Əməkdar artist: “Sosial şəbəkədə tanış olan xanımlardan deyiləm”- FOTOLAR/MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Əməkdar artist: “Sosial şəbəkədə tanış olan xanımlardan deyiləm”- FOTOLAR/MÜSAHİBƏ

Deyir ki, nə qədər seriallara çəkilsə də, teatrda daha çox rahatlıq tapır, səhnəyə çıxanda varlığını unudur. Oynadığı rolları daxilindən keçirərək tamaşaçıya təqdim etdiyindən uzun müddət həmin rolun təsirindən çıxa bilmir. Bir sözlə, bu aktrisa üçün səhnədən kənarda həyat yoxdur.

Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətovanın Publika.az-a müsahibəsini təqdim edirik.

- Bu günlərdə efirdə qonaq idiniz, Ramiz Rövşənin bir şeirini söyləyərkən həm qonaqları ağlatdınız, həm də özünüz ağladınız… Hər dəfə şeir söyləyərkən belə kövrəlirsiniz?

- O şeirlərin hərəsi mənim üçün bir obrazdır. Mən o şeirləri söyləyərkən öz dünyamdan öncə, şairin iç dünyasına baş vurub keçirəm. Sonra da öz hisslərim bunun üstünə gəlir.

- Xaraktercə çox romantiksiniz, deyəsən?

- Həddən artıq.

- Səmimiyyətin azaldığı indiki dönəmdə romantika sizə mane olmur?

- Bəzi məqamlarda olur. Heyif ki, indi elə bir dönəmə gəlib çıxdıq ki, səmimiyyət azaldı. İnsanlar daha çox mənəviyyata deyil, maddiyyata önəm verirlər. Amma mən duyğulara, romantikaya üstünlük verən insanam. Bu da yəqin ki, sənətimdən irəli gəlir, çünki biz hisslə işləyən insanlarıq. Hisslər bizim üçün çox önəmlidir.

- Həm teatrda, həm kinoda, həm də serialda çəkilirsiniz. Eyni zamanda, bədii qiraətçisiniz. Özünüzü harda daha çox rahat hiss edirsiniz-çəkiliş meydançasında, səhnədə, yoxsa, efirdə?

- Teatrın səhnəsi mənim üçün sehrli bir aləmdir, mən səhnəsiz yaşaya bilmərəm. Balıq susuz necə çapalayıb ölürsə, mən də elə teatrsız ölə bilərəm. Şeirə gəlincə, ruhum acanda şeir söyləyirəm. Ruhumun tələbatıdur şeir. Hansısa verilişlərə dəvət olunanda onların xahişini də nəzərə alıram. Çəkiliş meydançasında da bir başqa cür zövq alıram. Bütün bunlar mənim sənətimin ayrı-ayrı qollarıdır. Bax bu saat teatrımızın binası yox dərəcəsindədir, amma mən bilirəm ki, teatrda varam. Məşqlər edib səhnəyə çıxanda, tamaşaçı alqışlarını görəndə enerji alıram. Bəlkə də mənim neçə il ömrüm artır.

- Baxımlı xanımsınız, buna çoxmu vaxt ayırırsınız?

- İnanın ki, vaxt çatmır. Səhər durub yüngülcə makiyaj edirəm, geyinirəm və çıxıram.

- Kənardan baxan deyər ki, yəqin bu xanım yemək yemir?

- Düz fikirləşirlər, çox az yeyirəm. Hər şeydən yeyirəm, amma az-az. Məsələn, səhər tezdən süd içirəm, amma bir stəkan südü heç axıra da çatdırmıram. Bir yumurtanın qayğanağını axıracan yemirəm. Axşamlar meyvə yeyirəm. Vitaminli yeməklərə üstünlük verirəm. Bax bu yaxınlarda möhkəm istilər oldu, beş gün sərasər heç nə yeyə bilmədim. İştaham yox idi, yalnız su və şirələr içirdim. Ümumiyyətlə, mən yayda az yeyirəm, qışda nisbətən iştaham artır.

- Geyim həyatınızda nə dərəcədə önəm daşıyır?

- Qarderobu sox sevirəm. Əlvan geyimləri xüsusilə sevirəm.

- Brend mütləqdirmi?

- Yox, cibimə uyğun, amma zövqlü geyinirəm. Qiymət o qədər də bahalı olmaya bilər.

- Öz geyimlərinizdən başqasının əynində görəndə narahatlıq hissi keçirmirsiniz ki?

- Heç öz paltarlarımdan başqasının əynində görməmişəm. O əvvəllər idi ki, çeşid az idi, indi maşallah mağazalar çoxdur, hansı paltarı istəsən tapa bilərsən. Mən də çalışıram fərqli və gözəl geyimləri alım, baxımlı görünüm.

- Özünüzə güvənirsiniz?

- Əlbəttə güvənirəm.

- Yəni görünüşünüzlə bağlı heç bir kompleksiniz yoxdur?

- Kompleksli olduğum vaxtlar artıq keçib. 15-16 yaşlarımda olanda komplekslərim vardı. İndi özümə çox güvənirəm.

- Niyə ki, adətən xanımlarda bəlli yaşlardan sonra komplekslər başlayır?

- Bir baxın, siz məndə komplekslər görürsünüz?

- Söhbət sizin özünüzə baxışınızdan gedir...

- Mən görmürəm.

- Yaxşı onda deyin görək, sizcə, sizə yaraşıq verən nədir?

- Saçlarım, qaşım, gözüm, boyum-buxunum, səmimiyyətim…

- Sizcə, qadın gözəlliyinin sirri nədədir?

- Məncə daxilində, qəlbində. Bəzən o qədər gözəl qadın görürsən, amma yaxınlaşıb bir-iki saat söhbətləşəndən sonra təəssüflənirsən. Deyirsən vay-vay, heyf bu gözəllikdən ki, Allah bu qadına verib. Amma zahirən o qədər də yaraşıqlı olmayan bir qadınla söhbətləşəndə qəlbinin gözəlliyini görüb ona heyran olursan. Həmin qadın gözündə çox mükəmməl görünür, qüsurları varsa da, yoxa çıxır.

- Yəqin ki, belə gözəl və enerjili olmağınıza görə sevgiyə minnətdarsınız?

- Həyatımda sevdiyim insan yoxdur.

- İnanılmazdır…

- Vallah yoxdur. Tamaşaçılarım, oğlum, atam, anam məni sevir, amma əks cinsin sevgisindən danışa bilmərəm.

- Qarşı tərəfdə ən çox sizə qıcıq verən nədir?

- Kişilər barəsində danışmaq istəmirəm.

- Sosial şəbəkələrdə varsınız yəqin. Hər halda ünsiyyət qurmaq istəyən, evlilik təklifi edən insanlar olur yəqin…

- Sevgi etirafları olur, amma mən bunları bir tamaşaçı sevgisi kimi qəbul edirəm. Əvvəllər cürbəcür tanışlıq təklifləri olurdu, amma məni tanıyandan sonra başa düşdülər ki, sosial şəbəkədə tanış olan xanımlardan deyiləm.

- Həmişə səmimi olursunuz?

- Həmişə.

- Bu mümkün deyil axı…

- Mənim xasiyyətim belədir. Amma çox vaxt səmimi olmağımın ziyanını çəkmişəm.

- Bəs sizcə, hər insan sizinlə səmimidirmi?

- Görəndə ki, səmimi deyil, o insandan uzaqlaşıram. Daha doğrusu, onu silib atıram. Özü də birdəfəlik. Həmin adamsız özümü çox rahat hiss edirəm. Niyə də belə insanla ünsiyyəti davam etdirib mənfi enerji alım? Onsuz da qəliz olan həyatımı daha da mürəkkəbləşdirim.

- Mənfi enerjini uzaqlaşdırırsınız, bəs pozitivi nədən alırsınız?

- Mehribançılıqdan, deyib-gülməkdən, səmimiyyətdən. Xoşuma gəlir rəfiqələrimlə oturub dincəlim, deyim, gülüm, enerji alım-bu mənə bəs edir. Mən sevirəm rəqs etməyi, musiqini.

- İdmanla məşğul olursunuz?

- Bir ara məşğul olurdum. Amma vaxt azlığından indi idman hərəkətlərini evdə edirəm.

- Maraqlıdır, evdən çıxanda nəyi unutsanız, mütləq geri dönərsiniz?

- Telefonumu. Bu yaxınlarda başıma elə bir iş gəldi. Telefonum oğlumun cibində qalmışdı. Tez oğluma zəng etdim ki, mən kim zəng etsə, cavab ver. Telefonum yanımda olmayanda rahatsız oluram.

Cəvahir Səlimqızı

Foto Müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm