Obamanın ürəyini fəth edən cazibədar aktrisa – FOTOLAR
Bizi izləyin

Layihə

Obamanın ürəyini fəth edən cazibədar aktrisa – FOTOLAR

50 yaşı keçən qadınların stil kumiri

Bu günə kimi sizə ancaq gənc və orta yaşlı qadınlara nümunə ola biləcək ulduzların stilindən bəhs etmişəm. Ancaq düşünürəm ki, dəbli geyinmək və gözəl görünmək yaşlı xanımların da haqqıdır. Yaşlı xanımlar doğru seçimlər edərək eynilə Meril Strip kimi olduqlarından gənc görünə bilərlər. Xüsusilə də bizim ölkənin xanımlarının belə dəb ilahələrindən nümunə götürmələri vacibdir. Çünki bizim qadınlar dəbdəbəni sevir. Bəzən metroda, avtobusda həddindən çox makiyaj etmiş və ya yaşına uyğun olmayan aksessuarlardan istifadə edən modapərəst nənələri görürük. Onları bayağı görünməkdən ancaq dünyanın qəbul etdiyi dəb ilahələrindən ilham almaq xilas edə bilər.

Məhz buna görə, Publika.az-ın "Onların stili"ndə 50-70 yaş arasında olan modapərəst qadınların kumiri olan Meril Stripdən bəhs etməyə qərar verdim.

Öncə Meril Stripin uğurları ilə tanış olaq:

Yaşını heçə sayan qadın

Onun 65 yaşı var. Lakin ona bu yaşı vermək qeyri-mümkündür. Çünki həm ruhu gənc qalıb, həm də görkəmi. O, yaşını heçə sayır və qadının hər yaşda gözəl olduğuna inanır. Yaşayan əfsanə, dövrümüzün ən güclü aktrisalarından biri hesab edilən Meril Strip karyerasına 1971-ci ildə "The Playboy of Seville" adlı tamaşa ilə başlayıb. 1977-ci ildə "Julia" adlı filmdə rol alıb. Sonrakı il "Oscar"a namizəd olub, 1979-cu ildə isə "Kramer Kramerə qarşı" adlı filmdəki rolu ilə "Oscar" mükafatını ala bilib.

"Oscar"a ən çox namizəd olan aktrisa

Meril Strip bu günə kimi 18 dəfə "Oscar" mükafatına, 28 dəfə "Qızıl qlobus" mükafatına (səkkizini qazanıb) namizəd göstərilib. Bundan başqa, iki "Emmy", iki "Screen Actors Guild Awards", iki "BAFTA", bir "Tony Award", bir Kann film festivalının mükafatının sahibidir.

Hollivudun ən uzunmüddətli evliliyi

Stripin şəxsi həyatı da ən az karyerası qədər uğurlu alınıb. Aktrisa düz 36 ildir ki, heykəltəraş Don Qammer ilə evlidir. Cütlüyün 4 uşağı var. Aktrisa şəxsi həyatı ilə gündəmə gəlmək istəmədiyi üçün onun ailə sirləri ilə bağlı məlumatlar tapmaq çox çətindir.

ABŞ prezidentinin eşq etirafı

Bu qadın yaşına rəğmən həm filmlərdəki möhtəşəm oyunu, həm də xanım-xatınlığı ilə hər kəsin ürəyini fəth etməyə qadirdir. Hətta ABŞ prezidenti Barak Obamanın belə. Səhv başa düşməmisiniz, bəli, elədir ki, var. Ötən il ABŞ-da vətəndaşlara verilən ən yüksək nişan olan "Başqanlıq azadlıq medalyonu"na layiq görülən Meril Stripə mükafatı Barak Obama özü təqdim edib. Mükafat mərasimində ABŞ prezidenti Merilə olan sevgisini etiraf edib:

"Hamının önündə açıqlayıram. Meril Stripi sevirəm. Ona aşiqəm. Onu sevdiyimi əri də bilir, Mişel də bilir. Bu mövzuda əllərindən heç nə gəlmir".

Növbə gəldi bu möhtəşəm qadının mükəmməl stilinin sirlərinə...

50 yaşı keçmiş qadınların stil kumiri

Meril Strip təkcə aktrisa kimi deyil, həm də stil ikonası və dəb ilahəsi kimi diqqət mərkəzindədir. Kajual stildə geyinməyi xoşlayan aktrisa öz yaşına və fiqurasına uyğun paltarlar seçməkdə ustadır. Sadə makiyajı, dəbdəbədən kənar kiçik aksesuarları ilə zərifliyini vurğulayan Meril Strip Hollivuda stil dərsi keçir.

Rahat və şıq seçimlər

Meril Strip rahatlıqla şıqlığı bir arada təqdim edən geyim və aksessuarları xoşlayır. Qırmızı xalıda onu daha çox midi və maksi paltarlarda görürük. Sinə dekoltesinə üstünlük verir. Bütün geyimləri belini vurğulayır. Yəni, ya beli büzməli geyimlər seçir, ya da paltarına uyğun olaraq nazik və ya olduqca iri kəmərlər taxır. Klassik qırmızı və qara rəngli libasları çox xoşlayır. Ancaq qızılı, göyümtül, boz rəng də sevdiyi çalarlar arasındadır.

Xarizma bəxş edən eynək, qızıl hərisliyi

Aktrisanın aksessuar seçimi də özünəməxsusdur. Bəzən ən şıq tədbirlərə gələrkən belə eynəyini çıxarmır. Bir çoxlarının qüsur hesab etdiyi nömrəli eynək bu xanıma xüsusi xarizma verir.

Qızıldan hazırlanmış sadə aksessuarları çox bəyənir. Onu ən çox qızıl sırğalar cəlb edir. Ayaqqabı seçimində klassik modellər üstünlük təşkil edir.

Ağ saçlı gözəl

Aktrisa bir ara saçlarını boyatmır və təbii rəngində saxlayırdı. Mən Meril Stripə ən çox həmin ağ saçları yaraşdırırdım. O ağ saçlarla hədsiz dərəcədə füsunkar görünürdü. Ancaq təəssüf ki, son illər aktrisa saçlarını kül sarısı rənginə boyadır. Bu rəng sanki onu bir qədər yaşlı göstərsə də, uğursuz seçim deyil.

Sadə makiyajın möhtəşəm effekti

Meril Stripin makiyajı da diqqətə layiqdir. Çünki olduqca sadə makiyaj edir. Gözlərini vurğulamaq üçün tuş və qəhvəyi göz kölgəsindən istifadə edir. Yanaqlarına çox az hiss edilən açıq şaftalı rəngli ənlik çəkir. Dodaqlarını isə bej rəngli dodaq boyaları ilə rəngləndirir. Bir çoxlarının gündəlik üçün istifadə etdiyi bu sadə makiyaj Merili olduğundan çox daha gənc göstərməyə kifayət edir.

İri çantalar və günəş eynəkləri

Aktrisanın küçə stilində isə rahatlıq ön plandadır. İri çantalar və günəş eynəkləri küçə stilinin vazkeçilməzləridir. Gündəlik həyatda qara, göy, qəhvəyi kimi tünd rənglərə üstünlük verir.

65 yaşlı aktrisaya hələ də ən məşhur rejissorlardan təkliflər gəlir. O, sadəcə ekranları deyil, həm də ən nüfuzlu jurnalların üz qabığını bəzəyir. Bir sözlə, bu xanımdan ilham almağa dəyər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm