Birinci xanımların statusunu vurğulayan möhtəşəm çanta – FOTOLAR
Bizi izləyin

Layihə

Birinci xanımların statusunu vurğulayan möhtəşəm çanta – FOTOLAR

"Christian Dior"-dan danışanda ağla dərhal lalə ətəklər, zərif siluetlər, bineyi-qədimdən xanımların sevimlisi olan əsl fransız ətirləri gəlir. Amma məşhur fransız brendinin ən populyar aksessuarı - əfsanəvi "Lady Dior" çantalarıdır.

Publika.az-ın "Moda inqilabları" layihəsinin bugünkü sayında "Christian Dior" moda evinin məşhur "Lady Dior" çantası haqqında danışacağıq.

Ledi Dior o çantalardandır ki, ona baxan kimi hansı markaya aid olduğu ətrafında sual yaranmır. Çantanın "Dior" moda evinə məxsus olduğunu təkcə onu bəzəyən metal hərflərdən deyil, həm də xüsusi forması və dizaynına görə müəyyənləşdirmək olur. "Lady Dior"un bir neçə - balaca, kvadrat və girdə saplı variantı var. Biz bu çantanın kiçik və böyük, birrəngli və rəngbərəng, lakonik və mürəkkəb dekorlu, pastel və parlaq tonlarda variantlarını da görə bilərik.

Bu çanta niyə "Christian Dior" moda evinin simvoluna çevrilib?

Onun yaradıcıları 90-cı illərdə xüsusi təqdimata ehtiyacı olmayan individual nəsə hazırlamaq istəyirdilər. 1990-cı illərin ortalarında "Christian Dior" moda evinin kreativ direktoru Canfranko Ferre yalnız birinci xanımlar üçün nəzərdə tutulmuş çanta istehsal edir. Lakin o zamanlar "Lady Dior "indi az tanınan "Chouchou" adı ilə məlum idi. Bu məşhur əl çantasının birinci sahibi Fransa prezidentinin həyat yoldaşı madam Şirak olub. Amma onun populyarlaşması, dünyasını dəyişsə də, hələ də stil ikonası sayılan şahzadə Diananın adı ilə bağlıdır. Şahzadə Diananın bu çanta ilə tanışlığı moda evinin tarixində dönüş nöqtəsi olub. Belə ki, Jak Şirakın həyat yoldaşı Bernadett Şirak moda tarixinə düşən gözəl şahzadəyə çanta hədiyyə edib. Diananın sayəsində "Lady Dior" yüksək təbəqənin xanımları arasında dəbə minib.

Əvvəlcə "Lady Dior" üç rəngdə təqdim olunub: Qara, ağ və çəhrayı. Deyilənlərə görə, bu çantaları Diana o qədər bəyənir ki, sonradan onun hər rəngini və modelini sifariş vermək qərarına gəlib. Diananın ölümündən sonra isə şirkət çantaya "D-bag" adını verib. Moda evinin yaradıcıları bu hadisədən o qədər təsirlənirlər ki, çantanın adını şahzadənin şərəfinə "Lady Dior" adı ilə dəyişdirmək qərarına gəlirlər.

Tezliklə çantanın digər tanınmış pərəstişkarları da peyda olur. Karla Bruni, Monika Beluççi, Diana Kryuger kimi ulduzlar çantanın reklamlarına dəvət olunur.

Heç vaxt köhnəlməyən çantanın metal zəncirlərindən başqa əsas bəzəyi toxumalar və sırıqlardır. "Lady Dior" çantalarındakı sırıqlar 1994-cü ildə III Napoleon dövrünə aid olan stullardan ilhamlanaraq yaradılıb. Məhz bu toxunma və işləmələr bu gün Ledi Dior ilə assosiasiya olunur. Lakin xüsusi sırıqlar artıq bu çantaların mütləq atributu sayılmır.

"Dior" moda evinə rəhbərlik edən dizayner Raf Simons çantanın üslubunda cəsarətli eksperimentlərin əleyhinə deyil. Raf Simonsun rəhbərliyi altında Ledi Diorun tamamilə yeni variasiyaları hazırlanıb və modapərəstlərə təqdim olunub.

Çantanın klassik versiyası emal olunmuş quzu dərisindən tikilir. Lakin son bir neçə ildir ki, Ledi Dior timsah və ilan kimi ekzotik dərilərdən hazırlanır və xeyli aktualdır. Çantanın dekorativ nişanı - ordeni (moda evinin baş hərflərindən düzəldilən metal bəzəklər) qalmaqla ənənəvi sırıqları bəzək və qraffit ruhunda rəsmlər, gül və naxışlar, rəngli muncuq və ya biserlər əvəz edə bilər. Çantaların üstündəki işləmələr, naxışlar dəyişir, onun mövcud forması və çantanı bəzəyən dekorativ metal breloklar: D, I, O, R hərflər isə mövcud olduğu tarix boyu dəyişməyib. Ledi Dior əvvəlki kimi kvadrat və ya düzbucaqlı formada təqdim olunur.

Çanta üç - kiçik, orta və böyük ölçüdə mövcuddur. Yeri gəlmişkən, qeyd edək ki, çantanın mini forması bu yaxınlarda istehsal olunub. Ledi Diorun mini versiyası axşam mərasimlərində ziyafət libaslarını tamamlamaq üçün idealdır. Gündəlik obrazlar üçün isə - orta və böyük ölçülü çanta təklif olunur.

Bej tonları universallığı sayəsində uzun illər xanımların favoriti olaraq qalıb. Çünki bejin çalarları qışda və yayda gözəl və əlverişli görünür, qarderobdakı geyimlərin hamısı ilə əla uzlaşır. İkinci yerdə isə hər zaman aktual olan qara, ağ gəlir. İndi isə Ledi Dior çantaları daha geniş rəng spektrində təqdim olunur.

Qeyd etmək lazımdır ki, son dövrdə brendin "Lady Dior" çantalarının satışı bir qədər məhdudlaşdırılıb. Əgər əvvəllər bu çantaları çoxsaylı internet-mağazalardan almaq mümkün idisə, bir neçə mövsümdür ki, şirkət onları ciddi nəzarət altına götürüb. Hətta "Dior" butiklərində də indi çantalar daha az satılır. Amma fransız moda evi öz pərəstişkarlarına bu çantadan sifariş vermək imkanı verib. Sifariş verdikdə çantanın qiyməti dəyişmir, lakin onu əldə etmək üçün təxminən 4 və ya 8 ay gözləməli olacaqsınız.

Ekspertlər bunu modelin çox bilinən və populyar olmasının moda evinin xeyrinə işləməməsi ilə əlaqələndirirlər. Yəqin ki, Raf Somons da buradan yola çıxaraq çantanın nüfuzunu artırmaq üçün Ledi Diroun yeni versiyalarını buraxmaq qərarına gəlib.

Çantanın tanınması, əlbəttə ki, qeyri-qanuni istehsalçıların da diqqətindən yayınmayıb. Ledi Dior çantaları saxta versiyalar arasında sayına görə liderdi. Özü də saxta versiyaların bəziləri elə məharətlə düzəldilib ki, bəzən əslini seçmək olmur.

"Dior"un nümayəndələri məsləhət görürlər ki, əsl Ledi Dior çantalarını saxtalardan fərqləndirmək üçün ilk növbədə dekorlara, tikişlərə diqqətlə baxmaq lazımdır. Onların sözlərinə görə, kannaj - "cannage" tikişlərini saxtalaşdırmaq çətindir. Tikişlərdən çantanın saxta olub-olmamasını müəyyənləşdirmək olar.

Çantalar əllə İtaliyada markanın şəxsi fabriklərində hazırlanır. Hər çantanın hazırlanmasına təxminən 36 saat sərf olunur. Xatırladaq ki, "Lady Dior" çantalarının orta qiyməti hazırda 800-3000 dollar təşkil edir.

Çantanın unikallığını daha çox vurğulamaq istəyən "Dior" moda evi Parisdə "Lady Dior" çantasına həsr olunmuş 4 qısa sənədli film çəkib. Model və aktrisa Marion Kotiyayr uzun müddət sözügedən çantanın reklam siması olub. Bundan başqa, aktrisa çantaya həsr olunmuş sənədli filmdə baş rolda çəkilib.

Bu çantalar indi moda evinin əsas simvoluna çevrilib. Hətta Ledi Dior çantalarına sərgi də həsr olunub. "Lady Dior As Seen By" ekspozisiyası 2011-ci ildə Şanxayda, daha sonra dünyanın bir çox ölkələrində nümayiş olunub. Məşhur çantalar üzərində müxtəlif ölkələrdən dəvət olunmuş 70-dan çox rəssam, heykəltəraş, fotoqraf, dizayner işləmişdi.

"Lady Dior" çantaları klassik qırmızı pomada, qara qısa donlar və ya stilettolar kimi hər bir modapərəstin qarderobunun ayrılmaz hissəsidir. Bu brendin incəsənət əsərinə çevrilmiş Ledi Dior çantaları dəb tarixində dərin izlər qoyub...

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm