• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Günel Musəvi: “Özünü dartan xanımlardan deyiləm” - FOTOLAR

  • Layihə
  • 20 İyun 2015 09:30
  • 5 290 Baxış
Günel Musəvi: “Özünü dartan xanımlardan deyiləm” - FOTOLAR

Publika.az-ın “Kokteyl” layihəsinin bu həftəki sayında illərdir efirdən uzaq düşsə də, məlahətli səsi hələ də qulaqlarda qalan teleaparıcı Günel Musəvi oldu. Hazırda Azərbaycan məkanından kənarda – Amerikanın Minnesota ştatında məskunlaşan Günel Musəvinin müvəqqəti xarakter daşıyan Bakı səfərini fürsət bilib onunla görüşmək istədik. Bu səfərini ancaq yaxınlarına və doğmalarına həsr etmək niyyətində olsa da, bizə də vaxt ayırdı.

- Azərbaycana gəlişiniz Avropa Oyunlarının keçirilməsinə təsadüf etdi. İstərdim ki, söhbətimizi də elə bununla başlayaq. Sizcə, Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi bizə nə verəcək?

- Neçə ildir ki, yayda Bakıda olmurdum. Həm bu səbəbdən, həm də Avropa Oyunlarına görə səfərimi bu aya saldım. Əslində, bu ərəfədə gəlməyə qorxurdum. Çünki bir-iki ay bundan əvvəl böyük bir təşviş yaranmışdı. Guya, toylar təxirə salınacaq, yollar bağlanacaq, gediş-gəliş çətinləşəcək və s. Amma gələndən sonra hər şeyin yüksək səviyyədə təşkil olunduğunu müşahidə etdim. Bununla qürur duyuram, səfərimin də belə bir möhtəşəm hadisə ilə üst-üstə düşməsinə sevinirəm. Metrolar, yollar həqiqətən də hazır vəziyyətdədir, hər yerdən məlumat lövhələri asılıb. Avropa Oyunları ilə bağlı maraqlı bir hadisə danışım. Dünən anam yaşadığımız şəhərdə alış-veriş mərkəzinə gedib. Anamdan hansı ölkədən olması ilə maraqlanıblar. Azərbaycanlı olduğunu biləndə Avropa Oyunlarının açılış mərasiminə baxdıqlarını və çox bəyəndiklərini deyiblər. Daha sonra anam banka gedib. Orda da Azərbaycanlı olduğunu öyrənəndə məhz Avropa Oyunlarının açılış mərasiminin möhtəşəm keçməsindən danışıblar. Yəni, tədbirin səs-sorağı Amerikaya qədər gedib çıxıb. Bu tədbirdə əsas məqsəd Azərbaycanı dünyanın hər yerində layiqli şəkildə tanıtmaq idi. Məncə, istəyimizə nail olduq. Bəzi ölkələr və verilişlər Avropa Oyunları ərəfəsində Azərbaycanla bağlı tənqidi fikirlər səsləndirmişdilər. Bu da onların Azərbaycan kimi balaca ölkənin dünya arenasına çıxmasını istəməmələrindən və bunu həzm edə bilməmələrindən xəbər verir. Səhv etmirəmsə, qızıl medalların çoxunu da azərbaycanlı idmançılar qazanıb. Buna görə ürəkdən sevinirəm. Yarışlarda iştirak edən bütün idmançılarımıza qızıl medal arzu edirəm.

- İnsanlar sizi hələ də ekranda görmək istəyirlər, gəlişinizin səbəbinin də bu olduğunu düşünürlər. Hər hansı yeni layihələr gözlənilir?

- Yox, bizim telekanallarda veriliş aparmaq kimi planlarım yoxdur. “Every azeri” bloqunun təsisçisiyəm. İndi isə video bloqumla Youtube-a keçmək istəyirəm. Bloqun əsas məqsədi xaricdə yaşayan azərbaycanlıları bir araya gətirməkdir. Səyahət etdiyim ölkələrdən video verilişlər çəkirəm. Bu yaxınlarda “Axınla aşağı” filmi Hyustonda "Worldfest-Houston International" Film Festivalı çərçivəsində Amerikada çox məşhur kinoteatrda təqdim olundu. Onun təqdimat mərasimində mən də iştirak etmişdim. Sonra Hyustondakı Azərbaycan ev muzeyinə də baş çəkdim, oradan maraqlı verilişlər hazırlamışdım.

- Tanınmış aparıcı idiniz. Amma məşhur olduğunuz bir vaxtda Amerikaya köçməyə qərar verdiniz. Bloqu yaratmaqda əsas məqsəd həmin məşhurluğu qoruyub saxlamaq idi?

- Qətiyyən. Bloqu məşhurluq naminə yaratsaydım, adını “Günel Müsəvi” qoyardım. Adından da göründüyü kimi Azərbaycana həsr olunub. Əsas məqsədim xaricdə yaşayan azərbaycanlı xanımları, gəncləri bir yerə toplamaq və təcrübələrini bölüşmək idi.

- İnsanların maraq dairəsini əhatə edə bilirsiniz?

- Bəli, amma son zamanlarda bloqumda bir qədər durğunluq yaranıb. Cəlb etdiyim insanların bəziləri ailə qurub, kiminsə uşağı olub və s. İşlərinin çoxluğundan xanımlar işdən soyuyublar. Hərdən özümün də bloqla maraqlanmağa vaxtım olmur. Həm də üzərində işləmək lazımdır. İstərdim ki, məndən başqa, yanımda maraqlı ideyaları olan, enerjili insanlar olsun. Onda daha maraqlı verilişlər ərsəyə gətirmək və geniş auditoriyanı cəlb etmək olar. Özüm az fəaliyyət göstərirəm. Daha çox başqalarını cəlb edirəm və bu işdən mənəvi qida alıram.

- Uzun illər televiziyada aparıcı kimi fəaliyyət göstərmisiniz. Sizcə, Azərbaycan jurnalistikası ilə xarici ölkələrin jurnalistikası nə ilə fərqlənir? Biz onlardan nələri örnək götürməliyik?

- 7 ildir Amerikada yaşayan insan üçün aradakı fərq çox böyükdür. Orada jurnalistika üslub baxımından daha rəngarəngdir. Məlumatı dəqiqləşdirmək üçün dərindən araşdırma aparırlar. Onların yazılarını oxuyanda jurnalistin əziyyətini hiss edirsən, yeni məlumatlar öyrənirsən. Hətta Amerika ilə Avropa mətbuatı arasında fərq görürəm. Bizdə isə çeynənmiş fikirlər, eyni sözlər...

- Aparıcılıq etdiyiniz illər üçün darıxmısınız?

- Əgər eyni səviyyəli televiziyaya qayıdıramsa, yox, darıxmamışam. Televiziyalar qoyduğum kimi də qalıb.

- Problem maddi məsələlərdədir?

- Xeyr. Telekanallara baxmıram. Hərdən ötəri nəzər salıram. Verilişlərin əksəriyyəti keyfiyyətsizdir, aparıcıların çoxunun danışıq qabiliyyəti belə yoxdur.

- Sizcə, bunun səbəbi nədir?

- Rəhbərliklər. Heç bir aparıcı özbaşına efirə çıxmır, istedadsız aparıcıların efirə buraxılmasında rəhbərliklər günahkardır.

- Telekanallarda nə cür verilişlər görmək istərdiniz?

- İnsanların inkişafına təsir edən intellektual verilişlər görmək istərdim. Əyləncəli verilişlər də olmalıdır. Amma hər şeyi əyləncə və ağlaşma üzərində qurmaq olmaz.

- İnformasiyaları haradan əldə edirsiniz? Yerli telekanalları izləyirsiniz?

- Sosial şəbəkədə qəzetlərin, saytların “Facebook” səhifələrini izləyirəm. Qarşıma maraqlı xəbər çıxdıqca oxuyuram. Azərbaycanda gündəlik baş verən hadisələr barədə mütləq məlumatlanıram.

- Bəs keçmiş jurnalist olaraq öz mövqeyinizi həmişə bildirə bilirsiniz, yoxsa susmağa üstünlük verirsiniz?

- Bizdə nədənsə insanlar tənqidi heç cürə qəbul etmək istəmirlər. Hiss edirəm ki, həqiqəti heç kim sevmir. Ona görə də müşahidəçi kimi qalmağa üstünlük verirəm. Əslində, bu nəyisə bəyənməməkdən irəli gəlmir. Tənqidin əsas məqsədi qüsurları aradan qaldırmaq, yaxşı cəhətlərini üzə çıxarmaq, nöqsanlarını göstərmək və düzəltməkdir. Bunlar müzakirə və tənqid nəticəsində aradan qalxır. Tənqid olmayan yerdə inkişafdan söhbət gedə bilməz.

- Onda sizin Amerikada daha xoşbəxt olduğunuzu deyə bilərik?

- Xaricdə yaşayan elə adamlar var ki, ailəsi yanında deyil. Mənim ailəm isə yanımdadır, bu baxımdan xoşbəxt sayıla bilərəm. Sözün açığı, qardaşımdan başqa Azərbaycanda darıxacağım insan yoxdur. Qardaşım işlərini elə qurub ki, mütəmadi olaraq yanımıza gəlib-gedir. Bir də ki, müasir texnologiya darıxmağa imkan vermir.

- Amerikadakı həyatınızla burdakı həyatınızı müqayisə etsəniz, nələri itirdiyinizi düşünürsünüz?

- Rahatlığımı itirdiyimi deyə bilərəm. Bakı balaca şəhərdir, hər hansı problem olanda onu həll etmək daha asandır. Amma Amerikada belə deyil. Amerikada bütün qayda-qanunlara əməl etməliyəm, növbədə dayanmalıyam və s. Bundan da narazı deyiləm. Mən çox sevinirəm ki, qanunlara riayət edən bir ölkədə yaşayıram və bir vətəndaş kimi öz haqqımı tələb edirəm.

- Olduğunuz yerdən razısınız? Həyatda əsas məqsədiniz nədir?

- Əlbəttə. Amerikada ikinci təhsilimi, uşaq psixoloqluğunu bitirmişəm. Bir müddət işlədim, lakin gördüm ki, alınmır. Uşaqlarla işləmək mənə görə deyil, yorurlar məni. İndi başqa sahə üzrə magistratura təhsili almağı planlaşdırıram.

- Hansı sahəni seçməyi düşünürsünüz?

- Psixologiyadan çox uzaqdır, yəqin ki, biznes sahəsinə yaxın olacaq.

- Azərbaycan ənənələri, qaydaları əsasında uşaq tərbiyə etmək asandır, yoxsa Amerika kimi bir dövlətdə?

- İstər Azərbaycanda, istər Amerikada, istərsə də, başqa bir ölkədə uşaq tərbiyə etmək, onu boya-başa çatdırmaq çox çətin işdir. Valideynlərin üzərinə böyük məsuliyyət düşür. Bizim qaydalarla orda uşaq tərbiyə etmək də çətin olar. Çünki bizdə uşağı ictimaiyyət içində döymək, üstünə qışqırmaq olar. Amerikada isə elə hərəkət eləsən, bütün insanlar çevrilib sənə baxacaq, hətta səni məhkəməyə də verə bilərlər. Uşaqda məsuliyyət hisinin, ümumiyyətlə şəxsiyyətinin formalaşmasında ətrafdakılar böyük rol oynayırlar. Uşağın fikrini öyrənirlər, onu başa salırlar. Yəni, uşaq üzərində çox işləyirlər. Uşaq dünyaya gəldiyi andan ona şəxsiyyət, müstəqil bir fərd kimi baxırlar. Bizdə isə uşağı çox vaxt kiçildirlər, ona əmr edərək öz istədiklərini etdirirlər. Əlbəttə ki, orda da bəzi istisnalar olur, onda da ətrafdakılar dərhal müdaxilə edir.

- Amerikaya köçməyiniz Barak Obamanın prezident seçildiyi illərə təsadüf edir. Onun prezident seçilməsi ağdərililərin qaradərili insanlara münasibətinə müsbət istiqamətdə təsir edib? Səhv etmirəmsə, qaradərili insanlara hələ də yuxarıdan aşağı baxanlar var.

- Prezidentin qaradərili olmasına baxmayaraq, qaradərili insanlara münasibət birmənalı deyil. Hərdən həmin irqlər arasında da münaqişələr olur. Məsələn, ağdərili biri qaradərilini o qədər çox bezdirir və aşağılayır. Qaradərili isə özünü müdafiə etmək istədikdə sonu cinayətlə nəticələnir. Yaxud da əksinə.

- 7 ildir Amerikadasınız. Bu illər ərzində Günel Musəvi dəyişib?

- Xeyr. Mən müşahidə elədim ki, insan harada yaşamasından asılı olmayaraq, xaraktercə dəyişmir. Ölkə, mədəniyyət insanı dəyişdirmir. Sadəcə, nələrisə əlavə edir.

- Yəqin ki, xəbəriniz var. Rusiyanın tanınmış müğənnisi Janna Friske bu yaxınlarda dünyasını dəyişdi. O, müsahibəsində belə bir fikir demişdi: “Məni həmişə uşaqsayağı mahnıları oxuduğuma görə qınayırlar. Lakin mən heç də asan olmayan qadın taleyi haqqında mahnı oxumağa tələsmirəm” . Sizcə, qadın olmaq həqiqətənmi çətindir? Yoxsa, qadın sentimentallığının uydurduğu fantaziyadır...

- Azərbaycanda qadın olmaq çətindir. Məsələn, 35 yaşım var, amma hələ də həyatımı bölüşəcək insanı tapa bilməmişəm. Bilirsiniz niyə? Çünki hər gələn mənim aparıcı olmağımı, hər kəsin məni tanımasını həzm edə bilmir. Evdə oturub ancaq ona aid olmağımı istəyir. Halbuki, mən heç kimə məxsus deyiləm. Məni çərçivələrə salır, azadlığımı, müstəqilliyimi əlimdən almaq istəyir. Əgər məni sevirsənsə, olduğum kimi qəbul eləməlisən. Barda striptiz göstərmirəm ki, xalqın bir nümayəndəsi kimi efirə çıxıb veriliş aparıram. Nə də ki, efirə çıxıb şpaqat, açıb, şıllaq atmıram ki... Gözəl danışıq və nitq qabiliyyətimlə insanların zövqünü oxşamağa çalışıram, müsbət enerji ötürürəm. Müəllim öz işini yerinə yetirdiyi kimi, mən də veriliş aparıram. Ancaq bir fərq var. O da mənim müraciət etdiyim auditoriyanın daha geniş olmasıdır. Buna görə kişilərimiz məndən inciməsinlər, çoxları gördüyüm işi başa düşmürlər, pis gözlə baxırlar. Bu, məni çox incidir.

- Heç olub ki, aparıcı olmağınızın peşmançılığını çəkəsiniz?

- Heç vaxt. Bəziləri xoşbəxtliyi ailədə, bəziləri də pulda görür. Mən də öz xoşbəxtliyimi işimdə görürəm. Efirə çıxıb canlı ünsiyyətdə olmaq, sevilmək hər insana nəsib olmur.

- Sizi olduğunuz kimi qəbul edən xarici vətəndaşla ailə qurmaq istərdiniz?

- Münasibət qurmaq istəyən, evlilik təklif edən insanlar olub, amma razı olmamışam. Yuxarıda dediklərimə baxmayaraq, xarici vətəndaşla ailə qura bilmərəm.

- İki insan bir-birini bəyənirsə, onun milliyyətinin, peşəsinin, hansı irqə mənsub olmasının əhəmiyyəti var?

- Əslində, yoxdur. Qardaşım da xarici vətəndaşla ailə qurub. Valideynlərim də çox demokratik insanlardır. Heç vaxt nə dövlətlər arasında, nə insanlar arasında ayrı-seçkilik etmərəm. Bu məsələdə isə konservativ insan olmaya bilmirəm. Azərbaycanlı ilə ailə qurmaq fikrindəyəm. Eyni dini, eyni adət-ənənələri paylaşmaq istəyirəm. Başqa ölkənin vətəndaşı ilə münasibətlərim heç cür uyğun gəlmir. Anam deyir ki, bu, mənim ən böyük nöqsanımdır. Mən isə qürurlu olduğumu fikirləşirəm.

- Qadının kişiyə sevgi elan etməsi ayıbdır?

- Yox, mən fərq qoymuram. Özünü dartan qızlardan deyiləm.

- Yəni, indi kimdənsə xoşunuz gəlsə, ona sevginizi etiraf edərsiniz?

- Təbii ki.

- Hətta qarşılığı olmasa belə?

- Səmimi insanam, düşündüklərimi qorxmadan dərhal deyirəm. Öz hisslərimdən niyə utanmalıyam ki? Duyğularımı ürəyimdə saxlaya bilmərəm. Qarşılığı olmasa da, qoy bilsin ki, mən sevirəm... Ümumiyyətlə, insan öz təmiz, ülvi hisslərindən utanmamalıdır.

- Belə bir hadisə olub?

- Yox, olmayıb.

- Qadınlar niyə göz yaşlarını gizlədirlər?

- Mən heç vaxt gizlətmirəm, əksinə, göz yaşlarımı saxlaya bilmirəm. Ağlamaq da, sevmək də yemək, içmək, asqırmaq kimi təbii insanlıq halıdır.

- Tənhalıqdan qorxmursunuz ki? Deyirlər, tənhalıq qadın üçün lənət kimidir...

- Qətiyyən, bu fikri heç özümə yaxın buraxmıram. Doğmalarım, yaxınlarım yanımda olduqdan sonra niyə də özümü tənha hiss edim ki? Hamını sevirəm, onlar da məni sevir. Ümid edirəm ki, belədir (gülürük). Təbii ki, çətin günlərim də olub. Pisi ilə, yaxşısı ilə qəbul edirəm.

- Heç intihar eləmək istəmisiniz?

- Heç vaxt! Həyatı çox sevirəm!

- Ən çətin anlarda kim təsəlli verir, ürəyinizi kimə açırsınız?

- Ən çətin vaxtlarda ürəyimi heç kimə açmıram. Kitablar, musiqilər öhdəsindən gəlməyə kömək edir. Ya da çamadanımı yığıb səyahətə yollanıram. Özüm-özümü əyləndirirəm.

- Yəqin ki, insanın özü-özünü təsəlli etmək məcburiyyətində qalması dünyanın ən çətin işidir.

- Deməzdim. Çünki psixologiyama təsir edən dərin fəlsəfi kitablar oxuyuram.

- Bəlkə hər bir xanımın mütləq oxumalı olduğu bir neçə kitab adı çəkəsiniz.

- Elif Şəfəqi çox bəyənirəm, onun yazı tərzi fərqlidir, dərin və daha orijinaldır. Kitablarından qəribə rahatlıq alıram, görünüşündən də təmkinli insan olduğu hiss olunur. Elif Şəfəqin Allaha olan sevgidən bəhs edən “Aşk” romanı möhtəşəmdir. Hesab edirəm ki, onu təkcə xanımlar deyil, hamı oxumalıdır.

Sonra Xalid Hüseynlinin “Çərpələng uçuran” kitabı da gözəl əsərdir. Bu əsəri oxuyanda çox ağlamışdım.

- Hansı əsərin qəhrəmanı sizə daha yaxındır?

- Özümə yaxın hiss etdiyim personaj yoxdur. Sadəcə, əsərin dilindən deyilən fikirlərdə özümü görə bilərəm.

- Heç dəyişməmisiniz. Belə təravətli və gözəl qalmaq üçün nə edirsiniz?

- Çoxları üzündə plastik əməliyyat keçirib. Ona görə də əvvəlki illərlə müqayisədə xeyli fərqlənir. Mən isə nə burnumu kəsdirmişəm, nə dodaqlarımı şişirtmişəm, nə qaşlarımı döymə etdirmişəm, nə də ki, üzümü dartdırmışam. Dəyişməməyimin səbəbi bəlkə də bundan irəli gəlir. Ya da təbiətin mükafatıdır. (gülür) Həmçinin, hər gün ən az bir saat idmanla məşğul oluram.

- Gözlədiyiniz insan yenidən Azərbaycana köçüb burda yaşamağı təklif etsə, qayıdarsınız?

- Yox.

Aytən

FOTOLAR: Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR