• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qadını hər yaşda cəzbedici göstərən 10 geyim - FOTOLAR

  • Layihə
  • 12 İyun 2015 12:45
  • 4 727 Baxış
Qadını hər yaşda cəzbedici göstərən 10 geyim - FOTOLAR

Elə bir qadın yoxdur ki, dəblə ayaqlaşmaq, gözəl geyinmək istəməsin və burada yaş məhdudiyyəti yoxdur. Axı bir qadın 50-60 yaşında da ideal bədən quruluşuna malikdirsə, bayağı görünmürsə, niyə də özünə mini ətəklər geyinməyi qadağan etsin ki?!

Bəzi qadınlar etiraf edirlər ki, yaş artdıqca daha qapalı paltarlar seçməyə başlayırlar. Bu isə ətrafınızdakı insanların, cəmiyyətin fikirləri ilə ciddi şəkildə hesablaşmaq və onların tələblərinə uyğun geyinmək deməkdir. Əlbəttə ki, müəyyən qaydaları nəzərə almaq lazımdır və yaşa dolduqca hər bir xanımın özünəməxsus fərdi üslubu olmalıdır. Lakin yaşınız artdığı üçün özünüzü gözəl geyimlərdən məhrum etməyə gərək yoxdur. Moda ekspertləri istənilən yaşda cəsarətli eksperimentlərdən imtina etməyi doğru hesab etmir. Elə geyimlər var ki, onlar qadını hər yaşda zərif və cazibədar göstərir. Publika.az-ın "Moda inqilabları" layihəsi çərçivəsində bu həftə qadınların istənilən yaşda istifadə edə biləciyi paltarlardan danışacağıq.

Zolaqlı dənizçi köynəyi

Düzgün seçilmiş zolaqlı köynəklər ağ və sadə göy cinslərlə əla yaraşır. Onlar qadın qarderobunun bazası hesab olunur. Hər şeylə uyğunlaşan bu universal köynəkləri dənizçilərə borcluyuq. Breton (ağ-qara zolaqlı) bluzların tarixçəsi olduqca maraqlıdır. Fransız donanmasının əsgərlərinin uniformaları onların həyatını xilas etmək məqsədilə yaradılıb. Belə ki, ağ-qara zolaqlı köynəklər dənizə düşən əsgərlərin aydın görünməsini təmin edir və onları tez xilas etmək məqsədi daşıyırdı. Əfsanəvi modelyer Koko Şanel 1900-cu illərin əvvəllərində dənizçi uniformasından ilham alaraq kolleksiyalarında bu naxışdan istifadə etmişdi. Məhz buna görə də, zolaqlı köynəklər fransız dəbdəbəsinin tərkib hissəsi sayılır. Şaneldən sonra digər dizaynerlər də onun izi ilə gedərək ağ-qara zolaqlı geyimləri qadın qarderobuna daxil edir.

Koko Şaneldən sonra onların modapərəstlər arasında populyarlaşması fransız modelyer Jan-Plyu Qotenin adı ilə bağlıdır. O, 80-ci illərdə kolleksiyalarında bu geyimə yer verməklə yenidən dəbə gətirir. Odri Hepbern və Merilin Manro kimi keçən əsrin bir çox dəb ilahələri də breton bluzlardan çox tez-tez istifadə edirdi.

Dənizçi köynəkləri çimərliklə assosiasiya olunduğu üçün ənənəvi olaraq yay aylarında dəb gündəmini işğal edir. Bu köynəklər sadəliyi sevənlərin seçimləri arasında olacaq.

Qara qısa don

Madmazel Şanel qadın qarderobunu zənginləşdirən əfsanəvi modelyerdir. Məlum olduğu kimi, o, tvid parça, sırıqlı çanta və breton blzuları dəbə gətirib. Lakin onun yaradıcılığında qara qısa donlar xüsusi yer tutur. Qısa qara donlar yaşından asılı olmayaraq, hər bir qadının qarderobunda olmalıdır. Çünki onlar bütün xanımları çıxılmaz vəziyyətdən xilas edir. Üstəlik, qara donlar hər şeylə uyğunlaşır. Adi qara donu gündəlik tərzdə geyindiyimiz kimi, ona parlaq aksessuar əlavə etdikdə gecə geyimi kimi də istifadə etmək mümkündür. Məsələn, 53 yaşlı Anna Dello Russo assimetrik kəsimli qara qısa donları böyük məmnuniyyətlə geyinir. Annanın bu üslubu yaxşı nümunədir. Lakin universal qara paltar adətən sadə və təvazökar olur.

Karandaş yubka

Karandaş yubkanın bir çox funksiyası var. Məsələn, o bədən quruluşunun nöqsanlarını çox məharətlə gizlətməyi bacarır. Bu fasonu dikdaban ayaqqabı ilə uyğunlaşdırdıqda ayaqları vizual olaraq uzun göstərir. Dizaynerlər son illərdə karandaş yubkaların müxtəlif versiyalarını təklif edirlər. Klassik qələm ətəklərin parlaq rəngləri, krujevalı, tor və tül parçalardan tikilən orijinal variantları var.

Ofis geyiminin ən uğurlu variantı karandaş yubkalar qadına hər yaşda yoldaşlıq edir. Eyni tonlu klassik rənglərin ahəngində olan karandaş yubkalar işgüzar xanımların əvəzedilməz geyimidir. Bu yubkalar universaldır, ona hər cür köynək, aksessuarlar və ayaqqabı seçmək olar. Aksessuarlar sayəsində onu axşam geyimi kimi də istifadə etmək mümkündür. Məsələn, "Vogue" jurnalının dəb redaktoru Anna Vintur bu modeldə zəif və miniatür heykəlciyi xatırladır.

Həcmli sviter və vodolazka

Kim deyir ki, sviter darıxdırıcıdır? Nə yaxşı ki, qışda alternativ və nadir obrazlar yaratmaq üçün vodolazka və sviterlər var. Sviterlə vodolazka da yuxarıda sadaladıqlarımız kimi hər geyimlə yaraşan universaldır. Dizaynerlər kolleksiyalarında sviterləri klassik axşam geyimi kimi də istifadə oluna biləcəyini göstərirlər. Lakin bu zaman adi olmayan, üzərinə diqqət cəlb edən versiyalarını seçmək lazımdır.

Şotland, madaqaskar, yaxud da qazayağı naxışı sviterlərin dəyişməz atributu hesab olunur. Müxtəlif applikasiyalar da vodolazka və sviterləri daha xoşagələn edir. Geniş köynək seçdikdə ansambldakı digər geyimlər onunla müqayisədə daha təvazökar olmalıdır.

Sadə və düz kəsimli paltar

Sadə və düz kəsimli paltarlar qara qısa don kimi hər bir qadının qarderobuna mütləq daxil olmalıdır. Onlar təxminən qara qısa don kimi eyni funksiyanı yerinə yetirirlər. Sadə və düz kəsimli donlar ən çıxılmaz vəziyyətlərdə qadını darda qoymur. İstənilən məkan üçün uyğun geyimdir. Bundan əlavə, ona ayaqqabı və çanta seçməkdə çətinlik çəkməyəcəksiniz. Əgər paltar çox qısadırsa, tuniki əvəz edə bilər. Onu əhval-ruhiyyənizdən asılı olaraq cinslə, şortla və ya lasinlə geyinə bilərsiniz.

Qara dəri gödəkcə

Dəri gödəkcə çoxdan metalçıların və baykerlərin atributu olmaqdan çıxıb. İndi bu cür geyimləri nümunəvi qızlar da böyük həvəslə geyinir. Klassik versiyalarını hər geyimlə uzlaşdıra bilərsiniz. Dəri gödəkcələr qadın obrazına vəhşi seksuallıq bəxş edir. Bəziləri hesab edir ki, yaş ötdükcə bayker kurtkaları ilə ehtiyatlı davranmaq lazımdır. Lakin 70 yaşlı Helen Mirren sübut edir ki, qadınlar yaşa dolduqca dəri gödəkcədə daha yaxşı görünürlər. Keyfiyyətli gödəkcə zaman keçdikdə nəinki qadını çəkici göstərməyə xidmət edəcək, həm də qiymətsiz vintaj əşyaya çevriləcək.

Dostlarla əylənməyə gedəndə ağ mayka, cins şalvar və qara dəri kurtkadan çətin ki, yaxşı nəsə tapmaq mümkün olsun.

Slipon – idmansayağı ayaqqabılar

Ayaqqabı məsələsində seçim genişdir. Heç bir qadının qarderobunu bej və ya qara rəngli stilettolarsız təsəvvür edə bilmərik. Bir qayda olaraq önəmli mərasimlərdə onlarsız keçinmək mümkün deyil. Lakin istənilən yaşda qadının rahatlıqla geyinə biləcəyi ayaqqabı seçməyi təklif etsələr, sliponlar qalib gələr. Çünki sliponlar çox rahatdır. Onlar dar və ya hündürbel cinslər, qısa şortlar, midi ətəklər, o cümlədən bol kəsimli futbolkalarla əla yaraşır.

Slipon adlandırılan rahat ayaqqabılar yayın da əsas dəb tendensiyalarından biridir. Slipon istənilən - həm klassik, həm də idman üslubda son dərəcə qəşəng görünür. Modapərəstlər bu ayaqqabıların hər rəngdə və hər naxışlarda olan versiyalarını rahatlıqla tapa bilərlər. Xüsusən də qızılı və gümüşü modelləri çox aktualdır.

Dəbdə olan qadın sliponların ilk variantları təbii dəridən hazırlanmışdı. İndi isə parçadan, zamşadan, hətta krujevadan tikilən versiyalarını da mağazalarda görə bilərik.

Kənarlarındakı yumşaq və elastik bant sayəsində ayaqlar rahat şəkildə ayaqqabıya daxil olur və bütün yorğunluğu dərhal unutdurur. Ayaqqabının rezin altlığı da uzun gəzintidən sonra ayaqları yorulmağa qoymur.

Kostyum

Artıq neçənci mövsümdür ki, aparıcı moda evlərinin podiumlarında model qızların əynində ciddi kişi geyimlərinə rast gəlirik. Bu da təsadüfi deyil. Axı, qadınlar kişi paltarında çox seksual görünürlər. Lakin bu ziddiyyət xanımların zərif görünməsinə mane olmur. Comərdlik əsl modapərəstlərin üslubunda həmişə qəşəng və cəlbedici görünür. Dizaynerlərin kişisayağı ruhda yaratdığı geyimləri zərif cinsin nümayəndələri istənilən yaşda böyük məmnuniyyətlə geyinirlər. Lakin pastel çalarlarını və orijinal biçimləri seçməyə çalışın.

Gün eynəkləri

Günəşdən qoruyucu eynək çanta və ayaqqabı kimi obrazı tamamlayan əsas aksessuarlardan biridir. Gün eynəklərinin əsas funksiyası gözləri və göz ətrafı dərini qorumaqdır. Ona görə də, eynəklər hər yaşda mütləq istifadə edilməlidir. İlk növbədə onlar keyfiyyətli olmalıdır ki, gözlərin müdafiəsi funksiyasını yerinə yetirə və onu UV şüalarının zərərli təsirindən qoruya bilsin. İkinci isə onlar orijinal olmalıdır. Dairəvi, üçbucaqlı və kvadrat formalı, əlvan və naxışlı çərçivələrdən qorxmaq lazım deyil. Dekorativ bəzəklər eynəkləri çox maraqlı göstərir. Əgər birdən eynəyin haradasa yersiz göründüyünü duysanız, onu çantaya qoymaq olar. Bu baxımdan eynəkləri istifadə etmək çox əlverişlidir.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR