• USD 1,7020 0,00% EUR 1,9062 0,00%
    • GBP 2,1922 0,00% RUB 0,0300 0,00%

Əməkdar artist: “Qadın ərini qısqanmasa...” - MÜSAHİBƏ

  • Magazin1
  • 18 İyul 2015 12:30
  • 1 185 Baxış
Əməkdar artist: “Qadın ərini qısqanmasa...” - MÜSAHİBƏ

Zabitəli təsir bağışlamasına baxmayın, ürəyi çox yuxadır. Ona pislik edənləri asanlıqla bağışlayır. Deyir ki, bağışlayan Allahdır, biz nəkarəyik ki?

Sənətini həddən artıq sevsə də, bəzən aktyor olduğuna görə peşmançılıq hissi də keçirir. Niyə? Səbəbini özü deyəcək.

Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Azad Şükürovun Publika.az-a müsahibəsini təqdim edirik.

- Azad müəllim, öz dövrünüzlə müqayisə edəndə, indiki aktyorlarda nə çatşımır?

- Bizim sənət belədir ki, Hüseyn Cavidin təbirincə desək, üzünə gülməsi üçün gərək illərlə onun nazıyla oynayasan. İndiki gənclər istəyir ki, bu sənət onların üzünə o saat gülsün. Əslində bu gün gənclərin üzünə gülən sənət yox, şoudur. Təəssüf olsun ki, şou daha çox dəbdədir, nəinki fundamental sənət. Fundamental sənət qurban tələb edir, axı. Amma bu qurbanı da hər kəs vermək istəmir. Problem bundadır.

- Bir insan kimi illəri yola verə-verə yaşamısınız, yoxsa, doya-doya?

- Yaşadıqlarımdan peşman deyiləm, günü bu gün ölməyə hazıram. Bilirəm ki, günü bu gün ölsəm, Allahımın dərgahına gedəcəyəm. Adam var, ölməkdən, dünyadan köçənlərin ruhu ilə qarşılaşmaqdan qorxur. Mən atamın-anamın ruhu ilə görüşə çoxdan hazıram. Çünki, mən onların dediyi kimi yaşamışam, ruhlarına xəyanət etməmişəm. Fiziki cəhətdən çəkdiklərimi əziyyət saymamışam. Mənəvi əziyyətlər hər zaman bir addım öndə olub. Ona görə də günlərlə fiziki əziyyət çəksəm, "off" demərəm. Amma qəlbimə dəyəndə çox pis oluram.

- Qəlbinizə çoxmu dəyiblər?

- O qədər…O qədər…

- Kimlər?

- Sənət adamları da, dostlarım da, tanışlarım da… Hətta kömək etdiyim, qapı açdığım insanlar da. Hamısını təbii və çox sakit qəbul edirəm. Əsas Allahımın yanında olan hörmətimin itməməsidir.

- Belə insanları görəndə sınırsınız?

- Qətiyyən. Ümumiyyətlə, mənim xarakterimdə sınmaq yoxdur. Peşmançılıq hissi keçirirəm, özümə qapılıram, amma sınmıram.

- O adamlarla münasibəti davam etdirirsinizmi?

- Çalışıram o insanlardan uzaq olum.

- İçinizdə qisas hissi yaranmırmı?

- Qətiyyən. Qisas Allahın qisasıdır. Mən həmin insana deyirəm ki, sən bu hərəkəti etdinsə, səni Allaha tapşırıram, get. Demişəm ki, mümkünsə, qoy Allah səni bağışlasın. Mən anamdan belə öyrənmişəm. Anam ən dəhşətli günahları belə bağışlayıb.

- Böyük aktyor, şanslı aktyor, sevilən aktyor… Bunların daha çox özünüzə hansını yaraşdırırsınız?

- Sevilən aktyor… Doğrudan, camaat məni çox istəyir. Mən böyük məmnuniyyətlə, metroyla da gedirəm, avtobusla da. Bazarlığı da özüm edirəm. Camaatın qabağına üzüağ çıxa bilirəm.

- Sizin üçün pul məqsəddir, yoxsa, vasitə?

- Pul həyatda bir çox problemlərimi həll etmək üçün mənə lazım olacaq vasitədir. Elə şeylər var ki, onu həll etməyə pulun gücü çatmır. Amma pul çox şeyi həll edir, rahatçılıq gətirir.

- Özünüzü heç Hollivud aktyorları ilə müqayisə edirsinizmi və sizcə, onların üstünlüyü nədədi?

- Azərbaycan aktyorları Hollivud aktyorlarından güclüdür. Təəssüf ki, Hollivud aktyorlarının bir ayda qazandıqlarını Azərbaycan aktyorları bir ömür boyu qazana bilmirlər.

- Həm teatrda, həm dublyajda işləyir, həm də seriala çəkilirsiniz…Eyni zamanda, Mədəniyyət və İncəsənət Universitetində dərs deyirsiniz. Buna baxmayaraq, qazancınızdan şikayətçisiniz?

-Bəzi məqamlarda aldığım qonorarı söyləməyə utanıram. Buna görə, xəcalət çəkirəm.

- Ən çox nəyə pul xərcləməyi xoşlayırsınız?

- Övladlarıma və həyat yoldaşıma pul xərcləyəndə çox rahat oluram. Evimizə bir şey alanda rahatlanıram.

- Xanımınızdan söz düşmüşkən, heç sizi səhnədəki tərəf-müqabillərinizə qısqanıbmı?

- Hiss eləmişəm ki, qısqanıb, amma bunu heç vaxt üzümə vurmayıb. Mənim də öz üsullarım olub, o üsullarla onu başa salmışam ki, qısqanclığa ehtiyac yoxdur.

- Yəqin ki, əsas da verməmisiniz…

- Bir dəfə problem yaşanmışdı.

- Necə?

- Altay Məmmədovun "Dəli Domrul" tamaşasında belə bir problem yarandı. Orda bir səhnə vardı, təxminən yarım saata qədər zəncirlə oynayırdım. Həmin zəncir də boynumda-boğazımda izlər qoyurdu. Həyat yoldaşım da bunu başa düşməmişdi. Sözün düzü, mən özüm də şübhəli qaldım ki, niyə boynum-boğazım bu gündədir. Rolun təsirinə necə düşmüşəmsə, bundan xəbərim olmayıb. Özü də məşq zamanı. Onu tamaşaya apardım və canlı olaraq göstərdim ki, günah məndə yox, zəncirdədir. Əslində o, içində qırıla-qırıla qalsa da, qüruruna sığışdırıb bunu məndən soruşmadı. Teatra aparmaqla onu qabaqlayıb ürəyinə rahatlıq gətirdim. Özü də dəlil-sübutla.

- Qadının qısqanclığı sizcə onun zəifliyidir?

- Qətiyyən, belə düşünmürəm. Qısqanmaq o deməkdir ki, sənə qarşı laqeyd deyil. Vay o gündən ki, qadın səni qısqanmaya, ya da kişi qadını. Bax, bu faciədir. Qısqanclıq sevgidən doğan bir xüsusiyyətdir.

- Amma qısqanclıqlar çox vaxt kriminal hadisələrlə də sonunclanır…

- Hər şeyin bir həddi var. Arağı da normadan artıq içəndə, fəsadlar yaranır. İfrata varanda qısqanclıq da cinayətə yol açır.

- Sizcə ailənin qorunub saxlanmasında yük daha çox kimin üzərinə düşür: kişinin, ya qadının?

- Ailə dövlətdir və o dövləti idarə etmək kişinin vəzifəsidir. Kişi idarəçiliyi bacarmasa, o dövlət dağılmalıdır. Təbii ki, idarəçilik ədalət və məhəbbət prinsiplərinə əsaslanmalıdır.

- Zabitəli, sərt görünüşünüz var. Mənə çox maraqlıdır, söz-söhbət olanda evdə birinci kim güzəştə gedir?

- Təbii ki, xanımım. Dünən evdə bir söhbət oldu, ayağını geri çəkdi. Mən ona sonra dedim ki, sən bu məsələdə düz elədin, geri çəkildin, buna görə sənə sağ ol deyirəm.

- Azad müəllim elə adam var, səhvini bilsə də, etiraf etməyi bacarmır, bəlkə də qüruruna sığışdırmır. Sizdəmi belələrindənsiniz?

- Yox, səhvimi boynuma almağı, etiraf etməyi və üzr istəməyi bacarıram.

- Bəs, bağışlamağı?

- Mən kiməm ki, bağışlayan Allahdır. Təki, o bağışlasın.

- Xanımınızın hansı xasiyyətinə vurğunsunuz?

- Qoçaqdır, fədakardır. Özünü uşaqlarına və mənə qurban verməkdən həzz alır. Azərbaycan qadınlarına xas xüsusiyyət olsa da, dünya xanımları ilə müqayisədə, bu, qəhrəmanlıqdır.

- Xoşbəxt kişi, xoşbəxt ata, xoşbəxt aktyor-bunların hansında özünüzü daha çox tapırsınız?

- İndiki halda xoşbəxt atayam. Aktyorluq fəaliyyətimi götürsəm, özümü çox da xoşbəxt saya bilmərəm. Çünki bu sənətlə bağlı ürəiymdə çox arzularım qalıb. "Xoşbəxt kişi" də deyə bilmərəm, çünki kişinin torpağı yad əllərdə olmamalıdır. Amma mənim torpağım yad əllərdədir. İki övladım, həyat yoldaşım var, onlarla bərabər, mən də xoşbəxtəm.

Cəvahir Səlimqızı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR