Çılpaq qadınlar qədər möhtəşəm ayaqqabılar - FOTOLAR
Bizi izləyin

Layihə

Çılpaq qadınlar qədər möhtəşəm ayaqqabılar - FOTOLAR

Platforma, uzunburun, müxtəlif fasonlu dikdabanlar qadınların ən sevimli aksessuarıdır desək, yəqin ki, yanılmarıq. Lakin qadınlar dikdaban ayaqqabılarda da rahatlıq axtarırlar. Bəs, həmin rahatlığı hansı ayaqqıbalarda tapmaq olar?

Publika.az-ın kiçik araşdırması göstərdi ki, ayaqqabının rahatlığını, keyfiyyətini onun hansı brendə aid olmasından müəyyən etmək olar. Hər bir qadının sevimli ayaqqabı növü olduğu kimi, bəyəndiyi ayaqqabı dizayneri də var. Bu gün moda həvəskarlarını məşhur ayaqqabı “Casadei” brendi ilə yaxından tanış edəcəyik.

“Casadei” təkcə İtaliyanın deyil, moda dünyasında yarım əsrlik tarixi olan unikal və qlamur ayaqqabı brendi kimi tanınır. Kustar üsulu, Çezare Kasadeyin zəngin təxəyyülü, keyfiyyətli materialı ilə ayaqqabı dünyasında öz yerini tutub. Klassik ənənələrə bağlılığın təcəssümü olan “Casadei” üslubu dəbə uyğunlaşmağa çalışmır. Qadınlar bu ayaqqabılarda onsuz da möhtəşəm görünürlər. Ayaqqabı evinin başlıca cəhəti yüngüllük və zəriflikdir. Ən önəmlisi isə bu ayaqqabıların zaman keçdikcə köhnəlməməsidir. Əl əməyi, eksklüziv materiallar və qeyri-adi dizaynı ilə Kasadey dünya miqyaslı ən yaxşı ayaqqabı istehsalçıları sırasında liderlik edir.

Odur ki, Publika.az-ın “Brendlərin tarixi” layihəsi çərçivəsində bu həftə məhz “Casadei” İtalyan ayaqqabı brendinin inkişafına təsir edən əsas hadisələri və yaranma tarixini təqdim edirik.

Qadınlar ona heyrandır...

Ayaqqabı brendinin tarixi 1958-ci ildən başlayır. Həmin ildə ər-arvad Kvinto və Flora Kasadey öz biznesini qurmaq qərarına gəliblər. Onlar San Mauro Paskoli şəhərciyində kiçik ayaqqabı emalatxanası və mağaza açıblar. Mağazada satışa qoyulan ilk ayaqqabılar üstü açıq, yay səndəlləri idi. Bu ayaqqabılar İtaliyaya dincəlməyə gələn turistlər üçün nəzərdə tutulmuşdu. Lakin yerli moda həvəskarları bu modellərə laqeyd qala bilmirlər. Dizaynerlərin işləri modapərəst italyan gözəllərinin də ürəyincə idi.

Dekorativ naxışlarla yaranan fərq

Əl işi olan dekorativ naxışlar şirkətin əsas fərqləndirici xüsusiyyəti idi. Bu dekor elementi o dövr üçün çox nadir hal idi. Çünki bu naxışlar yalnız yüksək keyfiyyətli üstü açıq ayaqqabıların dəyərini artırırdı.

Yenicə fəaliyyətə başlayan şirkət 1961-ci ildə ilk qış ayaqqabı kolleksiyasını buraxıb. Bir neçə il sonra isə şirkət Florensiya şəhərində beynəlxalq ayaqqabı sərgisinin iştirakçısı olub. Bax, beləcə balaca dükan yavaş-yavaş əsl sənaye kompleksinə çevrilərək tələbata uyğun məhsullar istehsal etməyə başlayır.

Şirkətin təsisçiləri başa düşürlər ki, onlar əldə etdikləri uğurla kifayətlənməməlidirlər.

Sərhədləri aşmaq üçün reklam köməyə gəlir

Bir tərəfdən keyfiyyətli məhsul buraxmağa davam etmək, digər tərəfdən isə brendin reklamı ilə ciddi şəkildə məşğul olmaq lazım idi. Onlar da belə edirlər. Brendin sərhədləri aşması üçün məşhur moda jurnallarının fotoqraflarını dəvət edirlər. Bu addım şirkətə böyük uğur gətirir. Belə ki, 1973-ci ildə bir çox populyar nəşrlərin səhifələri “Casadei” ayaqqabılarının reklamları ilə dolu idi.

Getdikcə nüfuzunu artıran brendin 1970-ci illərin sonlarında Nyu-Yorkda və Brüsseldə mağazaları açılır. Bu hadisəni brendin tarixində həqiqətən də əhəmiyyətli hesab etmək olar. Çünki “Casadei” italyan ayaqqabı brendinin Nyu-Yorkda və Brüsseldə satılması beynəlxalq dərəcəli irəliləyişin başlanğıcı idi.

1980-ci illərdə isə Florensiya və Romada mağazalar açılır.

İqtisadiyyatı moda dünyasına dəyişən varis

İtaliya keyfiyyətli və bahalı moda evləri ilə məşhurdur. Bu ölkədə çoxlu peşəkar və istedadlı modelyerlər yetişir. Hansı ki, onların çoxu bu bacarıqlarını valideynlərindən mənimsəyirlər. Eyni hal “Casadei” brendinə də aiddir...

1962-ci ildə Kasadey ailəsində sevincli hadisə baş verdi. Kvinto və Flora Kasadey cütlüyünün Çezare adında oğlu anadan olur. O, məktəbi bitirdikdən sonra İsveçrədəki kolleclərin birində, sonra isə Boloniya universitetində təhsil alır. İxtisasca iqtisadiyyatçı olan Çezare Kasadey təhsilini bitirdikdən sonra daşınmaz əmlak ticarəti ilə məşğul olmağı planlaşdırsa da, ailə biznesi onun maraqlarına daha uyğun gəlir. Odur ki, fəaliyyətə şirkətin pərakəndə satış şöbəsindən başlayır. Beləliklə, məhz ailə şirkətində yüksəlişi başlayır.

1987-ci ildə brendin tarixində daha bir əlamətdar gün baş verir. Belə ki, Çezare Kasadey şirkətin kommersiya direktoru vəzifəsinə təyin olunur. Markanın Şərqi Avropada uğurlu irəliləyişini məhz o, təmin edir. 7 il sonra o, öz vəzifəsini bir qədər dəyişərək ayaqqabı şirkətinin kreativ direktoru olur.

Sevdiyi qadın və ailə şirkəti

O, nəinki seçdiyi ixtisası qurban verir, elə seçdiyi qadını da ailə şirkətindən üstün tutmur. Həyat yoldaşı olacaq qadına şirkətin dəyərini elə ilk görüşdəcə başa salır:

“Mən bu şirkətdə böyümüşəm. Yadımdadır, dərsdən qayıdanda yaşıdlarım futbol oynayırdı, mənim isə futbolla aram heç yaxşı deyildi. Onda mən mürgüləmək üçün dəri anbarına qaçırdım.

Mən ailə biznesinə 80-cı illərdə qoşulmuşam. Bizim müştərilər haqqında dəqiq təsəvvürə malik olmaq üçün əvvəlcə pərakəndə ticarət şöbəsinə gəldim. Tezliklə yaradıcılıq prosesi mənim diqqətimi cəlb etdi və bu proseslə ciddi maraqlanmağa başladım. 1994-ci ildə isə mən “Casadei” markasının kreativ direktoru vəzifəsini tutdum.

Həyat yoldaşım Alessandranı uzun danışıqlardan sonra ilk şam yeməyinə razı salanda, onu şirkətlə tanış eləmişdim. Ona “Mən səni dəlicəsinə sevirəm, amma mənim bütün həyatım bu şirkətlə bağlıdır, günün əksər hissəsini burada keçirirəm. Əgər mənimlə olacaqsansa, bununla razılaşmalısan” - dedim”.

Yeri gəlmişkən qeyd edək ki, Alessandra bu şərtlə razılaşaraq Çezare ilə ailə qurub. İndi o Çezarenin həm əvəzsiz məsləhətçisi, həm də şirkətin əməkdaşıdır. Çezare müsahibələrinin birində etiraf edir ki, onun yeni ideyaları barədə nəinki ilk xəbər tutan Alessandra olur, hətta yeni layihələrin həyata keçirilmə prosesində ondan daha çox narahatlıq keçirir.

O, qadınların dikdaban ayaqqabılara olan ehtirasını belə ifadə edir:

“Dikdaban ayaqqabılar qadın üçün hər şeydir, eyni ilə kişilərin avtomobilə və ya saata olan ehtirası kimi... Xüsusən də, slavyan xanımları üçün. Mən Maldiv adalarında olanda sahildə qumun üzərində dikdaban ayaqqabıda gəzən qızı heç vaxt unutmayacağam. O qızı atamla birgə izləyib heyrətdən ikimiz də fit çaldıq. Dərhal başa düşdüm ki, bu qəribə qadın rusdur. Yeri gəlmişkən, onun obrazı mənim çox xoşuma gəlmişdi. O, bir növ nağıl qəhrəmanı idi. Qadınlar Nyu-Yorkda qətiyyən belə geyinmirlər. Şəhərin küçələrində onları ancaq idman ayaqqabılarında görə bilərsiniz. Etiraf edirəm ki, onu görəndə xeyli sarsılmışdım. Və yalnız sakitləşəndən sonra mənə izah elədilər ki, bu şəkildə o işə gedir”.

Kasadey öz ideyalarını müxtəlif mənbələrdən, onu ruhlandıran hər şeydən götürür. O, deyir ki, qadına yeni emosiyalar aşılayan yeni forma və konsepsiyalar tapmaq üçün gələcəyə nəzər salır. Əlbəttə, incəsənət, kino, memarlıq, dizayn və çoxlu səyahətlər də onu çox ruhlandırır. O, olduğu ölkələrdən evə yeni ideyalarla qayıdır. Bir sözlə, Kasadey üçün ayaqqabı istehsalı xüsusi sənətdir.

Brendin inkişafı və yeni əməkdaşlıqlar

2004-ci ildə şirkət daha böyük işlərə imza atıb. Milli italyan poçtu doğma ayaqqabı markasını əbədiləşdirmək qərarına gələrək markanın üzərində “Casadei” şirkətinin loqosu və ayaqqabılarının şəklini buraxıb. Bu, həm də onu sübut edirdi ki, “Casadei” ayaqqabı brendi həqiqətən tanınır və sevilir.

50 illiyə 11 cüt ayaqqabı

2008-ci ildə brend öz 50 illik yubileyini qeyd edir. Bu münasibətlə xüsusi kolleksiya yaradan şirkət əl işlərindən ibarət 11 cüt ayaqqabı hazırlamışdı.

Xatırladaq ki, Çezare Kasadeyin xahişi ilə Ellen Fon Unvert brendin reklamı üçün fotosessiya da edir. Lakin bu reklam kampaniyası daha çox qalmaqalla yadda qalır. Məsələ burasındadır ki, reklamda çılpaq modellər çəkilmişdi. Əsl əl işi, məhdud sayda buraxılmış 11 ayaqqabı modelini çılpaq modellər nümayiş etdirmişdilər. Çezare bununla ayaqqabılarının çılpaq qadınlar qədər möhtəşəm olduğunu göstərmək istəmişdi. Reklamın daha bir özəlliyi şəkillərin ağ-qara olmasında idi.

Qeyd edək ki, ayaqqabıların şəkilləri 2008-ci il sentyabrın 21-də Milanda moda həftəsi zamanı Triennale Dizayn Muzeyində təqdim olunub.

Şirkətin 50 illik yubileyi münasibəti ilə kitab da nəşr olunub. Kitabda şirkətin fəaliyyəti ərzində toplanmış arxiv materialları, o cümlədən ən yaxşı 100 cüt ayaqqabı yer alıb.

“Casadei”nin əməkdaşlıqları...

2012-ci ildə “Casadei” “Swarovski” ilə əməkdaşlığa başlayır. Çezare Kasadey əməkdaşlıq çərçivəsində "Swarovski Elements: Parlaq təzadlar - işıq və kölgələrin oyunu" layihəsi üçün iki maraqlı qadın ayaqqabısı yaradır. Hər iki ayaqqabı şəffaf platforma və yüksək qalın dabanları ilə seçilirdi. Ayaqqabıları Swarovski kristalları bəzəyirdi.

2012-ci ildə Çezare Kasadet “Prabal Gurung” üçün ayaqqabı kolleksiyası yaradır. Onun kolleksiyasına platformalar daxil idi. Tanketka modelləri metal elementləri bəzəyirdi.

2013-ci ildə Çezare “Prabal Gurung” brendi ilə ikinci dəfə əməkdaşlıq edir. Bu kolleksiyanı qapalı ayaqqabı və botilonlar təmsil edirdi.

Brendin online-mağazası 2013-ci ildən istifadəyə verilir.

Tanınmışların seçimi

Cennifer Lourens, Cessika Alba, Yeva Lonqoriya, Penelopa Krus, Yeva Mendes, Nikol Kidman, Cennifer Lopes, Kemeron Diaz, Keyt Hadson, Cennifer Eniston, Miranda Kerr, Selena Qomes, Enn Heteuey təntənəli mərasimlərdə diqqət mərkəzində olmaq üçün, adətən, bu brenddən geyinirlər.

Hündür dabanları onları fərqləndirir

Xüsusi demək lazımdır ki, “Casadei”-nin fərqləndirici cəhəti ayaqqabıda dabanın mütləq olmasıdır. Çox nadir hallarda brendin mağazalarında yastıdaban ayaqqabı tapmaq olar. Lakin bəzi hallarda şirkət öz qaydalarından kənara çıxaraq pərəstişkarlarını yastıdabanlarla da sevindirir. Ötən il “Casadei” məhdud sayda 60 cüt krosovkadan ibarət kapsul kolleksiyasını buraxıb. Kolleksiyaya dəri, tvid, ağ və çəhrayı krujevadan tikilən krasovkalar daxil idi. Bağları isə bantlar əvəz edirdi. Krasovkaların bir cütü 414 avro təşkil edirdi.

Əl əməyi, göz nuru...

Şirkətin daha bir üstünlüyü buraxılan məhsulların keyfiyyəti ilə bağlıdır. Belə ki, ayaqqabılar təbii dəridən və əllə tikilir. Brendin tarixinə aid və bütün istehsal prosesini ətraflı göstərən rolik həsr olunub. Oradan görünür ki, bir cüt ayaqqabı bir çox tikiş mərhələsindən keçir.

Çezare mətbuatı əmin edir ki, onlar yalnız italyan fabrikləri ilə əməkdaşlıq edirlər. Buna səbəb kimi onların ayaqqabılarının ən xırda detallarına qədər İtaliyan tərtibati əsasında tikilməsi göstərilir. Marka öz müştərilərinin üslubunun qayğısına qalır. Ona görə də hər ayaqqabıdan həmişə yalnız məhdud sayda buraxır. Ayaqqabıların qiyməti 600 avrodan, 2000-3000 avroya qədər qalxır.

Onları böyük iddiaları böyüdür

Çezare Kasadey müsahibəsində şirkətin fəlsəfəsi ilə bağlı bunları deyib: “Biz naxışlardan, Swarovski daşlarından və digər eksklüziv materiallardan istifadə edərək, şirkətin böyük irsini qoruyub saxlamağa çalışırıq. Ayaqqabılar hələ də San-Mauro Paskoli şəhərində yerləşən zavodda istehsal olunur”.

Bu gün hər bir modapərəst üçün bu brenddən geyinmək böyük şərəfdir. Üstəlik, marka kifayət qədər uğurlu olduğunu dünyanın hər yerində: İtaliya, Fransa, ABŞ, Böyük Britaniya, Yunanıstan, Kipr, Bolqarıstan, Ukrayna, Qazaxıstan, Meksika, Mərakeş, Rumıniya, Rusiya, BƏƏ, Səudiyyə Ərəbistanı və.s ölkələrdə butiklərinin olması ilə bir daha sübut edir. Lakin əldə etdikləri ilə kifayətlənmək fikrində deyillər. Çünki brendin yaradıcılarının gələcək üçün çox iddialı planları var.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm