“Ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı” – “Yeddi oğul istərəm”in Cəlalı GİZLİNLƏRİ açıb-tökdü – MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Magazin1

“Ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı” – “Yeddi oğul istərəm”in Cəlalı GİZLİNLƏRİ açıb-tökdü – MÜSAHİBƏ/FOTOLAR

Müsahibim "Yeddi oğul istərəm" filmində Şəkər bəyin komsomol oğlu Cəlal rolunu oynayan əməkdar artist Ənvər Həsənovdur.

Aktyor milli kinomuzda 50-dən artıq filmdə bir-birindən gözəl rollar yaradıb. Amma yaddaşlarda daha çox Cəlal kimi qalıb. O filmə çəkiləndə aktyorun cəmi 20 yaşı vardı. Avqustda isə 65 illik yubileyini qeyd edəcək. Amma hələ də Ənvər Həsənovu getdiyi yerlərdə onu Cəlal kimi çağıranlar var.

Aktyorun Publika.az-a müsahibəsini təqdim edirik.

- Yaşınız üstə yaş gəlsə də, biz elə sizi həmişə "Yeddi oğul istərəm" filmindəki gənc, yaraşıqlı Cəlal kimi tanıyırıq…

- Yox e, nə danışırsan, çox dəyişmişəm. Heç bunu istəməsəm də, yaş öz sözünü deyib. Xüsusən də xarici görünüşümdə. Avqust ayında 65 yaşım tamam olacaq.

- Ay maşallah! Ənvər müəllim, bu illəri sözün əsl mənasında yaşamısınız, yoxsa yola vermisiniz?

- Sözsüz ki, yola verdiyim illər də olub, dadını çıxardığım illər də. Ağır günlərim də olub, ortabab və gözəl günlərim də.

- Maraqlıdır, ən çox hansı yaşınızı daha çox sevmisiniz?

- 1965-ci ildən 1990-cı ilədək keçən dövrü ömrümün ən gözəl illəri saymışam. Həmin vaxtlarda bir gün də boş keçməyib. Yaradıcılığım qaynar qazan kimi qaynayıb.

- Bildiyimiz qədər, 50-dən artıq filmə çəkilmisiniz. Özü də milli kinomuzun şedevrlərini nəzərdə tuturam. Amma nədənsə, daha çox Cəlal kimi yaddaşlara həkk olunmusunuz. Bunu özünüz də etiraf edirsinizmi?

- Rəhmətlik Ədil İsgəndərovun bir sözü vardı ki, aktyor çox obrazlar yarada bilər. Amma həmin rolların sevilməsinə, gözəl olmasına baxmayaraq, bir rolun möhürünü vuracaq. Mənim də baş rollarım çox olub. Amma hara getmişəmsə, məni Cəlal deyib çağırıblar. Bir də "Uşaqlığın son gecəsi" filmində Murad rolum da çox sevildi. Məni gah Murad çağırırlar, gah da Cəlal.

- Bildiyimizə görə, Cəlalı satdığı üçün rəhmətlik İsmayıl Osmanlını daşqalaq da ediblərmiş. Heç buna görə peşmançılıq hissi keçirirdiniz?

- İsmayıl müəllim çox gözəl insan və aktyor idi. Ölümündən bir-iki il qabaq onunla qrim otağında görüşdük. Ayağa qalxıb məni qucaqladı və kövrəldi ki, ay Ənvər, sən məni öldürdün. Gərək bu yaşımda mən o rolu üzərimə götürüb, xalqın nifrətini qazanmayaydım. Mən onu sakitləşdirdim. Dedim, ay İsmayıl dayı, görün siz bu obrazı necə məharətlə oynamısınız ki, xalq sizə inanıb. Toxtaqlıq verdim ki, bunu ürəyinə salmasın. Amma bu rola görə içində bir sınıqlıq qalmışdı.

- Filmin çəkilişi zamanı maraqlı hadisələr yaşandımı?

- Filmdən sonra hər kəs məni görüb, ölmədiyimə görə sevinirdi. Çəkiliş zamanı bir hadisəni də danışım. Mirpaşanın ölümündən sonra mən gedib Gəray bəyin qapısını döyürəm. Kələntər dayı da orda mənə deyir ha, sənin yavrunu apardılar. Mən də qışqırıram ki, bəsdi, bəsdi, qoca. Bu məqamda mən ona bir sillə çəkib, kadrdan çıxıram. İsmayıl dayı mənə dedi ki, adə, mən bu silləni hiss eləmirəm, möhkəm vur. Mən xəcalət çəkə-çəkə ona möhkəm bir sillə çəkdim. Sillə elə bərk oldu ki, kişinin protez dişi ağzından çıxıb yerə düşdü. Amma mən sonradan bu kadrı filmdən çıxartdırdım.

- Niyə?

- Mən sonradan Şahmar, Həsən, Əbdüllə oturub söhbət eləyəndə dedim ki, ay uşaqlar, noolsun ki mən filmdə Şəkər bəyin oğluyam, axı bizim adət-ənənəmizdə ağsaqqala əl qaldırmaq xoşagəlməyən hərəkətdir. Israrla dedim ki, mən bu kadrın filmə daxil edilməsini istəmirəm. Getdik filmin rejissoru Tofiq Tağızadənin yanına. Tofiq müəllim də məni inandırmağa çalışdı ki, bu, güclü kadrdır və filmin təsir qüvvəsini artıra bilər. İsmayıl Osmanlı da onun yanında idi. Tofiq müəllim əsəbiləşdi ki, ə, görmürsən, o, sənin atınla gəlib, öz tüfənginlə səni güllələyir, hələ bir ona yazığın gəlir? Nə isə, mənim və dostlarımın təkidi ilə həmin kadrın filmdən çıxarılmasına nail oldum.

- Heç çəkiliş zamanı ekstrim vəziyyətlər yaşandı?

- Çox oldu. Cəlalın ölüm səhnəsi çəkiləndə ölümün caynağından güclə qurtardım. Əl-qolumu bağlayıb, məni atın üstünə mindirdilər. Çəkilişlər də Qobustanda, sıldırım qayalıqda aparılırdı. Birdən at qarşısında nə gördüsə, qəfildən hürkərək götürüldü. Mənim də əlim-qolum bağlı, heç nə edə bilmədim. Uçurumun 20 metrliyində kimsə atın boynunu qucaqlayıb saxladı. Baxdım ki, kinostudiyanın işıqçısı Arifdir. Tofiq Tağızadə necə qorxmuşdusa, bir də o kadrı çəkmədi. Amma mən çox təkid etdim ki, çəkilsin. O kadrı da filmə salmadılar. Filmə daxil edilən həyətə girdiyim yerdə çəkildiyim kadrdır.

Ümumiyyətlə, filmin çəkilişləri zamanı bir neçə ekstrim vəziyyətin şahidi olduq. Qəbiristanlıqda atışma səhnəsində qəlpə bir nəfərin gözünü zədələdi.

- Bu gün yeddi oğulun çoxu dünyasını dəyişib. Onların yoxluğu ilə barışa bilirsinizmi?

- Yeddi oğuldan üçümüz qalmışıq, sıramız getdikcə seyrəlir. Bu gün də otağımda yeddi oğulun fotosunu saxlayıram. Hər dəfə onları görəndə gözlərim dolur.

- Ənvər müəllim, nədənsə, bir çox həmkarlarınız son vaxtlar bu sənəti seçdiklərinə görə peşman olduqlarını deyirlər. Sizdə belə hallar yaşanır?

- Son iki-üç ildə məndə belə peşmanlıqlar olub.

- Niyə?

- SSRİ vaxtı mən raykom, Bakı Mərkəzi Komitəsinin üzvü idim, vəzifədə qalıb yüksəlmək fürsətlərim vardı. Məni orqanlara işləməyə dəvət edirdilər, amma mən kinonu seçdim. İndi baxıb görürəm ki, bəlkə də, düzgün eləməmişəm.

- İndi filmlərə çəkilmirsiniz?

- İndi oturaq işlə məşğulam və bu da məni yorur. Kino yayım şöbəsinin müdiriyəm - bu da oturaq işdir. Evdə otur, işdə otur, maşında otur - formamı da itirmişəm.

- Arzuladığınız, amma ürəyinizdə qalan rollarınız olub?

- Yox. Şükür Allaha ki, Həsən Seyidbəyli, Arif Babayev, Tofiq Tağızadə kimi böyük rejissorların filmlərində oynamışam.

- Bəs öz taleyinizi oynadığınız rol olub?

- Bəli. "Uşaqlığın son gecəsi" filmində oynadığım Murad. Allah rəhmət eləsin, məni ilk dəfə filmə çəkən rejissor Arif Babayev olub. Mən Ədil İsgəndərovun tələbəsi idim və onun köməkliyi ilə Arif Babayevin bir filmində rejissor köməkçisi işlədim. O vaxtdan aramızda olan yaş fərqinə baxmayaraq, dostlaşdıq. Sonra da mənə Murad rolunu verdi. Əslində o, mənim həyatdakı prototipimi Murad rolu ilə yaratmışdı.

- Həyatda da Murad kimi çılğın idiniz?

- Mən elə indi də eləyəm.

- Cəlala qayıtmaq istəyirəm. Mənə çox maraqlıdır, həyatda da Cəlal kimi, sevdiyiniz qıza görə ölümə gedərdinizmi?

- Gedərdim.

- Qızı sizə vermirdilər?

- Hər halda çox mübarizəli həyat yolum olub. Amma o, mənə görə ölümə qurban getdi. Yeddi il bundan qabaq avtomobil qəzası keçirdim, mən yaralandım, o həlak oldu.

- Aktrisa idi?

- Yox, İncəsənət Muzeyində elmi işçi idi. Amma aktyor kursunu da bitirmişdi. Tale elə gətirdi ki, biz nişanlı olanda o da mənimlə "Dərviş Parisi partladır" filmində çəkildi. Mənim nişanlım olanda Şərəfnisə rolunu ona tapşırmışdılar. Sonra Həsənağa Turabovla Əbdül Mahmudbəylinin təkidindən sonra "Atları yəhərləyin" filmində xanımıma Həcəri oynamağa da icazə verdim. Mən də o filmdə oynayırdım. Bu gün həyat yoldaşımın yoxluğu mənə çox əziyyət verir.

Cəvahir Səlimqızı

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm