Faytonçu Nazim: “Xanımıma zəng etmişdilər ki, ərin Moskvada...” - MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Magazin1

Faytonçu Nazim: “Xanımıma zəng etmişdilər ki, ərin Moskvada...” - MÜSAHİBƏ/FOTOLAR

Repertuarı kimi, geyim və stili ilə də həmkarları arasında fərqlənir. Dediyinə görə, şıq geyinməyi atasından öyrənib. Geyinib-kecinməyi çox sevdiyindən son qəpiyini də qarderobuna xərcləyir. Elə buna görə də, adını “şopoqolik” qoyub.

Publika.az-a müsahibə verən müğənni Nazimlə hər şeydən danışdıq: qarderobundan, ailəsindən, uşaqlarından.

Onu da deyim ki, Nazim yeganə şou-biznes nümayndələrindəndir ki, çox dəqiqdir. Elə bizimlə görüşə də vaxtından 20 dəqiqə qabaq gəlmişdi.

- Keçən dəfə sizi xalq artisti Amaliya Pənahovanın yubiley gecəsində gördüm. Deyəsən, teatra marağınız böyükdür?

- Amaliya xanım məni o tədbirə özü dəvət etmişdi. Hətta rəsmi hissədən sonrakı ziyafətə də qalmışdım.

- Teatra tez-tez gedirsiniz?

- Desəm ki, tez-tez gedirəm, yalan olar. Vaxtım olanda Rus Dram Teatrına və Milli Dram Teatrına gedirəm.

- Bəyənirsinizmi tamaşaları?

- Yaxşı tamaşalar var, amma aktyorlarda əvvəlki əhvali-ruhiyyəni görə bilmirəm.

- Bir müğənni kimi efirlərə baxanda sizi ən çox nə əsəbiləşdirir?

- Şou-biznesin yazılmayan qanunları da var. Tamaşaçı hər şeylə maraqlanmalıdır. Bəzən sənətə yeni gələn həmkarlarım ağızdolusu sənətdən danışıb, özlərini tərif edirlər, bu, məni qıcıqlandırır. Təcrübəsi olmayan, iki-üç ildir sənətdə olan adam elə danışır ki, sanki o, bizdən yox, biz ondan öyrənməliyik.

- Xalq artisti İlhamə Quliyeva bu günlərdə Publika.az-a müsahibəsində sizi tərifləmişdi. Demişdi ki, üç müğənniyə mahnılarımı oxumağa icazə vermişəm, onlardan biri Nazimdir. Primadonnanın rəğbətini nəylə qazanmısınız?

- Əslində bu, diqqətdir, ikincisi hörmətdir. Mən yalnız İlhamə xanımın deyil, Nisə Qasımova və Flora Kərimovanın da repertuarına müraciət etmişəm. Onlar illər boyu bu mahnıları oxuyub, möhürünü vurublar. Təbii ki, mən də diqqət və hörmət əlaməti olaraq onlara zəng edib, xeyir-dualarını almışam. Fikrət Əmirovun “Mən səni araram” mahnısını oxuyanda da İlhamə xanıma müraciət etdim. Bu mahnının ilk ifaçısı odursa, mən onunla hesablaşmalıyam və onu diqqətdən kənarda qoymaq olmaz. Elə mənim də mahnımı kimsə mənə demədən oxusa, içimdə incikliyim olar. Deyərəm ki, məni saymadı.

- Bəzən hansısa müğənni verilişlərdə nə danışdığının fərqinə varmır, qalmaqal yaranır və sonradan aparıcını, ya da jurnalistləri qınayırlar. Bu mənada, siz özünüzə nəzarət edirsinizmi?

- Mütləq. İndi yaşımın elə bir dövrüdür ki, səhv buraxmamalıyam. Ən azı mənə görə övladlarım, ailəm, anam, nəslimdə olan insanlar utanmasınlar deyə danışdıqlarımın fərqində oluram. Sözü ağzımda bişirib, sonra çıxarıram. İstəmirəm mənə görə yaxınlarım xəcalət çəksin.

- Ananız heç nə vaxtsa hansısa hərəkətinizə görə sizə irad tutub?

- Olub. Hətta danlayıb da. Bir müxbirin sualına sərt cavab vermişəm, o da mənə irad tutub ki, belə sərt danışmaq olmaz.

- Təbii ki, insanıq və müəyyən mənfi xüsusiyyətlərimiz də var. Maraqlıdır, Nazim hansı pis xasiyyətləri ilə üzülüşmək istərdi?

- Artıq hövsələsizliklə, çılğınlıqla üzülüşmüşəm. Zamanında mahiyyətinə varmadan hər sözdən qıcıqlanıb, sərt cavab verirdim.

Sonra da peşmançılıq çəkirdim. Elə həmkarım Nadir çılğın olduğu üçün çox vaxt qalmaqala tuş gəlir. Amma buna illərim gedib. İndi kimsə sual verəndə dərhal cavab vermirəm.

- Bəs ən çox bəyəndiyiniz xüsusiyyətiniz?

- Dəqiqəm və getdiyim yerə heç vaxt gecikmirəm.

- Təbii ki, indiyə qədər haqqınızda şayiələr də yayılıb. İndiyə qədər sizi ən çox təəccübləndirən, belə desək, şoka salan şayiə hansı olub?

- Evliliyimin 15 illiyini keçirirdim. Bu xoş tədbirin ssenarisi də yazılmışdı. Simvolik olaraq mən xanımımla nikah kəsdirib, nişan üzüklərimizi dəyişdirdik. Bu tədbir maqazin verilişlərində yayımlandı. Hər yerdə yazdılar ki, Nazim ikinci dəfə evləndi…Hər kəs təəccüblənərək mənə zəng etdi. Hətta qonşum qapını döyüb məni kənara çəkdi ki, bu nə məsələdir, ikinci dəfə gəlin gətirmisən? Onu evə çağırdım, yoldaşımı göstərdim. Arvad yazığın heyrətdən əli üzündə qaldı.

- Bəs sizi əsəbiləşdirən şayiə olub?

- Yadıma gəlmir. Amma Moskvada “Gözləyəcəyəm” klipini çəkdirəndə belə bir hadisə olmuşdu. O klipə çəkilən İranə Talışxanova orda jurnalistlərə müsahibə verəndə belə bir ifadə işlətmişdi ki, Nazim Moskvada bizə kef verib. Bu sözü mediada yozdular, sonradan evimə zənglər olub, yoldaşıma zəng ediblər ki, sən oturmusan burda, Nazim Moskvada qadınlara kef verir. Bu söhbət məni çox əsəbiləşdirdi.

- Ümumiyyətlə, xanımınız belə hallarda özünü necə aparır?

- Əvvəllər qısqanclıqlar olurdu. Sonradan anam, bacılarım, özüm oturub həyat yoldaşımla danışdıq və ona başa saldılar ki, bu adamın sənəti budur. Ona dedilər ki, zənglər də ola bilər, məktublar da yazıla bilər. Sən kimə ərə getdiyini qabaqcadan bilirdin axı. İndi sosial şəbəkələr var, fotolarımın altından şərhlər də yazıla bilər. Amma xanımım artıq alışıb belə şeylərə. Alışıb və barışıb. Onu da deyim ki, bu il evlənməyimizin 25 ili olacaq. Gümüş toyumuz olacaq. O qadın mənim birinci və sonuncu həyat yoldaşımdır.

- O qadında elə bir xüsusiyyət varmı ki, bu günə qədər sizi valeh edir?

- Çox müdrik qadındır. Xanımım müdrik olmasaydı, çoxdan boşanmışdıq. Müğənninin həyat yoldaşı olmaq çox çətindir.

- Yola verib sizi?

- Həmişə. Kaprizlərimə dözüb və həmişə mənə səbirlə yanaşıb. Bəlkə də, yoldaşıma sağlığında heykəl qoymalıyam.

- Çox mədəni insansınız. Maraqlıdır, evdə, ailədə necəsiniz? Adamın inanmağı gəlmir ki, evdə yumruğunuzu masaya vurub, sözünüzü yeridəsiniz…

- Yox, yumruq mütləq olmalıdır. Yumruqsuz mümkün deyil. Bizim də ailəmiz əsl azərbaycanlı ailəsi qanunları üzərində qurulub. Evdə son sözü mən deyirəm. Hətta yanlış olsa da belə. Sonradan deyirəm ki, bu, yanlış idi, niyə mənə bunu demirdiniz? Deyiblər ki, evin kişisi sənsən, biz nə deyə bilərdik ki?

- Xanımınıza, qızınıza qadağalarınız olur?

- Mütləq. Qızımın artıq 23 yaşı var, oğlum isə Londonda təhsil alır. Artıq müstəqil vətəndaşdırlar, amma müəyyən addımlar atanda mənimlə məsləhətləşirlər. Hər ikisinə qadağalarım olub. Hətta müəyyən vaxta qədər qızıma mobil telefon işlətməyə icazə verməmişəm. Demişəm hər şeyin vaxtı var. Hazırda telefonu da var, həm də sosial şəbəkə istifadəçisidir. “Ora olmaz, bura olmaz”- belə qadağalarım zamanında çox olub.

- Ailə quranda seçimlərinə qarışacaqsınız?

- Yox. Təbii ki, mən də atayam, istəmərəm və qoymaram ki, qızım hər hansı tüfeyliyə ərə getsin. Amma seçiminə hörmətlə yanaşaram. Ola bilsin kasıb oğlanı seçsin, amma mərd olsun.

- Adətən, evin tək oğlunu qohum qızlarla evləndirmək istəyirlər…

- Yoldaşım bir neçə qız təklif edib, amma oğlum deyib ki, hələ evlənmək fikrində deyiləm. Hətta deyib ki, o qızların şəkillərini mənə göstərməyin, məni fikirlərimdən yayındıra bilərlər. Çünki o hələ təhsilini bitirəndən sonra, işləmək, xaricdə yaşamaq istəyir.

- Birdən əcnəbi qızla evlənmək istədi?

- Evlənsin də. Sadəcə olaraq, ona başa salaram ki, qız İslam dinini qəbul etsin.

- Geyim zövqünüz də fərqli və qeyri-adidir...

- Mənim qarderobumda klassik geyimlər-frenclər, şlyapalar çoxluq təşkil edir. Mən sovet dönəmində formalaşmışam. O vaxt bizim üzdə olan kişilər şlyapa qoyardılar. Hətta mən həmişə ulu öndərimizin qoyduğu şlyapalara baxırdım və deyirdim ki, mən də böyüyəndə belə şlyapalar qoyacağam. Atam da həmişə şlyapalar qoyardı. Eleqant, səliqəli, şıq geyinməyi atamdan öyrənmişəm. Əslində, mən çoxlarının geyinmədiyi bir üslubda geyindiyim üçün fərqlənirəm.

- Qarderobda ən çox nəyə üstünlük verirsiniz?

- Köynəkləri çox xoşlayıram. Məsələn, mən həmişə klaçtla gəzirəm. Eynəkləri də xoşlayıram. Özü də brend olması mütləqdir.

- Ətir sevənsiniz?

- Həddən artıq. Avtomobilimdə çoxlu ətirlərim var. Mütləq özümlə iki-üç ətir gəzdirirəm.

- Qarderoba çox pul xərcləyirsiniz?

- Mən “şopoqolik”əm. Məni dükana buraxsan, orda axırıncı pulumu xərcləyib, çıxacağam.

- Qəşəng təsbehiniz də var…

- Mənim bahalı daş-qaşlardan - mərcan, firuzə, kəhrəbadan təsbehlərim var.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm