Qızı xərçəngə yaxalanan aktrisa: “Özümü 50 yaşında hiss edirəm” - FOTOLAR
Bizi izləyin

Layihə

Qızı xərçəngə yaxalanan aktrisa: “Özümü 50 yaşında hiss edirəm” - FOTOLAR

Türkiyəli aktrisa Ceyda Düvənci, yəqin ki, hamınıza tanışdır. Ceyda Düvənci bir vaxtlar bütün ev xanımlarını televizorun önündə saatlarla oturmağa vadar edən, hətta təkrar yayımlananda belə izlənmə rekordları qıran "Min bir gecə" və "Ümidsiz ev qadınları" kimi seriallarda rol alıb.

İki dəfə evlənib boşanan, qızı Melisanın xərçəngə yaxalanmasından sonra çətin günlər keçirən gözəl aktrisa "Elele" jurnalına müsahibə verib.

Rol aldığı "Maral" serialı ilə son günlər diqqət mərkəzində olan cazibədar aktrisanın müsahibəsini Publika.az-ın "Şirin söhbət" layihəsində oxuyacaqsınız.

- Bu aralar nə iş görürsünüz?

- İki ildir ki, çox gərgin şəraitdə işləyirəm. Ona görə də istəklərimi həyata keçirə bilmirəm. Vaxt yoxdu. Dostlarımla vaxt keçirmək, bir az yazmaq, daha çox kitab oxumaq, tamaşa izləmək, özümə vaxt ayırmaq istəyirəm. Ancaq bir müddətdir ki, bunların heç birinə fürsət tapa bilmirəm. Ən çox qızım Melisaya vaxt ayırıram.

- Melisanın müalicəsi davam edirmi?

- Melisanın müalicəsi ömür boyu davam edəcək. Ancaq indi vəziyyəti yaxşıdır. Müalicə öz təsirini göstərir. Hazırda 4 yaş yarımdır, uşaq bağçasına gedir. Bu, məni çox həyəcanlandırır. Bu yay yenə Amerikaya gedəcəyik.

- Müalicə üçün?

- Hə, hər yay müalicə üçün Amerikaya gedirik.

- Hazırda "Maral" adlı serialda rol alırsınız. Çəkilişlər necə gedir?

- Çəkilişlər tamamlanıb. Hətta serialın sezon finalı da yayımlanıb.

- Bu serialdan gələn təklifə niyə "hə" dediniz? Sizi nə cəlb etdi?

- Canlandıracağım obraz çox xoşuma gəldi. Dəniz əslində mənfi obrazdır. Ancaq onun pis olmasının səbəbləri var. Bütün bunlar məni cəlb etdi.

- İlk dəfədir ki, sizi mənfi rolda görürük. Bu, sizin üçün də, tamaşaçı üçün də bir yenilik oldu.

- Heç bir insan dünyaya pislik etmək üçün gəlmir. Hamını buna vadar edən səbəblər olur. Dəniz çox yalnız və gücsüz bir qadındır. Çox zəngin bir adamla evli olsa da, imzaladığı evlilik müqaviləsinə görə, gələcəyini siğortalaya bilməyib. Hər an pulsuz-parasız qala bilər. Bir vaxtlar model olub, ancaq sonra işləri uğurlu alınmayıb. Çox kinli və qısqanc bir qadına çevrilib. Onu heç kim sevmir. Onu anlamırlar, ya da ümumiyyətlə, başa düşmək istəmirlər. Hansı səbəblərdən bu qədər pis bir insana çevrilməsi heç kimi maraqlandırmır. Mən Dəniz obrazını sevirəm, bunun üçün səbəblərim var. Mənfi obrazı canlandırmaq mənə çox maraqlı gəldi.

- Adətən, aktyor və aktrisalar bacarıqlarını sübut etmək üçün fərqli obrazlar oynamağa üstünlük verirlər. Həmişə müsbət obrazı canlandırmaq yəqin ki, sıxıcı olar.

- Tamaşaçılar bizi bir dəfə müsbət obrazda görəndən sonra mənfi rola yaraşdırmırlar. Düşünürlər ki, üzü çox məsumdu, ondan qatil və ya oğru olmaz. Ancaq rejissorlar belə düşünmürlər. Düzü mən özüm də artıq ekrana fərqli bir obrazla qayıtmaq istəyirdim. "Maral" yaxşı fürsət oldu.

- Serialdakı gənc aktyor və aktrisalarla münasibətləriniz necədir?

- Aras Bulud İynəmli də, Hazal Kaya da, digər həmkarlarım da çox möhtəşəmdirlər. Hamısını çox sevirəm. Hamı ilə yola gedirəm, aramızda heç bir problem yoxdur.

- Sizin karyeraya ilk başladığınız vaxtlarda bu sektorda vəziyyət necə idi? Gənc aktyorlar indikilər kimi tez populyarlaşa bilirdilər?

- Yox, çox fərq var. 10 ildir ki, bu sektor məhvə doğru gedib. İnsanlar çox asanlıqla şöhrət qazanırlar. Heç kimin xətrinə dəymək istəmirəm, amma reallıq budur ki, bəziləri aktyor, aktrisa olmağı məhz şöhrət qazanmaq üçün istəyir. Problem sadəcə bunda deyil. Seriallara və ya filmlərə aktyor, aktrisa seçərkən yaraşığa və gözəlliyə daha çox fikir verilir, bacarıq arxa planda qalır. Bir anda şöhrət olan, milyonlarla pərəstişkar qazanan 18 yaşlı gənc özünü itirir. O gəncdən hər şeyi yetkin şəkildə qarşılamasını gözləmək də olmaz. Bu, haqsızlıq olar. Ona görə də, mən gənclərə əsəbiləşə bilmirəm. Bu işə başlayan 50 gəncdən ancaq 10-u özünə karyera qura bilir, qalanları unudulur. Əslində bizim işimiz çox çətindir. İş saatlarımız məlum deyil, ssenarinin uzunluğu və ya qısalığı nəzərə alınmır. Mətbuatda yer alan xəbərlərdə bu sektordan çox böyük gəlir əldə edildiyi deyilsə də, vəziyyət tam fərqlidir. Məni ən çox təəssüfləndirən artıq aktyor və aktrisalara qarşı hörmətin azalmasıdır. Əvvəllər bu peşəyə hörmətlə yanaşılardı. Buna sosial şəbəkələrin səbəb olduğunu düşünürəm. Bizim işimiz çətindir, gecəmiz-gündüzümüz yoxdur. Məsələn, səhər səkkizdə çəkiliş meydançasına gedib, sabahı gün saat 12:00-da evə qayıtdığım günlər olub. Bunu heç kimə başa sala bilməzsən. Çünki insanlar ekranda tam fərqli həyatlar görürlər. Elə bilirlər ki, bir anda məşhurlaşırıq, çoxlu pul qazanırıq və dərdsiz-problemsiz yaşayırıq.

- Xüsusilə "İnstaqram"da məşhurları çox tənqid və təhqir edirlər.

- Təəssüf ki, elədir. Mən onları da anlamağa çalışıram. 20 ildir ki, bu işlə məşğulam, televiziya sayəsində demək olar ki, hər həftə tamaşaçılarla görüşürəm. Məni ailələrinin bir fərdi kimi görənlər var. Bu, məni xoşbəxt edir. Sosial şəbəkələrin olmadığı vaxtlarda məni görəndə saxlayırdılar, söhbət edirdik, gözəl xatirələrimiz olurdu. Ancaq sosial şəbəkələr hər şeyi dəyişdi. Bəzən paylaşdığım şəkilin altına məni çox incidən şərhlər yazırlar. Silsəm, sildiyim üçün tənqid edirlər. Reaksiya verməsəm, yenə tənqid edirlər. Cavab yazanda başlayırlar üzr istəməyə. Mən onları çətin vəziyyətə salmaq istəmirəm. Çox qəribədir, hazırda ən böyük problemlərdən biri sosial şəbəkələrdir. Yaxşı ki, uzun müddətdir məni izləyən, həmişə dəstək olan, hər layihəmi bəyənən insanlar var.

- Sosial şəbəkələr bizi aldadır. Əslində heç nə göründüyü kimi deyil.

- Əlbəttə, heç kimin həyatı kənardan göründüyü kimi deyil. Hətta iddia edə bilərəm ki, insanın nə qədər sərvəti varsa, nə qədər rahat və sakit həyat sürdüyü zənn edilirsə, bir o qədər çox dərdi olur.

- Bir az öncə karyeranızın 20-ci ilində olduğunuzu dediniz. Bu işdən hələ də həzz alırsınız?

- 18 yaşım olanda başlamışam. İlk beş il fərqində deyildim. Şanslıyam ki, onda asanlıqla məşhurlaşmaq olmurdu. 25 yaşım olanda heç tanımadığım insanlardan "biz səndən nümunə götürürük", "uşağım oldu, adını Ceyda qoydum" kimi cümlələr eşitməyə başladım. Şoka düşdüm, fikirləşdim ki, bu necə işdir ki, mən istəmədən başqalarının həyatına daxil oluram. O vaxt başa düşündüm ki, çox diqqətli olmaq və bu işi layiqi ilə yerinə yetirmək lazımdır. 20 ilimi bu peşəyə sərf etmişəm və peşman deyiləm. Çox şey öyrənmişəm, həyatda sahib olduqlarımın çoxunu aktrisalıq sayəsində əldə etmişəm.

- Bu günə kimi sizi daha çox seriallarda görmüşük. Film və tamaşalarda niyə rol almırsınız?

- Teatrı çox sevirəm, əslində tamaşalarda rol alırdım. Ancaq hamiləlik dövründə səhnəyə çıxmağım mümkün olmadı. Çünki televiziyada pul var, teatrda isə yoxdur. Övladımın gələcəyi üçün pul qazanmalı idim. Kinoda rol almamağımın səbəbi isə xoşuma gələn ssenarinin olmamamasıdır. Amma gələcəkdə filmlərdə rol almağı planlaşdırıram.

- Məncə, insanı yaş yox, yaşadıqları böyüdür. Siz özünüzü neçə yaşında hiss edirsiniz?

- Çox böyük hiss edirəm. 38 yaşım var, amma bəzən elə olur ki, 50 yaşım olduğunu düşünürəm. Bəzən də uşaqlaşıram, 13 yaşım olduğunu fərz edirəm. Məncə, bu hamıda baş verir. İnsan həyatda çətinliklərlə üzləşdikdə, yorulduqda, bəzən özünü olduğundan yaşlı hiss edir.

- Çətinliklərin öhdəsindən gəlmək üçün nə edirsiniz?

- Dayanmadan işləyirəm. İşlədikcə unuduram. İşlədikcə həm maddi, həm də mənəvi baxımdan qazanıram. Məni xilas edən özümə olan inamımdır. Elə bilirəm ki, hər şeyin öhdəsindən gələ bilərəm və bunu doğurdan da edirəm.

- Gözlərinizi yumub özünüzü harada təsəvvür etmək sizi sakitləşdirər?

- Dəniz kənarında ailəmin sığacağı böyüklükdə bir evdə olmaq istəyərdim. Səhər dəniz kənarında yeriyərdim. Oxuyardım, yazılar yazardım. Arada 1-2 gün şəhərə gəlib işlərimi həll edib yenə oraya qayıdardım.

- Bir dərvişlə qarşılaşsaydınız, həyatla bağlı hansı sualı verərdiniz?

- Soruşardım ki, "niyə bu qədər çətindir?" Bizə sonunun ölümlə nəticələnəcəyi bir ömür verilir. Ancaq yaşaya bilmirik, sadəcə yaşamaq üçün mübarizə aparmalı oluruq. Daha fərqli ola bilərdi. Axı, biz niyə mübarizə apara-apara yaşayır və sonda ölürük?

- Bildiyim qədərilə, heç vaxt eşqə küsməmisiniz.

- Mənim üçün eşq sadəcə, əks cinsə qarşı hiss edilən bir şey deyil. Hər şeyə aşiq ola bilərsiniz, peşənizə, itinizə, qızınıza, kitabınıza…

- Yaxın dostlarınız sizi ən çox hansı mövzularda tənqid edirlər?

- İnsanlara çox tez inanıram. Heç vaxt ağlıma pis bir şey gətirmirəm. Kimsə pislik edirsə, deyirəm yəqin istəyərək etməyib, mən səhv başa düşmüşəm. Ancaq həyata belə baxmaq insanı yanıldır.

Bir də çox işləyirəm. Özümə istirahət üçün vaxt ayırmıram. Dostlarım həmişə deyirlər ki, "bəsdir, bir nəfəs al".

- Gözəlliyinizi necə qoruyursunuz və ən əsası dəblə maraqlanırsınız?

- Alış-veriş etməyə vaxtım olmur. Ancaq ölkəmizdə kolleskiyalarını bəyəndiyim bir neçə modelyer var. Tuvana Büyükçınar və Qamze Saraçoğlu bəyəndiyim modelyerlərdəndirlər. Berrin Özkanın isə aksessuarlarını xoşlayıram. Baxımlı olduğumu düşünmürəm. Düzdür, üzümü təmizləmədən yatmıram, dəriyə qulluq üçün xüsusi vasitələrdən istifadə edirəm. Ancaq bilirəm ki, bu, kifayət deyil. Məsələn, gözəllik salonlarından təklif edilən xüsusi proseduralara müraciət etməyə vaxtım olmur.

- Çox gənc görünürsünüz. Deməli genetika baxımından şanslısınız.

- Genetikanın da rolu var. Həm də siqaret çəkmirəm, spirtli içki içmirəm. Yuxu rejiminə əməl etməyə çalışıram.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm