Rusiyanın cazibədar müğənnisi ana olmaq üçün həyatından keçdi - FOTOLAR
Bizi izləyin

Layihə

Rusiyanın cazibədar müğənnisi ana olmaq üçün həyatından keçdi - FOTOLAR

“Bilirsiniz, özümü seksual qadın kimi hiss edirəm, amma seks simvolu deyiləm. Əslində, bu adı mənə jurnalistlər fikirləşiblər. Bədənim açıq geyimlər, qısa yubkalar, kürək dekolteli paltarlar geyinməyə imkan verdikcə, onları geyinəcəm. Eyni şey dikdaban ayaqqabılara da aiddir. “Yves Saint Laurent” moda evinin dikdaban ayaqqabıları üçün ürəyim gedir”.

Bu sözlər Janna Friskeyə aiddir, yayda həmişə dəniz, məhəbbət barədə mahnılar oxuyan, Rusiya şou-biznesinin ən əziz, həyatsevər və gülərüzlü müğənnisi Janna Friskeyə. Rusiyanın estrada müğənnisi, kinoaktrisa və fotomodel, “Blestyaşie” qrupunun keçmiş solisti Janna Friske dünən gecə uzun müddət davam ağır xəstəlik nəticəsində dünyasını dəyişib. Təəssüf ki, Janna xərçənglə mübarizədən qalib çıxa bilmədi... Publika.az-ın “9 don” layihəsinin bugünkü sayında dünyasını dəyişən ifaçının həyatı haqqında ən maraqlı faktları təqdim edirik.

Karyerasının başlanğıcı: uşaqlıq və gənclik illəri

Janna Friske 1974-ci il Moskvada andan olub. Daha dəqiq desək, həmin gün Kopilovalar ailəsində əkizlər dünyaya gəlib. Amma Jannanın qardaşı sağ qalmayıb.

Səhnəyə olan həvəs və istedadını Janna öz atası Vladimir Kopilovdan alıb. Valideynləri onu ciddi və sərt qaydalarla tərbiyə etsələr də, Janna valideynləri haqqında həmişə çox səmimi danışıb. Mədəniyyət mərkəzinin əməkdaşı Kopilov qızının müğənni olmaq arzusunu dəstəklədiyindən Jannanın uşaqlığı səhnə dekorasiyaları, məşhur aktyor və aktrisalar əhatəsində keçib.

Qızcığaz dörd yaşından bədii gimnastika ilə məşğul olmağa başlayıb. Eyni zamanda, bal rəqsləri, akrobatika və baletlə də maraqlanıb. Sonradan gözəl Jannanın plastikası taleyində həlledici rol oynayıb. Belə ki, “Blestyaşiye” layihəsinin rəhbəri Andrey Qroznı onu gecə klubunun rəqs meydançasında görüb və rəqsini çox bəyənib. Janna ilə tanışlıqdan sonra Andrey Qroznı ona yeni kollektivin bədii rəhbəri olmağı təklif edib. Lakin Janna bu səmərəli təklifi dərhal qəbul etməyib. Çünki gələcəklə bağlı tamam başqa planları var idi. O, jurnalistika təhsili almağa hazırlaşırdı.

Məktəbi bitirən Janna Friske Moskva Dövlət Universitetinin (MDU) fəlsəfə fakültəsinə daxil olmaq istəsə də, imtahanlardan kəsilib. Odur ki, Moskva Humanitar Universitetinin kulturologiya fakültəsinə daxil olaraq sonradan jurnalistika fakültəsinə keçib. Lakin Janna təhsilini yarımçıq qoyub. Qərarını dəyişməsinə isə “Blestyaşiye” qrupunun ilk klipi səbəb olub. Bundan sonrasını onu sevənlər yaxşı xatırlayır...

Parlaq qrupun parlaq dövrü

Janna Friske İra Lukyanova, Oley Orlova ilə birlikdə qrupun “qızıl” heyətinə daxil idi. Daha sonra qızlara Ksyuşa Novikova da qoşulub və kollektiv yenidən kvartet olub.

Friskenin “Blestyaşiye” qrupunda karyerası 6 il davam edib. 2003-ci ildə “Son qəhrəman 4” realiti şousunda iştirak edib. Lakin çəkilişlərinin aparıldığı adadan qayıdandan sonra Janna qrupdan ayrıldığını bildirib. Müğənninin sözlərinə görə, o, bu ekstremal şouda iştirakından sonra əvvəlki həyatına qayıda bilməzdi. Qrupun prodüserləri də Friskenin solo layihəsini dəstəkləməyə razılaşmışdılar. Cazibədar ulduzun yaxın dostu Andrey Qubin isə ona gələcək hiti “La-la-la” mahnısını hədiyyə edib. Bu mahnı müğənninin debüt "Janna" albomuna daxil edilib.

Həmin dövrdə Timur Bekmambetovun "Gecə patrulu" ekranlara çıxıb. Friske burada vampir Alisa rolunu oynamışdı. Aktrisanın aqibətini biləndən sonra onun yaratdığı bu obrazla bağlı rusların qəribə inancını xatırlamamaq olmur. Belə ki, ruslar inanırlar ki, cadugər, vampir obrazı yaradan insanların taleyində oynadıqları rol mütləq bir iz buraxır. Gənc ikən saralıb-solan, cazibədar qadın kimi tanındığı halda kifirləşən Jannanın da son aqibəti, görəsən, oynadığı vampir rolunun təsirinin nəticəsi deyildi ki?

Hindistana səfəri özünü kəşf etməsinə səbəb oldu: o xoşbəxt deyildi

Harmoniya axtarışlarında olan Janna Friske Hindistana səyahəti zamanı ayuverdu və yoqanı kəşf edib. Janna cəlbedici səhnəni sevsə də, "Karvan əhvalatı" jurnalına verdiyi müsahibədə "Onda başa düşdüm ki, milyonlarla qızdan heç nə ilə fərqlənmirəm. Mənim iki əlim, iki ayağım, bir ürəyim və mavi gözlərim var. Sadəcə, işim bir qədər fərqlidir. Bəlkə də, başqa işlə məşğul olsaydım, daha xoşbəxt olardım" - deyib. Janna Friske verdiyi müsahibədə əri və uşaqları, ailə xoşbəxtliyi haqqında arzusunu gerçəkləşdirməyin ona qismət olmadığına görə heyfsiləndiyini demişdi.

O, başqa bir müsahibəsində “Məni mütəmadi olaraq hansısa uşaqsayağı mahnıları oxuduğuma görə qınayırlar. Amma qəmgin görünüşlə səhnəyə çıxmaq və heç də asan olmayan qadın taleyi haqqında mahnı oxumağa tələsmirəm. Nəticə etibarı ilə o mövzular barədə istənilən yaşda mahnı oxuya bilərəm” - demişdi.

Dmitri Şepelev ilə sevgi romanı

Şou-biznes nümayəndələri 37 yaşlı müğənni ilə 29 yaşlı teleaparıcı Dmitri Şepelev arasında münasibətlərin səmimiliyinə inanmırdı. Çoxları bu münasibətləri “piar” adlandırırdı. Cütlük isə öz əlaqələri haqqında gəzən şayiələrə heç bir şərh verməməyi üstün tuturdu. Lakin 2012-ci ilin yanvarında Friske ilə Şepelevi ABŞ-ın Mayami şəhərində birlikdə görüntüləmişdilər. Bir-birinə olan sevgisini gizlətməyən cütlüyün fotoları mətbuatda yayılmışdı. Bir neçə ay keçməmiş gözəl cütlük Moskva kinofestivalında birlikdə iştirak etmişdi. Bir il sonra isə "mükəmməl piar"-dan gözəl körpə dünyaya gəlir. Onların münasibətləri ciddiləşməyə doğru gedirdi, lakin Jannanın ağır xəstəliyi toyun vaxtını təxirə salır.

Cütlüyün oğlunun dünyaya gəlməsi xoşbəxtlik gətirmir və faciə ilə yadda qalır. Məsələ burasındadır ki, Janna Friske xәstәliyini öyrәnәndә hamilә idi, hәkimlәr ona abort edib kimyəvi terapiya müalicəsinə başlamağı mәslәhәt görmüşdülər. Janna isə çoxdandır ki, həsrətində olduğu analıq dünyasını heç nəyə dəyişmir. Bəlkə də, övladını dünyaya gətirməkdən imtina etsəydi, həyati təhlükəsi sovuşardı... Amma o, bunu etmir.

Xəstəlik...

2013-cü ildə ilk övladını dünyaya gətirdikdən sonra baş ağrılarından şikayət edən Jannanın ağır xəstəlikdən əziyyət çəkməsi haqda xəbərlər yayılmışdı. 2014-ci ilin əvvəllərində Rusiyanın məşhur ifaçısı Janna Firiskeyə baş beyinin şişi diaqnozu qoyulur. Müalicə almaq üçün ABŞ-ın nüfuzlu xəstəxanalarının birinə yerləşdirilsə də, onun müalicəsi böyük vəsait tələb edirdi.

Qeyd edək ki, Jannanın xəstəliyi ilə bağlı xəbərlər, sözün əsl mənasında, bütün dünyanı silkələyir. Buna Rusiyanın "Birinci kanal"ında müğənninin müalicəsinə kömək məqsədi ilə edilən çağırışın nəticələri ən yaxşı sübutdur. Müalicə üçün vəsait toplanması üzrə aksiyaya start verilir. Bunun üçün hətta video-müraciət də yerləşdirilir. İstedadlı müğənninin pərəstişkarları onun müalicəsi üçün dünyanın dörd bir yanından vəsait toplayırlar. Beləcə, ümumilikdə 68 milyon rubl toplanaraq xeyriyyə fondunun hesabına köçürülmüşdü ki, bu da Friskenin müalicəsi üçün lazım olan məbləğdən çox idi. Qalan pul isə onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım fonduna köçürülmüşdü.

Xəstəlikdən sonra müğənni tanınmaz hala düşür: çəkisi artır, görmə qabiliyyəti zəifləyir. Hormonal dəyişikliklərə baxmayaraq, amerikalı həkimlər hər şeyin plan üzrə getdiyini və Jannanın sağalması üçün şansın mövcudluğunu söyləyirdilər. ABŞ və Almaniya klinikalarında uzunmüddətli müalicədən sonra müğənni öz doğmalarının yanına qayıtmışdı. Müğənninin hətta pərəstişkarları və mətbuatla ünsiyyətə hazır olacağı deyilirdi. Lakin ötən ay müğənninin atası mətbuata Jannanın səhhətinin kəskin pisləşməsi barədə xəbər verdi. O, Jannanın zəifləyib iştahasını itirdiyini, güclü təsirə malik dərman preparatlarının korluğa səbəb olduğunu söylədi.

Rus estradasının məşhur ifaçısı və aktrisa Janna Friske dünən gecə 41 yaşında vəfat etdi. Son aylarda kiçik oğlu Platon və nişanlısı Dmitri Şepelev ilə birlikdə Moskvadakı bağ evində yaşayan Jannanın ölüm anında yanında, sadəcə, valideynləri, bacısı və yaxın rəfiqəsi Olqa Orlova vardı.

Nişanlısı Dmitri Şelepev isə ölümündən əvvəl onu tərk edərək sonradan yazdığı bir statusla kifayətləndi:

"Biz həmişə təkrar edirik: "Xoşbəxtlik sakitliyi sevir". Mən bu sözlərə sadiq qalıram, çünki Janna mənim üçün təmiz, bənzərsiz xoşbəxtlik idi. Mən dəqiq bilirəm ki, biz bu müddət ərzində sizsiz bacarmazdıq. Bizə yardım edən, Janna üçün dua edən hər kəsə təşəkkür etmək istəyirəm. İstəyirəm biləsiniz ki, bu iki il ərzində Jannanın həyatda qalması sizin xidmətinizdir. Sağ olun!”

İddialara görə, Dmitri Şepelev oğlu ilə birgə 2 gün öncə Bolqarıstana uçub. Jannanın yaxınlarından biri “LifeNews” telekanalına “Bazar günü Dmitri təyyarəyə bilet alaraq oğlu ilə Bolqarıstana uçdu: “Həkim ona dedi ki, getsə, bir də Jannanı görə bilməyəcək, çünki onun durumu çox pisdir”.

Ancaq o, bu xəbərdarlığa məhəl qoymadı...

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm