Cazibədar aktrisa: “Türkiyədə qadın olmaq daim mübarizə aparmaq deməkdir” - FOTOLAR
Bizi izləyin

Layihə

Cazibədar aktrisa: “Türkiyədə qadın olmaq daim mübarizə aparmaq deməkdir” - FOTOLAR

Onun 36 yaşı var, ancaq olduqca gənc görünür. Çox zərif, incə və güclü bir qadındır. Söhbət türkiyəli aktrisa Songül Ödəndən gedir.

Songül Ödən Azərbaycan tamaşaçısına "Gümüş", "Acı eşq" və "Ümidsiz ev qadınları" seriallarından tanışdır.

Hazırda isə yaraşıqlı aktyor Mert Fıratla birlikdə rol aldığı "Sərçə sarayı" serialı ilə pərəstişkarlarının ürəyini fəth edir. Aktrisa teatr tamaşalarındakı performansı ilə də rəqiblərinə meydan oxuyur.

İllər keçdikcə gəncləşib gözəlləşən Songül Öden "InStyle" jurnalına müsahibə verib.

Karyerası, şəxsi həyatı ilə bağlı sualları cavablandıran Songül Ödeni daha yaxından tanımaq istəyirsinizsə, Publika.az-ın "Şirin söhbət"i diqqətdən qaçırmayın.

- Ekrana çox yaraşan qadınlardan birisiniz. Özünüzü izləyəndə nə hiss edirsiniz?

- Özümü izləməkdən xoşum gəlmir. Mənə qəribə gəlir. İşimə çox tənqidi yanaşıram, ona görə də özümü ekranda izləməkdən zövq ala bilmirəm.

- "Sərçə sarayı"nda öz ayaqları üzərində duran, güclü bir qadını canlandırırsınız. Sərçə obrazı üçün necə hazırlaşdınız?

- Ətrafımızda, bizim yerləşdiyimiz coğrafi mühitdə o qədər çox Sərçə var ki... Bir nağılın içində yaşadığını zənn edərkən, bir anda cəhənnəmin içində olduğunun fərqinə varıb oyanan qadınlar... Təkbaşına mübarizə aparmaq məcburiyyətində qalan qadınlar... Onların sayı minlərlədir. Qanadıqırıq, uçmağa gücü çatmayan yüzlərlə Sərçə... Ümid edirəm ki, bizim Sərçəmiz uçacaq.

- Türkiyədə qadın olmağın çətin tərəfləri nələrdir?

- Sadəcə, Türkiyədə deyil, eləcə də dünyada qadın olmaq çətindir. Cəmiyyət yarandığı gündən bu vaxta kimi bu, həmişə belə olub. Bir vaxtlar qadın lənətlənmiş bir canlı kimi qəbul edilib. Qız uşaqları diri-diri basdırılıb. Əsrlər keçsə də, çox şey dəyişməyib. Türkiyədə qadın olmaq qorxmaq, narahatlıq keçirmək və daim mübarizə aparmaq deməkdir.

- Teatr səhnəsi ilə kamera qarşısında oynamaq eyni deyil. Sizin üçün hansı daha asandır?

- İkisində də işlədiyim rejissorun, ssenarinin əhəmiyyəti də böyükdür. Mən ssenaristlə rejissorun yaratmaq istədikləri dünyaya uyğun olmağa çalışıram. Rejissorla ortaq dil tapan aktyor və ya aktrisanın yaradıcılıq qabiliyyəti daha güclü olur.

- Bilirəm ki, yazı yazmağı sevirsiniz. Gələcəkdə planlarınız arasında ssenari və ya kitab yazmaq var?

- Bəli, var. Son vaxtlar ətrafımdakı insanlar təzyiq edirlər, təkidlə yazmağımı istəyirlər. Bu da mənə cəsarət verir.

- İnsan sizə baxanda xoşbəxt bir qadın görür. Ancaq baxışlarınız dəcəl bir qız uşağını xatırladır.

- E ynilə dediyiniz kimiyəm. Bəzən içimdə hər şeyi bilən bir nənə ortaya çıxır. Bəzən də çox şokolad yeməməli olduğunu yeni öyrənən bir uşaq kimi oluram.

- Gərgin iş rejiminiz var. Yorğunluq və stresslə necə mübarizə aparırsınız?

- Sevdiklərimlə daha çox vaxt keçirməyə çalışıram. Pişiyim Əkrəm məni bütün stressdən xilas edir. Həmçinin, film izləyirəm və açıq havada yeriyirəm.

- Daim zərif görünürsünüz. Buna idmanla nail olursunuz, yoxsa başqa sirriniz var?

- Vaxtımın çoxunu işdə keçirdiyim üçün idmanla məşğul ola bilmirəm. Heç vaxt pəhriz saxlamamışam. Ancaq son vaxtlar səhhətimə pis təsir etdiyi gec saatlarda ağır yeməklər yemirəm. Mədəmin həzm etməkdə çətinlik çəkdiyini hiss edirdim. İndi daha diqqətliyəm.

- Qadın fanatlarınız sizin gözəllik sirlərinizlə maraqlanırlar. Dərinizə necə qulluq edirsiniz?

- Kosmetoloq dostum İlkfər mənə kömək edir. O, dərimə xüsusi qulluq edir, müxtəlif maskalar çəkir. Dəri təmizliyinə çox önəm verir. Mən bu mövzuda İlkfərə təslim olmuşam, o dərimin qayğısına qalır.

Arada bir soda ilə üzümü yuyuram. Bunun dərimə yaxşı təsir etdiyini düşünürəm. Dərinin gözəl olması üçün sağlam qidalanmaq lazımdır.

- Pərəstişkarlarınızın çoxu qadınlardır. Bir də Ərəb ölkələrində sizi çox sevirlər. Bu sevgini itirməmək üçün hansısa fədakarlıqlar edirsiniz?

- Süni deyiləm, dilimdəki ilə ürəyimdəki birdir. Şəxsi həyatımda rahatam. Başqalarının haqqımda nələr danışdıqları vecimə deyil. Heç nə azadlığımı əngəlləyə bilməz. Əks halda bu yaradıcılığıma pis təsir edər. Bəzi məşhurlar özlərinə sözün əsl mənasında həbsxana inşa edib, onun içərisində yaşayırlar. Mən elə ola bilmərəm.

- Sizi Penelope Kruza bənzədirlər. Bu haqda nə düşünürsünüz?

- Əvvəllər xoşuma gəlmirdi. Artıq fikir vermirəm, alışmışam. Hətta xarici mətbuatda da məni elə təqdim edirlər. Almaniyada mənimlə bağlı xəbərlərin başlığına "Türklərin Penelopesi" yazırlar.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm