• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Oda məni bir başqa adama çevirdi” - FOTOLAR

  • Magazin1
  • 2 Avqust 2015 22:16
  • 1 074 Baxış
“Oda məni bir başqa adama çevirdi” - FOTOLAR

Odaçılar layihəsinin növbəti qonağı Aynur Zərrintacdır.

Oda Teatrına gəlişinizdən bəhs edərdiniz..

Mən bu teatra gəlməmişəm. Onu biz bir yerdə gətirmişik. Əvvəlcə teatr qrupu şəklində həvəskar olaraq fəaliyyətə başlamışdıq. Elmin Bədəlov, Nihad Qulamzadə və daha bir neçə gənc aktyorluq həvəsilə daimi məşqlərə gəlirdik, dərsləri isə İlqar Cahangirov keçirdi. Bütün mədəni, ictimai və digər fəaliyyətlər elə olur ki, sən onunla ya sona qədər məşğul olursan və bu sənin həyat tərzinə çevrilir, ya da ayrılıb bir başqa yolla həyatına davam edirsən. Və gördüyünüz kimi ilk günündən burada qalan üçümüz olduq. Düzdür, arada mən çamadanım əlimdə müəyyən təhsil və tədris işlərim üçün qısa fasilələrlə yoxa çıxıram. Ancaq hara getsəm də, bir tərəfim yenə də Odaya qayıdır.

Aktyorluq kursu keçmisiniz?

Aktyorluq kurslarımı Odanın qurulmasından daha öncə almışdım. Aktyor Qurban Məsimovun Bakı Film İnstitundakı aktyorluq kurslarında. Kurslara qatılmaqda məqsədim isə o idi ki, çalışdığım təhsil və sosial iş sahəsində çox vaxt uşaqların daxili problemlərinin onları necə blokladığını görürdüm və bu adamı daim düşündürürdü. Necə etmək olar ki, elə bir fəaliyyət qurasan ki, təhsili incəsənət vasitəsilə tədris edəsən. Elə bu kurslar birinci özümdə bütün komplekslərimin qırılmasına səbəb oldu. Daha sonra Oda məni bir başqa adama çevirdi. Bu tədricən baş versə də, baş verdi.

İlk səhnə həyəcanınızı necə xatırlayırsınız?

Oda da tamaşalar qoyduqca mən çalışırdım rol almaqdan yayınım. Çünki burada özümü səhnədə görməkdən daha məni səhnədəkilərlə tamaşaçılar arasında baş verənlər maraqlandırırdı. Məsələn, son tamaşamızda “Mimoda+18” tamaşanı özlüyümdə iki hissəyə bölmüşəm: birinci hissədə tamaşaçılar səhnədə baş verənləri izləyirlər və tamaşanı seyr edirlər. İki hissədə isə hadisələr çılğınlaşdıqca müşahidələrimə görə tamaşaçılar artıq özləri bütün varlıqları ilə səhnədəki prosesin içində idilər. Öz ilk roluma gəldikdə, Odaya qədər qısa filmlər, video çarxlar çəkmişik deyə kamera qarşısında davranışım çox sərbəst idi. Ancaq səhnənin məsuliyyətini “Səncə döyəcəklər?!” tamaşasındakı həyat qadını rolunda hiss etdim. Qısa olsa da, ağır rol idi. Daha sonra rejissor Anar Sadıqov Somerset Moemin “Qisas” əsəri əsasında “Xəyali Qisas” tamaşasını hazırladı. Burada oynadığım fransız qadını, ana rolu “Madam Perye”nin üçüncü nümayişində ananın qızı zorlandığı zaman oynadığı səhnədə zaldan qadın hıçqırıqlarını eşidirdim. Sonradan mənə deyirdilər ki, elə bil orada əsl yaşlı qadın var idi. Sualın özünə qayıtsam, elə bu rola görə səhnədə ilk dəfə gül dəstəsi almışam. Odanın ilk məkanında, zirzəmidə tamaşadan sonra bir nəfər xanımın əlində buket bizə tərəf gəldiyini görüb fikirləşdim ki, yəqin bunu baş roldakı xanıma verəcək. əyilib ayaqqabımı dəyişirdim ki, gördüm gül dəstəsi mənim qarşımda dayandı.

Uşaqlığınız desək, sizi harada görərik?

Uşaqlığım desəz, məni Xəzərin qumluğunda görərsiz. İndi o qumluqlar hamısı hasara alınıb, bizim xatirələrimiz kimi. Uşaqlığımın bir qismi müharibə dövrünə düşüb. Və işğal olunan ərazilərdən o vaxtı Bakıya pənah gətirən həmvətənlərimizə görə, həm də Bakıdakı ağır vəziyyətə görə məni də digər uşaqlar kimi çörək növbəsində görmək olardı. Fərq onda idi ki, boyum balaca olduğundan mən camaatın ayaqları arasından qabağa rahat keçə bilirdim. Uşaqlığım qaynar xatirələrlə doludur. Bu da mənə bu gün enerjili olmağımda bir vasitədir.

Odayla bağlı heç unuda bilməyəcəyiniz an və ya anlar varmı?

Əlbəttə var. Xüsusən heç unutmadığım odur ki, ilk məkanda səhnəyə ayaqyolundan çıxırdıq. Çünki kiçik bir zirzəmi idi. Tamaşaçılar yerdə döşəkçələrdə əyləşənə qədər biz ayaqyolunda gözləyirdik. “Xəyali qisas” tamaşasını oynayırdıq. Orada əsirlikdə olan fransız əsgərinin zindandakı rolundan sonra (rolu Elmin Bədəlov oynayırdı), mən Madam Perye çıxıb qəmgin halda stulda oturmalı idim. O gün də rejissor tamaşaya gəlməmişdi deyə, işıqda uşaqlardan biri idi və səhnə işığını həddindən çox gurlaşdırmışdı. Elmin yarıçılpaq, döyülmüş əsgər rolunu oynayır, işıqlar sönür və mən tez gəlib yerimdə oturub hazırlaşıram. İşıqlar növbəti səhnə üçün yananda hiss edirəm ki, arxamda nəsə divarda, qara pərdələr üzərində gəzir. Qəfil çevrilməyimlə diksinməyim bir oldu. Gur işığa gözləri alışan Elmin qaranlıq olarkən səhnədən çıxmağın yolunu tapmayıb və ani işıq yanışıyla pərdələrə yapışıb qalmışdı. Həm Elminin əllərini yana açıb qalması, həm də yarı çılpaq olması bir anlıq belə təsəvvür yaratdı ki, kilsədə İsa Məsihin çarmıxa çəkilmiş təcəssümü qarşısındayam. Bütün bunlar bir neçə dəqiqəlik olsa da, indi də yadımıza düşəndə gülürük. Oda məkanlarını dəyişsə də, azad ruhunu həmişə özündə aparır. Özünü bir dəfə Odaya aid edən adama buranın ruhu hopur.

Dünya və Azərbaycanda kino üzrə aktyor kumirləriniz varmı?

Dünya üzrə kumirim fransız aktyoru Lui de Fines və amerikalı aktyor Edrien Broudidir. Azərbaycanda kino üzrə kumirlərimə gəldikdə, bizi böyüdən uşaqlığımızın bütün aktyor heyəti mənim üçün əvəzedilməz canlı xəzinədir.

Hobbiləriniz...

Mən ixtisasca ilahiyyatçı, ərəbşünasam. Bu ixtisasları da sırf seçməyimdə məqsəd o olub ki, Afrikaya gedib oranın insanları ilə mədəniyyət və sosial iş üzrə işləyim. Bu mənim qırmızı torpağa olan sevgimdəndir. Ona görə bir neçə kolleksiyam var ki, hobbi olaraq onları yığıram: Afrika və Ərəb ölkələrinə aid kitablar, əsərlər, araşdırmalar toplusu, dinləri əks etdirən simvollar və dini kitablar (dünyanın əksər dillərində) kolleksiyası. Bir də çox vaxt qısa hekayələr yazıram və bəzən bu hekayələr kiçik bir filmin ssenarisinə çevrilir.

Arzularınız...

İnsanın arzularını sistemli sadalaması bir az uyğun bir şey deyil. Bu zamana bağlı məsələdir. Məsələn sən yeni bir şey öyrənirsən, bir səndə yeni bacarıq formalaşdırır və həmin bacarıq bir yeniliyin əsasını qoymaq üçün ideya yaradır, bu ideya üzərindən başlayırsan arzunu gerçəkləşdirməyə. Şüuraltı özüm üçün istədiyim bir şey isə budur ki, ruhumu və düşüncəmi tənbəlləşməyə, korşalmağa və qocalmağamı deyim, köhnəlməyəmi deyim qoymayım.

Söhbətləşdi: Oğuz Ayvaz

Xəbər lenti

DAHA ÇOX XƏBƏR