Samirə Mustafayevanın fərqli geyim tərzi – FOTOLAR
Bizi izləyin

Layihə

Samirə Mustafayevanın fərqli geyim tərzi – FOTOLAR

Sosial şəbəkələrin və internetin gücü sayəsində bu gün məşhur olmaq əvvəlki kimi çətin deyil. Lakin tamaşaçının zövqünü oxşamaq və sevilmək hər oğlun bacardığı iş deyil. Samirə Mustafayeva isə Azərbaycanın həm tanınmış, həm də sevilən xəbər aparıcılarından biridir. Bu xanımın tamaşaçılar tərəfindən sevilməsinin əsas səbəbi səmimiyyəti, mehribanlığı, özünəməxsus xəbər üslubudursa, digər səbəbi də maraqlı geyim tərzi ilə bağlıdır. Aparıcı efir məkanında gözəlliyi ilə seçilir. Təsadüfi deyil ki, sevilən aparıcı “Azərbaycan telekanallarında ən gözəl xəbər aparıcısı kimdir?” sorğusunun qalibi olmuşdu.

Samirə Mustafayeva xəbərlər kimi ciddi verilişə maraqlı imici ilə kreativlik qatır. Bir neçə il əvvəl oğlan saç stilini dəbə salmaqla qızları saçlarını qısa kəsməyə cəsarətləndirdi. Özü isə müsahibələrinin birində saçını qısa kəsdirmək üçün həyat yoldaşını dilə tutmalı olduğunu söyləmişdi. O, “Saçımı hər dəfə bir az qısalda-qısalda həyat yoldaşımı o imicimə öyrəşdirdim” – söyləmişdi.

Xatırladaq ki, aparıcı ATV-nin “Xəbərlər” redaksiyanın baş redaktoru Vaqif Aydınoğlu ilə ailəlidir. Cütlüyün bir qızı var.

Publika.Az-ın “Qarderob” layihəsi çərçivəsində bu həftə elə Samirə Mustafayevin geyim tərinizi təhlil edəcəyik.

Samirə Mustafayeva həm duruşu, həm özünəməxsus rəngarəng stili ilə Azərbaycanın stil ikonası olmağa iddialıdır. Dəbin arxasınca qaçmaq qadını bəzən gülməli vəziyyətə sala bilər, Samirə xanım isə bu işin öhdəsindən layiqincə gəlir. Aparıcının seçdiyi geyimlər ilk baxışda bir-biri ilə əlaqəsiz görünsə də, o, paltarları uğurlu şəkildə uzlaşdırır. O, klassik üslubla modern paltarları ideal şəkildə uyğunlaşdıraraq olduqca cazibədar və dəbdəbəli obraz yarada bilir.

Tanınmış aparıcı dəvətlərə sadə geyimlərdə gəlsə də, onu rəngarəng, iri həcmli aksessuarlarla tamamlayır. Bu zaman sadə geyimi darıxdırıcı olmaqdan xilas edir. Bədən ölçülərini yaxşı tanıdığı üçün hər zaman özünə yaraşan libaslar seçir. Aparıcının avanqard seçimləri, deyəsən, Əkizlər bürcünün xüsusiyyətindən qaynaqlanır.

Samirə Mustafayeva parlaq rənglərdən qaçmır. Əksinə, onları öz dostuna çevirə bilib. Cazibədar ulduz özünə ən çox hansı rənglərin yaraşdığını yaxşı bilir. Dəvətlərə adətən mavi, yaşıl, bənövşəyi libasda gəlməsi bunu sübut edir. Qırmızı ilə yanaşı qara, ağ, narıncı, sarı kimi rənglərə üstünlük verir. Rənglərin sintezi də Samirə Mustafayevada yaxşı alınır.

Tanınmış aparıcı çox açıq olmayan geyimlərdə olduqca diqqətçəkici görünür. Uzun libasları daha çox sevir. Aparıcı aşağı hissələri bol kəsimli, enli paltarlar geyinməyə üstünlük verir. Ətəyi yerlə sürünən, klyoş paltarlar onun qarderobunda daha çox yer alır.

Bərbəzəkli olmağı xoşlayan aparıcı aksessuarların maksimum təmtəraqlı olmasına diqqət edir. Məsələn, onun libaslarındakı naxış, çiçək, gipür, bantik detalları diqqətə layiqdir.

Aparıcı bütün qadınlar kimi moda ehtirasından əziyyət çəkir. Samirə Mustafayeva etiraf edir ki, başqaları pulunu qızıla, şirniyyata, yeməklərə xərcləyəndə, o, son qəpiyinə qədər geyimlərə verir. Sevdiyi markalardan aldığı geyimlərdən isə kolleksiya yığıb. Hətta qarderobu böyük olsa da, geyimlərini qoymağa yer tapmadığından şikayət edir. Aparıcı brendlərlə yanaşı, çoxlarının ağlına gəlməyən yerdən geyimlər alır.

O, Publika.az-a açıqlamasında “Geyimləri zövqlə geyinməyi incəsənət adlandırardım. Efir geyimlərini də həmişə özüm seçirəm. Əkizlər bürcüyəm. Daxilimdəki “mənlər” çoxdur. Məsələn, bu gün sakit, məsum, ağıllı və mehribanamsa, klassik və sadə geyimlərə üstünlük verirəm. Özümü şıltaq, çılğın hiss edirsəmsə, rahat və idman üslubda oluram. Qarderobumda hər üslubda geyim tapmaq olar. Bəzi markalar da var ki, onları hələ özümə rəva bilmirəm. Məni olduğumdan böyük göstərə bilər” - deyib.

Çalmalar aparıcının üslubuna hakimlik edən ən gözəl aksessuardır. Amma alışdığımız çalmalardan bir xeyli fərqlənir. Onun tərzinin özəlliyi də məhz bundadır, çalmaları geyimləri ilə uyğunluq təşkil etməlidir. Çalmanı gözəgəlimli, böyük sırğalarla tamamlayır. Bəzən isə çalmaya maraqlı broşlar ilişdirərək öz imzasını qoyur. Gözəl aparıcı çalmalar sayəsində özünəməxsus stilini ən şıq şəkildə təqdim etməyə nail olur. O, çalmaları qeyri-adi tərzdə bağlayır, onları ustalıqla istifadə edir. Məncə, S.Mustafayevanın aksessuarları dəbli görünmək istəyən xanımlar üçün əsl ilham qaynağıdır.

O, xüsusilə, zinət əşyalarını bir-biri ilə ustalıqla birləşdirən stil ikonasıdır.

Aparıcının şalvarlarla arası o qədər də yaxşı deyil. Uzun ətəklər və donlarda da çox şıq görünür. Uzun yubkalarını çox vaxt stilettolarla tamamlayır. Dikdaban ayaqqabıları sevsə də, Samirə Mustafayeva ictimai yerlərdə altı düz və idman ayaqqabılarda görünmək kimi kompleksi yoxdur.

Çantalar, ayaqqabılar hər bir qadının yaralı yeridir...

Geyimində olduğu kimi aparıcı ayaqqabı və çanta seçimində də parlaq rənglərə müraciət edir. Samirə Mustafayeva yaxşı bilir ki, çanta qadının obrazını tamamlayan əsas detaldır. Ona görə də çantanın geyim və ayaqqabı ilə təzad yaratmamasına çalışır.

Onun seçdiyi ayaqqabılar xanımlar üçün gözəl nümunədir. O, daha çox hər geyimlə uyğunlaşan ayaqqabılar alır. Eyni ayaqqabını həm şalvar, həm də don və ətəklə geyinərək xanımlara bir ayaqqabını bir neçə dəstdə istifadə etməyin mümkün olduğunu göstərir.

Gündəlik həyatda aparıcının ayrılmadığı digər aksessuarı günəş eynəyidir. O, demək olar ki, günəş eynəyi olmadan evdən çıxmır. Qəhvəyi və qara rəngli eynəkləri çox sevir.

Yazımın qəhrəmanı küçə stilində dəbli olmağa iddialıdır. Elə buna görə də gündəlik həyatda da ən çox əlvan rənglərə üstünlük verir. Aparıcının küçə stili bəyənilir və bir çox qadına ilham mənbəyi olur. Hər geyindiyini özünə yaraşdırmağı bacaran aparıcı dostları, rəfiqələri ilə gəzməyə çıxanda cins geyinməyi xoşlayır.

Gözlərinin və qaşlarının forması gözəl olduğu üçün onları hər zaman vurğulayır. Bunun üçün laynerdən və qaş qələmindən istifadə edir. Almacıq sümüklərinə isə yüngül qızartı verir. Dodaqlarını vurğulamaq üçün bənövşəyi və açıq rəngli pomadalardan istifadə edir.

Saç rəngini tez-tez dəyişməsini uzun müddət eyni formada qala bilmədiyi və öz görkəmimdən tez yorulduğu ilə əlaqələndirir.

Aparıcı hər gün efirə çıxdığı üçün üz dərisinə istədiyi qulluğu göstərə bilmədiyindən gileylənir:“10 ildir ki, televiziyada işləyirəm, makiyaj isə dərini nəfəs almağa qoymur. Həyatımın son 6 və 7 ili xüsusi rejimdə yaşadığım üçün adi həyatda da makiyajsız, hətta qrimsiz heç yerə gedə bilmirdim. Makiyajsız halımı görənlər, yaxınlarım problemsiz dərim olduğu üçün bunu mənə irad tuturdular. Sonra tədricən makiyajdan uzaq durmağa çalışdım və özümü öyrəşdirdim. İndi efir bitən kimi makiyajı silməyə tələsirəm”.

Samirə Mustafayeva gözəlləşmək arzusunda olan qadınların plastik əməliyyat etdirməsinin əleyhinə deyil. Onun fikrincə, gözəl görünən qadın daha pozitiv və şən olur. O, “Qadının gözəlliyinə gözəllik qatmaq üçün əl atdığı üsulların heç birinə pis baxmıram. Bütün gözəlliklər onlar üçün yaradılıb. Əvvəllər qulağa bir sırğa taxılırdı, indi isə qulağa istədiyin qədər sırğa, hətta ayağa da üzük taxmaq da dəbdir” - deyib.

İllərdir ki, hər gün efirə çıxan aparıcı makiyajını da çox vaxt özü edir. Müsahibələrinin birində aparıcı “Efirdə işlədiyim üçün gözəllik texnikaları və bicliklərini yaxşı bilirəm, makiyajımı hər zaman özüm etmişəm. Kosmetik vasitələrin hansının qrim, hansının isə gündəlik makiyaj üçün nəzərdə tutulduğunu bilirəm. Bu gün heç kim əncir yarpağında gəzmir, makiyaj isə geyimi tamamlamalıdır. Gözəl geyiniriksə, makiyaj da qaydasında olmalıdır.

Rəssamlıq qabiliyyətim var. Başqaları mənzərə, portret, naturmort çəkirdisə, mən müxtəlif obrazlı qızlar çəkərdim. Məncə, bu qabiliyyətim özünü makiyajda tapıb. Başqaları üzümə toxunanda əsəbiləşirəm və qıcığım gəlir. Əsəblərim yerində deyil” - deyib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm