əslində, daha çox müştəri cəlb etmək məqsədi güdür və təbliğat xarakteri daşıyır. Bəzi xanımlar makiyajdan əvvəl və sonrakı şəkillərə baxandan sonra depressiyaya düşürlər. Onlar şəkillərə baxıb niyə belə gözəl olmadığı düşünür, sözün əsl mənasında psixoloji sarsıntı keçirirlər. Əsl sənətkar öz əlinin qüvvəsini gördüyü işlə qürrələnməli və önə çıxartmalıdır.

Burnunda ciddi qüsuru olan xanımı 180 dərəcə dəyişmək mümkün deyil. Bu qüsuru ancaq plastik əməliyyatla aradan qaldırmaq olar. Makiyaj ustası belə bir qüvvəyə malik deyil. Biz qüsuru gizlətməklə 100 faiz deyil, 70 faiz dəyişikliyə nail ola bilərik.

Bu yaxınlarda bacım İradə İbrahimova fotosessiya etdirmişdi. Fotoqraf üz cizgilərini tamamilə dəyişdirdiyinə görə, bacım razı qalmamışdı. O, müxtəlif proqramlar vasitəsi ilə üzünün kəskin şəkildə dəyişdirilməsini istəmədi. Çünki bu, insanları aldatmaq deməkdir. Həm də ona özünün təbii görünüşü daha xoşdur.

"Caynaq kimi dırnaq qaynağı etdirən xanımlar çox qorxulu görünürlər"

- Müasir dövrdə xanımlara gözəlləşmək üçün müxtəlif vasitələr təklif olunur. Bunlara süni dırnaqlardan tutmuş, kirpik, qaş pernamenti, taxma saçlar və.s misal çəkmək olar. Sizcə, bütün bunlar bunlarla əldə edilən gözəllik sünilik deyilmi?

- Xanımların süni dırnaqlardan, taxma saçlardan və başqa üsullardan istifadə etməsini qəbahət saymıram. Çünki dünyanın yaranma tarixi nə qədər qədimdirsə, qadının gözəlləşmək arzusu da bir o qədər qədimlərə gedib çıxır. Yəni, xanımlar qədim dövrlərdə də gözəl görünmək, yaxud depressiyadan çıxmaq üçün müxtəlif, hətta çox təhlükəli üsullara əl atıblar. Amma bütün bu vasitələrdən həddindən ziyadə çox istifadə etmək artıq yolverilməzdir. Bu zaman xanımlar gözəlləşmək əvəzinə, çirkin və qəribə görüntü əldə edirlər.

Hər gün süni dırnaqlardan, taxma saçlardan, kirpiklərdən istifadə etmək xanımların özlərinə də zərərlidir. Gözəlləşmək üçün təklif olunan məhsullar allergiya yarada bilər. Məsələn, caynaq kimi dırnaq qaynağı etdirən xanımlar çox qorxulu görünürlər. Yaxud da adam var ki, bir-iki kirpiyi tökülən kimi təşvişə düşdüyü üçün gedib yerinə süni kirpik əkdirir. Halbuki, yeni kirpiklərin çıxması üçün gün ərzində bir neçə kirpik tökülməsi normal haldır.

Lakin xanımları bütün bunlardan tamamilə imtina etməyə səsləyə bilmərəm. Sadəcə, həddi aşmamaq və normativ qaydalara əməl etmək lazımdır. Ümumiyyətlə, xanımlar özləri də bu vasitələrə uzun müddət tab gətirə bilmirlər, tez bezirlər. Yalnız özəl günlərdə istifadə etsələr, daha yaxşı olar.

- Nigar xanım, bəzən müştərilər salona gəlib ustaya öz istəklərini diktə edirlər. Bu, peşəkarın işinə mane olur?

- Bəzən mane olur. Amma nə etməli? Belə bir məsəl var ki, "Sifarişçi həmişə haqlıdır". Onsuz da xanımlar peşəkarın etdiyi makiyajdan razı qalmayanda evə gedən kimi özləri dəyişiklik edirlər. Elə xanımlar var ki, onları nə qədər inandırmağa çalışsaq da, fikrindən döndərmək mümkün deyil. Biz yenə də bacardığımız qədər ortaq məxrəcə gəlməyə və xanımları razı salmağa çalışırıq.

Söhbət müğənnilərin klip çəkilişlərindən, yaxud da hər hansı jurnal üçün fotosessiyadan gedirsə, bu halda peşəkarın işinə müdaxilə edə bilməzlər. Çünki burda biz işimizi istədiyimiz tərzdə göstərməliyik. Mən belə düşünürəm.

- Təəssüf ki, xanımların əksəriyyəti gecə və gündüz nəmləndirici kremlərin arasındakı fərqi bilmirlər. Siz bir peşəkar kimi onlar arasındakı əsas fərqi izah edərdiniz.

- Gündüz kreminin tərkibində SPF deyilən məhsul var. Bu məhsul dərini günəşin mənfi şüalarından müdafiə edir. Dolayısı ilə dərini ləkələrdən, günəş şüalarından qorumaq üçün gündüz kremlərindən istifadə etmək tövsiyə olunur. Axşam kremlərinin tərkibinə isə qoruyucu maddələrdən daha çox bol nəmləndirici maddələr: efir yağları, minerallar atılır. Gecə üçün nəzərdə tutulmuş nəmləndirici kremləri yatmazdan bir saat əvvəl çəkmək lazımdır. Bir də xanımlar nəmləndirici alan zaman öz dəri tipinə uyğun olmasına mütləq fikir verməlidir.

- Sizcə, xanım və kişi vizajistin fərqi varmı? Müştərini hansı daha yaxşı duya bilər?

- Əgər sən öz işində peşəkarısansa, vizajistin cinsiyyətinin heç bir fərqi yoxdur. Xırda bir nüans var ki, kişi vizajistlər xanımları gözəl göstərməyə çalışanda onu öz senzurasından keçirirlər. Bir növ əks cinsin nümayəndələrinin fikrini də nəzərə alır.

"Mən özüm qaşlarımı qalınlaşdırmamışam"

- Son illərdə gözəllik meyarları əvvəlki illərlə müqayisədə kəskin dəyişib. Siz bu dəyişikliyi necə qiymətləndirərdiniz? Yəni, müsbət tərəfədirmi, yoxsa əksinə?

- Bu dəyişiklik sevilirsə və uzun müddət dəbdə qalırsa, deməli, müsbət tərəfədir. Son illərdə təbiilik çox aktualadır. Hətta estetik əməliyyatlarda da cərrahlar təbiiliyin qorunub saxlanılmasına fikir verirlər.

Həcmli dodaqlar müasir dövrün əsas gözəllik standartları kimi qəbul olunur. Əgər xanımın dodaqları kobud görünməyəcək şəkildə böyüdülürsə, niyə də etdirməsin? Hər hansı bir xanım üz cizgilərinə uyğun gəlmədiyi halda dodaqlarını lazım olduğundan artıq böyüdürsə, bu halda zərərini özü çəkəcək. Yaxud da qalın qaşlar yaraşmırsa, dəbin arxasınca qaçıb bu trendə əməl etmək məcbur deyil. Bəzən xanımlar yaraşmadığı halda gözəllik tendensiyalarına əməl edib özləri özlərini gülünc vəziyyətə salırlar. Bu gün qalın qaşlar dəbdə olsa da, mən özüm qaşlarımı qalınlaşdırmamışam. Üz cizgilərimi tanıdığım üçün mənə nəyin yaraşıb-yaraşmadığını yaxşı bilirəm.

- Bəs xanımlarımızın geyimdəki cəsarətindən razısınızmı?

- Azərbaycanlı xanımlar adətən çox açıq-saçıq geyinmədiyi üçün geyimdə çox cəsarətli davrandığını deyə bilmərəm. Narazı qaldığım başqa məqamlar var. Şəhərdə 12 sm-lik dikdaban ayaqqabıda, ya da gündüz vaxtı zoğalı rəngli pomada çəkən xanımlar gördükdə təəccübümü saxlaya bilmirəm. Elə bilirlər ki, zoğalı rəngli pomadalar dəbdədirsə, onu günün istənilən saatlarında istifadə etmək olar. Üstəlik, hər gün bir neçə nəqliyyat vasitəsindən istifadə edən xanımlar gündüz vaxtı bu rəngli dodaq boyalarından istifadə etməklə, özlərinə lazımsız yerə diqqət cəlb edirlər. Xanımlarımızın gündəlik obrazı da şıq və gözəl olmalıdır, sadəcə "qışdırmamalıdır". Gündəlik həyatda çox qısa ətək, hündürdaban ayaqqabılar geyinmək kənardan xoş görünmür, yaxşı mesaj ötürmür. Bundan əlavə, hündürdaban ayaqqabıların ayaqlara ziyan olduğu heç kimə sirr deyil. Xanımlar hündürdaban ayaqqabılarını vacib tədbirlər, toy və digər mərasimlərə gedərkən geyinsələr, daha yaxşı olar.

Bir də xanımlara demək istəyirəm ki, gözəlliklərini saysız-hesabsız aksessuarlarla kölgədə qoymasınlar. Gündəlikdə gözlərini, dodaqlarını rənglərin hücumuna məruz qoymasınlar. Pafosu sevmirəm, amma doğrudan da ən gözəl qadınlar elə bizim qadınlardır. Özləri də bundan əmin olsalar, hər şey yolunda olardı.

"Mən Azərbaycanda zövqlü geyinən kişi görmürəm"

- Bir peşəkar kimi İradə İbrahimovaya geyimlə bağlı məsləhətlər verirsinizmi? Ümumiyyətlə, onun bugünkü imicinizin formalaşmasında sizin rolunuz varmı?

- İradə İbrahimova öz işini yetərincə bilən ifaçıdır. Onun geyim tərzi və imici ilə bağlı heç bir tənqidi fikrim yoxdur. Sadəcə, İradə çox makiyaj edilməsini istəmir. Efir isə bunu tələb edir. Tutaq ki, çəkilişin effektli alınması üçün kirpik taxılmasını zəruri hesab edirəm. İradə isə razılaşmadığı üçün aramızda anlaşılmazlıq yaranır.

"İradə məndən küsüb, hətta makiyaj etməyimi istəməyib"

- Heç olubmu ki, istəmədən bir-birinizi incitmisiniz və küsülü qalmısınız?

- Hə, olub. İradə məndən küsüb, hətta makiyaj etməyimi istəməyib. Hansı bacı qardaş arasında mübahisə düşmür ki?!

- Barışmaq üçün birinci addımı kim atır?

- Bizim aramızda ciddi mübahisələr düşməyib. Xırda mübahisələr də ən çox 5 dəqiqə davam edir. 5 dəqiqədən sonra bir-birimizin üzünə baxıb gülürük.

- Kişilərin geyimləri haqqında nə deyə bilərsiniz? Sizcə, kişilərimiz zövqlə geyinirlər?

- Mən Azərbaycanda zövqlə geyinən kişi görmürəm. Daha doğrusu, zövqlü geyinən kişilər çox azdır. Əksəriyyəti primitiv geyim tərzi ilə kifayətlənir. Türkiyədə isə kişilərin çox zövqlü geyindiyini müşahidə etmişəm. Türkiyəli oğlanları geyim-kecimə xüsusi fikir verirlər, ən azından özlərinə məxsus tərzləri var. Hətta Azərbaycanda yaşayan türkiyəlilər də geyimləri ilə bizimkilərdən çox seçilirlər.

Gənc oğlanların çoxu da 45 yaşında dayılar kimi geyinirlər. Bir də bizim kişilər rənglərdən sanki qorxurlar. Çoxu tünd rənglərə üstünlük verdikləri üçün hamısı eyni və standart görünürlər. Geyimlərində fərqləndirici heç bir xüsusiyyəti olmur.

Amma əvvəlki illərlə müqayisədə, bu illərə nəzər salsaq, yavaş-yavaş müasir və dəbli kişi geyim tərzinin formalaşdığını müşahidə edərik.

- Siz həyat yoldaşınızın geyim tərzinə müdaxilə edirsiniz?

- Adətən məsləhətləşirik.

- Bəs o, sizin geyim üslubunuza müdaxilə edir?

- Geyim ilə bağlı hər hansı ciddi qadağalar qoymayıb. Çünki həyat yoldaşım mənə etibar edir. Özüm də geyimlərimə xüsusi fikir verirəm. Hətta maşından düşəndə də necə görünəcəyimi düşünürəm. Sadəcə, sevmədiyi rənglər olanda "Yaxşı olardı ki, bunu kiməsə hədiyyə edərdin" deyir.

"Bir uşaq anası olmaq nədir ki?"

- Ana olmağınız münasibəti ilə sizi bir daha təbrik edirəm. Həm də istərdim ki, analıq təəssüratlarınızı bölüşəsiniz. Sizcə, qadın üçün ana olmaq, yoxsa karyera qurmaq çətindir?

- Əlbəttə ki, ana olmaq böyük məsuliyyətdir. Ana olandan sonra bildim ki, karyera qurmaq qadın üçün 2x2 deməkdir. Ana olmaq həm çox sevindirici, eyni zamanda çox çətin işdir. Bir uşaq anası olmaq nədir ki? Mən çoxuşaqlı ailələri, 4 və 3 uşaq dünyaya gətirən analara qəhrəman ana adlandırıram. Bütün analara səbir, güc və sağlamlıq arzu edirəm.

- Yenə ana olmağı düşünürsünüz?

- Uşaqları çox sevirəm. Həmişə 4 uşağım olmasını arzulamışam. Uşağın tək olmaması üçün daha bir övladım olsa, çox sevinərəm. Amma qızım dünyaya gəldikdən sonra gözüm qorxub. Dəqiq deyə bilmərəm. Allah Kərimdir, görək zaman nə göstərəcək...

- Nigar xanım, ailədə söz-söhbət olmaması üçün qadında hansı xüsusiyyətlər olmalıdır?

- Qadın ilk növbədə xanımlığını bilməlidi. Cəmiyyətdə və ailədə hamı ilə dil tapmağı bacarmalısan. Qarşındakı insanı daha yaxşı başa düşmək üçün özünü onun yerinə qoymağı bacarmalısan. Baş verən xoşagəlməz hadisələrə sərt və kobud yox, təmkinlə və ağılla reaksiya verməlisən. İnsan təkəbbürlü və yersiz yerə qürurlu olmamalıdır. Təkəbbür və yersiz qürur insanı çox şeydən məhrum edə bilər. Hətta xoşbəxtlikdən də... Hər şeyin maddi tərəfini düşünməməlisən. İnsan sevgisini qazanmağı bacarmalısan.

Bağışlamağı bacarmaq da insanın ən böyük uğurudur. Əlbəttə ki, hər səhvə göz yummaq da doğru deyil. İnsanın səhvini onun başa düşəcəyi tərzdə izah etməlisən.

Mükəmməl insan yoxdur. İstər iş həyatında, istərsə də, şəxsi həyatda xoşbəxt olmağın yeganə formulu güzəştə getməyi bacarmaqdır. Baş verən çətinlikləri də həyatın bir sınağı kimi qəbul etməlisən...

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm