• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Həyatını nağıla bənzədən Tünzalə Ağayeva: “Mən hər zaman bu yolun yolçusu olmuşam” MÜSAHİBƏ/FOTOLAR

  • Magazin1
  • 17 İyul 2015 12:30
  • 1 375 Baxış
Həyatını nağıla bənzədən Tünzalə Ağayeva: “Mən hər zaman bu yolun yolçusu olmuşam” MÜSAHİBƏ/FOTOLAR

Çoxumuzun sevimlisi Tünzalə Ağayeva bir gün ayılıb ki, hamı onu sevir, tanıyan da, tanımayan da. Çünki o özü də sevir. O da sənətini sevir, sayır. Özünə də, sənətinə də, elə dinləyicisinə də dəyər verir.

Publika.az-ın bu dəfəki müsafiri özünün yerini, sözünün çəkisi bilən əməkdar artist Tünzalə Ağayevadır:

- Tünzalə xanım, Avropa Oyunlarının bağlanış mərasimində solo ifa edən yeganə müğənni oldunuz. Bu ifaçı kimi uğurunuzdur. Təəssüratlarınız necədir?

- Əlbəttə ki, xoşbəxtəm. Seçilmiş olmaq bir şərəfdir. Bunun məsuliyyətini və ağırlığını hiss edirəm. Bu yükü daşımaq da xoşbəxtlikdir. İnanıram ki, bu oyunlardan sonra bir çox sahələrdə hiss olunacaq ciddi dəyişikliklər baş verəcək. İdman tədbirindən istifadə edib ciddi təbliğat aparıldı. Təkcə mən Avropa Oyunları çərçivəsində iki böyük layihə təqdim etdim. Bunlardan biri "Bakımın üzü gülür" adlı kompozisiyam idi. Bu mahnının ingilis dilli versiyasını Kelli Coysla birlikdə ifa etdim. Qeyd edim ki, o, bu layihədə təmənnasız iştirak etdi. İkinci layihəm isə Heydər Əliyev Mərkəzində baş tutan "Xoş gəldin" adlı iki günlük konsertim idi. Xoşbəxtəm ki, bir sənət insanı kimi beynəlxalq yarışa öz töhfəmi verdim. Musiqinin çağırış qüvvəsi var. Bundan maksimum istifadə etməyə çalışdım. Ümidvaram ki, bu mahnı ilə mən kimləri isə idmana səsləyə bilmişəm. Kimlərisə Azərbaycanımı, Bakımı daha çox sevməyə çağırdım.

- Qorxmurdunuz ki, mahnı uğursuz da ola bilər?

- Bu asan iş deyil. Təbii ki, mahnı uğursuz da ola bilərdi. Mən burada bütün tamaşaçılara minnətdarlığımı bildirirəm. Onlar həssaslıq göstərib səmimiyyətimizə inandılar. Görülən işlərin məhz Azərbaycanın uğuru üçün lazım olduğuna inanmaları çox vacib idi. Mənim öz boynuma götürdüyüm iş isə çətin olduğu qədər asan idi də. Çünki mən öz vətənimdə, öz tamaşaçılarımın içindəydim. Həyəcanı hər kəs keçirir. Amma rejim və qrafik mənasında bu çox çətin idi. Artıq bir neçə layihələrim və səfərlərim ikinci plana düşdü və biz onları təxirə salmalı olduq. Bəzilərində isə gedib, orada təbliğat aparırdım. Belə deyim, bu artıq mənim həyat tərzimdir. Oyunlarda necə təbliğat aparacağam deyə, çətinliyim yox idi. Çünki onsuz da həyatımı belə yaşayıram.

- Bütün yorğunluq geridə qaldı. Artıq istirahətə də vaxtınız var. Yay istirahətini necə keçirməyi düşünürdünüz?

- Bu sizə elə gəlir (gülür). Mən işləməyi sevirəm və mütləq də özümə iş tapıram. Studiyada görəcəyim işlər çoxdur. Əslində Avropa Oyunlarının yekunlaşmasını gözləyirdim ki, studiya işlərimə start verim.

- Belə çıxır ki, istirahət etməyəcəksiniz?

- Ona da vaxt ayıracam. Ailəm ilə birlikdə istirahət edəcəm. Gedəcəyim yeri açıqlamaq niyyətində deyiləm. Yalnız onu deyə bilərəm ki, dəniz kənarında bir yer olacaq. Anam və qızımla təxminən 2 həftəyə yaxın istirahət etməyi planlaşdırıram.

- Nə kimi yeniliklər olacaq ?

- İstirahətdən qayıdıb bir neçə sinql üzərində çalışmalarımı yekunlaşdıracam. Əslində hazırdırlar. Sadəcə, təqdim etmək qalıb. Onu da payızda onları etməyi düşünürəm.

- Bəs, bu yay sevənləriniz üçün heç nə planlaşdırmırsınız?

- Avqustun sonu, sentyabr ayının əvvəlində yeni mahnımı təqdim edəcəyəm. Hazırda onun üzərində iş gedir. Sevənlərim mahnını dinləyib rəqs edəcəklər. Tamam başqa janrda olan bir ifadır. Çox məşhur bir janrda - Regi üslubunda mahnı ifa edəcəyəm. Özəl oxuma tərzimin regi üstündə ahəngini təqdim edəcəyəm. Bəstəsi mənə aiddir. Sözləri haqda çox danışmaq istəmirəm. Çox maraqlı tarixçəsi var.

- Tünzalə xanım, efiri və orada baş verənləri izləməmiş olmazsınız. Buna münasibətiniz necədir?

- 15 ildir ki, tamaşaçı məni tanıyır. Bilirsiniz ki, bu illər ərzində belə şeylərdə adım hallanmayıb. Mənim üçün PR maqazin verilişində gündəmdə olmaq demək deyil. Maqazin xəbərlərində ola bilərəm. Hara getdiyim, nə geyindiyim, nə yediyim, harada yaşadığım, necə yaşadığım insanlara maraqlıdır. Bundan kənarda, qalmaqal, neqativ mövzulara heç vaxt girməmişəm. Belə şeylərə də çox pis baxıram. Sənət adamı nümunə və örnəkdir. Müğənni özünü dəyərləndirməli və özünə hörmət etməlidir. Amma bunu mən deməklə olmur. Bu bütün dünyada da baş verir. Yəqin ki, bu hallar baş verməlidir. Bəlkə də... Hər insan səsinə, sənətinə görə PR edə bilmir. Düzdür, qalmaqal PR-ın ömrü az olur. Dəhşət orasıdır ki, bir dəfə bunu etməklə medianı buna öyrədirsən. Sənin də gündəmin az olur. Nə qədər provokasiyaya çəksələr də, özünü saxlamalısan. Mən media nümayəndələrinə səslənirəm ki, bir qrup jurnalistlərə qalmaqal lazımdır. Bəlkə də onların məqalələri daha çox oxunur. Çox istərdim ki, özümüzə, dilimizə, dəyərlərimizə hörmət edək. Qalmaqala meylli olan jurnalistlərə isə məsləhət görərdim ki, belə işlərdə həssas olaq. Hər gələni yazmaq olmaz. Təqdimat düzgün olmalıdır. Faktı vermək olar. Amma savadlı şəkildə. Bəzən deyirlər ki, savadlı şəkildə görülən işlə qabağa getmək mümkün deyil. Mən bu fikirlə razı deyiləm. Mən bunu öz timsalımda sübut etdim. Mən bütün işlərimdə sübut edirəm ki, Azərbaycan qadını heç bir şeyini pozmadan ismətli, şərəflə səhnədə ola bilir. Düşündürən, aktual musiqini yazıb-oxuya bilir. Qalmaqala əl atmadan. Mən hər zaman bu yolun yolçusu olmuşam. Yolumu da axıra qədər davam etdirəcəyəm. Düzdür, bu çətin yoldur. Bəlkə də daha az pul qazanırsan. Bəlkə də başqaları qalmaqal yaradıb xəbərini daha çox yaya biləcək. Eybi yox... Mənim elə şeylərdə gözüm yoxdur. Mən gecə rahat yatmaq, insanların gözünün içinə rahat baxmaq istəyirəm.

- Hardasa, 10 il əvvəl ağlınıza gələrdi ki, siz nə vaxtsa məşhur şəxs olacaqsınız?

- Yox (gülür). Mənim heç müğənni olacağım da ağlıma gəlmirdi. Qismət məni bura gətirdi. Savadlı musiqinin aşiqi olmuşam. Simfonik musiqinin xəyallarında idim. Amma qismət məni pop musiqiyə gətirdi. "Sevdi can səni" mahnım sosial şəbəkələrin aktual olmadığı bir ərəfədə rayonlarda, kəndlərdə dinlənilib, sevilirdi. Mən o vaxt ictimai nəqliyyatdan istifadə edirdim. Heç kəs məni üzdən tanımırdı. Yanımda mənim haqqımda danışırdılar. Təsəvvürləri belə olmurdu ki, mən yanlarında əyləşmişəm. Dəfələrlə belə hallar olub. Belə günlər çox yaşamışam. Bu məni çox qürurlandırır. Həyatım bir nağıla bənzədi. Mən də hazırda onun meyvələrini dadıram. Elə yaşa ki, şöhrət sənin arxanca qaçsın, sən şöhrətin arxasınca qaçma. Mən bir gün ayıldım ki, hamı məndən danışır. Həmin gündəm elə yaşayıram. İddialı da deyildim. Məşhur olmaq üçün heç bir plan qurmamışam da... Hər şey Allahın lütfüdür!

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR