Fikri ciddidir, ya əylənir? – Əmin deyilsinizsə, oxuyun!
Bizi izləyin

Layihə

Fikri ciddidir, ya əylənir? – Əmin deyilsinizsə, oxuyun!

Demək olar ki, hər bir qız sevgilisindən əmin olmaq istəyir. “Görəsən, fikri ciddidir, yoxsa könül əyləndirir?”, - sualı qızları daim narahat edir.

Xüsusilə də, yeni tanışlıqlarda hər kəs qarşısındakı insanın fikrindən keçənləri, əsl niyyətini bilmək istəyir. Ancaq kişilərin ağlından keçəndən heç şeytan da baş çıxara bilməz. Hər fürsətdə qadınları başa düşməyin çətinliyindən, hətta mümkünsüz olduğundan dəm vuran kişiləri tanımaq elə də asan deyil.

Kişilərin qurduğu cümlələr çox vaxt insanı çaşbaş salır. Belə ki, təcrübəsiz və diqqətsiz qadın qarşı cinsin verdiyi siqnalları yanlış anlaya bilər. Odur ki, qarşı cinslə yaxınlaşmağa başlamadan öncə bəzi nüansları bilməlisiniz ki, onun sizə aşiq olub-olmadığından əmin olasınız. Burada söhbət təkcə həmin insanın sizinlə ailə qurmaq fikrində olub-olmamasından getmir. Unutmayın ki, münasibətə ciddi yanaşmaq sadəcə, ailə qurmaqla bağlı deyil. Sevdiyiniz adamla evlənə bilməsəniz belə, ən azından onunla keçirdiyiniz vaxta dəydiyini, onun da sizi sevdiyini bilib təsəlli alacaqsınız.

Yanlış qərarlar almaq istəmirsinizsə, sizi sevən kişini ilk baxışdan tanımalısınız.

Publika.az “Ailə dostu” layihəsi çərçivəsində fikrində ciddi olan oğlanların ortaq xüsusiyyətlərini təqdim edir:

Sizi tanımağa çalışır

Sizinlə birgə gələcək planları qurmayan oğlan arzularınızı, xəyallarınızı, hədəflərinizi öyrənməyə can atmaz. Ancaq sizi həqiqətən sevirsə, hansı janrdakı filmləri və ya musiqiləri sevdiyinizlə maraqlanacaq. Boş vaxtınız olanda nə ilə məşğul olduğunuz soruşacaq. Bir sözlə, yeni tanış olduğunuz insan mütəmadi olaraq çoxlu suallar verir və sizi daha yaxından tanımağa çalışırsa, bunu yaxşı əlamət kimi qəbul edin.

Sizi dostları ilə tanış edir

Sizinlə əylənmək istəyən oğlan həmişə tək qala biləcəyiniz məkanlara getməyə üstünlük verəcək. Yanınızda rəfiqənizi gətirməyinizi istəməyəcək. Dostlarınızla tanışlıq onu narahat edəcək. Əksinə, sizinlə birgə bir gələcək düşünürsə, sizi öz dostları ilə tanış edəcək. Bir də görəcəksiniz ki, tanışlığınızın üzərindən çox az müddət keçməsinə rəğmən dostlarının hamısını tanıyırsınız. Hətta onlarla birgə həftəsonu planları qurur, konsertə, teatra gedirsiniz. Uzun sözün qısası, sizinlə birlikdə olduğunu hamıya göstərirsə, sizi sosial həyatına daxil edirsə, deməli, onun sevgisinə inana bilərsiniz.

Ailəsi ilə tanış edir

Bir var, valideynlərindən zəng gələndə “dostlarımlayam” - deyən oğlan, bir də var adınızı çəkərək sizinlə birlikdə olduğunu utanmadan dilə gətirən oğlan. Sevgiliniz əgər sizi ailəsi ilə tanış edibsə, deməli, həyatınızda qalıcı olmaq istəyir.

İzahlı cavab

Sevgiliniz hər sualınıza ətraflı cavab verirsə, bu sizi sevdiyini göstərir. Çünki sevməyən oğlan suallardan təngə gəlib sizə qısa, lakonik cavab verə bilər. Halbuki, sizinlə ciddi münasibət arzulayan sevgili “Nə edirsən” kimi bəsit bir suala belə harada olduğu, kimlə olduğu, nə yediyi, nə içdiyi ilə bağlı geniş bir cavab yazacaq.

Ehtiyacınız olanda yanınızdadırsa...

Xəstə olanda və ya hər hansı bir çətinliklə üzləşəndə dərhal köməyinizə gəlirsə, deməli, sizə dəyər verir.

Unutmayın ki, ciddi münasibət qurmağa çalışan oğlan sizinlə sadəcə, sevgili deyil, həm də dost olmağa can atmalıdır.

Belə bir insanla qarşılaşmısınızsa, onu itirməməyə çalışın.

Sizdən kömək istəyirsə...

Qarşı cinsin eqosu çox yüksəkdir. Onlar kimdənsə kömək istəməyi özlərinə sığışdırmırlar. Sevgiliniz sizdən kömək istəyibsə, artıq onun eşqindən tam əmin ola bilərsiniz. Deməli o, sizi özünə çox yaxın bilir. Sizi ailəsinin bir fərdi kimi görür.

Fikirlərinizə əhəmiyyət verirsə...

Sizi sevirsə, təhsili, karyerası ilə bağlı məsələlərdə məsləhətləşməkdən çəkinməyəcək. Üstəlik, qərar verərkən fikirlərinizi nəzərə alacaq.

Bütün bu məqamları diqqətdə saxlayaraq doğru insanla birlikdə olub-olmadığınızı asanlıqla müəyyənləşdirə bilərsiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm