İkinci dəfə ailə quran Gülben Ərgən əri ilə eyni evdə yaşamırmış - FOTOLAR
Bizi izləyin

Layihə

İkinci dəfə ailə quran Gülben Ərgən əri ilə eyni evdə yaşamırmış - FOTOLAR

Türkiyəli müğənni və aktrisa Gülbən Ərgən son günlər "Öyrəndim ki..." adlanan avtobioqrafik kitabı ilə gündəmdədir. Ulduz yeni kitabı münasibətilə ölkənin ən məşhur jurnalistlərindən olan Ayşə Armana maraqlı müsahibə verib.

"Şirin söhbət" layihəsi çərçivəsində Ayşə Armanın ön sözləri ilə birlikdə həmin müsahibəni təqdim edirik:

Gülbən Ərgən kitab çıxarıb. Kitabın adı "Öyrəndim ki..."dir. Mən çox bəyəndim, halal olsun Gülbənə. Bir xəyalını daha reallaşdırdı. Məncə, inanılmaz bir qadındır. Üç övlad anası, həm də çox yaxşı bir ana, ağıllı, zarafatcıl, şirin bir qadın. Eyni zamanda da ulduzdur. Konsert verir, klip çəkir, mahnıları hit olur, televiziya verilişi hazırlayır. Bununla da kifayətlənmir. Sosial şəbəkələrdə əsl fenomendir. "Instagram"dan və "Twitter"dən çox istifadə edir, təqibçiləri də olduqca çoxdur. Bir tərəfdən də "Uşaqlar gülsün deyə" adlı sosial layihəni həyata keçirir, Türkiyənin hər yerində məktəblər açır. Bir neçə il öncə sellülitli halını əks etdirən fotoları çəkilmişdi. Həmin yaydan sonra möhtəşəm vücuda sahib bir qadına çevrildi. Qarşısına məqsəd qoyanda necə olur-olsun, istədiyini əldə edir. Boşanmaq hər insan üçün ağır travmadır. Amma o, bunun da öhdəsindən gəldi. Bir müddət sonra da yeni sevgilisi ilə evləndi. Hiss etdirmədən tabuları yıxır. Yəni, sadəcə öyrənmir, bizə də öyrədir. Mən onu çox sevirəm və təqdir edirəm. Yolu həmişə açıq olsun.

İndi isə keçək bu gözəl qadından aldığım müsahibəyə...

- Kitabın çıxdı. Təbrik edirəm. Mən bəyəndim. Çox səmimi alınıb. Özünü ələ saldığın bölümləri xüsusilə çox xoşladım.

- Təşəkkür edirəm. Əvvəlcədən deyim ki, mən yazıçı deyiləm, yazarlığa iddiam yoxdur. Sadəcə, özümdən yazdım, özüm kimi yazdım. Əgər bəyənilibsə, çox sevinərəm.

- Kitab yazmaq haradan ağlına gəldi?

- İnsanlar mütəmadi olaraq "Onu necə elədin, bunu necə elədin?", "Necə olur ki, belə güclü görünürsən?" - deyə suallar verirdilər. Yolda görəndə də soruşurdular, "Instagram"da da sual yağışına tuturdular. Bildiyiniz kimi, başımdan boşanma hadisəsi də keçib, körpə ölümü ilə nəticələnən hamiləlik də... Çoxlu pis olaylar yaşamışam. Amma həmişə pozitivəm, həyatımdakı pis xatirələrdən danışmağı xoşlamıram. Ona görə də, "Bu gülüş saxtadır?", "Sən oynayırsan?", "Həqiqətən səmimisənsə, niyə hiss etdiklərini gizlədirsən?" - kimi suallarla üzləşməli olurdum. Daim öz qismətindən şikayət edən tiplərdən olmasam da, bu, canımın ağrımadığı mənasını vermir. Bu kitabda mənim həyatımla maraqlananlara özümü daha yaxından tanıdıram, ürəyimi açıram. Onlarla həm də həyatın mənə öyrətdiklərini paylaşıram.

- Gəl bir az da həmin o öyrəndiklərindən danışaq.

Kitabında yazmısan ki, "Şöhrət qarderobumda asılı duran bir libas imiş". Həqiqətən belədir?

- Eynilə elədir. Məsələn, buraya gələnə kimi hər hansı anadan fərqim yox idi. Amma müsahibə və fotosessiya başlayan kimi üzərimə şöhrət libasını geyinirəm. Bu, sadəcə, bir neçə saniyəmi alır. Mütəmadi olaraq normal qadınla, məşhur qadın arasında dəyişirəm. Çəkiliş varsa, kameranın işığı yanan kimi fərqli bir qadına çevrilirəm. İş bitdikdən sonra şöhrət libasını çıxarıb asıram.

- Yəni, evdə məşhur bir qadın kimi davranmırsan?

- Təbii ki, yox. Oğlanlarım onsuz da Gülbən Ərgəni ciddi qəbul etmirlər. Onlar üçün, sadəcə, anayam. Arada məndən soruşurlar ki, "Ana, niyə yolda hamı səninlə şəkil çəkdirir?" Deyirəm ki, "serialdan, televiziya proqramımdan, mahnılarımdan məni tanıyırlar axı, ona görə". Buna baxmayaraq, onlara yenə də qəribə gəlir. Çünki mən onlarla qaçan, oyunlar oynayan, xəyallar quran, birlikdə qəhqəhə çəkən analarıyam.

- Bəs şöhrət əvvəllər də sənin üçün önəmsiz idi?

- Zarafat eləyirsən? Bir vaxtlar aparıcılıq etmədiyim zamanlarda belə reytinqlərdə kimin birinci olduğuna baxırdım. Reytinqi çox ciddi qəbul edən bir qadın idim. Amma son illərdə mənim üçün bunun önəmli olmadığını anladım. Dalay Lama deyiləm, təbii ki, mahnım 10 milyon nəfər tərəfindən yüklənəndə, dinləniləndə xoşuma gəlir. Ancaq bu, həyatımın əsas məqsədi deyil.

- Şöhrətə vida edib ərin və uşaqlarınla Bodrumda sakit bir həyatı seçə bilərsən?

- Yox, nə yalan danışım, bu həyatdan o qədər uzaqlaşmaram. Ləman Sam kimi olmağım üçün hələ qarşıda 20 ilim var.

- Kitabında deyirsən ki, "Həyat inadkar bir müəllimdir". Bu müəllimdən nə öyrənmisən?

- Çox şey. Məsələn, bir dərsi mənimsəyənə kimi onun daima qarşıma çıxacağını öyrənmişəm. "Əsla...!" deyə başlayan cümlələrimi udmaq məcburiyyətində qalacağımı öyrənmişəm. İndi böyük danışmıram. Məsələn, əvvəl "Oğullarıma sırğa taxmağa icazə vermərəm, oğlan nədir, sırğa nədir?" deyirdim.

- Bəs indi?

- Sırğa taxmaq üçün kiçikdirlər, amma gələcəkdə istəsələr, qarşı çıxmaram. Həyat mənə insanları mühakimə etməməyi öyrədib. Uşaqlarım mənim kimi düşünmək, mənim istədiyim kimi yaşamaq məcburiyyətində deyillər. Onlar ayrı-ayrı fərddirlər. Bilirəm ki, uşağın hisslərini öldürməyə, öz bildiyimi yeritməyə çalışsam, axırda hardasa bir anormallıq büruzə verəcək. Hamımızda belə olmayıb? Nəyin qarşısını almağa çalışdıqsa, başımıza daha betəri gəldi.

- Başqa nələr öyrəndin?

- Məgər şöhrətlə etibar fərqli şeylər imiş. Mən məşhuram, Nobel mükafatını alan Orhan Pamuk da məşhurdur. Bir də görürsən, adi qatil də məşhurlaşır. Ancaq bu məşhurluqlar arasında fərq var. Kimi yaxşı kimi məşhurdur, başqası pislikdə şöhrət qazanır. Yəni, məşhur olmaq heç də həmişə yaxşı məna vermir. Önəmli olan insanların etibarını qazanmaqdır. Daha sonra da inkişaf etmək, öz üzərində işləmək... Mənimlə bağlı hamı istədiyini deyə bilər, ancaq haqsızlıq etməməlidirlər. Mən başladığım yerdə ilişib qalmamışam. İrəli getmək, öyrənmək, inkişaf etmək üçün həmişə çalışmışam. Hələ də bunun üçün səy göstərirəm.

- Bəs bütün bunları niyə edirsən?

- Çünki ötən ilki Gülbən olmağı sevmirəm. Özümü bəyənməmək xoşuma gəlir. Anam da məni bəyənmir, özümü ona bəyəndirməyə çalışıram.

- Bu qədər işi necə çatdırırsan?

- Çatdırmağa çalışıram. İnsan həyatın çətinliklərindən, ölkədə baş verən qadına qarşı zorakılıq hadisələrindən, Ankarada baş verənlərdən, iqtisadiyyatdan xəbərdar olmalıdır. Təbii ki, bu mövzularda mütəxəssis deyiləm. Ancaq çox oxuyuram. Oxuduqca çatışmayan tərəflərimi görürəm.

- Deyirsən ki, "Evlilik şirkət qurmaq deyil"...

- Bəli, işin içərisində mənfəət varsa, pul varsa, mən elə evliliyi təsdiqləmərəm. Nə bitən, nə də ki, indiki evliliyimdə bu faktorlar mənim üçün önəmli olmayıb. Bizim cəmiyyətdə qızlar evliliyi bir "mərtəbə" kimi görürlər. Yüksəlmək, indikindən daha yaxşı yaşamaq, istəklərinə qovuşmaq üçün bir yol hesab edirlər. Bu çox səhv fikirdir. Kanallarda yayımlanan evlilik verilişləri də yanlış fikir formalaşdırır. Qızlar orada sıraya düzülüb "Evin varmı?", "Nə qədər maaş alırsan?" kimi suallar verirlər. Qarşı tərəfin maddi şəraiti xoşlarına gəlirsə, evliliyi qəbul edirlər. Bu vəziyyət məni çox təəssüfləndirir. Evlənmək bu deyil, belə olmamalıdır. Bütün bunların səbəbi qadınların iqtisadi azadlıqlarının olmaması, təhsil səviyyələrinin aşağı olmasıdır.

Zəngin ər axtarmağa başladınsa, burada sevgidən, gerçək ailədən söhbət gedə bilməz. Həmin kişilər daha sonra pulun əvəzini sizdən artıqlaması ilə çıxacaqlar.

- Həyat yoldaşın Ərhandan danış bir az.

- Ərhan mənə və həyatıma başqa bir baxış bucağı ilə baxır. Peşəsi jurnalist olduğu üçün çox obyektivdir. Bəzən bir qardaş kimi məsləhətlər verir mənə. "Belə dedin, bax, başına bunlar gələcək",- deyə mənə xəbərdarlıq edir. O, çox sakitdir, məşhur biri olmadığı üçün bir-birimizi tarazlayırıq.

- Onunla ən çox neyləməyi xoşlayırsan?

- Biz çoxlu yeriyirik, söhbət edirik, dərdləşirik, dedi-qodu edirik, öz həyatımızı müzakirə edirik. Ərhan mənə ən böyük lüksü təmin edib. Onun yanında olduğum kimi görünməyə imkan verib. Onunla özümə nəzarət etməyə çalışmıram, içimdən necə gəlirsə, elə davranıram. Həm də Ərhanın yanında tam istədiyim kimi bir ana ola bilirəm. Bu, çox önəmlidir.

- Sənin üçün deyirlər ki, "artistlik edir, ancaq onda çox yaxşı alınır"...

- Onlar heç vaxt mənim qədər səmimi bir insan tanımayıblar. Yəqin ona görə belə düşünürlər. Əsəbiləşmirəm onlara. Bir ara mənim taksi şirkətimin olduğu ilə bağlı xəbərlər çıxmışdı. Bunu dəfələrlə təkzib etsəm də, şayiə kimi yayıldı. Sadəcə, gülürəm. Nə vaxt taksiyə minsəm, sürücü deyir ki, "Bacı, məni işə götürmədin, halbuki sizi çox sevirik".

- Bu taksi şayiəsi çox gözəl uydurulub, uyduran kimdisə, ağıllı insandır.

- Araşdırdım ki, bir taksi maşını çox bahadır. Deyilənlər doğru olsaydı, burada inanılmaz bir sərvətdən söhbət gedir. Guya 600 ədəd taksim olduğunu deyirlər. Dəli olublar. Üstəlik, belə işlərdən başım çıxmır. Məni tanıyanlar yaxşı bilirlər. Mən hara, taksi işi hara?

- Ərhanla evliliyindən bəhs edərkən "Biz artıq sevgili ola bilməzdik, ailə olmalı idik", deyə yazmısan. Ana olduqdan sonra sevgili olmaq çətinləşir?

- Sevgili olmaq mümkündür. Biz də sevgiliyik. Amma insanın üç oğlu olanda gərək bəzi şeylərə diqqətlə yanaşsın. Ərhanı tanımadan öncə də oğlanlarıma ataları ilə yaşadıqlarımızı nəql edərkən dilimdə həmişə ailə sözü olub. Sonra Ərhanla tanış olduq. Beynimdə onlarla sual yarandı. Nə olacaq? Necə olacaq? Kim kimin evində qalacaq? Uşaqlara nə deyəcəyəm?...

- Nə dedin uşaqlara?

- "Biz ailə olmağa qərar verdik. Daha qələbəlik, daha əyləncəli olacağıq. Kayra da bizimlə olacaq, daha çox əylənəcəyik" dedim. Sonra da "Biz bu bazar günü evlənirik" dedim. Bazar ertəsi evə gəldik. Uşaqları məktəbə apardım. Ondan sonra həyat öz axışı ilə davam etdi. Üç övladımın psixologiyası mənim üçün çox önəmlidir. Ərhanla evlənmədən öncə birlikdə olduğumuz o bir ildə həmişə bu haqda fikirləşmişik. Bizə yemək yeməyə gəlib, birlikdə restoranlara getmişik, gülüb-əylənmişik, ancaq yuxu zamanı gələndə o, öz evinə gedib, bizdə qalmayıb.

- Eşitdiyimə görə, sənin yaşadığın binanın yaxınlığında mənzil kirayələyib. Həll yolunuz bu idi?

- Gecələr orada qalırdı.

- Bəs o mənzil indi də durur?

- Hə, durur. Amma yaxında bütün bunlar geridə qalacaq. Uşaqlar çox önəmlidir. Ərhan sağ olsun, bunu başa düşür və vəziyyətimizi qəbul edir.

- Uşaqlar yatdıqdan sonra barmaq ucunda onun mənzilinə gedirsən? Romantik imiş...

-(Gülür) Bu mövzunu bağlayaq.

- Oğlanların aşiqdir sənə?

- Bəli. Başqa eşqləri də var, amma məni də çox sevirlər.

- Səni Ərhana qısqanırlar?

-Yox. Çünki, onlar üçün Ərhan "Kayranın atası"dır. Ona elə ləqəb qoyublar.

- Həm deyirsən ki, "biz ailə olmuşuq", həm də uşaqların Ərhanı sənin həyat yoldaşın, sevgilin kimi yox, "Kayranın atası" kimi tanıdıqlarını deyirsən. Bu, necə olur?

- Əslində, onlar həqiqəti bilirlər. Sadəcə, "Kayranın atası" demək onların işinə yarayır. Mən də onlara deyirəm ki, "Sizin atanız, Mustafa Ərdoğandır. Ərhan da şahanə bir dostdur. Mənə deyə bilmədiyiniz nəsə olsa, Ərhanla bölüşə bilərsiniz". Onunla futbolla, idmanla bağlı söhbətləşirlər. Ataları ilə tez-tez görüşürlər, həftəsonu onun yanına gedirlər. Kayra ilə həmyaşıd olmaları işimizi asanlaşdırır.

- Ötən gün avtobusa minmisən və orada çəkdiyin fotonu sosial şəbəkədə paylaşmısan. Bu xalqla iç-içə olduğunu göstərməyin bir yolu idi?

- Yox. Yeriyirdim. Çox yoruldum və sürücüm Sərhat bəyə zəng elədim. Dedi ki, "yuxarıdayam, Gülbən xanım, Etilərdən enəcəyəm. 15-20 dəqiqəyə çata bilərəm". Mən də tər-su içində idim. Avtobusa mindim. Tarabyada bizim "Serpil"in önündə düşüb, sadəcə, 2 lirə ödədim. Heç kim tanımadı, hamı öz işi ilə məşğul idi. Fotomu özüm çəkdim, "Instagram"a qoydum . Avtobusa minmək mənim üçün problem deyil. Məktəbə həmişə avtobusla gedib-gəlmişəm.

- Keçmiş ərin Mustafa Ərdoğanla aran necədir?

- Keçmiş həyat yoldaşım çox bacarıqlı, yaxşı bir atadır. Ondan çox məmnunam, yaxşı ki, var. Yaxşı ki, uşaqlarımın atası odur.

- Kitabında özünü ələ salırsan. Bu, çox səmimi alınır. Kitabın daha çox satılması üçün seçilmiş bir üsuldur, yoxsa, doğrudan da beləsən?

- Həqiqətən eləyəm. Çox ağıllı görünürəm, ancaq elə deyiləm. Ev işlərini qısa zamanda həll edib, kimin nə vaxt hara gedəcəyini, harada görüşəcəyimizi bir anda planlaşdıra bilərəm. Ancaq bu, çox ağıllı olmaqdan qaynaqlanmır.

- Həyatdan nə gözləyirsən?

-İndiki vəziyyətimin davam etməsini istəyirəm. Bundan artıq nə istəyə bilərəm?

-"Arxaya baxaraq irəli gedə bilməzsən" yazmısan.

- Keçmiş keçmişdə qalmalıdır. Ona görə də mən daim irəliyə baxıram.

- Kitab möhtəşəmdir, ancaq sanki bəzi məsələlərin üzərindən keçmisən, dərinə getməmisən.

- Düzdür. Məsələn, boşanmağımdan bəhs edərkən detalları yazmamışam. Çünki indi hər şey yaxşıdır, 2015-ci ildəyik.

Həmin hadisələr 3-4 il öncəsində qaldı. O bölümləri daha qısa yazmağa çalışmışam.

Mən keçmiş həyat yoldaşımla məktəb dəvətlərində, sünnətdə, toyda, nişanda, ad günlərində bir araya gələcəyəm, bir-birimizin üzünə baxacağıq. Uşaqların yaxşılığı üçün bu şərtdir. Mən ayrılmasına baxmayaraq, hələ də həyatı bir-birlərinə zəhər edən cütlüklər tanıyıram. Yazıq uşaqlar da ana-ata arasındakı münasibətdən təsirlənirlər. Mən oğullarımın bu mərhələni ən az ziyanla keçirə bilmələri üçün əlimdən gələni etmişəm. "Biz ər-arvad olaraq boşandıq, ana-ata olaraq boşanmamışıq" deyirəm.

-"Həyatdaki hər şey qarşına bir səbəblə çıxar" deyirsən. Təsəvvüflə maraqlanırsan?

- Əkizlərə hamilə olanda çox problem yaşadım. Dörd ay yatdım. Elə o vaxt Əlif Şəfəqin "Eşq" kitabı çıxdı. Oradaki 40 qayda mənim həyatıma çox təsir etdi. Ən çox da "Həyatım alt-üst olacaq deyə qorxma. Nə bilirsən, həyatının altının üstündən daha gözəl olmayacağını?" qaydası çox xoşuma gəldi. Bu Şəms Təbrinizin kəlamıdır. Mən təsəvvüflə ilk öncə Mövlana sayəsində maraqlanmağa başlamışam, amma Şəmsin yolunu daha çox bəyənirəm. Mövlana çox yumşaq, çox sakit bir din adamıdır. Şəms isə asi və sərtdir. Onun kəlamları və öyrətdikləri çox fərqülidir.

O kitab məni təsəvvüfə yaxınlaşdırdı. Daha sonra Cemalnur xanımı tanıdım və başqa dostluqlar qurdum.

İslama təsəvvüfün baxış bucağından baxıram. "Quran-ı Kərim'i", Həzrəti Məhəmmədi təsəvvüfün əks etdirdiyi şəkildə tanıyır və bilirəm.

Yəni, bu gün bizə "Günahdır! Ümrəyə getdin, indi də çiyin dekolteli geyim geyinirsən. Utanmırsan?" deyə yazanlar özlərini pis vəziyyətə salırlar.

Təsəvvüf deyir ki, hamı özünə görə məsuliyyət daşıyır. Mənimlə Allah arasındadır. Sən özünü daxil edə bilməzsən, qarışma, mühakimə etmə!

- Hər şeyin qarşına çıxmasının bir səbəbi varsa, səncə, Ərhan niyə qarşına çıxıb?

- Çünki mən həmişə Ərhanı gözləmişəm. Evlənəcəyim adamı təsəvvür edərkən Ərhanı düşünmüşəm.

"Yaxşı olsun, şəfqətli olsun, ata olmağı bacarsın, məni başa düşsün!" deyirdim. Mən Mustafadan

boşandığım üçün evlilikdən küsmədim, evlilik düşmanı olmadım. Çünki ailə olmağı sevirəm. Biz Ərhanla bunu bacardıq, ailə olduq...

- Ərhandan danışarkən həmişə yaxşı ata olduğunu vurğulayırsan. Sizin əlaqənizdə heç ehtiras yoxdur?

- O haqda danışmayaq.

- Oğulların olduğu üçün bu mövzuda belə diqqətlisən?

- Deyəsən. Əlbəttə, övladın qızı, oğlanı olmaz. Ancaq yenə də çəkinirəm. Oğlan uşaqlarının psixologiyası fərqli olur.

- Kitabda da belə yerlər var. Ananla atanın ayrılığından, vəfat edən qardaşından bəhs edirsən. Ancaq detallar yoxdur.

- Çünki anam əsəbiləşər.

- Atanın spirtli içki aludəçisi olduğunu öyrənirik, sonra yenə mövzunu dəyişirsən...

- Dedim axı, keçmişə baxaraq irəliyə gedə bilmərik. Atamın içki probleminə görə həmişə içkidən uzaq durmuşam, içməyi sevməmişəm.

Gördüyünüz kimi, elə də yaxşı xatirələrim yoxdur.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm