Səhvlərindən danışan İlqarə: “Hadisə bitsə də, olanlar beynimdədir...”
Bizi izləyin

Magazin1

Səhvlərindən danışan İlqarə: “Hadisə bitsə də, olanlar beynimdədir...”

Müğənni İlqarə Kazımova yerli şou-biznesimizin gənc müğənnilərindən olsa da, o, bu yaşına qədər kifayət qədər təcrübə keçib. Hər kəs onu xalq artisti, superulduz Aygün Kazımovanın şıltaq ulduz balası kimi görsə də, o, adi insanlar kimi yaşayır və adi insanların etdiyi səhvlərdən edir. Ən əsası isə İlqarə başına gələnlərdən özünə dərs götürməyi bacarır.

Publika.az-a müsahibə verən İlqarə Kazımova qadın-kişi münasibətindən, sevgidən və etdiyi səhvlərdən danışıb.

- Yay istirahətinizi harada keçirmək istərdiniz?

- Balidə keçirmək istərdim.

- Bəs, kiminlə? Bu tətili keçirmək istədiyiniz biri varmı?

- Yaxın dostumla...

- Kifayət qədər baxımlı və cazibədar xanımsınız. Niyə dostunuzla? Sevdiyiniz şəxs yoxdur?

- Yox, sevgilim yoxdur.

- İlqarə Kazımovanın qəlbini necə bir insan ovlaya bilər?

- O, qəhrəman olmalıdır. Kişilər çoxdur. Amma qadının ürəyini ovlayıb, özünü sevdirməyi bacaran kişilər azdır. Çalışmaq lazımdır. Mən hələ belə bir kişiyə rast gəlməmişəm. Kişi qadını əldə etməyi bacarmalıdır. Hər kəs individualdır. Mənim üçün gözəllik və cazibədarlıq ön planda deyil. Gözəl xanımlar çoxdur. Amma çoxu ilə söhbət edərkən, düşünürsən ki, kaş özü gözəl olmazdı, xasiyyəti gözəl olardı. İstənilən gözəl qadın yaşlandıqca gözəlliyi də itir. İnsana qalan onun xasiyyətidir. İndiki kişilər də fərqlidir. Əgər bir xanımla münasibəti alınmırsa, dərhal qollarını çirməyib yenidən axtarışa başlayırlar. Şəxsən mən belə kişiləri sevmirəm. Həyatda nə istədiyini bilməyən kişilərə ciddi baxmıram. Əgər təkəmsə, demək ki, mənim qarşıma belə bir kişi çıxmayıb.

- Tək olmağınızda özünüzü günahkar görmürsünüz?

- Kişi güclü olmalıdır. Qarşımda ağlayan kişi də görmüşəm. Belə vəziyyətdə anlamıram, kişi odur, yoxsa mən? Rollarımız dəyişir. Kişi qadından güclü olmalıdır. Ağlamaq ən son həddir. Sevgini bu cür bildirmək düzgün deyil. Kişi sevgisini başqa əməllərilə sübut etməlidir.

- Sevgililər günündə sizə təqdim olunan bir dəstə gülün şəklini sosial şəbəkədə paylaşdınız. Bunu necə anlayaq?

- Simpatiyası olan biri yollamışdı. Mənə çox xoş oldu. Ona görə də həmin şəkli paylaşdım.

- İlin əvvəlində "Yenə yenə" adlı klipinizi təqdim etdiniz. Təqdimatda var gücünüzlə şou biznesə girəcəyinizi bildirdiniz. Sanki geri çəkilmisiniz...

- Geri çəkilməmişəm. Kənara çəkilib yeni mahnılar yazdırmışam. Musiqi ilə məşğulam. Yaxın aylarda dinləyicilər yeni mahnılarımı eşidəcəklər. Həm də Avropa Oyunları keçirildi. Hər kəsin başı bu oyunlara qarışmışdı. Başqa bir tərəfdən, yayda yeni mahnı çıxartmaq reklam baxımından düzgün deyil. Əksəriyyət istirahətdədir. Radio və televiziyaya çox az adam baxır. Mənim fəaliyyət üçün uğurlu dövrüm payız aylarıdır.

- Nə vaxt albom çıxardacaqsınız?

- Albomu bir mahnı ilə də çıxartmaq olar. Amma mən keyfiyyətli mahnılar ifa etmək istəyirəm. Keyfiyyətsiz mahnılardan ibarət albomumun olmasını istəmirəm. O qədər müğənnilər var ki, çoxlu albomları var. Amma içində olan mahnılardan hələ heç kəsin xəbəri yoxdur.

- İlqarə Kazımovanı gənc müğənni kimi bu gün qane etməyən nədir?

- Çox şey. Amma onlardan danışmaq istəmirəm. Bəyəndiklərimdən danışmaq istəyirəm. Çingiz Mustafayevi çox bəyənirəm. Onun "Palmas" qrupu ilə çıxışlarını izləmişəm. Bax, o mənim çox xoşuma gəldi. Azad Şabanovu və Fərid Əsgərovu da bəyənirəm. Bəzən gənc müğənnilərimiz özlərini çox göylə aparırlar. Siz kimsiniz axı? Bəlkə Aygün Kazımovasınız, Faiq Ağayevsiniz, xəbərimiz yoxdur? Bu çox gülüncdür.Bəzi dırnaqarası kişi müğənnilərimiz tonal kremdən istifadə etmək əvəzinə sənətlə məşğul olsunlar.

- Tək yaşamaq istəmisiniz?

- (Fikirləşir) Tək yaşamaq yox, amma hərdən tək qalmaq istəyirəm...

- Tək qalanda nə haqda düşünürsünüz?

- Həyatın gözəl olması haqda fikirləşirəm. Hamı kimi mənim də həyatda səhvlərim olub. Həmin səhvlərim haqda fikirləşirəm. İnternetdə xəbərlərə baxıram. Bundan başqa yemək bişirməyi də çox sevirəm. Tək qalanda adətən, bu işlərlə məşğul oluram.

- Səhvləriniz haqqında düşünürsünüzsə, deməli onlardan nəticə çıxardırsınız...

- Çalışıram ki, səhvlərimi təkrarlamayım. Bilirsiniz, mən birinci dəfədir bu həyatı yaşayıram. İkinci dəfə yaşasaydım, yəqin ki, səhvsiz yaşayardım.

- Sirr deyilsə, həyatınızın ən böyük səhvi nə olub?

- Bəlkə də nə vaxtsa həmin səhvdən danışacam. Amma hələ ki, məqamı deyil. Həmin səhv mənim gözlərimi açıb. Anlamışam ki, həyatım o səhvsiz daha gözəl olardı. Öz ağılsızlığımdan bir neçə ilimi itirdim. Həyatımın ən ağır zərbələrini aldım. İndiyədək də özümə gəlməmişəm. Hadisə bitsə də, olanlar beynimin içindədir. Onları çıxartmağa çalışıram.

- İnsanlar iki qismə bölünür. Qisas alanlar və bağışlayanlar...

- (Sözümü kəsərək) Mən meditasiya edirəm. Təxminən gündə 40 dəqiqə. İnsan özünü inkişaf etdirməlidir. Sualınıza gəldikdə isə, ürəyim çox yumşaqdır. Bağışlayıb keçirəm. Həyat bumeranqdır. Mən qisas aldım, ya yox, onsuz da həyat onun cavabını verəcək. Mən inanıram ki, kim birinin xətrinə dəyib, amma cavabını almayıbsa, deməli, bu əməlinin qarşılığını mütləq başqasından görəcək. Bu, gec də ola bilər, tez də. Amma özü başına gələnlərin hansı səbəbdən olduğunu mütləq biləcək.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm