• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Sevda Ələkbərzadə: “Onun axtarışına çıxsan, tək qala bilərsən” – FOTOLAR

  • Layihə
  • 20 May 2015 14:30
  • 1 703 Baxış
Sevda Ələkbərzadə: “Onun axtarışına çıxsan, tək qala bilərsən” – FOTOLAR

Yaradıcılığına dərin hörmət bəslədiyim Sevda Ələkbərzadə ilə müsahibəmiz Publika.az-a mayın 19-da yerləşdirilməli idi. Amma həmin gün baş verən dəhşətli hadisədən təsirlənən müsahibimin də qərarı ilə həmin müsahibəni ləngitməli olduq.

Sevimli müğənnimiz körpələrin, yaşlıların, gənc ailələrin faciəsinə səbəb olan dəhşətli yanğın hadisəsi ilə bağlı xalqımıza başsağlığı verir. Həmin yanğında dünyasını dəyişən insanlara Allahdan rəhmət, ailələrinə səbir diləyərək Publika.az-ın "Kokteyl" layihəsi çərçivəsində qonağımız olan Sevda Ələkbərzadənin müsahibəsini təqdim edirik.

Hansı ki, bu söhbət mənə çoxdandır həsrətində olduğum xoşbəxt anlar yaşatdı. Odur ki, yəqin, hələ uzun müddət bu söhbətin təsirindən çıxa bilməyəcəm və hər dəfə xatırladıqca bundan zövq alacam.

- "İlk Avropa Oyunları qədim Bakı torpağında" adlı klip və mahnı çox maraqlı alınıb. Himnin təqdimat mərasimində də mahnını hamı ayaq üstdə alqışlarla qarşıladı. İlk növbədə bu münasibətlə sizi təbrik edirik.

- Təşəkkür edirəm.

- Siz özünüz də bir çox mahnıların müəllifisiniz. Maraqlıdır, mahnı ilə tanış olandan sonra ona hər hansı dəyişiklik etmək ürəyinizdən keçdi?

- Yox, heç bir dəyişiklik etmək istəmədim. Ümumiyyətlə, belə müasir janrda bəstəkar mahnılarına heç bir dəyişiklik edilmir. Bu, xalq mahnısı, yaxud köhnə bəstəkar mahnıları deyil ki, hər hansı bir dəyişikliyə ehtiyac olsun. Bu musiqidə igidlik, mərdlik ruhu aşılayan bir pafos var. Əlbəttə ki, bu, təsadüfi ola bilməzdi. Çünki Avropa oyunları üçün yazılmış himndir və çox möhtəşəm layihədir. Layihəni Samirlə birlikdə ifa etmişik, eyni zamanda könüllülərdən ibarət xorun ifası da mahnıya rəng qatıb. Klipdə də Azərbaycanın gözəlliyini hərtərəfli göstərməyə çalışmışıq. Çox razı qaldım.

- Avropa Oyunlarının açılışında iştirakınız gözlənilirmi?

- Bu barədə heç bir söz deyə bilmərəm.

- Onda keçək başqa suallara.

- Keçək.

- Belə bir fikir var: "Sözlər hərdən musiqiyə ehtiyac duyur, musiqinin isə sözlərə ehtiyacı yoxdur". Siz bu fikirlə razısınız?

- Bəziləri musiqidə sözlərin daha vacib olduğunu söyləyir. Bu, məntiqli fikir deyil, razı deyiləm. Mənim üçün əsas musiqidir. Əgər musiqidə sözlər vacibdirsə, bu, musiqi yox, poeziyadır. Sözlər poeziyada vacibdir, musiqidə isə sözlər ikinci yerdə gəlir. Təbii ki, musiqi ilə sözlər bir-birini tamamlayanda nəticə çox uğurlu alınır.

- Sevda Ələkbərzadə üçün musiqi qəlbin üsyanıdır, yoxsa ki, qəlb rahatlığıdır?

- Həm qəlibin üsyanıdır, həm də qəlb rahatlığıdır.

- Hansı hallarda üsyan rolunu oynayır?

- Onu musiqidən duymaq olar. Elə mahnılarım var ki, orda üsyan var, elə musiqi də var ki, orada qəlb rahatlıq tapır. Məsələn, "Salam Allah" mahnısında üsyankar ruh var.

- Amma eyni zamanda "Salam, Allah" mahnısı insanı elə bil mənəvi cəhətdən təmizləyir. Bu mahnının sözlərinin müəllifi, səhv etmirəmsə, sizin atanızdır. Mahnıda "Mənim adım Sevdadır" ifadəsi təsadüfidir?

- Təsadüfi deyil, o hissəni mən yazmışam. Mahnının ortasında ifa etdiyim muğamın sözləri atama aiddir.

Ay Allah, bu nə dünyadır?

Bəlkə yatmışam röyadır?

Azadlıq var, ya xülyadır?

Darıxıram...

Musiqi insana ilahi qüvvənin göylərdən göndərdiyi bir nemətdir...

- Mahnıda birbaşa Allaha müraciət olunub. Dində musiqiyə və qadının ifasına münasibət birmənalı deyil. Bu məsələyə sizin yanaşmanız necədir?

- Dində qadının azan oxuması haram hesab olunur. Ümumiyyətlə, deyirlər ki, musiqi haramdır. Amma, məncə, "Quran" kitabında musiqinin haram olması barədə hər hansı məlumat verilməyib. Bunu kim dəqiqliklə deyə bilər ki?! İnsanın ruhunu oxşayan elə mahnılar var ki, onu dinləyəndə başqa bir aləmdə olursan. Elə azan özü musiqiylə oxunur. Bu isə səbəbsiz deyil. Demək ki, musiqi insana göylərdən ilahi qüvvənin göndərdiyi bir nemətdir... Musiqi özü böyük bir fəlsəfədir.

- Heç olubmu ki, Allaha, ya da bu həyata qarşı üsyan edəsiniz?

- Yox! Həyata və Allaha qarşı üsyan etməmişəm. Əksinə, hətta ən çətin günlərimdə də şükür etmişəm. Allahımı sevirəm, qəlbimdə ona həmişə böyük sevgi bəsləmişəm. Hədsiz dərəcədə inanclı insanam.

- Bəxtinizin sükanı kimin əlindədir?

- Allahın.

"Mənə başqa tənqidçi lazım deyil"

- Həyatınızdakı səhvləri düzəltmək üçün sizə şans verilsə, orada çoxmu səhv tapardınız?

- Hər zaman səhv axtarıram, özümə çox tənqidi yanaşıram. İnsanlar var ki, heç nəyi vecinə almır. Mən isə həmişə fikirləşirəm ki, mahnını daha yaxşı ifa edə bilərdim, yaxud nəyisə düz eləmədim və sair. Yəqin ki, bir qədər maksimalist olmağımdan qaynaqlanır. Ona görə də, mənə başqa tənqidçi lazım deyil.

- 18 yaşlı Sevda Ələkbərzadəyə indiki ağlınızla hansı məsləhətləri verərdiniz?

- Həddindən çox məsləhət verərdim. (Gülürük)

- Yəni, elə ciddi səhvləriniz olub?

- Sadəcə, çox dəlisov və çılğın olmuşam.

- Belə deyirlər ki, yaradıcılıq dərdin, kədərin məhsuludur. Məgər xoşbəxt olanda nəsə yaratmaq olmur? Sizi ağrılar, yoxsa sevinc yeni mahnılar yaratmağa sövq edir?

- Düzgün deyilmiş fikirdir. Dərdin öz lirikası, öz ahəngi var. Dərddən, kədərdən ancaq onun ahəngini kompensasiya edən başqa ahənglərin təsiri ilə çıxmaq olar. Yəqin ki, insanın dərdi onun daxilində daha dərin izlər buraxır. Hər halda bu bir həqiqətdir ki, insan yıxıldıqca, xəyanətlə üzləşdikcə, yara aldıqca böyüyür, həyata baxışı dəyişir. Aldığı yaralar insanın sənətinə də təsir edir. Bu da, yaradıcı insanı yeni əsərlər yaratmağa sövq edir. Məsələn, çox görkəmli insanların, dahi şəxsiyyətlərin əksəriyyətinin həyatı məhrumiyyətlər və çətinliklər içində keçib. Elə bir yaradıcı insan tanımıram ki, həyatı əvvəldən axıra qədər problemsiz olsun, xoşbəxt həyat sürsün. Hər birinin həyatı faciələrlə doludur. Burada müdriklik amili, insanın dayaz, yaxud möhkəm xarakterli olması böyük rol oynayır. Əgər dərin insansansa, aldığın yaralar sənin sənətinə təsirsiz ötüşməyəcək və mütləq bir iz qoyacaq... Amma bu, o demək deyil ki, yaradıcı insan xoşbəxt olanda heç nə yarada bilməz. Çox xoşbəxt olanda da pozitiv mahnılar, insanda xoş əhval-ruhiyyə yaradan əsərlər ortaya çıxır.

Hisslərini ifadə edən insanlar daha güclüdür

- Hisslərinizi idarə edə bilirsinizmi? Sizcə, bu, insanın iradəli olmasıdır, yoxsa zəifliyinə işarədir?

- Hansısa məqamlarda hisslərimi büruzə verə bilmirəmsə, bu, zəifliyimin əlamətidir. Mənim üçün hisslərini ifadə edən insanlar daha güclüdür.

- İstənilən vəziyyətdə hisslərinizi idarə etməyi bacarırsınız?

- Hisslərin ağası da, köləsi də olmaq müsbət hal deyil. Çünki idarə edə bilirsənsə, deməli, onları heçə sayırsan. İnsan daş kimi soyuq olmamalıdır. Bəzi məsələlərdə hisslərlə addım atmaq lazımdır. Mən yəqin ki, hisslərlə yaşayıram. Bunun da öz romantikası var.

- Özünüzü bir mahnı ilə ifadə edin, desələr, hansı mahnını seçərdiniz? Əlbəttə ki, öz repertuarınızdan.

- Oy, bilmirəm, mahnılar çoxdur. Onların hər biri mənə əzizdir. Ümumiyyətlə, mən özümü danışmaqla deyil, oxumaqla, mahnılarla daha yaxşı ifadə edirəm.

- İnsanın xarakterini, insanlığını onun musiqi zövqündən müəyyənləşdirmək olar?

- Söhbət insanın yaxşı, yoxsa pis olmasından gedirsə, burada musiqi zövqü heç nə demir. Çünki gözəl sənət qarşısında ən qəddar insanlar da acizləşir, gücsüzləşir və baş əyir. Bundan başqa, klassik əsərlər və ya gözəl musiqilər dinləyən insanlarla yaxından tanış olandan sonra başa düşmüşəm ki, mən təsəvvür etdiyim kimi yox, tamamilə başqa xarakterli insanlardır. Məncə, musiqi zövqü ilə insanın xarakteri həmişə üst-üstə düşmür.

- Musiqi ilə sevginin ortaq və fərqli cəhətləri nədir?

- Hər ikisi insan ruhu üçün terapiyadır, ən çətin anda insanı xilas etmək gücünə malikdir. Sevgi hissdir, musiqi isə hisslərin dilidir, hissləri ifadə etməyin bir üsuludur. Bəziləri deyirlər ki, "Musiqini daha yaxşı və ürəkdən ifa etmək üçün sevməlisən". Bu fikir mənə yaddır. Bəlkə də sevməyəndə, sevgiyə həsrət qalanda daha yaxşı ifa edirsən...

- Sevgi tanrının mükafatıdır, yoxsa lənəti?

- Sevgi Allahdan verilən bir nemətdir. Həqiqi sevginin qarşılığının olması üçün sevən ürəkdə Allah olmalıdır. Məhz Allah bəndələrin qəlbinə sevgi salır və onlara qarşı sevgi yaradır. Unutmamalıyıq ki, sevginin əsl qaynağı və əsl sahibi yalnız Allahdır. Onu da yalnız kişi ilə qadın arasında mövcud olan münasibətlərlə məhdudlaşdırmaq olmaz. İnsanı həyata bağlayan sevgidir. Anaya, ataya olan hörmət, ananın övladına olan qayğısı, bacı-qardaşa qarşı doğmalıq hissi olmasa, yaşaya bilməzsən. Çünki həyat məhz bu münasibətlərin üzərində qurulub.

- Sevgiyə yağan vaxtsız yağışları necə qurutmaq olar?

- Maraqlıdır... Sevgiyə yağan vaxtsız yağışlardan da bəzən sevinc səsləri duyulur. Şəffaf damcılar insana nə isə demək istəyir, həzin-həzin pıçıldayır... Bu səsdən qəribə bir mehribanlıq duyursan... Damcılar gözlərdən süzülərək titrək bir ahəng yaradırlar.

- Ağlayan məhəbbəti susdurmaq mümkündür?

- Ağlayan məhəbbəti susdurmaq mümkündür. Həm də hansı vəziyyətdə olmağından asılıdır. Cəfər Cabbarlının ağlayan məhəbbətlə bağlı gözəl şeiri var:

Məhəbbət ölkəsi qəm diyarıdır,

O diyarda ağlayan çox, gülən yox.

Cad olunmuş kimi könül çırpınır,

Ağlayormu, gülüyormu - bilən yox!

Fələk məni öylə günə salıb ki,

Bilmiyorom yaşayımmı, ölümmü?

Yazıq könlüm öylə hala qalıb ki,

Bilmiyorom ağlayımmı, gülümmü?

- Bəs həsrət məhəbbəti boğur?

- Həsrət məhəbbəti boğur.

- Yəni, həsrəti sonu həmişə zülmətdir, işıq yox.

- Həsrət, hicran gecə kimi qaranlıq və zülmətdir. Çox nadir hallarda hicranın sonu şirin vüsalla bitir.

- Məhəbbəti kim dəbdən saldı?

- Mahının sözlərinin müəllifi - Aytən İsmixanova. (gülürük) . Təbii ki, zarafat edirəm. Məncə, həyatda dəbdən düşməyən iki şey var: məhəbbət və insanlıq. İnsanlıq və bəşəriyyət var olduqca, məhəbbət həmişə dəbdə olacaq.

- Amma daha əsərlərdə oxuduğumuz, yaxud kinolarda gördüyümüz sevginin şahidi olmuruq. Bilmirəm, müasir dövr, yoxsa texnologiya sevgi hisslərini öldürüb. Sizcə, hansı öldürüb?

- Dəyərlər dəyişib. Hər şeyi zəmanənin üstünə də atmaq düzgün deyil.

- Dahi insanların, yaradıcı insanların çoxu etiraf edir ki, ailə yaradıcılığı boğur. Sizdəmi, belə düşünürsünüz?

- Əslində, ailəm mənə hər zaman dəstək olub. Ailəmin dəstəyini hiss etməsəydim, bəlkə də karyeramda uğur qazana bilməzdim. İstedad insana ailədən ötürülür. Babam Əbülhəsən Ələkbərzadə Azərbaycanın xalq yazıçısı olaraq ilk sovet romanının müəllifi olub. Atam yazıçı-jurnalistdir. Yaradıcılığa olan həvəs mənə onlardan ötürülüb.

- Sizin üçün şan-şöhrəti itirmək, yoxsa ümidi itirmək daha dəhşətlidir?

- Təbii ki, ümidi itirmək. Heç vaxt şan-şöhrət arxasınca qaçan olmamışam. Musiqini sevdiyim üçün bu sənətlə məşğulam. Şan-şöhrət mənim üçün həmişə ən axırıncı yerdə dayanıb.

Dayaz insanların seçimi də dayaz olacaq

- Həyatın sınaqlarından həmişə üzüağ və alnıaçıq çıxmaq üçün insandan nə tələb olunur?

- Əgər insan özü təmizdirsə, həyatın ən çətin sınaqlarından da üzüağ və alnıaçıq çıxacaq. Burada insanın qəlbinin necə olması və ya tərbiyəsi onun seçimlərinə təsir edir. Tərbiyəli, qəlbi çirkabdan, fitnə-fəsaddan uzaq insanı şeytan yoldan çıxara bilmir. Nə baş verməsindən asılı olmayaraq, həmin insan öz vicdanını ləkələməyə razı olmur. Bu cür adamlar hər bir situasiyasından normal çıxırlar. Sözsüz ki, həm çox güclü, həm də iradəli olmağı bacarmalısan. Amma başdan ayağa çirkaba batanlar, tərbiyəsizlər ən kiçik problemlə üzləşəndə belə əsl simalarını göstərirlər. Bu da təbiidir: dayaz insanların seçimi də dayaz olacaq.

Onun axtarışına çıxsan, tək qala bilərsən

- Xoşbəxt olmaq üçün insan ideal olmalıdır?

- Həyatda ideal heç nə yoxdur. İdeal olmağa çalışmaq, ideal insanı axtarmaq da lazım deyil. Onun axtarışına çıxsan, tək qala bilərsən. Ruhuna, daxili dünyana yaxın biri olmalıdır.

İncəsənəti böyük pullar idarə etmir

- İncəsənətin dili və dini yoxdur. Onu pulla qazanmaq qeyri-mümkündür. Istedad Allah vergisi olduğu halda, sizcə, niyə incəsənəti böyük pullar idarə edir?

- İncəsənəti böyük pullar idarə etmir. O yalnız pop musiqisini idarə edir. Yəni, musiqi şirkətləri hər hansı müğənninin təbliğatı ilə məşğul olur, onun üçün kliplər çəkdirir və ya mahnılar yazdırırlar. Lakin müğənninin məşhur olması o demək deyil ki, onun böyük sənəti var. Elə sənətkar var ki, onun sənəti pulla ölçülə bilməz. Belələrinin güclü təbliğata da ehtiyacı yoxdur. Sadəcə, hansısa layihələrini həyata keçirmək üçün dəstəyə ehtiyac duya bilərlər. Mənim də layihələrimin reallaşmasında bəzi insanların əməyi olub. Onlar olmasa idi, layihələrim işıq üzü görməzdi. Məsələn, xeyriyyəçi Nazim Abdullayev nəinki mənə, bir çox sənət adamlarına dəstək olub.

- Bizim müğənnilərin əksəriyyətinin haradan qazanc əldə etməsi məlum məsələdir: toylardan. Yəqin ki, bu məsəli eşitmisiniz: "Yemək vaxtı mahnıya qulaq asmaq həm musiqiçi üçün, həm də aşpaz üçün təhqirdir". Demək istədiyim odur ki, müğənnilərin artıq toylardan deyil, konsertlərdən gəlir götürməsi üçün şərait yetişməyibmi?

- Hər bir sənətçinin ən böyük arzusu verdiyi konsertlərdən pul qazanmaqdır. Əfsuslar olsun ki, Azərbaycanda müğənnilərin toylardan başqa gəlir yeri yoxdur. Mən buna görə, heç kimi qınaya bilmərəm. Gəlin, bir misal çəkim: Rusiya və ya Türkiyə çox böyük ölkədir, onun hər şəhərində konsert vermək müğənni üçün bəs edir. Azərbaycan isə böyük ölkə deyil, bizdə o bazar yoxdur. Müğənnilərin çoxu çıxış yolunu ancaq toy bazarında görürlər.

- Hər şey köhnəlir, hətta ən ağır yaralar və itkilər. Sevda Ələkbərzadə mahnılarının köhnəlməsindən qorxmur ki?

- Ona görə də heç vaxt köhnəlməyəcək mahnılar ifa edirəm. İfa etdiyim mahnıların tarixdə qalacağına inanıram. Ola bilsin ki, repertuarımda hanısa pop və ya bəstəkar mahnıları tarixdə qalmasın. Amma oxuduğum mahnıların çoxunun hələ uzun illər tarixdə qalacağından əminəm. Bu barədə narahat deyiləm.

Aytən

Fotolar: Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR