“Kişilərin çoxu özlərini Sultan Süleyman hesab edirlər” - FOTOLAR
Bizi izləyin

Layihə

“Kişilərin çoxu özlərini Sultan Süleyman hesab edirlər” - FOTOLAR

Ölkəmizdə kifayət qədər dinləyicisi olan türkiyəli müğənnilərdən biri, şübhəsiz ki, Sərdar Ortaçdır. Bir neçə dəfə paytaxt Bakıda konsert verən Ortaç bəstəkarlarımızın mahnılarını tez-tez öz repertuarına daxil edir.

Elə 10 mahnıdan ibarət yeni albomu “Çək əlini qəlbimdən”də İzzət Bağırovun repertuarından “Yox dedin” adlı mahnısını səsləndirib.

Ortaç sözü gedən albomu münasibətilə “Hürriyet”in müxbirinə müsahibə verib.

Publika.az-ın “Şirin söhbət” layihəsində hamınız üçün maraqlı olacağını düşündüyümüz həmin müsahibəni təqdim edirik:

- Bir il öncə, toyunuzdan bir gün sonra MS-ə (Mərkəzi sinir sistemi xəstəliyi) tutulduğunuzu öyrəndiniz.

- İyunun 6-da evləndim. Ayın 7-də isə xəstəxanaya düşdüm. Hamı nikahın ertəsi günü bal ayına gedir, mən isə xəstəxanaya getdim.

- Bəlkə, xəstəliyi toy həyəcanı qıcıqlandırıb?

- Yox, elə deyil. MS tutmasının nə vaxt baş verəcəyi bəlli olmur. Toydan sonra Karib dənizi sahillərinə getmək istəyirdik. Səhər yataqdan qalxmaq istəyəndə gördüm ki, halım pisdir, yerimdən tərpənə bilmirəm. Dərhal müalicəyə başladım. Çoxlu sistemlər köçürdülər.

- Xəstə olduğunuzu öyrənəndə nə hiss etdiniz?

- Dedim ki, “axı niyə mən?” Öz-özümə düşündüm ki, “səhnədə hoppanıb-düşən Sərdar indi necə olacaq?” Həkimin sözlərinə əməl etməyə çalışdım. Mənə dedi ki, “Bu dəqiqədən sonra evin yansa belə, arxana dönüb baxma, heç nəyi dərd eləmə”. Mən o günə kimi ən kiçik bir şeyi böyüdüb dərd eləmişdim, ona görə də MS-ə tutuldum. Yenə də üsyan etmirəm. Bu cəza da ola bilər, mükafat da. Çox pis xəstəlikdir, bəzən əlim ayağım tutmur. Hər an bu vəziyyətə düşə bilərəm, bunun qorxusu ilə yaşayıram. Ömrü boyu bu xəstəliklə yaşamalıyam. MS-in çarəsi tapılmayıb. Şanslı olduğumu düşünürəm, daha pis ola bilərdi. Tək deyiləm, Türkiyədə 55 min MS xəstəsi var.

- MS xəstələri üçün ən böyük təhlükə stressdir. Siz stressdən xilas olmaq üçün nə edirsiniz?

- Arsız olmağa çalışıram. “Boş ver, nə baş verməyindən asılı olmayaraq, dünya dönməyə davam edəcək”, - deyirəm.

- Xəstəlikdən sonra həyat tərzinizdə müəyyən dəyişikliklər oldu?

- O vaxta qədər heç vaxt idmanla məşğul olmamışdım. İndi isə hər gün ən az bir saat velosiped sürürəm, pilateslə məşğul oluram. Kikboksla da maraqlanıram. Bir dilim belə çörək yemirəm. Ümumiyyətlə, un məmulatlarından, xəmir xörəklərindən uzaq dururam.

- İndi özünüzü necə hiss edirsiniz?

- Artıq xəstəliyə öyrəşmişəm. Hətta onu sevməyi belə öyrənmişəm. Ömrü boyu bu xəstəliklə yaşamalıyam. Gecə bilmədən əlini yastığın altına qoysan, səhər qolunu hiss etməyəcəksən. Bax mən hər an bu hisslə yaşayıram.

- Baş verənlər Karib dənizinə səyahət etməyi planlaşdırarkən vaxtını xəstəxanalarda keçirməli olan Kloiyə necə təsir elədi?

- O, məni olduğum kimi qəbul edib. Yaşımdan xəbəri var idi. Düzdür, mən özümü olduğum yaşda hiss etmirəm. Sanki içimdə 25 yaşlı bir gənc var. Onun başına nəsə gəlsəydi, mən yanından bir dəqiqə ayrılmazdım.

- Xəstəlik eşq həyatınıza necə təsir etdi?

- Heç bir mənfi təsiri yoxdur. Ölkədəki 55 min MS xəstəsinin 90 faizinin uşağı var. Bu xəstəlik ana-ata olmağa əngəl olmur.

- Xəstəxanadan paylaşdığınız fotoların altına təhqirlər yazanlar oldu. Niyə belə eləyirdilər?

- Məni sevənlər qədər, sevməyənlər də olacaq. Amma bəzilərinin məni niyə sevmədiklərini anlaya bilmirəm. Görəsən, qısqanclıq edirlər? Bəlkə də, “niyə məndə pul yoxdur, onda var?” deyirlər. Yoxsa neqativ insanam, aqressivəm? Həqiqətən nifrətlərinin səbəbini öyrənmək istəyirəm. Tənbəllik eləməsinlər, sosial şəbəkədə səbəbləri yazsınlar. Harada səhv elədiyimi tapa bilmirəm.

- Mahnılarınızı bəyənmirlər. Yazdığınız mahnı sözlərinin mənasız olduğunu, sadəcə qafiyəli sözlər yığını olduğunu, insanı düşündürmədiyini deyirlər.

- Mənim işim düşündürmək deyil. Mahnı sözü yazmaq bir az qəribədir, şeir yazmaqdan fərqlənir. Ona görə də içərisində ensiklopediyalardakı bilgiləri axtarmayın. Məsələn, yazmışam ki, “Seni çöpe atacağım poşete yazık”. İndi bu cümlənin əvəzinə “Benim için bir hiçsin” yazsaydım, eyni təsiri verərdi? Təbii ki, mahnılarda qafiyə olmalıdır. Mən mahnını düşündürmək üçün yazmıram, əyləndirmək üçün yazıram. Düşündürmək istəsəydim, siyasətçi olardım.

- Mətbuatda tez-tez qumar oynadığınızla bağlı xəbərlər çıxır.

- Hamı qumarbaz olduğumu deyir.

- Deyilsiniz?

- Dəfələrlə demişəm, yenə deyirəm ki, qumar oynamışam və çoxlu pul uduzmuşam. Amma indi evliyəm, həyat yoldaşım icazə vermir. Kiprdə qumar oynadığımı deyirlər. Halbuki, Kloi burdan ancaq o vaxt çıxmağıma razı olur ki, Kiprə konsertə 1 saat qalmış çatım. Konsertdən sonra səhər 04:00 təyyarəsi ilə geri qayıdıram. Qumarxanaya getməyə vaxtım olmur. Qumar sayılmasa, at yarışı oynayardım.

- Yəni, mütləq nəsə oynamalısınız?

- Qumarxanada maşının bir düyməsinə basmaq qumardır. Şans oyunları qumar deyil. Çünki qanunidirlər.

- Son illərdə heç pul uduzmamısınız?

- Yox. Yaxın vaxtlarda pul uduzmamışam. İllər öncə isə çox böyük məbləğdə pul uduzmuşam. Yenə də düşünürəm ki, bunu dərd eləmək lazım deyil. Atam 69 yaşında vəfat etdi. 300 nəfər işçisi olan fabriki var idi. Yanında nə apardı? Pulu hara qoyacağıq?

- Bir ildir ki, evlisiniz. Gec evləndiyiniz üçün peşmansınız?

- Hər kəsə evlənməyi tövsiyə edirəm. Həyat yoldaşını tapırsan, canından bir parça olur. Özünü sevməkdən vaz keçirsən, insanın eqosu azalır. Evini, yatağını, mətbəxini, yəni hər şeyi paylaşırsan.

- Sərt kişisiniz? Evdə sizin sözünüz keçir?

-Yumruğunu süfrəyə vurub, evdə öz sözünü keçirən kişilərdən deyiləm. 40 milyon kişi varsa, 20 milyonu özünü Qanuni Sultan Süleyman hesab edir. Mən xanımımla elə rəftar eləmirəm.

- Bir az da Kloi ilə aranızdakı boy fərqindən danışaq.

- Boy fərqini aradan qaldıra bilmərəm, boyumu dəyişdirə bilmərəm. Neyləyim? Arvadımın boyu 1.80-dir, 20 sm. hündürlüyü olan ayaqqabı geyinir. Mən isə boyu 1.69 santimetr olan liliputam. Ona görə də Kloinin idman ayaqqabısı geyinməyini istəyirəm. Ancaq hündürdabanlı ayaqqabılar üçün ürəyi gedir. Kompleks eləmirəm, yanlarında elə gözəl qadınlarla gəzən o qədər qısa boylu adamlar var ki. Yenə də boy fərqimizi nəzərə alaraq mahnı yazmışam. Mahnıda “Məni qısa zənn edirlər. Yerin altında da bir o qədər varam”, - deyirəm.

- Başqa hansı mahnıları Kloiyə yazmısınız?

- “Balım” mahnısını yazmışam. Aradabir qısqanıram onu. Mahnıda da deyirəm ki, “Heç kim sənə canım, cicim, balım deməsin, qısqanaram, səni başqa biri sevməsin”.

- Həyat yoldaşınızın hamilə olduğu ilə bağlı iddialar yayılıb. Doğrudur?

- Yox. Kaş tezliklə ata olum. Baba olacaq yaşda, ata olmaq istəmərəm. Ancaq həyat yoldaşımın 23 yaşı var, o özünü ana olmağa hazır hiss etməlidir.

- Müsəlman olmağı düşünür?

- Adət-ənənələrimizi öyrənib. Müsəlmanların nələrə dözüb, nələrə dözə bilməyəcəyini bilir.

İnsanların xətrinə dəyəcək hərəkətlərdən çəkinir.

- Kloinin aktrisa olmaq istədiyini eşitmişəm. Ssenariyə əsasən öpüşməli olsa, icazə verərsiniz?

- İcazə vermərəm, o da elə rola çəkilməz.

- Maraqlıdır ki, bir tərəfdən həyat yoldaşınızın hamilə olduğu ilə bağlı xəbərlər yayılır, digər tərəfdən isə sizdən boşanmaq istədiyini deyirlər.

- Boşanmırıq. Belə xəbərləri eşidəndə gülürük. Hər keçən gün bir-birimizə daha da bağlanırıq.

- Deyirlər ki, ulduzun evlənməsi pərəstişkarların sayını azaldır. Siz bunu hiss etmisiniz?

- Əlbəttə, təsiri olur. İnsanlar sevdikləri adamı paylaşmaq istəmirlər. “Mən burada səni sevərkən, niyə başqası ilə evləndin”, deyirlər. Ancaq hörmətlə yanaşmalı olduqlarını da bilirlər.

- Qadınlara düşkün olduğunuz, şorgözlük etdiyiniz günlər geridə qaldı?

- Deyirlər e, içim özümü yandırır, çölüm özgəni. Əvvəllər gecələr çox gəzib-dolaşırdım deyə, hamı qadınlara düşkün olduğumu sanırdı. Əgər elə olsaydım, evlənməzdim.

- Deyəsən, bir avtobus qızla gecə klublarına getdiyiniz günləri unutmusunuz?

- Avtobusa doldurulan qızlar mənim üçün önəmli deyil. Heç biri üçün darıxmıram. Həyat yoldaşımla evdə film izləmək mənə ömür boyu bəsdir. Gözüm ondan başqasını görmür. Dünyadakı heç bir qadın həyat yoldaşımdan dəyərli deyil. Onun mənə yaşatdığı xoşbəxtliyi başqasında tapa bilmərəm. Şou proqramlarında gördüyünüz əsl mən deyildim. Gənc idim, çox gəzib-dolaşmağım, əyləncə məkanlarına üz tutmağım bir az da ondan qaynaqlanırdı.

- İndi o həyatı geri istəyərdiniz?

- Bir dəqiqəsini belə yenidən yaşamaq istəmərəm. Ən yaxşısı Kloi ilə yaşadığım sakit həyatdır.

- Bir vaxtlar Ebru Gündəşlə yediyiniz içdiyiniz bir idi. İndi, deyəsən, danışmırsınız.

- Danışmırıq. Ancaq barışmaq istəyirəm. Çox kədərlənirəm. Səhv məndədir, vəfasızlıq etdim. Həyat yoldaşının başına gələnlərdən sonra zəng edib “keçmiş olsun” demədim. Təəssüf ki, belə qəribə xasiyyətim var. Ancaq xəstəlik mənə belə qüsurlarımı düzəltməyi öyrətdi.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm