Rasim Balayevdən illər sonra ETİRAF: “Buna görə o roldan imtina etdim”
Bizi izləyin

Magazin1

Rasim Balayevdən illər sonra ETİRAF: “Buna görə o roldan imtina etdim”

Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür. Qeyd edək ki, ulu öndər Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-si ölkəmizdə kino işçilərinin bayramı kimi qeyd olunur. Biz də xoş gün ərəfəsində sevilən sənətkarımızla bayramlaşdıq. Baxmayaraq ki, həmsöhbətim heç də bayram əhval-ruhiyyəsində deyildi. Elə suallarımızı da, deyəsən, nəzakət xatirinə cavablandırdı. Belə də ki, onun uzun-uzadı danışmağına nə ehtiyac var, çünki o, sözünü çoxdan deyib: "Nəsimi"də Nəsimi, "Dədə Qorqud"da Beyrək, "Babək"də Babək, "Qatır Məmməd"də Əziz kimi…

Xalq artisti, sevilən aktyor Rasim Balayevin kino bayramı ərəfəsində Publika.az-a müsahibəsini təqdim edirik.

- Rasim müəllim, bayram ərəfəsində istərdik kinomuzun hazırkı durumuna nəzər salaq. Sizi qane edirmi?

- Nə deyim, pisləyəcəyəm, kimlərinsə xoşuna gəlməyəcək. Tərifləmək üçün də keyfiyyətli filmlər azlıq təşkil edir. Ona görə də məcburam susam, danışmayam.

- Sizcə, niyə yaxşı filmlərimiz barmaqla sayılacaq qədərdir?

- Səbəblər çoxdur. Vaxtilə gözəl ssenaristlər vardı, onların yazdıqları ssenarilər əsasında mükəmməl filmlər çəkilirdi. İndi Azərbaycanda ssenarist kimi Ramiz Fətəliyevdən başqa heç kimi tanımıram. Bu sahədə durğunluqdur. Rejissor problemi yaşanır. Bəlkə də, gənclər arasında istedadlıları var, amma onları da üzə çıxarmaq lazımdır.

- Son illər dövlətin ayırdığı maliyyə hesabına ildə 6-7 film çəkilir. Bəs yeni çəkilən filmlər barədə nə deyərdiniz?

- Son vaxtlar müəyyən qədər filmlər çəkilir, amma mən çoxunu görməmişəm. Amma bir problem var ki, həmin filmlər tamaşaçılar arasında populyar deyil. Bunun da səbəbləri var. Filmlər kinoteatrlarda nümayiş olunmur, nadir hallarda telekanallarda göstərilir. Filmlərin çəkilməsi ilə arxivlərə atılması bir olur. Axı film nümayiş olunmaq, tamaşaçısına çatdırılmaq üçün çəkilir. Bir dəfə təmtəraqlı təqdimat keçirilir, sonra da yaddan çıxır. Amma vaxt vardı bizim filmlərimiz aylarla kinoteatrlarda nümayiş olunurdu, camaat gəlib baxırdı. Elə özümün çəkildiyim "Nəsimi" filmi bir ay sərasər Nizami kinoteatrının 3 zalında anşlaqla göstərilirdi. Elə həmin film mənim kino karyeramda yaşıl işıq yandırdı. Hərdən getdiyim yerlərdə, tədbirlərdə insanlar məndən soruşurlar ki, niyə filmlər çəkilmir, niyə çəkilmirsiniz? Onları qınamıram, çünki onlar çəkilən filmləri görmürlər. Onlara elə gəlir ki, son illər ümumiyyətlə, bir dənə də olsun film çəkilmir. Amma bu proses gedir axı. İnsanları, tamaşaçıları xəbərdar etmək lazımdır, onlar bu filmləri görməlidirlər. Yoxsa ki, film arxivdə necə tanına, populyar ola bilər?

- Elə son illər siz özünüz də bir neçə filmdə rol almısınız. Bəyənirsinizmi o filmləri?

- Mən öz çəkildiyim filmlər barədə fikir söyləyə bilmirəm. Lap əvvəldən belə olmuşam, öz filmimə tamaşaçı kimi baxa bilmirəm. Buna görə də sualınızı cavablandıra bilməyəcəyəm. Təkcə son filmlər yox, ümumiyyətlə, əvvəldən ta bu günə qədər çəkildiyim filmlərdən danışıram.

- Yaxşı, onda sualı belə qoyaq: indiyə qədər hansı rolunuza tamaşaçı kimi deyil, aktyor Rasim Balayev kimi baxıb "əhsən sənə, Rasim" demisiniz?

- Mən düşünürəm ki, o film hələ çəkilməyib. Mən son sözümü hələ deməmişəm.

- Filmində çəkilmək istədiyiniz və xiffətini çəkdiyiniz elə bir rejissor varmı?

- Xiffətini çəkməklə əlimə nə gələcək ki? Onsuz da o rejissor yenidən həyata qayıtmayacaq.

- Demək ki, dünyasını dəyişən rejissorları nəzərdə tutursunuz. Maraqlıdır, mənfi və müsbət rollarınız arasında heç fərq qoymusunuz?

- Mənim heç vaxt mənfi rolum olmayıb.

- "Otel otağı"nda Sədiyar, "Qatır Məmməd"də Əziz və digər rollarınızı nəzərdə tuturdum.

- Mən insanın kinoda tipini yaratmışam, dəxli yoxdur, o insan necə olub.

- Bizim üçün çox dəyərli və şanslı aktyorsunuz. Bilmək istərdim, özünüz özünüzü şanslı aktyor sayırsınız?

- Zamanında gözəl filmlərə çəkilmişəm. Hətta elə olurdu ki, bir ildə iki-üç filmə çəkilmişəm. Amma son on-on beş ilim hədər getdi. Bəzi filmlərə çəkildim, amma intensiv surətdə yaradıcılığım olmadı. Aktyorun hər yaşının öz rolu var - qocanın qoca, cavanın cavan. Kinodan kənarda yaşlandım, təəssüflənirəm ki, bu təbii proses kinonun içində baş vermədi. İndi də artıq yaşlandım.

- Amma biz belə düşünmürük. Rasim müəllim, indiyə qədər imtina etdiyiniz rollar olub?

- Çox olub. Rejissor təklif edib, amma mən o rollardan imtina etmişəm. Özü də açıq şəkildə demişəm ki, bu rola çəkilmirəm.

- Kaprizli aktyosunuz demək?

- Yox, kaprizli niyə oluram ki… Kaprizin bura nə dəxli var. Mən, sadəcə, sənətimə məsuliyyətlə yanaşmışam. O rolda özümü görməmişəm və imtina etmişəm. Mən hətta kiçik epizodlarda da oynamışam. Çünki o rolun məna yükü olub. Mənasız və bayağı rollarda heç vaxt oynamamışam, bunu kaprizlə əlaqələndirməyin.

- Elə bir aktrisa varmı ki, hər zaman tərəf müqabili olmağı arzulamısınız?

- Yox. Rejissor müəyyən edib, həmin aktrisalar da mənim tərəf müqabillərim olub. Mənim üçün də fərqi olmayıb, öz rolumu oynamışam. Amma indi soruşursunuz, sizə durub deyə bilmərəm ki, Ornella Muti ilə tərəf müqabili olmaq arzusundayam. Çünki bilirəm ki, bu, mümkünsüzdür.

- Deyəsən, Ornella Mutini aktrisa kimi çox bəyənirsiniz?

- Ornella Muti olmasın, olsun Sofi Loren. Mən nə qədər desəm də ki, dünya ulduzları ilə tərəf müqabili olmaq istəyirəm, bu, alınan iş deyil. Elə aktrisalarla eyni filmə çəkilmək zarafat iş deyil e. Bunun üçün gərək bizim kino dünya bazarına çıxsın, tanınsın.

- Bəs niyə çıxmırıq, sizcə, dünya kino sənayesinə biz nə vaxt qoşulacağıq?

- Onu mən də bilmərəm.

- Azərbaycan kinomuzun hansı mərhələsi üçün darıxırsınız?

- 1970-80-ci illəri üçün. Onda bir-birinin ardınca milli kinonun şedevrləri çəkildi. Hər biri tarixə düşdü. İndi uşaqdan böyüyə hər kəs o filmləri tanıyır, sevir.

- Rasim müəllim, çox istərdim ki, Kino Günündə sizi yüksək əhval-ruhiyyədə görüm, amma təəssüf ki, bunu hiss edə bilmədim. Hər bir halda, bayramınız mübarək!

- Çox sağ olun.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm