Şahzadənin bahalı geyimləri və avtomobilləri Bakıda - FOTOLAR
Bizi izləyin

Layihə

Şahzadənin bahalı geyimləri və avtomobilləri Bakıda - FOTOLAR

Siz hələ də necə şahzadə olmaq haqqında düşünürsünüz? Qreys Kellinin taleyi bizə sübut edir ki, mümkünsüz heç nə yoxdur və ən adi qız knyaz ailəsinə gəlin gələ bilər. Xoşbəxtlikdən müasir dövrdə şahzadələr hələ də qalmaqdadır...

Bu fikirlərin təsiri altında Heydər Əliyev Mərkəzində keçirilən və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan "Qreys Kelli: şahzadə və stil ikonası" sərgisinə yollandım. Sərgi salonuna daxil olanda elə bildim ki, sehrli nağıllar aləminə düşmüşəm. Dəbdəbə, təmtəraq tərəfdarı olmasam da, gözlərimi yumub bir anlıq şahzadə olmağın və belə bir qarderoba sahib olmağın necə möhtəşəm bir duyğu olduğunu hiss elədim. İfadəsi mümkün olmayan hisslərdir... Lakin bu sərgi yalnız Qreys Kellini stil ikonası kimi tanımağa yox, eyni zamanda tarixin müəyyən bir dönəminə səyahət etməyə imkan verən bir sərgidir.

Publika.az bu yazıda oxucuları Qreys Kellinin həyatı, ən əsası isə təkrarolunmaz üslubunu əks etdirən sərgidə eksponatlarla tanış olmağa dəvət edir.

Sərgidə Qreys Kelliyə məxsus libaslar, zinət əşyaları, məktublar, fotoşəkillər və digər maraqlı eksponatlar nümayiş olunur. Ümumilikdə 200-dən artıq eksponat yer alıb. Xüsusi qeyd etmək lazımdır ki, Qreys Kelliyə məxsus avtomobillər bu sərgi çərçivəsində izləyicilərə ilk dəfə məhz Heydər Əliyev Mərkəzində təqdim olunub. Fürsətdən istifadə edib şahzadənin avtomobili ilə şəkil də çəkdirdim. Bu avtomobillərdən biri - 1952-ci il istehsalı olan “Austin Taxi” avtomobilində şahzadə öz övladları ilə gəzməyi çox sevərmiş.

Qeyd edək ki, Qreys Kellinin həyat hekayəsini nəql edən "Qreys Kelli: şahzadə və stil ikonası" adlı sərgi ilk dəfə 2007-ci ildə Monakoda açılıb və onu 135 min tamaşaçı izləyib. Bundan sonra ekspozisiya Paris, Moskva, Roma, San-Paulo, Toronto və s. şəhərlərdə təqdim olunub. Stil ikonasının şəxsi əşyalarından ibarət sərginin Bakıda keçirilməsi isə həqiqətən də çox sevindirici haldır.

Aktrisalıq fəaliyyəti

Qreys Kelli 1929-cu ilin 12 noyabrında Filadelfiyada dünyaya gəlib. O, uşaqlıqdan dəbdəbə və ehtişam əhatəsində böyüyüb. Ona görə də Qreys Kellini adi qız adlandırmaq çətindir. Qreys 17 yaşında müxtəlif müsabiqələrdən keçərək reklamlarda çəkilir, daha çox model kimi fəaliyyət göstərirdi. Lakin müstəqil həyata yenicə can atan Qreysi kinematoqrafiya daha çox cəlb edirdi.

Beləliklə o, gözəlliyi və istedadı sayəsində tez bir zamanda Hollivudun məşhur kino ulduzlarından birinə çevrilməyi bacarır. O, 1951-1956-cı illərdə Qari Kuperlə birlikdə çəkildiyi "Günorta çağı" filmi daxil olmaqla 11 ekran əsərində rol alır. Qreys Kelli tanınmış rejissor Alfred Hiçkokun sevimli aktrisası idi. Gözəl aktrisa rejissorun bir neçə filmində - "Moqambo" (1953-cü il) və "Qətl üçün M-i yığın", "Arxa pəncərə", "Oğrunu tutmalı" (1955-ci il) adlı ekran əsərlərində baş rola çəkilib. İstedadlı aktrisa "Kənd qızı" filmində yaratdığı obraza görə hətta "Oskar" mükafatına da layiq görülüb.

Hollivudun kübar aktrisası məlahətli gözəlliyi ilə kişilərin xüsusi rəğbətini qazanmışdı. Məsələ burasındadır ki, aktrisa özü də tez-tez aşiq olurdu, bəlkə də uşaqlıqda oxuduğu çoxsaylı nağıllar onu öz şahzadəsini axtarmağa sövq edirdi. Bir gün bu nağıllar həqiqətə çevrilir. Qreys axtardığı şahzadəsini tapır, o Monako şahzadəsi ilə evlənir. Ancaq bu hekayətin nağıldan bir fərqi var - Qreysin nağılı xoşbəxt sonluqla bitmir...

Monako knyazı III Renye artıq xeyli vaxt idi ki, özünə layiqli həyat yoldaşı axtarırdı. O, 1955-ci ildə Kann Film Festivalı zamanı nəhayət ki, axtardığı xanımı tapır. Qreysi ilk gördüyü, əlindən sıxdığı an Monako knyazı ona dəlicəsinə aşiq olur, üstəlik, ona uzun-uzun məktublar yazırdı... Yeri gəlmişkən, onların tanışlıqları Qreys Kellinin karyerasının zirvəsinə yüksəldiyi illərə təsadüf edirdi. Lakin Monako knyazı III Renye ilə tanışlıq aktrisanın həyatının axarını tamamilə dəyişdirir. Belə ki, Qreys Kelli bu tanışlıqdan bir il sonra III Renye ilə evlənərək kino karyerasına son qoyur.

Knyazla aktrisa 1956-cı ilin 18 aprelində təmtəraqlı şəkildə evlənirlər. Həm dini nikah mərasimi, həm də vətəndaş nikahının keçirilməsi, o cümlədən toyun bütün hazırlıq prosesi xırda təfərrüatlarına qədər televiziya və mətbuat vasitəsi ilə dünyanın bir çox ölkələrində işıqlandırılmışdı. 1956-cı ildə baş tutmuş əfsanəvi toy mərasimi sayəsində bütün dünya Monako ilə maraqlanırdı, bu isə regionu planetin ən nüfuzlu zonalarından birinə çevirmişdi. Monako bu statusunu bu günəcən qoruyub saxlayır.

Qreys Kellinin gəlinlik paltarı

Qreys Kellinin nikah mərasiminə geyindiyi paltar ən bahalı toy libaslarından biridir. Mənbələrdə gəlinliyin qiyməti müxtəlif cür göstərilir. Deyilənlərə görə, dizaynerlərin işi 60 mindən 300 min arasında başa gəlib. Bu libasın eskizi kostyum üzrə tanınmış rəssam Helen Rouz tərəfindən çəkilib. Fil dişi rəngli yuxarısı krujevalı gəlinliyin ətəyi ipək parçadan idi. Onun hazırlanması üçün 25 metr parça, saysız-hesabsız dəniz mirvarisi istifadə edilib.

Sərgidə gəlinliyin dublikatı nümayiş olunur. Gəlinliyin əsli isə Filadelfiya muzeyində saxlanılır.

Monako şahzadəsi olduğu ilk gündən Qreys xeyriyyəçiliklə məşğul olmağa başlayır. Xəstəxanalar, uşaq bağçaları, qocalar evi açır. Renye ilə evlilikdən aktrisanın Karolina, Alber və Stefaniya adlı övladları dünyaya gəlir. Qreys Kelli milyonlarla qızın arzuladığı bir həyata qovuşur: saray həyatı, saysız-hesabsız libaslar, bərbəzək əşyaları, bal və qonaqlıqlar, beynəlxalq səfərlər və çəkilişlər, par-par parıldayan nəşrlər üzərindəki şəkillər... Ancaq bütün bu gözəlliklərin də xoşagəlməz tərəfləri var idi: ərinin çox mürəkkəb xasiyyəti vardı, kübar öhdəliklər prioritet təşkil edirdi və çox vaxt şəxsi maraqları arxa plana keçirirdi. Getdikcə Qreysin həyatı öz rəngini itirirdi. Ər artıq uzun-uzadı məktublar yazan o aşiq deyildi. Münasibətlərdə soyuqluq yaşanırdı. Renyeni Qreysin problemləri, düşüncələri zərrə qədər maraqlandırmırdı. Əksər kişilər kimi Renyenin də romantik duyğuları evliliyə qədər imiş… Aktrisa təsəllini poeziya gecələrində şer deməkdə tapırdı.

Yuxarıda da dediyimiz kimi aktrisanın xoşbəxt günlərinin ömrü az olur. O, 1982-ci il 13 sentyabr tarixində aktrisa qızı Stefaniya ilə olduğu maşında qəza törədir. Qəzaya Qreysin həmin vaxt keçirdiyi insultun səbəb olduğu bildirilir. Qızı yüngül zədələrlə canını qurtarsa da, aktrisa ölümdən yaxasını qurtara bilmir. Xəstəxanaya düşdüyü günün səhərisi heç bir ümid olmadığından knyaz Renyenin qərarı ilə tənəffüs aparatından ayrılan Kelli ömrünün 52-ci ilində həyatla vidalaşır. Dəfn zamanı hamı - Qreysin yaxınları və onu heç vaxt həyatda görməyən hər kəs ağlayırdı. Hamıdan çox ağlayan isə knyaz Renye idi. Həyat yoldaşının ölümündən sonra knyaz daha evlənmir.

Qreys Kelli stil ikonası kimi

Həm aktrisalıq, həm də Monako şahzadəsi olduğu dövrlərdə Qreys özünəməxsus tərzinə, mükəmməl geyim zövqünə görə diqqəti cəlb edirdi. Monako şahzadəsi Qreys Kelli yaşadığı və dünyasını dəyişəndən bu günə qədər hələ də stil ikonası kimi xatırlanır. Onun əsas gözəllik sirri saray xanımlarına xas olan görkəmi və zərif üslubu idi. Əlbəttə ki, Qreys Kellinin üzərində ən yaxşı stilistlər və vizajistlər işləyirdi. Lakin Qreys Kellinin son dərəcə zərif və çox incə zövqü olduğunu inkar etmək olmaz. Monako knyaginyası ona nəyin yaraşdığını yaxşı bilirdi. Qreys Kellinin istənilən obrazı xırdalıqlarına qədər düşünülürdü. Qreys Kelli knyaz Renye ilə ailə qurandan sonra Amerika gözəlindən Avropanın kübar xanımına çevrildi. O, Parisin böyük moda evlərində tikilən romantik ziyafət libaslarına üstünlük verməyə başladı.

Qreys Kelli ən qaynar rollarını tanınmış dizayner “Chrsitian Dior”un siluet inqilabının çiçəklənmə dövründə yaratdığı paltarlarda oynayıb. 1960-cı ildə Mark Bohan yaradıcı direktor təyin ediləndən Qreys Kelli artıq “Christian Dior”-un sadiq müştərisi idi. 60-70-ci illərdə Kelli əsasən Bohanın dizaynlarından istifadə edirdi. Ümumiyyətlə, konkret dizaynerlərə sədaqət Kellinin zahiri görünüşünün məşhurlaşmasının əsas səbəblərindən biri idi.

Ziyafət libaslarının drapirovkaları Qreysin əsas obrazları idi. 1955-ci ildə Oskar mükafatının təqdimetmə mərasimində geyindiyi soyuq mavi çalarda olan donunun drapirovkaları diqqətçəkici idi.

Gözəllik sirləri

Monoko knyaginyası təbii makiyaja üstünlük verirdi. Məsələn, o, həmişə ideal formada olan qaşlarını vurğulayırdı. Qreys qaşlarına açıq-qəhvəyi rəngdə kölgə çəkirdi, kirpiklərinə isə tünd tuş çəkirdi. Buna baxmayaraq, o, çox təbii və mənalı görünürdü. Knyaginya Monako kimi isti ölkədə dərisini qorumaq üçün başına şlyapa qoyurmuş.

Qreys Kelli ənlikdən çox bacarıqla istifadə edirdi. Almacıqlara açıq, kənarlarına isə tünd rəng çəkərdi. Beləliklə, siması daha təravətli və aydın görünürdü. Qerys Kellinin fotolarına baxanda hamar və qüsursuz dərisi olduğunu, makiyajdan minimum dərəcədə istifadə etdiyinin şahidi olursan. Lakin dodaqları qırmızı ilə vurğulamağı sevirdi. Sarışınlara al qırmızı pomada çox yaraşır. Şahzadə isə bunu yaxşı bilirdi. Ona görə də, dodaqlarda al qırmızı pomadaya üstünlük verirdi.

Qadının əsl yaşını əllərindən bilmək olur. O isə yaşını gizlətmək üçün köməkçisinin sözlərinə görə, özü ilə hər zaman əl kremi gəzdirərdi. Boyun və sinə dərisinin də qeydinə qalmağı unutmurdu.

“Hermes”-dən Kelli çantası

Qreys Kelli stilinin ən yaddaqalan və qüsursuz detallarından biri də “Kelly” çantalarıdır. Hansı ki, “Hermes” markası hələ şahzadə həyatda olarkən ondan ilham alaraq “Kelly” çanta modelini hazırlamışdı. 1956-cı ildə “Hermes”-in timsah dərisindən tikilən çantası tez-tez Kellinin yol yoldaşı olurdu. Daha sonra bu çantalar Kelli adı ilə məşhurlaşmağa başlayır. Onunla bağlı rəvayətlərin birində deyilir ki, knyaginya bu aksessuardan paparazzilərdən hamiləliyini gizlətmək üçün istifadə edirmiş. Qreys varisi dünyaya gətirdikdən sonra “Hermes”in dizaynerləri bu çantaların daha zərif modellərini yaradırlar. Hansı ki, bu günə qədər dünyada bütün modapərəstlərin əlindən düşmək bilmir. “Kelly” çanta modeli hazırda ən çox arzulanan modellərə daxildir. Bu da onu göstərir ki, onun stilindən təkcə qadınlar deyil, bir çox bahalı markalar da bəhrələnir.

Yaylıqlar

Knyaginyanın sevimli aksessuarı yaylıqlar idi. Kelli onları praktik olaraq hər gün və müxtəlif formalarda daşıyırdı. Gah boğazına dolayır, gah başının ətrafına saç lenti kimi düyünləyir, gah da çantasına bağlayırdı. Çünki yaylıqlar onun üçün istənilən obrazı ideal vurğulaya bilən aksessuarlar idi.

Ağ əlcəklər

Ağ əlcəklər Qryes Kellinin vizit kartı idi. Knyaginya gündüz qəbulları üçün qısa modellər, gurultulu və kübar tədbirlər üçün uzun əlcəklər seçirdi. Tanınmış dizayner Tommi Hilfiger deyirdi ki, “Qreys Kelli yeganə Hollivud aktrisasıdır ki, ağ əlcəklər onda təbii və gözəl qalırdı”.

Böyük və dəyirmi sırğalar

Qreys Kellinin bütün aksessuarları böyük və dəyirmi formada idi. Birincisi, bu mirvari ilə uyğunlaşır, ikincisi isə böyük sırğalar səliqə ilə yığılmış saçlara xüsusi gözəllik verirdi.

Cəvahiratlar

Qreys Kelli aktrisa olduğu vaxtlarda təvazökar, lakin yüksək keyfiyyətli zinət əşyalarına üstünlük verirdi. Gündüz geyimləri üçün sadə yaxa sancaqları və mirvarilər, gecə qiyafələri üçün isə bir cüt sadə sırğa ilə kifayətlənirdi. Monako şahzadəsi olduqdan sonra cəvahirat onun görkəmində daha əhəmiyyətli yer tutmağa başladı. Knyaz Renye də həyat yoldaşına çoxlu sayda bahalı zinət əşyaları hədiyyə edirdi. 1956-cı ildə Fransanın “Van Cleef & Arpels” firması Monako Knyaz Evinin rəsmi zərgəri statusu qazandı və beləliklə, şahzadə ilə şirkət arasında ömürlük əlaqənin əsası qoyuldu. “Cartier” də şahzadənin sevimli zərgərlik şirkətlərindən biri olub. Bu brendin istehsal etdiyi zinət əşyaları Qreysin həyatının mühüm anlarını bəzəyirdi. Qreys Kelli sadə üslubda tikilmiş donları, yaxud pencəkləri bir qədər maraqlı göstərə bilmək üçün yaxa sancaqlarından istifadə edirdi. Şahzadə həmçinin axşam qəbullarına təmtəraqlı boyunbağı və tac taxmadan getməzdi.

Mirvarilər isə Qreys Kellini həm həyatda, həm də kinoda bəzəyirdi. Bunun üçün onun filmlərdəki rollarını xatırlamaq kifayətdir.

Aytən Əliməmmədova

FOTOLAR: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm