• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Dəb dilindən anlamayanlar üçün terminlərin mənaları

  • Layihə
  • 9 May 2015 18:53
  • 2 560 Baxış
Dəb dilindən anlamayanlar üçün terminlərin mənaları

Hər bir peşə sahəsində elə sözlər, terminlər var ki, həmin sənayedən uzaq insanlar üçün onları başa düşmək çətindir. Bu, dəb sənayesində də müşahidə olunur. Hər işin olduğu kimi modanın da özünə xas bir dili var. Kuturye, prot-a-porte, kruiz kolleksiyaları və sair fransız mənşəli sözləri buna misal gətirmək olar.

Dəbdə olan terminlərin əksəriyyəti fransız dilindədir. Burada təəccüblü heç nə yoxdur. Çünki məlum olduğu kimi Paris dünyanın dəb paytaxtı olub və həmişə də olacaq. Publika.az-ın "Moda inqilabları" layihəsi çərçivəsində dəblə bağlı maraqlı terminlərin izahını verəcəyik. Alış-verişdə, jurnalda ya da bloqlarda görüb, başa düşmədiyiniz sözləri bu yazıda yığıb dəb lüğəti yaratmışıq. Ümid edirik ki, bu yazı bir çoxlarının leksikonundakı boşluqları doldura biləcək.

Moda: "Dəb" sözü, yəni "moda" latınca "modos" sözündən olub hərfən ölçü, vasitə, qayda, göstəriş, obraz kimi tərcümə olunur. Dəb müəyyən zamanda və müəyyən mühitlə bu və ya digər zövqlərin hökmranlığı və həmin zövqlərin olduqca tez-tez dəyişməsi kimi başa düşülür.

Что обозначают модные термины?

Pret-a-porte: Sənaye istehsalına yönəlmiş və kütləvi istehlakçılar üçün nəzərdə tutulmuş müasir kostyumun inkişaf istiqaməti "pret-a-porte" adlanır. Fransızcadan tərcümədə "hazır paltar" deməkdir. "Pret-a-porte" ildə iki dəfə Parisdə nümayiş edilərək müasir dəbi müəyyənləşdirir.

"Haute Couture": Dəb harda yaranır sualına hər kəs fikirləşmədən belə cavab verir: Parisdə. Çünki Fransanın paytaxtı XVII əsrdən başlayaraq dünya dəb paytaxtı adını qazanıb. Məhz burada iyirminci yüzilliyin əvvəlində ilk dəfə olaraq "Haute couture" yaranıb. Bu söz fransızcadan tərcüməsi: "yüksək tikiş", yaxud "yüksək dəb" deməkdir. Bu gün bu termin bütün dünyanın onlarla ən parlaq dizaynerini birləşdirir . Yüksək Dəb təşkilatına üzv olmağın bir neçə vacib tələbləri var: birincisi, Parisdə dizaynerin özünün adına moda evi olmalı, ikincisi, ildə iki dəfə dəbin inkişaf meyillərini və inkişafını müəyyən edən payız-qış və bahar-yay mövsümü geyimlərinin yeni kolleksiyalarını nümayiş etdirmək lazımdıt. Hər bir kolleksiya ən azı 40 modeldən ibarət olmalıdır, bəzən elə olur ki, onların sayı 100-ə çatır. "Haute couture" kolleksiyalarının bütün geyimləri əsl sənət əsərləridir. Onlar yeganə variantda, praktiki olaraq kutyurenin (dizaynerin) özünün fəal iştirakı ilə əllə hazırlanır. Təbii ki, bu kostyumlar ağlasığmaz dərəcədə baha olur və yalnız məhdud şəkildə çox varlı alıcılar tərəfindən alınır, çox zaman da şəxsi, yaxud dövlət muzeylərinin eksponatlarına çevrilirlər. Xatırladaq ki, əllə tikilən paltarların hər birindən cəmi bir ədəd olur. "Haute Couture" - terminin düzgün tələffüzü "kutyurdan" kimi oxunur.

"Atelier": Atelye dizaynerlərin öz kolleksiyasını yaratdığı yerdir.

"Couturier": Yüksək moda kolleksiyalarını yaradan dizaynerə kuturye deyilir. Yeri gəlmişkən, bu məğrur ad hər dizaynerə aid edilmir. Bu adı yalnız Yüksək Moda Sindikatına qəbul olunmuş modelyer daşıya bilər. Bunun üçün 100 illərdir ki, qoyulmuş tələbləri yerinə yetirmək lazımdır.

Что обозначают модные термины?

"Outlet": Bir qayda olaraq, belə dükanlarda ötən mövsümlərin modelləri satılır. Beləliklə, tanınmış brendlərin mallarını bəzən hətta 90%-ə çatan endirimlərlə almaq olur. "Outlet" ingilis sözü olub "çölə çıxılacaq yer, çıxış yeri" mənasını verir. "Outlet" mağazalarında təklif olunan məhsullar mağazanın siyasətinə görə fərqli ola bilər. Məsələn, əvvəlki mövsümün məhsulları, vitrində istifadə olunmuş məhsullar, deffekt məhsullar, geri göndərilmiş məhsullar mağazaların siyasətinə görə "Outlet"lərdə yer ala bilər.

XX əsrin 70-ci illərində ABŞ-da yaranan və 90-ci illərin sonunda məşhurluğun zirvəsinə çatan "outlet" mərkəzlər inkişaf etmiş ölkələrdə ildən-ilə daha da genişlənir. Son ildə belə mərkəzlərdə satışların həcmi 52% artıb.

"Lookbook": Lookbook yeni kolleksiyadan xüsusi seçilmiş geyimlərdən hazırlanmış, fərqli tərzlərdən ibarət albom deməkdir. Bu albom sizə gündəlik və ya hər hansı xüsusi gün və tədbir üçün stilinizi müəyyənləşdirməyə kömək edir. "Lookbooklar" geyim və aksesuarların seçilməsi və uyğunlaşdırlması üzərində baş sındırmadan, xarici görünüşləri üçün problemin həllini hazır əldə etmək istəyənlər üçün çox yaxşı vəsaitdir.

"Capsule Collection": Bir məşhur və ya dizaynerlə əməkdaşlıq nəticəsində ərsəyə gələn azsaylı geyimlərdən ibarət olan kolleksiyaya deyilir. Kapsul kolleksiyalarına adətən 6-10 geyim daxil olur. Bu kolleksiya gənc dizayner tərəfindən müştəriləri cəlb etmək və yaxud brendin nüfuzunu artırmaq məqsədi ilə yaradıla bilər. Birinci kapsul kolleksiyası 1969-ci ildə Emanuel Kan tərəfindən "La Redoute" kataloqu üçün hazırlanıb. Kapsul kolleksiyası KİV-lərdə (jurnal, bloqlarda, xəbər resurslarında) adı çəkilən marka olmaq imkanı verir.

"Cruis Collection": Moda ilə bağlı yazılarda gözə bəzən kruiz kolleksiyası ifadəsi dəyir. Kruiz kolleksiyası anlayışı 80-ci illərdə yaranıb. 90-cı illərin ortalarından moda aləmində bir ənənəyə çevrilib.

Круизные коллекции Gottex

Soyuq havalarda ancaq zəngin təbəqənin insanları özlərinə isti ölkələrə səfər etməyə icazə verə bilərdi. Təmtərağa adət etmiş yüksək təbəqənin nümayəndələri, xüsusən də xanımlar köhnə kolleksiyadan geyinmək istəmirdilər. Ona görə də onlar tanınmış modelyerlərə onlar üçün statuslarını vurğulayan yeni, bahalı paltarlar sifariş verirdilər. Modelyerlər bu tendensiyanı tez qəbul etdilər, bununla əlaqədər olaraq kruiz kolleksiyaları yarandı və bir ənənəyə çevrildi.

Kruiz kolleksiyasında yalnız varlılar üçün ən yaxşı və ən keyfiyyətli paltarlar tikilir. Bütün geyimlər lüks keyfiyyəti ilə seçilir. Onların fikrincə, bu kolleksiyada hər şey rahat və keyfiyyətli olmaqla, həm də dəbin yüksək səviyyəsinə uyğun olmalıdır. Kruiz kolleksiyası ən keyfiyyətli materiallardan yalnız yeni texnologiyaların tətbiqi ilə hazırlanır.

Kruiz kolleksiyaları hamının şəhər xaricində istirahətə yollandığı vaxtda təqdim olunur. Kolleksiya adətən qışın sonunda çıxır və qarşıdakı mövsümün dəb istiqamətlərini qabaqlayır. Buraya axşam, çimərlik, idman modelləri daxildir. Kruiz kolleksiyaları nümayiş və dəfilə olmadan butiklərdə satışa qoyulur.

"Must-have": Təqdim olunmuş kolleksiyanın geyimləri arasında əsl hitə çevrilmiş fasonlara deyilir. Bu fasonlar illərlə dəbdən düşmədiyi üçün hər bir xanımın qarderobunda mütləq yer almalıdır. Modapərəst qızlar onları qoruyur və illərlə geyinə bilirlər.

"Fashionista!: Modapərəst deməkdir. Əsl modapərəstlər dəblə bağlı və cari kolleksiyalar barədə hər şeyi bilir.

"Ombre": Ombre tünd çalarlardan açıq çalarlara keçid deməkdir.

"Trençkot": Beli qalın dəri kəmərlə ya da öz qurşağıyla möhkəm bağlanan, manjetli, əsasən bej tonlarda plaş deməkdir. Trençkot içi astarlı, su keçirməyən, yağışlı havada geyinmək üçün nəzərdə tutulan plaş modelidir.

Kardiqan: Yaxalıqsız qalın materialdan tikilən jaketlərdir. İstənilən uzunluqda ola bilər. Kardiqan 18-ci əsrdə İngiltərədə hazırlanıb. Kardiqan ilk dəfə kişilər üçün nəzərdə tutulsa da, sonradan qadın qarderobuna da daxil olub. Kardiqanı digər jaketlərdən fərqləndirən cəhət sonacan tikilən düymələrinin olmasıdır.

Dekolte: Geyimin çiyin və sinə hissəsinin açıq forması.

Manto: Sərbəst biçimli, bədənə tam yapışmayan qış üst geyimidir.

Şleyf: Mərasim geyimlərində arxa hissənin yerə toxunacaq qədər uzun forması deməkdir.

Stiletto: Çox yüksək və incə dabanlı ayaqqabıya deyilir. Hər paltarı olduğundan qəşəng, ayaqları vizual olaraq xeyli uzun göstərən bu seksual ayaqqabılar hər qadının qarderoblarda mütləq olmalıdır.

Что обозначают модные термины?

"Baggy": Geniş mənasını verir. Əsasən balaqları geniş olan şalvar növü üçün istifadə edilir.

Bandana: Başı müxtəlif formalarda bağlamaq üçün istifadə edilən böyük dəsmal və ya çalma.

Top: Beli qısa köynəklər deməkdir.

Ponço: Ponço böyük düzbucaqlı formasında, əsasən yundan olan qolsuz ənənəvi Latın-Amerika üst geyimidir. Əsasən qalın materiallardan hazırlanır.

"Piyedepul print": Qazayağı naxışı deməkdir. 2013 və 2014 payız-qış mövsümündə bir çox marka və dizayner kolleksiyasında bu naxışa yer vermişdi. Xüsusilə pencək, ətək, şalvar kimi paltarlarda istifadə olunan naxışdır.

"Leggings": Ayaqlara sıx yapışan kolqotka növüdür.

Beret: Yumşaq parçadan hazırlanan, yumru papaq növüdür.

Tunik: Uzun, qollu və ya qolsuz, dizə qədər olan jaketdir.

Metalik: Gümüşü rənglərin ən parlaq tonlarıdır. Paltarlarda, ayaqqabılarda, çantalarda metalik vurğular diqqət çəkir.

Bleyzer: Tək rəngli klassik və uzun pencəyə verilən addır. Həm kişi, həm də qadın pencəkləri üçün istifadə edilir. Qoşa ya da tək düyməli ola bilər.

Uqqi: Qoyun dərisindən hazırlanmış uqqilər 100 il bundan əvvəl Avstraliyada kəndlilər tərəfindən tikilib. Uqqilər soyuq havada ayağı isti saxladığı halda, isti havalarda isə sərin saxlaya bilir. Son 4-5 ildə uqqilər xanımların gündəlik imicinin ayrılmaz hissəsinə çevrilmişdi.

Klatç: Əsasən əldə tutulan toy, ziyafətlərdə istifadə edilən çantadır.

Mokasen: Bağları olmayan düz ayakkabı modelidir. Klassik bir duruşu var.

Neon: Parlaq, fosforlu rənglərə deyilir.

Kapri: Bir neçə mövsümdür ki, bu söz moda lüğətində daha çox işlədilir. Boyu dizdən aşağı olan şalvar mənasını verir.

Qalife: Qalife çanaq hissədən gen, ətəyi isə dar formalı tikilmiş şalvardır. Fransız əsgərlərinin geyim forması olan qalifelər 1980-cı ildə qadın qarderobuna daxil olub.

Bolero: Bolero qolsuz qısa jaketdir. 18-ci əsrin sonunda İspaniyada kişilərin qarderobunun əsas elementlərindən idi. Sonradan dizaynerlər boleronu qadın qarderobuna daxil ediblər. Artıq qısa və uzun qollu bolerolara da rast gəlmək olur.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR