Kişiləri alicənab, qadınları şıq göstərən geyimin tarixçəsi- FOTOLAR
Bizi izləyin

Layihə

Kişiləri alicənab, qadınları şıq göstərən geyimin tarixçəsi- FOTOLAR

"Burberry" moda evinin geyim və aksessuarları Britaniya zərifliyinin təcəssümüdür. "Burberry"-nin plaşları (trençkot), çantaları, ətriyyat və şərfləri dünyanın hər yerində modapərəstlərin qəlbini və sevgisini çoxdan qazanıb. Bu geyim növü alicənablığı və eleqantlığı simvolizə edir. Moda həvəskarları bu gün qarderoblarını əfsanəvi retro elementi - "Burberry"-nin məşhur plaşları olmadan təsəvvür edə bilmirlər. Klassik plaşlar heç vaxt dəbdən düşmədiyinə görə, hər bir qızın qarderobu üçün çox yaxşı sərmayə hesab olunur.

Publika.az-ın "Moda inqilabları" rubrikasının bugünkü sayında ingilis markasının rəmzi olan plaşlar haqqında danışmağı təklif edirik.

Plaşın bir əsrdən çox tarixi var. Bu bir əsr ərzində plaşın bir çox fasonları yaranıb. Lakin klassik plaşlar olduğu mövqelərindən geri çəkilmir və hər il populyarlığının zirvəsində qalır. İlk dəfə əsgərlər üçün tikilən plaşlar kişi obrazına igidlik və mərdlik bəxş edir. Qadınların üslubuna isə seksual zəriflik və lətafət verir. Üstəlik, bu növ üst geyimləri olduqca rahat və sərfəlidir. Qadın və kişi qarderobunun ayrılmaz parçası olan plaşlar yarandığı gündən etibarən mürəkkəb tarixi yol keçiblər.

Trençkot ingilis sözü olub, mənası səngər və ya hərbi plaş deməkdir. Güman edilir ki, ilk trençkotlar ötən əsrin əvvəllərində - I Dünya müharibəsi illərində yaranıb və ilk dəfə hərbçilər üçün tikilib. 1900-ci ilin əvvəllərində əfsanəvi "Burberry" markasının yaradıcısı Tomas Berberriyə Britaniya ordusunun zabitləri üçün yağış və külək kimi qeyri-sabit hava şəraitindən qoruyan, müasir tələbləri ödəyən hərbi geyim hazırlamaq təklif olunur. O, əsgərlər üçün dizə qədər uzanan, sukeçirməz rezin materialdan xüsusi dizaynda plaşlar tikir. Yeri gəlmişkən qeyd edək ki, sukeçirməz qabardin parçasını ilk dəfə elə "Burberry" moda evinin dizayneri Tomas Berberri icad edib. Britaniya zabitləri üçün yaradılmış geyimin adı da buradan qaynaqlanır. Lakin bu çox möhkəm sukeçirməyən materialdan olan geyimləri təkcə hərbçilər deyil, həm də tədqiqatçılar, eləcə də pilotlar geyinirdilər.

Bütün ölkədə səfərbərlik elan olunduğu və kuturye geyimləri ikinci plana düşdüyü vaxtda yüngül sənaye bütün cəbhə ehtiyacını ödəməyə yönəlmişdi. Mövsüm kolleksiyalarından təntənəli ziyafət paltarları yoxa çıxmışdı. Əsgər və onun geyimi hər vaxt xalqın güvənc yeri olmuşdu. I Dünya müharibəsindən sonra xalq kasıblaşanda, geyinməyə bir şey tapmayanda müharibədən qayıdan əsgərlərin aksessuarlarını geyinməyə başladılar. Tezliklə trençlər mülki əhali arasında da populyar oldu. İri parıltılı metal düymələr, toqqalı qayışlar, hərbi köynək, çəkmələr dəbin zirvəsində idi. 1920-ci ildə isə trençlər hərbi forma olmaqdan çıxaraq, siravi kişilərin üst geyimi kimi böyük populyarlıq əldə etdilər.

Müharibədən sonra trençkotlar ilk növbədə iş adamlarının mühitində daha çox diqqət qazanıb. Bundan başqa, bir çox aktyorlar və məşhurların trençlərə üstünlük verməsi onların tezliklə daha populyar olmasına gətirib çıxardı. Həmçinin trençkotun qadınlar üçün orijinal biçimli variantı yarandı. Gözəl Odri Hepbern və digər Hollivud gözəlləri də trençkot geyinməyi çox sevirdi. İngilis markası "Burberry" bu illər ərzində qadın qarderobuna hərbi plaş əlavə edərək onun hesabına özünə ad-san qazanır. Artan populyarlığı sayəsində "Burberry" brendi mövqeyini xeyli möhkəmlədir.

Yeri gəlmişkən qeyd edək ki, trençlərin icadı təkcə "Burberry" brendinin adı ilə bağlı deyil. Digər ingilis markası – "Aquascutum" xeyli əvvəllər hələ XIX əsrin ortalarında öz modelini hazırladığını iddia edir. Amma "Burberry" plaşları bir neçə üstün xüsusiyyətlərə malikdir.

Hər trençin hazırlanması prosesi 100-dən çox mərhələlərdən keçir, ən çətin mərhələyə isə yaxalığın əl işlənməsidir. Brendin rəsmiləri bildirir ki, hər bir tikiş texnikasını mənimsəmək üçün ustalara xüsusi təlimlər keçirilir. Nə etmək lazım olduğunu yaxşı öyrənmək üçün onlara 180-dən çox xırda tikiş dərsləri keçirilir. Çünki məhz bu tikişlər şirkətin əsas fərqləndirici cəhəti sayılır, yaxalığı ideal və dik göstərir.

Klassik modellərin kəməri də xüsusi şəkildə və əsl dəridən hazırlanır. Kəmərin düzgün formasını, möhkəmliyini təmin etmək üçün dörd tikiş atılır. Bunu onunla izah etmək olar ki, dəri material sürüşmək imkanı vermir. Buna görə də o, daha funksionaldır.

"Burberry" trençləri yarandığı gündən etibarən adətən, 1879-ci ildə Tomas Berberrinin patenləşdirdiyi qabardin materialdan tikilir. Əlbəttə, yarandığı gündən trençkotlar dizayner fantaziyasının təsiri altında xeyli dəyişib. Məsələn, fərqli elementlər əlavə olunaraq tamamilə müxtəlif materiallardan tikilən modellər təklif olunur. Buna baxmayaraq, bej rəngli mötəbər retro modelinin müəyyən məcburi elementləri dəyişməz olaraq qalır.

Məsələn, poqonlar treçnkotun dəyişməz elementi hesab olunurdu. Onlar şübhəsiz ki, hərbi üslubun sübutudur. Köhnə trençkotlarda poqonlara fərqlənmə nişanları bərkidilirdi. Bu kiçik detallar hərbi plaşın xatirəsinə və tarixinə ehtiram əlamətini göstərir, əlbəttə ki, indi yalnız dekor funksiyasını yerinə yetirir. Paqonları indi maraqlı dekorativ elementlər, enli düymələr əvəz edir. Düymələr müasir trençkotların vacib atributlarından biridir.

Trençkotun arxasındakı ilgəklə kəsik boyun kürəyin küləkdən müdafiəsini təmin etməli idi. Təbiidir ki, ilgəklər indi daha çox dekorativ detal rolunu oynayır və həmişə istifadə olunmur. Kürəkdə olan kəsiklər isə icbari olaraq qalıb, çünki o, hərəkət zamanı lazımi sərbəstlik verir.

Biz modanın necə dəyişkən olduğunu bilirik, o cümlədən trençlərin də modeli tanınmaz dərəcədə dəyişib. Trençlər üzərində eksperimentlər 90-ci illərə təsadüf edir. Qadın və kişi trençkotları o dövrlərdə çox həcmli, çox sərbəst və çox uzun oldu. Amma fasonun hədsiz genişliyi ona gətirib çıxardı ki, bu model dəbdən tez kənarlaşdı.

İndi isə "Burberry" trençləri müxtəlif gül naxışları və fasonlarda buraxır. Markanın rəmzinə çevrilən trençlərin təsiri hər kolleksiyasında özünü göstərir. Xüsusi demək lazımdır ki, bu brendin, demək olar ki, heç bir reklam kampaniyası trençlər olmadan ötüşmür! Hətta brendin ətirlərini də trenç geyinmiş qızlar reklam edirlər. Trençlərin reklam kampaniyasında adətən Keyt Mossla Kara Delevin çəkilirlər. Viktoriya və Devid Bekhemin oğlu Romeo Bekhem isə "Burberry" nin ən gənc ulduz elçisi sayılır.

Yeri gəlmişkən, mətbuatın yaydığı məlumatlara görə, reklamda Romeonun iştirakı trenç satışlarının kəskin yüksəlişinə səbəb olmuş, hətta marka istehsalın həcmini artırmışdı.

Qadın trençkotu universal geyimdir: onu həm gündüz, həm də gecə geyinmək olar. O, dəbdəbəli üslubun əsas hissəsidir. Qadınlar onda həmişə zərif və nəcib görünürlər. Trençkotu demək olar ki, hər üslubla geyinmək olar. Onu kostyum və ciddi ətəklə iş geyimi, cins və idman ayaqqabıları ilə, o cümlədən ziyafət libası ilə geyinmək olar.

Həmçinin "Burberry" pərəstişkarlarına öz nadir versiyasını hazırlamaq təklif olunur. Şirkətin ustaları fasonu sifarişçinin istəklərini nəzərə alaraq tikir və müştərini razı salırlar.

Moda dünyasında trenç geyinmək əsl incəsənət hesab olunur. Bu, markanın trençlərə həsr etdiyi layihə ilə bağlıdır. Məsələ burasındadır ki, moda aləmində bir çox digər tanınmış əşyaların öz xüsusi layihəsi olduğu kimi "Burberry"-nin də "Art of the Trench" (Trenç sənəti) adını daşıyan foto kolleksiya layihəsi var. Bu layihədə dünyanın müxtəlif ölkələrindən olan insanlar "Burberry" plaşı geyinərək öz üslubunu nümayiş etdirirlər. Yeri gəlmişkən, markanın saytına hər kəsin öz fotosunu yükləmək şansı var.

"Burberry"-dən başqa digər dizaynerlər də xanımlara müxtəlif trençkotlar təklif edirlər. Lakin "Burberry" brendi yenə də öz lider mövqeyini qoruyur. Sonda isə trençin illər ərzində necə dəyişdiyini göstərən fotolara baxmağa dəvət edirik...

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm