Planetin ən varlı qadını nəhəng dəb imperiyasını niyə tərk etdi?
Bizi izləyin

Dəb

Planetin ən varlı qadını nəhəng dəb imperiyasını niyə tərk etdi?

Sakit qızcığaz Andrea jurnalistika karyerası arzusu ilə özünü toplayır və Amerikanın ən nüfuzlu dəb jurnallarından birinin baş redaktoru - Pristli Miranda ilə iş görüşməsinə gəlir. Dəbdəbəli redaktor qızı geyim tərzinə görə təhqir etsə də, onu öz müavini vəzifəsinə işə götürür. Təəssüf ki, qlamur dünyası qızı böyük sevinclə qarşılamır. Ofis gözəlləri bu yöndəmsiz qıza yuxaırdan aşağı baxır, onun dəb dünyası ilə yaxından-uzaqdan heç bir əlaqəsi olmadığını hər fürsətdə dilə gətirirlər. Üstəlik, rəhbəri də çox dözülməz və sərt qadın olan Andreanın işdə qala bilməsi üçün ancaq bir çıxış yolu var idi. İmici dəyişmək və dəb sənayesini dərindən mənimsəmək. Nəticədə gənc qız dəb sınağından üzüağ çıxaraq məqsədinə nail olur. Özü də “Prada” moda evinin məhsullarına üstünlük verən zalım redaktorunun xoşuna gəlməyi bacarır... Bunu necə etdiyini bilmək istəyirsinizsə, “Şeytan Prada geyinir” filminə baxmağı tövsiyə edirik.

Publika.az-ın “Brendlərin tarixi” layihəsinin bu sayında isə moda jurnalının tiran-redaktoru və onun assistentləri ilə münasibətləri barədə çəkilmiş film haqqında deyil, “Prada” moda evinin yaranma tarixindən danışacağıq.

Prada moda evi: eynəkdən mebelədək

“Prada” moda aləmində yüksək keyfiyyətli dəri məhsulları: ayaqqabı və çanta istehsalı ilə məşğul olan brend kimi tanınır. Lakin şirkətin siyasəti bununla məhdudlaşmır. “Prada” geyim, kosmetika, parfüm, eynək və digər aksessuar istehsalı ilə məşğul olan ən nüfuzlu brendlərindən biri kimi də öz layiqli yerini tutub. Burada hətta mebel də istehsal olunur.

“Prada” imperiyası özündə incə zövq standartlarını təcəssüm etdirir, moda dünyasında isə prestij əlaməti sayılır. Dəb həvəskarları və tanınmışlar üçün məhz bu markanın ayaqqabıları yüksək keyfiyyət göstəricisidir. İnanılmaz səslənsə də, hətta Roma Papası da “Prada” ayaqqabılarına üstünlük verir! Geyimi tamamlayan bənzərsiz qadın çanta və aksessuarları isə indiyədək də modapərəstlərin qəlbini ovsunlamaqda davam edir.

“Prada” moda evinin işini iki sözlə ifadə etmək olar: gözəllik və zəriflik, yığcamlıq və təmkin. Bu sözlər həm də brendin daxili konsepsiyasını əks etdirir. Materialların sərt xətləri və kobud teksturası xanımları zəbt edilməz qalaya çevirir, eyni zamanda onları sirli və cazibədar edir. Modellərin dizaynı sadəliyi ilə gözəl cinsin nümayəndələrinin rəğbətini çoxdan qazanıb. Lakin marka dünya şöhrəti qazanmazdan əvvəl keşməkəşli tarixi yol qət edib.

“Prada” iki qardaşın uğurlu biznesinin nəticəsidir!

Brendi 1913-cü ildə Mario Parada qeydiyyatdan keçirib. Çox keçmədən də, o, Milanda “Galleria Vittorio Emanuele” passajında dəri məmulatlarının satışı ilə məşğul olan kiçik mağaza açıb. O, bu biznesinə qardaşı Martini də qoşub. Yeri gəlmişkən qeyd edək ki, mağazanın adı “Fratelli Prada” idi. Bu söz italyanca “Prada qardaşları” deməkdir.

“Prada” yarandığı ilk illərdən bəri dəbdəbə və komfortun sinoniminə çevrilib. Mario və qardaşı müştərilərə ən yaxşı materiallardan hazırlanmış eksklüziv və keyfiyyətli aksessuarlar təklif edirdilər. Mario çantaları yumşaq morj dərisidən hazırlamağa üstünlük verirdi. Yumşaq dərili çantalar və onların kosmik qiyməti dünyanın bir çox nüfuzlu alıcılarının diqqətini çəkmişdi. Beləliklə, əvvəlcə italyan, daha sonra isə Avropa və Amerika zadəganları yeni kuturyeyə ayaqqabılar və yol çantaları sifariş verməyə başladılar. Bu çantaların qulpu ağacdan, dekoru isə tısbağa qınından idi. Çantanın üstündə kristallarla moda evinin adı yazılmışdı.

Moda evinin yaradıcısı Mario Prada 1952-ci ildə dünyasını dəyişir. Mario Pradanın vəfatından sonra 1958-cü ildən şirkətin rəhbərliyi qızı Luiza Pradaya keçir. Çox keçmir ki, Luiza şirkətin məmulatlarının nəinki Avropada, həm də onun hüdudlarından kənarda satışına nail olur.

Pradanın yeni erası

1970-ci il brendin tarixində moda geyim kolleksiyalarının Avropa və Amerikada “Prada” ticarət markası altında satışa buraxılması ilə yadda qalır. Bu geyimlər incəliyi və gözəlliyi ilə xanımların qəlbini fəth etmişdi. Çantalara gəldikdə onların satışı xeyli azalmışdı. İlk növbədə ona görə ki, onlar çox ağır materialdan hazırlanırdı, bu isə insanlara onu gəzdirməkdə çətinlik törədir və diskomfort hissi verirdi. XX əsrin 70-ci illərində bazarda vəziyyət dəyişir, möhtəşəm məmulatlara tələbatın kəskin azalması da firmanın tənəzzülünə gətirib çıxarmışdı. Şirkət demək olar ki, iflas həddində idi.

Amma 1978-ci ildə Mario Pradanın nəvəsi - Miuçça Prada və onun həyat yoldaşı Patriçio Bertelli firmanın itirilmiş mövqeyini geri qaytarır, onu yenidən yüksəldirlər. Cütlük şirkəti dirçəltməklə qalmır, onu çox güclü moda imperiyasına çevirirlər. Ər-arvad şirkətin işlərini öz aralarında bölmüşdülər. Əri maliyyə işləri ilə məşğul olur, Muiçça isə özünəməxsus üslubu ilə moda evinə yeni nəfəs gətirir. O, müasir dəb haqqında təsəvvürü tamamilə dəyişir. Bu dahi qadın olmasaydı, kim bilir, bəlkə də adi, gündəlik şeyləri və rəngləri qarışdırmağa belə cəsarət edə bilməzdik.

Миучча Прада

Muiççanın həyat yoldaşı ilə tanışlığı olduqca maraqlıdır. “Prada”-nın möhtəşəm çantalarının səs-sorağı dünyanın hər yerinə yayıldığı ərəfədə saxta mal istehsalçıları da boş dayanmırdılar, onun surətini çıxarırdılar. Muiçça ticarət yarmarkalarının birində iş adamı Patriçio Bertelli ilə ilə tanış olur. Tanışlıq xoş olmur. Çünki o, Bertellini “Prada” çantalarının eynisini satmaqda ittiham edir. Lakin sonradan onlar necə olursa, barışırlar, üstəlik, əməkdaşlıq edirlər. Daha bir neçə il sonra isə ailə qururlar. Bertelli bu barədə zarafatla deyir: “Muiçça çox məsuliyyətli və tələbkar dizayner idi. Muiççaya baxdım və dərhal qərar verdim ki, onunla yola getməyin yeganə yolu evlənməkdir”.

Dizayner isə həyat yoldaşına olan hisslərini belə ifadə edib: “Bertelli olmasa idi, yəqin ki, hər şeyi çoxdan atıb çıxıb getmişdim”. Ər-arvadın sözlərinə görə, eyni yerdə çalışmaq çox çətindir. Ona görə də onlar iş günü ərzində mümkün qədər az görüşməyə çalışırlar. Cütlüyün iki oğlu var.

Миучча Прада

Muiççia Pradanın adı hazırda feşn­tuzlarının siyahısına liderlik edir. “Forbes”-in məlumatına görə, Muiçça 12,4 mlrd. dollar sərvəti ilə planetin ən varlı qadınlarından biridir. O, moda dünyasının ən nüfuzlu şəxslərindən biri, həm də istedadlı dizaynerdir. Təsadüfi deyil ki, o, dəfələrlə ilin ən yaxşı dizayneri adını qazanıb. Qeyd edək ki, Muiçça Prada moda dünyasına atılmazdan əvvəl siyasətlə məşğul idi. Belə ki, Milan universitetində siyasət fakültəsini bitirən Muiççanın siyasi elmlər doktoru dərəcəsi də var. Gənclik illərində kommunist partiyasında qadınların hüquqlarının müdafiəsində fəal çıxış edirdi. O, kommunist baxışlarını heç vaxt gizlətməyib.

Əslində, Miuçça özü zəngin və dəbdəbəli həyat tərzinin tərəfdarı deyil. Minlərlə qızın qəlbini fəth etmiş dizyaner öz peşəsi haqqında çox bədbin danışır və onu adi hesab edirdi. O, işi haqqında fikrini belə ifadə edir: "Bu, insanların rihafı və yaşıyışına töhvə verən sənayenin yalnız bir hissəsidir”.

Коллекция диванов CloverLeaf от Prada

O, uzun illər ənənəvi gözəllik konsepsiyalarını rədd edərək qadınları korsetlər və dərin dekolte olmadan seksual görünməyə dəvət edirdi. Lakin sonradan öz peşəsinin sərt qaydaları ilə razılaşmaq məcburiyyətində qalır. O, etiraf edir ki, moda öz fikirlərini formalaşdırmağa və ideyalarını nümayiş etdirməyə imkan verən çox güclü “alətdir”.

Modapərəstlərin sonsuz rəğbətini qazanan Muiçça Prada gənclik illərində moda ilə dərindən maraqlanmayıb. O, müsahibələrinin birində “14 yaşım olanda nə istəyirdim, onu da geyinirdim və bu, məni heyrətə gətirirdi. Etnik, hippi, fturistik üslubu bir-biri ilə qarışdırmaq çox əyləncəli idi. Mən həmişə nə geyindiyimlə maraqlanırdım, amma onun yaraşıb-yaraşmadığı qətiyyən maraqlı deyildi. Saatlarla güzgünün qabağında dayanıb necə göründüyümü müəyyən eləmirdim. Çox güman ki, onda dəhşətli görünürdüm” - söyləyib.

Dizaynerdən indi nə cür geyimlərə üstünlük verdiyini soruşsanız, sizi xeyli təəccübləndirər. O, ağır kişi ayaqqabıları, yubka karandaş, V yaxalıqlı köynək və ya sviter deyəcək. İtaliyda bu üslubu “racchia”, yəni “darıxdırıcı” adlandırırlar. İstiqanlı italyanların daxırdırıcı hesab etdiyi bu üslub Muiçça Pradının çox xoşuna gəlir. O, “Bəli, mən rahibə kimi geyinməyi sevirəm. Bu geyimlərdə özümü daha arxayın və sərbəst hiss edirəm” - deyib.

Dizayner şirkətin üslubunu kökündən dəyişərək, brendin məhsullarını qəşəng, yığcam və daha sadə edir. Muiççi Pradanın yeni materiallarla cəsarətli eksperimentləri, orijinal və nəcib çanta dizaynı modelyerin yaradıcılığının səciyyəvi xüsusiyyətdir. Yeni çanta modelləri Muiççi Pradaya görünməmiş uğur gətirir. Onun yaradıcılığını fərqləndirən əsas xüsusiyyət minimalizm sahəsində forma və materiallar üzərində etdiyi eksperimentlərdir.

1989-ci ildə moda evi tanınmış geyim statusuna yenidən qovuşur. Həmin ildə yeni direktorunun rəhbərliyi altında yeni qadın ayaqqabı və pret-a-potre geyim xəttini işə salır. Bu kolleksiyada qara rəng dominantlıq etsə də, sakit rənglər də gözə dəyirdi və çox nəfis idi. Kolleksiyada gözlənilməz keçidlər və təzadlar yox idi. Bu kolleksiyadan dərhal sonra “Prada” müştərilərin böyük rəğbətini qazanır. Xanımlar qarderoblarını zərifliyi və gözəlliyi təbliğ edən italyan moda evinin işləri ilə zənginləşdirirlər.

Şirkətin rəhbərliyi çılğın ruha malik gəncləri unutmayıb. Belə ki, 90-cı illərdə “Prada” gənclər üçün yeni “Mio Mio” xəttini təqdim edir. Bu brend öz adını şirkətin direktoru Muiççidən götürüb. Brendin bu xəttinin əsas fərqləndirici xüsusiyyəti - sadəlik, yığcamlıq və çılğın üslubda olmasında idi. Gənclərə bundan başqa nə lazım ola bilərdi ki? Bu brendin reklam kampaniyasında "ev fotoları"ndan istifadə olunmuşdu. Fotolarda modellər sahibsiz uşaqlar obrazında ən sərbəst pozaları vermişdi. Bu da imperiyanın pərəstişkarlarında böyük heyranlıq doğurmuşdu.

90-cı illərin əvvəlində “Prada” eynək xəttini buraxır. Bu eynəklər qalın kvadrat çərçivələri və parlaq çalarları ilə səciyyələnirdi, artıq bir neçə ildən sonra bu eynəklər brendin əvəzolunmaz vizit kartı olur. 1990-cı illərin ortalarında isə moda evi kişi geyim, ayaqqabı və aksessuarlar xəttini işə salır.

21-ci əsr “Prada” üçün dekorativ kosmetika şirkətinin yaradılması və ilk “Prada Eau de Parfum” ətrinin buraxılması ilə əlamətdar olub. Ətir ehtiraslı ənbər notları ilə fərqlənirdi. Şirkət ətriyyat sahəsini inkişaf etdirirərək sonralar “Prada Intense” (2005), “Prada Man”, “Prada Eau Tendre” (2006) və.s kimi variantları da buraxır.

Hazırda “Prada” imperiyası bir neçə brend adı altında lüks geyimlər, ayaqqabılar, çantalar, aksessuarlar, kosmetika və parfümeriya istehsal edir. “Prada” şirkətlər qrupuna “Church`s”, "Miu Miu”, “Prada Donna”, “Prada Uomo” , “Alaia”, “Azzedine” və “Car Shoe” daxildir. Prada brendi daim öz məhsullarının yüksək keyfiyyəti ilə məşhurdur və nadir şirkətlərdəndir ki, Asiya ölkələrində sexləri fəaliyyət göstərmir. Mərkəzin qərargahı Milan şəhərində yerləşdiyindən məhsullarının dəyəri yüksəkdir.

Коллекция женской обуви Prada весна-лето 2012

“Prada” imperiyasının unikallığı ondadır ki, yeni kolleksiyada fasonların, yaxud da bəzək və materialların vaxtilə populyar olan variantları mövcud deyil. Hər yeni kolleksiya təkrarolunmazdır, əvvəlki modellərin analoqu yoxdur.

Eksklüziv layihələr çərçivəsində memarlar və müasir rəssamlarla əməkdaşlığı şirkətin digər bir özəlliyi adlandırmaq olar. Hansı ki, onlar firma butiklərinin bəzəyi və tərtibi üzərində işləyirlər. İncəsənət və memarlığın bənzərsiz vəhdəti bu brendə moda aləmində ən nüfuzlu olmağa imkan verir.

2006-ci ildə Devid Frenklinin rejissorluğu ilə "Şeytan Prada geyinir” filmi ekranlara çıxır. Filmin əsas qəhrəmanını oynayan Meril Strip bu brendin dəstlərinə üstünlük verir.

Мэрил Стрип в фильме

Elə həmin il şirkət haqqında 706 səhifəlik kitab nəşr olunur. Nəşrin qiyməti 150 dollar təşkil edirdi. Muiçça Prada müsahibələrinin birində kitab haqqında bunları demişdi: “Biz Prada dünyasının çoxsaylı aspekt və bütün nüanslarını oxucular qarşısında tam açmaq istəyirdik. Axı, bu brend butik və şou çərçivəsindən çoxdan çıxıb. Biz həmişə yeni nəsə axtarırıq. Üstəlik, modanın dünyada təbii və qəbulolunanlığı üçün çalışmışıq. Kitabda da bu yol barədə danışmışıq".

2007-ci ilin mayında Prada və LG Electronics yeni sensorlu LG Prada KE850 mobil telefonları ilə alıcılarını sevindirib. Telefonun dizaynı “İlin ən yaxşı dizaynlı telefonu” və bu kimi bir neçə mükafata layiq görülüb. 2011-ci ilin sonunda şirkət yeni Anderoid-smartfon LG Prada P940 telefonlarını satışa buraxıb. Bu telefonun dizaynı da alıcıların diqqətini çəkib.

2011-ci ildə “Prada”-nın köhnə yol çantalarına həsr olunmuş məhdud sayda “Saffiano Righe” yol çantaları kolleksiyası buraxılır. Həmin parlaq aksessuarlar işgüzar qarderob və səyahətlər üçün nəzərdə tutulmuşdu.

2011-ci ilin sonunda Moda evinin gəlirləri ötən illə müqayisədə 75 faiz artırıb. Şirkət öz səhmlərini Honkonq fond birjasında yerləşdirib.

“Prada” 2012 yaz-yay kolleksiyasında üsyankar qadın ayaqqabı modellərini təqdim edib. Modellərin detalları 1940 və 1950-ci illərdə çıxan avtomobil borularını və alovu xatırladırdı. Moda evi həmin ayaqqabılarda sancaqlardan və bantlardan da istifadə etmişdi. Kolleksiya göy, qəhvəyi rəngli, tünd qırmızı, yaşıl, sarı, mavi, qırmızı və qara rənglərdə hazırlanmışdı.

2013-cü ildə “Böyük Qetsbi” filminin kostyumları üzərində işləyən Ketrin Martin “Prada” filmi üçün dəstlərin yaradılmasını “Prada” moda evinə təklif etmişdi. Əməkdaşlıq nəticəsində moda evi 1920-ci illərin üslubunda 40 dəst hazırlamışdı. Prada Muiççinin etiraflna görə, kostyumların yaradılmasında o, Frensis Skottun əsərlərindən və “Prada” arxivlərindən ilham alırdı. Ümumiyətlə, Muiççia öz yaradıcılığında həmişə klassika ilə müasirliyi birləşdirməyə həvəs göstərib. Bu əlaqə "Böyük Qetsbi" filmi üzərində bir qədər uzandı. Filmdə geyimlərin çoxu baş qəhrəman Deyzi Byukenen üçün hazırlanmışdı. Yeri gəlmişkən qedy edək ki, Nyu-Yorkda filmdə istifadə olunan geyimlərin sərgisi də təşkil olunub. Bu sərgi ən az film qədər bpyük maraq doğurub.

Кадр из фильма

Muiçça Prada 2014-ci ildə moda evinin prezidenti postunu tərk edir. Deyilənlərə görə, o, moda dünyasını siyasi karyerasına görə tərk edib. Hazırda Muiççinin yerini 2007-ci ildən onun müavini kimi çalışan Karlo Maççi tutur.

Yeni layihələr üçün yeni kolleksiyalar

2014-ci il Pradanın Parisdəki butiki martın 20-dən 22-dək müştərilərə arzularının ayaqqabısını sifariş verməyi təklif etmişdi. Ayaqqabının rəngini, materialını hündürlüyünü və modelini seçmək müştərinin ixtiyarına verilmişdi. Mağaza bir aydan sonra hazır ayaqqabını onunla eyni rəngdə olan dəbdəbəli qutusunda sifarişçinin evinə göndərmişdi.

Həmin il moda evi öz alıcılarını məhdud sayda buraxılmış “Neiman Marcus for Prada” çanta kolleksiyası ilə sevindirmişdi. Bu çantaların üzərində amerikalı rəssamın pop-art üslubunda çəkdiyi qadın portretləri təsvir olumuşdu.

Ötən il moda evi Amerikalı kinorejissor Ues Andersonun “Otel – Qrand Budapeşt” filminin çəkilişləri üçün hazırladığı yük çantaları ilə yadda qalmışdı. Belə ki, “Prada” moda evi əsas qəhrəmanlar üçün xüsusi baqaj kolleksiyası hazırlamışdı. Həmin kolleksiyadakı hər bir model 1930-cı illərin tələblərinə uyğun olaraq tərtib edilmişdi. Daxili qutu və siyirtmələr yüksək təbəqənin nümayəndələrinə rahat səyahət etmək imkan verirdi. Bu çamadanlar qarderobun bütün əşyaları: kostyumlar, ayaqqabılar, bəzək əşyaları, şlyapaların daşınması üçün çox əlverişli idi.

Bu gün brend öz istehsalını xeyli genişləndirib və yüksək dəbə daxil olub. Hər şey əvəzolunmaz Muiççinin sayəsində edilib. Məhz bu qadın və onun firma üslubu şirkətə yeni imic qazandıra bilib. “Prada” moda evindən geyinən hər qadın incə üsluba malikdir, o, xəyalpərəstdir, zərifdir və minimalizmə üstünlük verir. Hansı ki, o seksuallıqla çox uğurla uzlaşır.

“Prada”nın pərəstişkarları

Prada hər kəs üçün - zərif, seksual, mühafizəkar və əzizdir. Onun bitiklərində arzuladığınız hər şeyi tapa bilərsiniz. Yəqin ona görədir ki, tanınmış simalar və görkəmli şəxsiyyətlər bu moda evindən geyinməyə üstünlük verirlər. İtalyan moda evinin pərəstişkarları arasında Kameron Diaz, Yeva Lonqoriya, Diana Kryuger, Mila Yovoviç, Mişel Uilyams, Keyt Bosuort, Culiya Roberts, Qvinet Peltrou, Yeva Mendes, Salma Hayek, Robert Pattinson, Cessika Bill, Emili Blant, Anna Vintur, Skarlett Yohansson, Kristina Riçi, Eşton Kutçer və.s var. Bu da dahi Prado Muiççinin adına layiq böyük uğurdur.

Коллекция женской обуви Prada весна-лето 2012

2014-ci ildə Oskar mükafatının təqdimetmə mərasimi üçün 13 tanınmış şəxs birdən “Prada” libaslarına üstünlük vermişdi. Onların sırasında "İkinci planda ən yaxşı aktrisa” mükafatını qazanan qaradərili aktrisa Lyupia Nyonqo xüsusi ilə fərqlənirdi. Mavi rəngli paltar onun qara dərisinə inanılmaz dərəcədə yaraşmışdı.

Köşklər və mağazalar

Dünyanın ən iri şəhərlərində “Prada” markası adı altında dəbdəbəli mağazalar fəaliyyət göstərir. Məsələn, ABŞ-da brendin 10 butiki və 2 iri mağazası var. Bir sözlə, bu gün “Prada” adi bir moda evi deyil! Bu, tarixi1913-cü ildə başlanılmış və bu günə qədər davam edən böyük bir imperiyadır!

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm